Məhkəmə qərarları › İş №e-2(054)-375/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-375/2022

13.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-375/2022 13.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, sahəsi 33,3 kv.metrdən ibarət fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsindən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılmaları, fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 33,3 kv.metrdən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsinə dair onun adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli 405-1/224 nömrəli Texniki Pasport tərtib edilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsasən həmin əmlaklar hazırda onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşayır, evdən və yerləşdiyi torpaq sahəsindən istifadə edir. Belə ki, 2012-ci ildə cavabdehlər onun ərinin anası X2 ilə şifahi razılaşmaya əsasən qeyd olunan evi satın almaq üçün ona 2000 manat beh vermiş və bundan sonra həmin evə köçmüşlər. Beh verilən zaman cavabdehlər pulun qalan 23.000 manatdan ibarət hissəsini 2 il ərzində ödəyəcəklərinə dair öhdəlik götürmüşlər və bununla əlaqədar X2 ilə cavabdehlər arasında yazılı razılaşma imzalanmışdır. Cavabdehlərin deməsinə görə onlar sonradan X1 5000 manat da vermişlər. Lakin həmin vaxtdan sonra keçən müddət ərzində cavabdehlər ona əlavə hər hansı miqdarda pul ödəməmişlər. Ancaq cavabdehlər həmin vaxtdan onun mülkiyyətində olan evdə yaşayırlar. O, cavabdehlərə müraciət edərək xüsusi mülkiyyətində olan fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini tərk etmələrini xahiş etmişdir. Ancaq cavabdehlər heç bir əsas olmadan fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini tərk etməmişlər. Bu səbəbdən o, xüsusi mülkiyyətindəki əmlaklar üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi əri Ruslan Batayevin bibisi Olqa Batayevaya məxsus olmuş, Olqa Batayeva öz əmlaklarını Ruslan Batayevə vəsiyyət etmişdir. Olqa Batayeva 2009-cu ilin dekabr ayında vəfat etmiş, bundan sonra həmin əmlaklara faktiki olaraq ərinin anası Lyudmila Batayeva sahiblik etmişdir. 2012-ci ildə Lyudmila Batayeva onlara demişdir ki, həmin evi hazırki iş üzrə Cavabdeh1 satmaq istəyir. Onlar evin satılmasına narazı olduqlarını bildirsələr də, Lyudmila Batayeva Cavabdeh1la evi 25.000 ABŞ dollarına satmaq barədə şifahi razılaşdığını və artıq ondan 2000 manat, yəni həmin vaxtda olan məzənnəyə görə 2500 ABŞ dolları beh aldığını bildirmişdir. Lyudmila Batayeva Cavabdeh1 evin dəyərinin qalan 22.500 ABŞ dollarının 12.500 ABŞ dollarından ibarət hissəsini bir il ərzində, 10.000 ABŞ dollarından ibarət hissəsini isə növbəti bir il ərzində verəcəyini, bununla bağlı onlar arasında yazılı razılaşma imzalandığını bildirmişdir. Bundan sonra cavabdehəhlər evə köçüb yaşamağa başlamışlar. X3 miras qalan əmlaklara sonradan mülkiyyət hüququnu tanıyan sənədlər əldə edilmiş, 2019-cu ildə əri Ruslan Batayev qeyd olunan əmlakları onun adına rəsmiləşdirmişdir. Mübahisə predmetinə aid olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi hazırki vəziyyətdə tam şəkildə onun özünün xüsusi mülkiyyətindədir. Onunla cavabdehlər arasında həmin əmlakların satılması, evin kirayəyə verilməsi ilə bağlı heç bir razılaşma mövcud olmamışdır və bu yaxşılaşdırmaları həyata keçirərkən mülkiyyətçi kimi ondan razılıq alınmamışdır. Ancaq cavabdehlər hazırda ondan evin yaxşılaşdırılmasına çəkilən xərcləri tələb edəcəkləri təqdirdə, o da cavabdehlərin 10 il ərzində həmin evdə yaşadıqları dövr üçün kirayə haqqının ödənilməsini tələb edir. eyni zamanda, cavabdehlər hazırki vəziyyətdə də evi və torpaq sahəsini satın almaq istəsələr və real dəyərini ödəsələr, o, cavabdehlərin Lyudmila Batayevaya verdikləri məbləğlər də nəzərə alınmaqla qalan məbləğin nağd olaraq ödənilməsi şərti ilə evin və torpaq sahəsinin satılmasına razıdır. Hazırki vəziyyətdə isə cavabdehlər onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,06 hektar torpaq sahəsindən qanunsuz olaraq, onun iradəsi ziddinə istifadə edirlər. Cavabdehlərin ona məxsus olan əmlaklardan istifadə etməkdə davam etməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, həmçinin, iddiaçının izahatının məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən, hazırda mübahisə predmetinə aid olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin 25.000 ABŞ dollarına satın alınması ilə bağlı 2012-ci ildə Lyudmila Batayeva ilə danışıb şifahi razılığa gəlmişlər. Belə ki, həmin vaxtlarda qeyd olunan əmlaklara faktiki olaraq Lyudmila Batayeva sahiblik etmişdir. Cavabdeh1 qeyd olunan əmlakları satın almaq üçün Lyudmila Batayeva 2000 manat beh vermiş və bundan sonra cavabdehlər həmin evə köçmüşlər. Beh verilən zaman cavabdehlər pulun qalan hissəsini 2 il ərzində ödəyəcəklərini bildirmişlər və bununla əlaqədar Lyudmila Batayeva ilə cavabdehlər arasında yazılı razılaşma imzalanmışdır. Cavabdeh1 sonradan da Lyudmila Batayevaya ayrı-ayrı vaxtlarda cəmi 6650 manat pul vermişlər. Cavabdehlər qeyd olunan evdə yaşadıqları müddət ərzində özlərinin maddi vəsaiti ilə evi yaşayış üçün yararlı vəziyyətə gətirmiş, yaşayış evinin yaxşılaşdırılmasına və artırmalara 7000 manata yaxın vəsait sərf etmişlər. Cavabdehlərin qeyd olunan əmlaklara mülkiyyət hüquqları olmasa da, onlar 2012-ci ildən həmin əmlaklardan istifadə edir və faktiki sahiblik edirlər. Fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə aid kommunal xərcləri də indiyədək cavabdehlər ödəmişlər. İddiaçı bir müddət əvvəl həmin fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini boşaltmalarını cavabdehlərdən xahiş etmiş, lakin onların başqa yaşayış sahəsi olmadığından iddiaçının xüsusi mülkiyyətində olan evi boşaltmamışlar. Cavabdeh1 fərdi yaşayış evinin təmirinə, yaxşılaşdırmalara və artırmalara çəkdiyi xərci hazırki iş üzrə iddiaçıdan, evin satın alınması üçün verdiyi məbləğləri isə Lyudmila Batayevadan tələb edir və bununla bağlı məhkəmədə müstəqil iddia qaldırılmışdır. Hazırki vəziyyətdə isə cavabdeh həmin məbləğlər ona ödənilənədək mübahisə predmetinə aid olan fərdi yaşayış evində yaşamaq istəyir. Eyni zamanda, fərdi yaşayış evi münasib qiymətə satılacağı təqdirdə, evin satın alınması ilə bağlı hazırki tərəflər arasında müəyyən razılaşma əldə edilməsi imkanları da istisna edilmir. Ancaq hazırki vəziyyətdə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsini və həmin torpaq sahəsindəki sahəsi 33,3 kv.metr olan fərdi yaşayış evini boşaltmağa razı deyil. Qeyd etdiyi əsaslara görə iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə həmin cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin, həmin tarixli 405-1/224 nömrəli Texniki Pasportun surətlərindən, X2 ilə cavabdehlər arasında tərtib edilmiş, tərəflərin yazılı razılaşma adlandırdıqları, tarixi qeyd edilməyən vərəqədən görünür ki, ünvan 1 ünvanında 0,06 hektar torpaq sahəsində yerləşən, sahəsi 33,3 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan əmlaklara dair iddiaçının adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Evin satılması ilə bağlı cavabdehlərlə X2 arasında şifahi razılaşma olmuş və həmin razılaşmaya əsasən cavabdehlər Lyudmila Batayevaya beh kimi 2000 manat pul vermişlər vermiş və bundan sonra həmin evə köçmüşlər. Beh verilən zaman cavabdehlər qalan məbləğin 12.500 ABŞ dollarından ibarət hissəsini bir il ərzində, 10.000 ABŞ dollarından ibarət hissəsini isə növbəti bir il ərzində ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. Qeyd olunan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi hazırda da cavabdehlərin istifadəsindədir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan sahəsi 33,3 kv.metrdən ibarət fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması, fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi öz adına tərtib edilmiş mülkiyyət hüququnu tanıyan sənədlərə istinad edir. Cavabdeh1 iddia tələbini qəbul etmir, fərdi yaşayış evinin təmirinə, yaxşılaşdırmalara və artırmalara çəkdiyi xərci hazırki iş üzrə iddiaçıdan, evin satın alınması üçün verdiyi məbləğləri isə Lyudmila Batayevadan tələb etdiyini, həmin məbləğlər ona ödənilənədək mübahisə predmetinə aid olan fərdi yaşayış evində yaşamaq istədiyini bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəməyə iddia tələbinə etirazının əsası kimi, onun etirazının haqlı olduğunu təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Digər cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 713-İİQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü maddələrinin məzmununa görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi daşınmaz əmlaklar rəsmi reyestrdə qeydə alınmalı olan əmlak növlərinə aiddir və bu növ əmlakların özgəninkiləşdirilməsi, o cümlədən alqı-satqısı yalnız notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. İş materiallarından görünür ki, mübahisə predmetinə aid olan əmlaklar iddiaçının xüsusi mülkiyyətində olsa da, onunla cavabdehlər arasında fərdi yaşayış evi və ya onun yerləşdiyi torpaq sahəsinin alqı-satqısı ilə bağlı nəinki notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsi, hətta hər hansı bir razılaşma da mövcud olmamışdır. İşin qeyd edilən halını cavabdehlər də inkar etməmişlər. Evin satılması ilə bağlı cavabdehlərlə X2 adlı şəxs arasında şifahi razılaşma olsa da və sonuncuya cavabdehlər tərəfindən beh kimi müəyyən məbləğlər ödənilsə də, həmin şəxs cavabdehlərin satın almaq istədiyi evin mülkiyyətçisi deyildir və əvvəllər də olmamışdır. Lyudmila Batayevanın hər hansı daşınmaz əmlaka faktiki sahiblik etməsi ona həmin əmlakla əlaqədar əqd bağlamaq hüququ vermir. Göründüyü kimi, cavabdehlər də yalnız Lyudmila Batayeva ilə aralarında olan şifahi danışıq və razılaşmalara əsasən əmlak əldə etmək niyyəti ilə və həmin əmlakın dəyərinin bir hissəsini ödəmək üçün, lakin əmlakın mülkiyyətçisi olmayan şəxsə pul verdiklərini iddia edirlər. Cavabdehlərlə Lyudmila Batayeva arasında olmuş danışıq və razılaşma qanunvericiliyin tələbinə uyğun olub-olmamasından asılı olmayaraq, hazırki iş üzrə iddiaçı həmin danışıq və razılaşmaların tərəfi olmadığından məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmetinə aid olan əmlaklarla bağlı qeyd olunan danışıq və razılaşmalardan yaranan mübahisəli hüquq münasibətlərinə görə cavabdehlərin qarşısında hər hansı öhdəlik və ya maddi məsuliyyət daşımır. Həmin əsaslara və işin faktiki hallarına görə məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan münasibətlərə mülki qanunvericiliyin xüsusi mülkiyyət hüququndan irəli gələn müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini cavabdehlərin heç bir qanuni əsas olmadan və qeyri-müəyyən müddətə zəbt etmələri ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından qanunilik tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” 27 dekabr 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, “məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı sahəsi 33,3 kv.metr olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsini tam mülkiyyət hüququ əsasında əldə etmişdir. Qeyd olunan fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi hazırda da iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin həmin əmlaklardan istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdeh1 hazırda qeyd etdiyi əsaslara görə onun iddiaçının xüsusi mülkiyyətində olan əmlaklardan istifadə etməsi iddiaçının özünə məxsus olan əmlaklar üzərində mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirməsini nəinki mümkünsüz etməməli, hətta mülkiyyətçinin bu hüquqlarını həyata keçirməsinin məhdudlaşdırmasına da səbəb olmamalıdır. Məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisə predmetinə aid olan əmlaklarla bağlı istər qanunvericiliyin tələbindən, istərsə də digər hər hansı əsasdan irəli gələn hüquqlarının yarandığı, bununla da onların iddiaçının xüsusi mülkiyyətində olan evdə yaşamalarına haqq qazandıra biləcək heç bir əsas müəyyən edilməmişdir. Əksinə, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə belə bir müdaxilə ilə iddiaçı öz mülkiyyəti ilə əlaqədar məhrumiyyətlərə məruz qalmış, mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlıq pozulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiklərinə görə onlar ünvan 1 ünvanında yerləşən, sahəsi 33,3 kv.metr olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,06 hektar torpaq sahəsindən çıxarılmalıdırlar. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan, sahəsi 33,3 kv.metrdən ibarət fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılsınlar. Fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar