Məhkəmə qərarları › İş №e-2(054)-376/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-376/2022

13.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-376/2022 13.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-qanuni zəbt olunmuş torpaq sahəsinin qaytarılması, qeyri-yaşayış tikilisinin sökülməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş kanalizasiya quyusu və digər qurğuların onun vəsaiti hesabına sökülməsi, 0,12 hektar həyətyanı torpaq sahəsinin qeyri-qanuni zəbt olunmuş 0,08 hektardan ibarət hissəsinin Cavabdeh2, 0,02 hektardan ibarət hissəsinin isə Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi X3, həmçinin, nümayəndəsi və vəkili Nümayəndə işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə, həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsi Cavabdeh2 tərəfindən, 0,02 hektardan ibarət hissəsi isə Cavabdeh1 tərəfindən heç bir qanuni əsas olmadan və onun iradəsi ziddinə zəbt edilmişdir. Eyni zamanda, 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsində Cavabdeh2 tərəfindən kanalizasiya quyusu və digər qurğular inşa edilmişdir. O özü və digər şəxslərin vasitəsilə cavabdehlərdən onun xüsusi mülkiyyətində olan torpaq sahəsini qaytarmalarını dəfələrlə xahiş etmişdir. Lakin cavabdehlər onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini heç bir qanuni əsas olmadan istifadə edir və ona öz mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməyə imkan vermirlər. Ona görə də o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəslərinin cavabdehlərdən alınaraq ona qaytarılmasını tələb edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçı onun qızı, cavabdehlər isə onun qardaşlarıdırlar. İddiaçı 0,12 hektar həyətyanı torpaq sahəsini Oğuz rayon Notariat Kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bələdiyyədən satın almışdır. Lakin sonradan cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissələrinin özlərinə məxsus olduğunu iddia edərək qeyd olunan torpaq sahəsindən qeyri-qanuni istifadə edir və iddiaçını öz mülkiyyətində olan torpaq sahəsinə buraxmırlar. Hazırki vəziyyətdə də cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsini zəbt etmələri nəticəsində iddiaçı öz mülkiyyətində olan əmlakdan sərbəst və tam şəkildə istifadə edə bilmir. Qeyd etdiklərinə nəzərə alınmaqla, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsinin Cavabdeh2, həmin torpaq sahəsinin 0,02 hektardan ibarət hissəsinin isə Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması, 0,08 hektar torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş kanalizasiya quyusu və digər qurğuların onun öz vəsaiti hesabına sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan torpaq sahəsi uzun müddətdən bəri onun istifadəsində olmuş, o, həmin torpaq sahəsinin kənarlarına hasar çəkməyə 15.000 manata qədər vəsait sərf etmişdir. Həmin vaxt iddiaçı və ya atası buna heç bir münasibət bildirməmişlər. Ancaq sonradan iddiaçının atası qeyri-qanuni yollarla həmin torpaq sahəsinə dair öz qızının adına mülkiyyət hüququnu tanıyan sənədlər almışdır. Hesab edir ki, o, iddiaçıya məxsus olan torpaq sahəsini, yaxud onun bir hissəsini zəbt etməmişdir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum anası X2 Oğuz rayonu Muxas kəndində yerləşən 0,78 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,22 hektar həyətyanı torpaq sahələri olmuşdur. Bundan əlavə onların faktiki istifadəsində bələdiyyəyə aid torpaq sahəsi də olmuşdur. O özü uzun müddət əvvəl ailə qurduqdan sonra valideynlərinin evini tərk edərək ayrı ünvanda yaşamağa başlamışdır və hazırda da Oğuz rayonu Muxas kəndində ayrı təsərrüfatda yaşayır. X7 bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin 0,12 hektardan ibarət hissəsini də onların məlumatı olmadan öz qızının, yəni hazırki iş üzrə iddiaçının adına rəsmiləşdirmişdir. Hesab edir ki, o, iddiaçıya məxsus olan torpaq sahəsini, yaxud onun bir hissəsini zəbt etməmişdir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin, həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və qeyd edilən torpaq sahəsinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu, mütəxəssis arayışı və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0817 hektardan ibarət hissəsi Cavabdeh2, 0,0221 hektardan ibarət hissəsi isə Cavabdeh1 istifadəsindədir. Qeyri-yaşayış tikilisi 0,12 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 0,0817 hektar torpaq sahəsində inşa edilmişdir. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95,00 manat təşkil edir). Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0817 hektardan ibarət hissəsi Cavabdeh2 tərəfindən, 0,0221 hektardan ibarət hissəsi isə Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. Qeyri-yaşayış tikilisi 0,12 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 0,0817 hektar torpaq sahəsində inşa edilmişdir. Hazırda iddiaçı özünün xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,08 hektardan ibarət hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş kanalizasiya quyusu və digər qurğuların onun vəsaiti hesabına sökülməsi, 0,12 hektar həyətyanı torpaq sahəsinin qeyri-qanuni zəbt olunmuş 0,08 hektardan ibarət hissəsinin Cavabdeh2, 0,02 hektardan ibarət hissəsinin isə Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq həmin torpaq sahəsinə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, mütəxəssis arayışına və ona əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxeminə istinad edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər, iddiaçıya məxsus torpaq sahəsini və ya həmin torpaq sahəsinin bir hissəsini zəbt etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq iddiaçıya məxsus olan torpaq sahəsini, yaxud onun bir hissəsini zəbt etmədiklərini bildirirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə cavabdehlərin iddia tələbinə etiraz olaraq izahatlarında göstərdikləri, iddiaçıya məxsus olan torpaq sahəsini, yaxud onun bir hissəsini zəbt etmədikləri, iddiaçının atasının onların məlumatı olmadan, 0,12 hektar torpaq sahəsinə dair qeyri-qanuni yollarla öz qızının adına mülkiyyət hüququnu tanıyan sənədlər əldə etdiyi barədə dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər iddiaçının öz mülkiyyəti üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının məhdudlaşdırılmasına, onun özünün xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinə maneə olmasına səbəb ola və bu xüsusatlar özü-özlüyündə cavabdehlərin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilə bilməz. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq bir hissəsinin Cavabdeh2, bir hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdehlər özləri də mübahisəli ərazinin onların istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin özlərinə aid olduğunu iddia etmişlər. Mütəxəssis arayışına əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemi ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Muxas kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 0,12 hektar həyətyanı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etmələri iddiaçının əmlak hüquqlarının pozulması, onun öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etmələrinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunduğu müəyyən edilən hissəsindən çıxarılmalıdırlar. İddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş hissələri boşaldılaraq iddiaçıya təhvil verilməli, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış tikilisi sökülməlidir. Məhkəmə cavabdehlər tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş hissələrinin mütəxəssis arayışına görə müvafiq olaraq 0,0817 hektar və 0,0221 hektardan ibarət olduğu müəyyən olunsa da, iddiaçı müvafiq olaraq 0,08 hektar və 0,02 hektar torpaq sahələrinin boşaldılmasını tələb etdiyindən və məhkəmə prosesinin gedişində də iddia tələbinin həcminin artırılması barədə ərizə verilmədiyindən, habelə, torpaq sahələrinin ölçüləri arasındakı fərq cüzi olsa da, məhkəmənin iddia tələbindən kənara çıxması üçün qanunda göstərilən müstəsna hallar mövcud olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində əsasən məhkəmə iddia tələbindən kənara çıxmadan hazırki tələbə iddia ərizəsində qeyd edilən iddia tələbi çərçivəsində - müvafiq olaraq 0,08 hektar və 0,02 hektar torpaq sahələrindən çıxarılma, həmin miqdarda torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi, 0,08 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış tikilisinin (kanalizasiya quyusu və digər qurğular) sökülməsi tələbi məzmununda baxılmasını qanunauyğun hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən qeyriqanuni zəbt edilmiş, müvafiq olaraq 0,08 hektar və 0,02 hektardan ibarət hissələrindən çıxarılmalı, həmin torpaq hissələri boşaldılaraq iddiaçıya təhvil verilməli, qeyd olunan 0,08 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış tikilisi (kanalizasiya quyusu və digər qurğular) Cavabdeh2 vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği, həmçinin, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar ödənilmiş 95 manat müayinə və tədqiqat xərci - cəmi 195 manat məbləğin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsini masını qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 Oğuz rayonu Muxas kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar torpaq torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş cəmi 0,08 hektardan ibarət hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın. Qeyd olunan torpaq sahəsində yerləşən qeyriyaşayış tikilisi (kanalizasiya quyusu və digər qurğular) Cavabdeh2 vəsaiti hesabına sökülsün. Cavabdeh1 Oğuz rayonu Muxas kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 517737 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş cəmi 0,02 hektardan ibarət hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği, həmçinin, iş üzrə mütəxəssis arayışı verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95 manat müayinə və tədqiqat xərci - cəmi 195 manat məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar