Məhkəmə qərarları › İş №e-2(054)-92/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-92/2022

29.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-92/2022 29.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 25.04.2006-cı il tarixli JN - 522A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətində olan 0,088 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 0,014 hektardan ibarət hissəsindən cavabdehin və ailə üzvlərinin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən, ona məxsus fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,088 hektar həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüquqlarının qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, onun və ailə üzvlərinin adına tərtib edilmiş 25.04.2006-cı il tarixli JN - 522A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə həyətyanı torpaq sahəsinin miqdarı 0,088 hektar göstərilsə də, torpaq sahəsinin faktiki miqdarı 0,074 hektardan ibarətdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0,014 hektardan ibarət hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. O, həyətyanı torpaq sahəsinin cavabdehin zəbtində qaldığını bildikdən sonra torpaq sahəsinin qaytarılmasını cavabdehə təklif etmiş, lakin cavabdeh həmin təkliflə razılaşmamışdır. Ona görə də o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehin və ailə üzvlərinin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, 25.04.2006-cı il tarixli JN - 522A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsi Oğuz rayonunda aparılmış torpaq islahatı zamanı Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin faktiki miqdarının sənəd üzrə miqdarından az olması barədə son vaxtlaradək məlumatı olmamışdır. Yalnız bu yaxınlarda bu barədə bilmiş və cavabdehdən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsini boşaltmasını xahiş etmişdir. Lakin hazırda da cavabdeh ona məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsinin özünə məxsus olduğunu iddia edərək qeyd olunan torpaq sahəsindən qeyri-qanuni istifadə edir. Hazırki vəziyyətdə də cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etməsi nəticəsində o, öz mülkiyyətində olan əmlakdan sərbəst və tam şəkildə istifadə edə bilmir. Qeyd etdiklərinə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbi üzrə mübahisə predmetinə aid olan ərazidə yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi islahat zamanı onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsidir. Həmin torpaq sahəsi hələ islahatdan da əvvəl onların ailə üzvlərinin faktiki istifadəsində olmuşdur. Onlara məxsus həyətyanı torpaq sahəsi ilə iddiaçı və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsi arasında uzun illərdən bəri mövcud olan sərhəd divardından ibarət arakəsmə vardır. 2015-ci ildə onlar həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əldə etdikdən sonra qeyd olunan torpaq sahəsinin 0,0188 hektardan ibarət hissəsini X1 adlı digər şəxsə satmışlar. Hazırda ona qarşı olan iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi 0,014 hektar torpaq ona və ailə üzvlərinə məxsusdur və onlar özlərinə aid olan torpaq sahəsindən istifadə edirlər. Hesab edir ki, o iddiaçıya məxsus olan hər hansı miqdarda torpaq sahəsini zəbt etməmişdir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 25.04.2006-cı il tarixli JN - 522A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Oğuz şəhəri ərazisində yerləşən 0,082 hektar həyətyanı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir və qeyd edilən torpaq sahəsinə dair onların adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 12.08.2022-ci il tarixli **********73 nömrəli müraciətə cavab məktubundan görünür ki, iddiaçı Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin orqana müraciət etmiş, onun müraciətinə cavab olaraq qeyd edilmişdir ki, həyətyanı torpaq sahəsinin sənəd üzrə miqdarı 0,082 hektar göstərilsə də, torpaq sahəsinin faktiki miqdarı 0,074 hektardan ibarətdir. İddiaçıya torpaq sahəsinin sənəd üzrə sərhədləri dəqiqləşdirildikdən sonra qeydiyyat üçün yenidən müraciət edə biləcəyi izah edilmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdeh və ya digər şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş 08.04.2022-ci il tarixli sorğuya cavab məktubu, mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan əraziyə adı çəkilən orqanın əməkdaşları tərəfindən baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib edilmiş 25.04.2006-cı il tarixli JN - 522A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,082 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşür. İddiaçı faktiki olaraq cəmi 0,074 hektar torpaq sahəsindən istifadə edir. 0,082 hektar həyətyanı torpaq sahəsinin 0,0087 hektardan (87 kv.metr) ibarət hissəsi (zəbt edilmiş hissə iddiaçı və cavabdehə məxsus həyətyanı torpaq sahələrinin arasında yerləşir) cavabdeh tərəfindən, 0,0008 hektardan (8 kv.metr) ibarət hissəsi isə X1 tərəfindən istifadə olunur. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95,00 manat təşkil edir). Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində Oğuz şəhəri ərazisində yerləşən, 0,082 hektar həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onların adına mülkiyyət hüququnu tanıyan sənəd tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, 25.04.2006-cı il tarixli JN - 522A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,082 hektar həyətyanı torpaq sahəsinin 0,0087 hektardan ibarət hissəsi cavabdeh tərəfindən istifadə olunur. Hazırda iddiaçı özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 0,014 hektardan ibarət hissəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq qeyd olunan torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 12.08.2022-ci il tarixli **********73 nömrəli müraciətə cavab məktubuna, eyni zamanda, mütəxəssis rəyinə və rəyə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaçıya məxsus torpaq sahəsini və ya həmin torpaq sahəsinin bir hissəsini zəbt etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq mübahisə predmetinə aid olan torpaq sahəsinin hələ islahatdan da əvvəl onların ailə üzvlərinin faktiki istifadəsində olduğunu bildirir. Cavabdeh özünə məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin müvafiq qaydada təsdiq edilməmiş surətlərini məhkəməyə təqdim etmiş, lakin iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə digər hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə ilk növbədə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi hallarla, yəni iddia tələbinin hüquqi əsaslarının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, iddiaçı və onun ailə üzvlərinə məxsus olan həyətyanı torpaq sahəsinin sənəd üzrə miqdarının iddia tələbində qeyd edildiyi kimi 0,088 hektar deyil, 0,082 hektar olması iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazlarının əsası kimi izahatında göstərdiyi, mübahisə predmetinə aid olan torpaq sahəsinin hələ islahatdan da əvvəl onların ailə üzvlərinin faktiki istifadəsində olduğu barədə dəlilləri ilə bağlı qeyd edir ki, sənəd üzrə iddiaçı və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) uzun müddətdən bəri digər şəxslərin faktiki istifadəsində olması həmin torpaq sahəsinin onlara məxsus olması kimi qəbul edilə bilməz. Hətta tərəflər arasında həyətyanı torpaq sahələrini ayıran sərhəd divarı və ya arakəsmənin mövcud olması da əmlakın mənsubiyyətinin müəyyən edilməsi üçün əsas deyildir. Bununla bağlı cavabdehin dəlilləri iddiaçının öz mülkiyyəti üzərində hüquqlarının məhdudlaşdırılmasına, xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam, sərbəst şəkildə və qanuni əsaslarla həyata keçirməsinə maneə ola bilməz və məhkəmə tərəfindən bu xüsusatlar özü-özlüyündə cavabdehin etirazlarının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilmir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdeh özü də mübahisəli ərazinin onun istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin özlərinə aid olduğunu iddia etmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, mübahisə predmetinə aid olan 0,082 hektar həyətyanı torpaq sahəsi 25.04.2006-cı il tarixli JN - 522A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən hazırda iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etməsi iddiaçı və onun ailə üzvlərinin əmlak hüquqlarının pozulması, onların özlərinə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehin iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etməsinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, cavabdeh iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin mütəxəssis tərəfindən verilmiş rəyə əlavə edilən torpaq sahəsinin yerquruluşu planına əsasən zəbt olunduğu müəyyən edilən hissəsindən çıxarılmalıdır. İddiaçının xüsusi mülkiyyətində olan 0,082 hektar həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş hissəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə cavabdeh tərəfindən zəbt olunmuş və boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsinin miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xüsusi mülkiyyətində olan 0,082 hektar həyətyanı torpaq sahəsinin 0,014 hektardan ibarət hissəsinin cavabdeh tərəfindən qeyri-qanuni zəbt edildiyini idda etsə də, həmin torpaq sahəsinin yalnız 0,0087 hektardan (87 kv.metr) ibarət hissəsinin cavabdeh tərəfindən zəbt edilmiş olduğu müəyyən olunduğundan hazırki iddia tələbi mütəxəssis tərəfindən müəyyən edildiyinə və yerquruluşu planında göstərildiyinə uyğun olaraq 0,0087 hektar (87 kv.metr) həddində təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddiaçı və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsinin X1 tərəfindən istifadə olunan 0,0008 hektardan (8 kv.metr) ibarət hissəsi ilə əlaqədar qeyd edir ki, hazırki iş üzrə X1 cavabdeh qismində cəlb edilmədiyindən və həmin şəxsə qarşı hər hansı tələb irəli sürülmədiyindən, məhkəmə prosesinin gedişində də əlavə cavabdehin cəlb edilməsi barədə ərizə verilmədiyindən, habelə məhkəmənin iddia tələbindən kənara çıxması üçün qanunda göstərilən müstəsna hallar mövcud olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində əsasən məhkəmə iddia tələbindən kənara çıxmadan hazırki tələbə iddia ərizəsində qeyd edilən, yalnız Cavabdeh qarşı irəli sürülən iddia tələbi həddində baxılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilsə də, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunu tələb etmədiyini nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş 100,00 manat dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. İş üzrə mütəxəssis rəyi verilməsi zərurəti iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) zəbt edilib-edilməməsinin müəyyən edilməsi ilə əlaqədar yarandığından və həmin torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən olunmaqla, iddia tələbi həmin hissəyə uyğun təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iş üzrə müayinə və tədqiqat xərci olan, iddiaçı tərəfindən ödənilmiş 95,00 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən, 25.04.2006-cı il tarixli JN - 522A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,082 hektar həyətyanı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,0087 hektardan (87 kv.metr) ibarət hissəsindən çıxarılsın. Həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği iddiaçıya aid edilsin. İş üzrə mütəxəssis rəyi verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat müayinə və tədqiqat xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar