Məhkəmə qərarları › İş №e-2(054)-45/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-45/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-45/2024 29.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı övladı Həşimli Kənan Bakıxan oğlu ilə birgə Oğuz rayonu Xaçmaz kəndində yerləşən evdən istifadə hüququnun tanınması və evə köçürülməsi, dövlət rüsumunn və mediasiya xərcinin cavabdehlərdən tutulması tələbinə dair mülki işə 29 fevral 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı azyaşlı övladı Həşimli Kənan Bakıxan oğlu ilə birgə Oğuz rayonu Xaçmaz kəndində yerləşən evdən istifadə hüququnun tanınması və evə köçürülməsi, 50 manat dövlət rüsumunn və 50 manat mediasiya xərcinin cavabdehlərdən tutulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, cavabdehlərin oğlu Həşimov Bakıxan Tərlan oğlu ilə xx.xx.2008-ci il tarixdə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində 33 sayla qeydə alınmış nikahla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2010-cu ildə Kənan Həşimli və xx.xx.2011-ci ildə Sənan Həşimli adlı iki oğlu doğulmuşdur.Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(054)-35/2021 saylı qətnaməsi ilə Bakıxan Həşimovla aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra övladı Kənan onun, Sənan isə atasının yanında qalmışdır. Kənana görə 80 manat aliment alır. Nikah pozulduqdan sonra cavabdehlərin evində qalmış cehiz əşyalarını valideynlərinin Xaçmaz kəndində yerləşən evinə aparmışdır. Dəfələrlə cavabdehlərin özünə və keçmiş ərinə 12 il ərzində fasiləsiz yaşadığı və cavabdehlərin şəxsi icazəsi ilə birgə təsərrüfat apardığı, hər əziyyətini çəkdiyi, mal-qaraya baxdığı yaşayış evində 2 azyaşlı övladı ilə birlikdə yaşaması üçün müraciət etsə də, buna razı olmamışlar. Özünün şəxsi evi yoxdur, atasının evində nənəsi və qardaşı ailəsi ilə birlikdə yaşayır. Mübahisəli ev Cavabdeh1 adına qeydiyyata alınıb, həmin evə qeydiyyata düşmək üçün ərizə ilə müraciət etməyib. Hazırda Abşeron rayonu Masazır qəsəbəsində anası ilə birgə kirayədə yaşayır. Bakı şəhərində özəl ticarət müəssisəsində satıcı işləyir, əmək haqqı 700 manatdır. Himayəsində olan oğlu Kənanın gələcəyinin təmin edilməsi üçün ona atadan düşən ev payının verilməsini tələb edir. Evə köçürülməli olsa orada yaşamağı düşünmür, əşyalarını yerləşdirib otağın qapısını bağlayacaq. Cavabdehlər özünün və oğlunun haqqını verməlidirlər. Cavabdehlər evdən ona düşən payı versinlər, yaxud da oğlu ilə ona düşən otağı versinlər. Qanunla onun və övladının evdə yaşamaq hüququ var. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz rayon Xaçmaz kəndində yaşayır. Həmin kənddə 0,07 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi xx.xx.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb. Evi qeydə aldırmağının səbəbi həmin vaxt bankdan kredit götürməsi ilə bağlıdır. Evdə onunla birgə arvadı Cavabdeh2, oğlu Bakıxan, onun arvadı, Bakıxanın oğlu Sənan da yaşayır. İddiaçı keçmiş gəlinidir, Bakıxanla məhkəmə qaydasında ayrıldıqdan sonra oğlunu evləndirib. Nəvəsi Sənana illərdir o və arvadı birlikdə baxırlar. Oğlunun rəsmi işi yoxdur, gündəlik fəhlə işləyir, özləri təqaüd almırlar, onun əlinə baxırlar. Baharın evə köçürülməsi mümkün deyil, evdə başqa gəlin var, həm də evin sahibidir, hüquqları var, yeri gəlsə oğlunu da həmin evdən çıxara bilər. Evi öz əli ilə 32 il qabaq tikib. Dörd ildir ki, nəvəsi Kənanı görmür. Nəvəsi onun yanına gəlmək istəyirsə ona canı da qurbandır. İddiaçını evinə qeydiyyata saldırmayıb. Onun evdən hər hansı tələbi ola bilməz. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ev ərinin adına qeydə alınsa da birgə nikahda olduqlarından həmin evə bərabər şəkildə hüququ var. İddiaçı boşananda uşağın biri atada, biri anada qalıb. 12 ildir ki, nəvəsi Sənana baxır, Kənan da birdəfəlik gəlsin, onu da qəbul edir, iddiaçıdan aliment də istəmirlər, lakin iddiaçıya veriləsi evi yoxdur. İddiaçının 12 il ərzində evdə əziyyət çəkdiyinə dair sözünə cavab olaraq bildirir ki, ailə üzvü olaraq evdə hamı ilə birlikdə gündəlik işləri görərək o da əziyyət çəkmişdir. 3 qızı var, ər evində yaşayırlar. Oğlu və gəlini onlarla yaşayır. Lazım gəlsə övladlarına da ev verməyə bilər. Nəvələrinə ev vermək gələcəyin işidir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1960-cı ildə Azərbaycan Respublikası Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və DİN BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.1964-cü ildə Azərbaycan Respublikası Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 2(054)-35/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Həşimov Bakıxan Tərlan oğlu ilə cavabdeh X2 arasında xx.xx.2008-ci il tarixdə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində 33 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş Həşimli Kənan Bakıxan oğlu cavabdeh X1, xx.xx.2011-ci il tarixdə anadan olmuş Həşimli Sənan Bakıxan oğlu iddiaçı Həşimov Bakıxan Tərlan oğlunun yanında qalmış, Həşimov Bakıxan Tərlan oğlunun qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 80 manat alimentin tutularaq, xx.xx.2010-cu il tarixdə anadan olmuş Həşimli Kənan Bakıxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamənin məzmunu ilə müəyyən edilir ki, Həşimova (Bilalova) Bahar Əbülfət qızı uaqları saxlamaq üçün zəruri fiziki imkanlarının, bütün avadanlıqlarla təchiz edilmiş mənzil şəraitinin olduğunu, lakin maddi cəhətdən çətinlik çəkdiyini bildirmiş, hər iki uşağın onun yanında qalmasının müəyyən edilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 manat alimentin iddiaçıdan tutulmasını xahiş etmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 373062 saylı şəhadətnamənin surətindən görünür ki, Həşimov Bakıxan Tərlan oğlu ilə X2 arasında olan nikah Oğuz Rayon Məhkəməsinin 2(054)-35/2021 saylı qətnaməsinə əsasən pozulmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 24 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Bilalova soyadı verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı, ********* qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Oğuz rayonu, Xaçmaz kəndində, istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 74,36 kv.m yaşayış, 37,52 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsində iddia tələbinin qanuni əsası olaraq mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad edilməklə iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideyləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Həmin Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllə) 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Plenum qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı mübahisəli evə xx.xx.2008-ci ildə gəlin köçməsi, fərdi yaşayış evinin xx.xx.2008-ci il tarixdən Cavabdeh1 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması işin mübahisələndirilməyən halıdır. Məhkəmə iclasında müəyyən edildiyi kimi iddiaçı 2008-ci ildən cavabdehlərin oğlu ilə ailə quraraq onun və digər ailə üzvlərinin yaşadığı evə köçürülmüş, on iki il birgə təsərrüfat idarə edərək həmin evdə yaşamışlar. İddiaçı ilə cavabdehlərin oğlu arasında olan nikah 2021-ci ildə məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş 2010-cu il təvəllüdlü uşaq ananın, 2011-ci il təvəllüdlü uşaq isə atanın yanında qalmışdır. İddiaçı hazırda Abşeron rayonu Masazır qəsəbəsində kirayədə yaşamaqla Bakı şəhərində işləyir. Onun cehiz əşyaları atasının evindədir. İddiaçı iddia ərizəsində evdən istifadə hüququnun tanınması və evə köçürmə tələbinin təmin edilməsini xahiş etsə də, məhkəmə iclasında evə köçürülərsə orada yaşamayacağını, cavabdehlərin evindən ona və himayəsində olan oğluna düşən payın verilməsini, əks halda onlara düşən otağı tələb etdiyini bildirmişdir. İşə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi 2008-ci ilin iyun ayında, yəni iddiaçı həmin evə gəlin gəlməmişdən əvvəl Cavabdeh1 adına dövlət reyestrində qeydə alınmışdır. Digər Cavabdeh1 arvadı olmaqla birgə nikah dövründə tikilmiş evə mülkiyyət hüquqları vardır. Beləliklə, məhkəmə iddia tələbinə uyğun olaraq bildirir ki, iddiaçının Mülki Məcəllənin göstərilən maddələrinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakın mülkiyyətçisi ilə yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi və qeydə alınması tələb olunsa da, iddiaçı tərəfindən həmin tələbə əməl edilməmişdir. Məhkəmə tərəflər arasında münasibətlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən xx.xx.2001-ci il tarixli qərarının müddəaları baxımından hüquqi qiymət verərək bildirir ki, iddiaçı ilə cavabdehlər arasında mənzil hüququ münasibətləri 2008-ci ildə yarandığından, Mülki Məcəllənin 228-ci maddəsinin yuxarıda qeyd edilən tələbləri rəhbər tutulmaqla iddianın mübahisəli mənzildən istifadə hüququnun tanınmasına dair hissəsi təmin edilməməlidir. İddia tələbinin ikinci hissəsi, yəni evə köçürülmə tələbin birinci hissəsi ilə bağlı olduğundan və iddia tələbi birinci hissədə təmin olunmadığından məhkəmə hesab edir ki, tələbin ikinci hissəsi də təmin edilməməlidir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 50 manat ödənilmiş dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı övladı Həşimli Kənan Bakıxan oğlu ilə birgə Oğuz rayonu Xaçmaz kəndində yerləşən evə istifadə hüququnun tanınması və evə köçürülməsi, 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin cavabdehlərdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar