Məhkəmə qərarları › İş №e-2(054)-455/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-455/2025

08.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-455/2025 08.01.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətdə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin Cavabdeh qarşı meşə fondu torpağından istifadəyə qadağa qoyulması, həmin torpaq sahəsində olan tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətdə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Oğuz rayonu, Gənclik qəsəbə sakini Cavabdeh tərəfindən 15 saylı RMTM-in Oğuz meşəbəyliyinin 02a saylı meşə dolayının 62-ci kvartalının 4-cü bölməsində 707***-*******, 707***-*******, 707***-*******, 707***-******* 707415-455205 koordinatlarda yerləşən, özbaşına tutulmuş (zəbt edilmiş) 0.55 ha X4 torpağından istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq 15 saylı X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Oğuz rayonu, Gənclik qəsəbəsi sakini Cavabdeh, 15 saylı X3 Mərkəzinin (bundan sonra Mərkəz) Oğuz meşəbəyliyinin 02a saylı meşə dolayının 62-ci kvartalının 4-cü bölməsində 707***-*******, 707***-*******, 707470- 4552589, 707***-******* 707415-455205 koordinatlarda yerləşən X4na aid 0.55 ha ərazini turizm-rekreasiya məqsədilə qanunsuz olaraq zəbt etmiş və ərazidə 4x3x2.5 m ölçüdə yeri betondan dəmir dirəklər üzərində kənarları 1 m hündürlüyündə hörülmüş 1 (bir) ədəd təndirxana, 3x3x2.5 m ölçüdə kənarları kərpicdən yerinə beton tökülmüş 1 (bir) ədəd kabinet, 3x3x2.5 m ölçüdə 2 (iki) ədəd daşınan besedka üçün beton tökülmüş ərazi, 6x6x3 m ölçüdə kənarları kərpiclə hörülmüş plastik pəncərələri olan 1 (bir) ədəd (şüşəbənd) besedka, 4x3x2.5 m ölçüdə yerinə beton tökülmüş dəmir dirəklər üzərində 1 (bir) ədəd besedka, 6x4x3 m ölçüdə yerinə beton tökülmüş dəmir dirəklər üzərində 1 (bir) ədəd besedka, 3x10x2.5 m ölçüdə dəmir dirəklər üzərində yerinə beton tökülmüş 1 (bir) ədəd besedka, 6x15x2.5 m ölçüdə dəmir dirəklər üzərində yerinə beton tökülmüş 1 (bir) ədəd talvar, 3x3x2.5 m ölçüdə dəmir dirəklər üzərində yerinə beton tökülmüş 4 (dörd) ədəd besedka, 6x4x3 m ölçüdə kubik dirəklər üzərində 1 (bir) ədəd kotedj, 2x2x2.5 m ölçüdə mişar daşından 1 (bir) ədəd ayaqyolu, 1.5x1.5 m ölçüdə (yelləncək üçün) beton tökülmüş ərazi, 2.5x2.5 m ölçüdə beton tökülmüş açıqlıq, 5.5x4.5x3 m ölçüdə kubiklə hörülmüş 1 (bir) ədəd kotedj, 9x10x3 m ölçüdə mətbəxt binası, ona birləşik 9x1.7x3 m ölçüdə eyvan, 2x4x3 m ölçüdə zibil atmaq üçün quyu və çirkab sularının axıdılması üçün şambolardan ibarət tikinti-quraşdırma işləri aparmışdır. Cavabdeh, ərazinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə təhvil verilməsi barədə xx.xx.2025-ci il tarixində 3-14-27/2-H101-3/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, X4na aid 0.55 ha torpaq sahəsi, əvvəlki vəziyyətə gətirilməklə hazırkı vaxtadək boşaldılmamışdır. Məhkəmə iclasının gedişində iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiada qeyd edilən koordinatlarda göstərilən torpaq sahəsinin 0,63 ha kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, hazırda mütəxəssis rəyi ilə razıdır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh nazirliyə müraciət etmiş, ona cavab məktubunda heç bir hüquqi əsas olmadan meşə torpağından istifadə edildiyi bildirilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o Qarabağ müharibəsi əlilidir. O, dəfələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, həmin orqanın əməkdaşları ona heç bir problem olmadığını, respublika səviyyəsində müqavilələr bağlanacağı halda ona da məlumat veriləcəyini və fəaliyyətini davam etdirə biləcəyini demişlər. Həmin şifahi razılıq əsasında torpaq sahəsində tikililər inşa edilmişdir. Sonuncu dəfə də o müqavilə bağlamaq üçün həmin orqana müraciət etdikdən sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, müqavilənin bağlanması üçün vaxt verilməsini və tikililərin sökülməməsini istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh 15 saylı X3 Mərkəzinin xidməti ərazisində turizmrekreasiya məqsədilə torpaq sahəsinə istifadə müqaviləsinin verilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmış, ona heç bir hüquqi əsası omadan meşə fondu ərazisini zəbt edərək istifadə etdiyi bildirilmiş, istifadə etdiyi ərazinin qısa zamanda boşaldılaraq 15 saylı RMTM-nə təhvil verilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə Mərkəzə daxil olmuş 62/mid-27 nömrəli məktubun araşdırılması üçün məktubda sözü gedən Cavabdeh məxsus əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə tikililər aşkar edilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş tarixli mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş, torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, Cavabdeh tərəfindən zəbt olunduğu qeyd edilən 15 saylı RMTM-in Oğuz meşəbəyliyinin 02a saylı meşə dolayının 62-ci kvartalının 4-cü bölməsində 707***- *******,707***-*******,707470- 4552589, 707***-*******, 707415-455205 koordinatlar əhatəsində yerləşən 0,63 hektar torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış tikililəri Oğuz rayonu Oğuz ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X1 X2 (TEKUİS) əsasən Oğuz rayonu inzibati ərazi dairəsinin sərhədləri daxilində kateqoriyası X4 torpaqları, uqodiyası meşə olmaqla dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Faktiki naturada ölçülmüş torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir. Faktiki naturada ölçülmüş, Cavabdeh istifadəsində olan torpaq sahəsinin üzərində qeyri-yaşayış tikililəri (yeməkxana, mətbəx, sanitar qovşağı) mövcuddur. Həmçinin, iş üzrə mübahisəli torpaq sahəsi üzrə mütəxəsissin yerquruluşu planında cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin 1-ci döngə nöqtəsinin koordinatları X- 707458, Y-4552628, 2-ci döngə nöqtəsinin koordinatları X-707411.75, Y-4552626.77, 3-cü döngə nöqtəsinin koordinatları X-707397, Y-4552497, 4-cü döngə nöqtəsinin koordinatları X- 707442, Y-4552516, 5-ci döngə nöqtəsinin koordinatları isə X-707470, Y-4552589 kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh qanunsuz zəbt etdiyi meşə fondu ərazisinin boşaldılması məqsədilə Oğuz Rayon Məhkəməsinə müraciət edildiyi bildirilmişdir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, 15 saylı RMTMin Oğuz meşəbəyliyinin 02a saylı meşə dolayının 62-ci kvartalının 4-cü bölməsində 707***- *******,707***-*******,707470- 4552589, 707***-*******, 707415-455205 koordinatlar əhatəsində yerləşən 0,63 hektar torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış tikililəri Oğuz rayonu Oğuz ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X1 X2 (TEKUİS) əsasən Oğuz rayonu inzibati ərazi dairəsinin sərhədləri daxilində kateqoriyası X4 torpaqları, uqodiyası meşə olmaqla dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsinin qanunsuz zəbt edərək qeyri-yaşayış tikililəri inşa etmişdir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli torpaq sahəsini zəbt edərək, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin X4 torpaqlarına aid ərazidə yerləşdiyi iş materialları və işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmişdir. Həmin ərazinin xüsusi mülkiyyətdə olduğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, qeyd olunan torpaq sahəsindən cavabdehin icarə müqaviləsi və ya digər hər hansı qanuni əsaslarla istifadə etməsi halları da müəyyən edilməmişdir. Mübahisə predmetinə aid olan torpaq sahəsi X4 torpaqlarına aid olmasına baxmayaraq cavabdehin qeyd olunan torpaq sahəsindən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “d” bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar lazımi icazə alınmadan X4 torpaqlarında tikinti işləri aparılması, anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsinə görə maddi məsuliyyət daşıyırlar. “Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə alınmadan X4 torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması” Qaydalarının 2-ci maddəsinə əsasən lazımi icazə alınmadan X4 torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini pozanlar ərazinin meşə təsərrüfatında istifadəsi üçün yararlı vəziyyətə salınması işlərinin dəyəri miqdarında ödəyirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli 0,63 ha torpaq sahəsindən istifadəyə qadağa qoyulmaqla cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı və cavabdeh tərəfindən faktiki istifadəsində olan iddiaçıya məxsus torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinə məxsus Oğuz meşəbəyliyinin 02a saylı meşə dolayının 62-ci kvartalının 4-cü bölməsində yerləşən cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuş 0,63 ha meşə fondu torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə qadağa qoyulmalı, həmin torpaq sahəsi boşaldılmalı, həmin torpaq sahəsində olan bütün tikili və qurğular sökülməli və ərazi iddiaçıya təhvil verilməli, həmin torpaqdan istifadəyə qadağa qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinə məxsus Oğuz meşəbəyliyinin 02a saylı meşə dolayının 62-ci kvartalının 4-cü bölməsində yerləşən cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuş 0,63 ha meşə fondu torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə qadağa qoyulmaqla mütəxəsissin yerquruluşu planında göstərilmiş 1,2,3,4,5-ci döngə nöqtələri üzrə X, Y koordinatlarında olan tikililər Cavabdeh hesabına sökülsün və həmin torpaq sahəsi boşaldılaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzinin sahibliyinə qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar