Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-71/2024 18.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 972,25 manat pul və 30 manat dövlət rüsumu tələbinə dair mülki işə 05 mart 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 972,25 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatla bildirdi ki, Cavabdeh "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixdə götürdüyü 1050 manat kreditə zamin kimi onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə əmrinin verilməsini xahiş etmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-7512/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, ondan və cavabdehdən müştərək qaydada 1347,25 manat kredit borcunun və 20 manat dövlət rüsumunn tutularaq banka ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri ona aid hissədə icra edilməsi üçün Şəki rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şöbədə əmlak vəziyyəti araşdırılmış, onun işləməsi nəzərə alınmaqla borc məbləğinin bir hissəsi, yəni 972,25 manat pul onun əmək haqqından tutulmuşdur. Bununla bağlı iddia ərizəsinə əlavə etdiyi arayışdan göründüyü kimi onun əmək haqqından 2017-ci ildə 297,25 manat, 2018-ci ildə 675 manat tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Borcun bir hissəsi əsas borclu tərəfindən ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bütün sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdehdən onun kredit borcu üzrə ödədiyi məbləği ona verməyi tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Mülki qanunu nəzərə alaraq iddia tələbinin təmin edilməsi, 972,25 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, özünə məxsus kredit borcundan 375 manatını ödəyib. İddiaçının əmək haqqından tutulan məbləğləri ona nəğd olaraq 50-100 manat olmaqla vermişdir. Eyni məktəbdə müəllim olaraq işlədiklərindən bir-birlərinə etibar etmişlər, ona görə də verdiyi pullara görə sənəd almamışdır. Buna görə də sübut təqdim edə bilmir. Onun iddiaçıya az miqdarda borcu qala bilər. Xəstədir, müalicə alır, dərmanlara xeyli xərci çıxır. Buna görə də borcu varsa ayda 50 manat olmaqla hissələrlə ödəyə bilər. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Oğuz rayon Zərrab kəndində anadan olmuş, yaşayış yeri Şəki rayon Turan qəsəbəsidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü ildə Vartaşen rayon Orconikidze qəsəbəsində anadan olmuş, yaşayış yeri Oğuz rayon Muxas kəndidir. Şəki Rayon Məhkəməsinin işdə olan xx.xx.2016-cı il tarixli, 2(075)-7512/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular Cavabdeh və İddiaçı 1002,61 manat əsas, 134,64 manat faiz, 210 manat dəbbə, cəmi 1347,25 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şəki rayonu üzrə təhsil sektorunun işdə olan xx.xx.2023-cü il tarixli, 3-29-42/2-2522/2023 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2018-ci il tarixədək Turan qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi işləmiş, 2017-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayınadək onun aylıq əmək haqqından 2017-ci il üçün 297,25 manat, 2018-ci il üçün 675 manat tutulmalar aparılara1 "xxxx"ın Şəki filialının hesabına köçürülmüşdür.İddiaçı xx.xx.2018-ci il tarixdə çalışmanın yaş həddinə çataraq işdən azad edilmişdir. "xxxx" ASC-nin işdə olan, Şəki rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, RB02/PK-7380 saylı məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-7512/2016 saylı qərarı üzrə banka olan borc bağlandığından həmin icra işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Şəki rayon İcra və Probasiya şöbəsinin işdə olan, Şəki Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020ci il tarixli, 13159/16 saylı məktubundan və ona əlavə edilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-7512/2016 saylı icra sənədi üzrə borc məbləğinin tam ödənildiyi nəzərə alınmaqla icraata xitam verilmiş, icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. "xxxx" ASC-nin işdə olan xx.xx.2023-cü il tarixli, RBA09-0057/2023 saylı arayışından görünür ki, İddiaçı bank qarşısında zaminliyə görə kredit öhdəliyi xx.xx.2015-ci il tarixli, SKNPU-0308_RES1 saylı müqavilə üzrə 1050 manat, xx.xx.2013-cü il tarixli, YSKFS-0350/4 saylı müqavilə üzrə 1500 manat olmaqla hər iki müqavilə üzrə borc bağlanmışdır. "xxxx" ASC-nin işdə olan, Oğuz Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, RB09- 02/380 saylı məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)- 7512/2016 saylı məhkəmə əmrinə əsasən tələb İddiaçı əmək haqqına yönəldilmiş, cəmi 972,25 manat pul borcludan tutularaq "xxxx" ASC-nin müvafiq hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə borclu, Oğuz rayon Muxas kəndində yaşayan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SKNPU-0308_RES1 saylı kredit müqaviləsinə əsasən ona 1050 manat məbləğində kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ilə zaminlik müqaviləsi imzalanmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-7512/2016 saylı məhkəmə əmri ilə borclular Cavabdeh və İddiaçı 1002,61 manat əsas, 134,64 manat faiz, 210 manat dəbbə, cəmi 1347,25 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İcra sənədi üzrə 375 manat borc müqavilə üzrə əsas borclu olmuş cavabdeh tərəfindən ödənilmiş, qalan 972,25 manat məbləğ isə 2017-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayınadək olan müddət ərzində müqavilə üzrə zamin olmuş iddiaçının əmək haqqından tutulub bankın xeyrinə ödənilmişdir. Qeyd edilən müqavilə üzrə borc məbləği tam olaraq ödənildiyindən icra işi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunda göstərildiyi kimi öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Habelə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Beləliklə, iddiaçı zamin olaraq borcalanın kreditor qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququna malikdir. Qeyd olunanlara əsasən qanunun və müqavilənin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, indiki halda kredit müqaviləsi üzrə borc məbləği tam ödənildiyindən və iddiaçı tərəfindən zamin olaraq borcalanın kreditor qarşısında öhdəlikləri icra edildiyindən borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququ yaranmışdır, buna görə mülki qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 972,25 (doqquz yüz yetmiş iki manat iyirmi beş qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-71/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-71/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver