Məhkəmə qərarları › İş №e-2(054)-531/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-531/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-531/2024 15.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X3 iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanmış “Özünü məşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2022/ÖM/02232 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 18 may 2022-ci il tarixində 2022/ÖM/02232 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 18 may 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 13 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-A-28589/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla iddianın təmin edilməsi, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022ci il tarixli, 2022/ÖM/02232 saylı müqavilədən görünür ki, həmin müqavilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə Cavabdeh arasında “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uiyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi məqsədilə bağlanmışdır. Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 3 yaşa qədər 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının nümayəndəsi tərəfindən məşğulluğa cəlb olunmuş şəxs Cavabdeh təhvil verilmiş, akt həm nümayəndə, həm də Cavabdeh tərəfindən imzalanmışdır. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yekun monitorinqi aktından görünür ki, yoxlama zamanı 3 baş inək aşkar edilməmiş, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh ona verilmiş inəklərdən ikisini satdığını, birinin isə itdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-2/2-A-28589/2024 saylı məktubdan görünür ki, Cavabdeh ilə özünüməşğulluğunu təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə 2022/ÖM/02232 saylı müqavilə bağlanaraq “Maldarlıq təsərrüfatı” zərfi çərçivəsində əmlak təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.2ci bəndinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. xx.xx.2024-cü il tarixdə ünvanda aparılan monitorinq zamanı istifadəyə verilmiş əmlaklardan sözügedən müqavilənin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyi (özgəninkiləşdirdiyi) aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən verilmiş əmlakın məktub ona təqdim olunduğu tarixdən 30 iş günü ərzində Agentliyə geri qaytarılması tələb olunmuşdur. Əks təqdirdə sözügedən Qaydanın 9.2-ci bəndinə və bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, “X5” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, özünü məşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı “X5” PHŞ tərəfindən xx.xx.2022-ci il tarixli, 2022/ÖM/02232 saylı özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “Maldarlıq təsərrüfatıl” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh “X5” PHŞ tərəfindən özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən ona natura şəklində verilmiş 3 baş inəkdən ikisini satmış, birini isə itirmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) vermiş, cavabdeh isə özünün deməsinə görə inəklərdən birini itirmiş, qalanlarını isə müqavilə üzrə götürdüyü öhdəliyə riayət etməyərək heç bir əsas olmadan satmışdır. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.7-ci maddəsinə görə sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. İddia tələbinin ikinci hissəsinə əsasən iddiaçı məhkəmə xərclərinin cavabdehdən tutulub Agentliyə ödənilməsini xahiş etsə də, həmin xərclərə dair sübutunu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli OM/144 saylı müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) alınaraq natura şəklində “X5” PHŞ-nə verilməlidir. İddia tələbi məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.1986-cı ildə Oğuz rayonu Mollalı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2022/ÖM/02232 saylı müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) alınaraq natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X5” PHŞ-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar