Məhkəmə qərarları › İş №e-2(055)-1168/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1168/2025

17.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1168/2025 17.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh direktoru X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X4 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X4 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin direktoru X6 tərəfindən imzalanmış 13/1 nömrəli, 18 iyun 2025-ci il tarixli əmrin ləğv edilməsi və həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 11 sentyabr 1990-cı il tarixli, 60 nömrəli əmrlə Saatlı rayon 7 illik uşaq musiqi məktəbinə fortepiano ixtisası üzrə müəllim təyin edilmişdir. 31 sentyabr 1999-cu il tarixli, 47 nömrəli əmrlə öz xahişi əsasən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi) əsasən tutduğu vəzifədən azad edilmişdir. 01 yanvar 2001-ci il tarixli, 01 nömrəli əmrlə “Bülbül” adına Saatlı şəhər 7 illik uşaq musiqi məktəbinə müqavilə əsasında fortepiano ixtisası üzrə müəllim təyin edilmiş. 10 sentyabr 2003-cü il tarixli, 62 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi) uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. 01 yanvar 2004-cü il tarixli, 01 nömrəli əmrlə Saatlı şəhəri “Bülbül” adına 7 illik uşaq musiqi məktəbinə müqavilə əsasında fortepiano ixtisası üzrə müəllim təyin edilmişdir. 22 avqust 2017-ci il tarixli, 272 nömrəli əmrlə yeni struktura uyğun olaraq Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin "xxxx" bəndi. (Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. 22 avqust 2017-ci il tarixli, 272 nömrəli əmrlə yeni struktura uyğun olaraq “Bülbül” adına uşaq musiqi məktəbinə fortepiano ixtisası üzrə müəllim təyin olunmuşdur. 28 avqust 2023-cü il tarixli, 67 nömrəliəmrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun dəyişikliyi ilə əlaqədar X5 idarəsinin Saatlı şəhər “Bülbül” adına Uşaq Musiqi məktəbinin fortepiona vəzifəsindən X4 idarəsinin Saatlı şəhər “Bülbül” adına Uşaq Musiqi məktəbinin fortepiona vəzifəsinə keçirilmişdir. 18 iyun 2025-ci il tarixli, 13/1 nömrəliəmrlə Saatlışəhər “Bülbül” adına Uşaq Musiqiməktəbinin fortepiano ixtisası üzrə müəllimi 20 iyun 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşbbüsü ilə) əsasən. Ümumi əmək stajı 34 il 9 ay təşkil edir. Həmin müddətdə də hazırkı məktəbdə fortepiano müəllimi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Cavabdehin təhdidi nəticəsində 18 iyun 2025-ci il tarixliərizə ilə ona müraciət edərək məni 20 iyun 2025-ci il tarixdən tutduğu vəzifədən azad etməyini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə işçi bir təqvim ayı qabaqcadan işə götürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinin tələbinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşasyış yerinə köçdükdə, başqa işə götürənlə əmək müqaviləsinə daxil olması ilə bağlı yazılı ( kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasiətəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işə götürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məlumat üçün bildirir ki, 22 may 2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticəsinə əsasən iddiaçı tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul edilmişdir. Cavabdeh yuxarıda qeyd etdiyi məzmunda (yəni özünün dediyi məzmunda) işdən çıxmağı barədə ərizə yazmayacağı təqdirdə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxaracağı ilə hədələyərək iradəsinin əleyhinə 18 iyun 2025-ci il tarixdə ərizə yazdırmışdır. Həmin tarixdə də əmr imzalayaraq 20 iyun 2025-ci il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh həmin vaxt iddiaçıya bildirmişdir ki, iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxaracağı təqdirdə iddiaçı heç yerdə işə götürməyəcəklər. İddiaçının hüquqi savadı olmadığı üçün iddiaçı həmin vaxt cavabdehin təkidi ilə ərizə yazmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh direktoru X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı attestasiyanın nəticəsində kəsilmişdir. İddiaçı izah olunmuşdur ki, öz ərizəsi ilə ilə işdən azad oluna bilər, əks halda isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad ediləcəkdir. İddiaçıda öz könüllü şəkildə işdən azad olunması barədə ərizə yazmışdır. O, İddiaçı qarşı heç bir təziq göstərməmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X4 İdarəsinin nümayəndəsi X3 cavabdehin nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı 11 sentyabr 1990-ci il tarixli, 60 nömrəli əmrlə Saatlı şəhəri “Bülbül” adına 7 illik uşaq musiqi məktəbinə müqavilə əsasında fortepiano ixtisası üzrə müəllim təyin edilmişdir. İşdə olan ərizənin surətindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə yazaraq öz təşəbbüsü ilə xx.xx.2025-ci il tarixdə tutduğu peşədən azad edilməsini işəgötürəndən (cavabdehdən) xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Saatlı rayon Bülbül adına uşaq musiqi məktəbinin fortepiano müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. Sadalanan xüsusatlardan göründüyü kimi, iddiaçı cavabdehlə xx.xx.1990-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən fasilərlə əmək münasibətlərində olaraq fortepiano müəllimi vəsifəsində işləmiş və xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsini əsassız hesab edir, ona görə ki, cavabdeh tərəfindən ona təhdid olunaraq ərizə yazılmış, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli olduğu halda, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, bundan başqa, cavabdeh 69-cu maddəsinin 4-cü hissəsində göstərilən xəbərdarlıq müddətini gözləməli idi. Bu hallar işin mübahisəli halları olduğundan məhkəmə onlara qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Məhkəmə iddiaçının öz ərizəsinə görə, onun əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsinin-vəkilinin məhkəmə iclasında verdiyi izahatlarında da bildirdiyi kimi, ona təhdid olunduğu üçün əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə yazmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının ərizəni könüllü iradəsindən xaric yazmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı tərəfindən də bu halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə iddiaçının onun Əmək Məcəllənin 70-ci maddəsinin “c” bəndi ilə deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmasının pozuntu kimi qiymətləndirilməsi barədə dəlilinə qiymət verərək hesab edir ki, iddiaçının Əmək Məcəllənin 70-ci maddəsinin “c” bəndi ilə deyil, öz xahişi ilə işdən azad edilməsinin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinin pozuntusuna səbəb olması göstərilən maddənin mahiyyətinə ziddir. İlk olaraq o səbəbdən ki, həmin maddənin dispozisiyasına görə işəgötürən tərəfindən işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etmək üçün zor işlədilməsi, hədə-qorxu gəlməsi, yaxud hər hansı başqa üsulla məcbur edilməsi sübut olunmalıdır ki, hazırki işdə bu hal sübut olunmamışdır. Digər tərəfdən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə deyil, öz xahişi ilə işdən azad edilməsinə dair seçim verilməsi işəgötürənin yox, işçinin mənafeyinə uyğun olduğundan, bu halda işəgötürənin belə bir ərizəni yazmağa iddiaçını məcbur etməsi ağlabatan deyil. Əksinə işəgötürənin işçiyə öz ərizəsi ilə işdən çıxmasına şərait yaratmasını, ona güzəşt edilməsi kimi qiymətləndirilə bilər. Həmçinin məhkəmə hesab edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətinin gözlənilməməsi ilə bağlı mövqeyi də əsaslı hesab oluna bilməz. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərdiyi kimi, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulmuşdur. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahənginin pozulmasının qarşısını almaq və əlavə zərərə uğramamaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir ki, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün. Eyni zamanda, işəgötürəni 1 ay əvvəl xəbərdar etmək işçinin vəzifəsi olduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ona bu müddəti gözləməmək imtiyazının əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, 1 aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. İşəgötürənin isə, qanunvericiliyin ona verdiyi hüququndan yararlanmaq və ya yararlanmamaq seçimi var. Əgər işçi, həmin hallar olmadığı halda, 1 ay gözləmək istəmədiyini bildirirsə və onun müqaviləni bəlli tarixdən ləğv etməsini işəgötürəndən xahiş edirsə, işçiyə bu şəkildə güzəştə getməsi isə işəgötürən üçün bir problem yaratmırsa, işəgötürən öz hüququndan imtina edərək işçini 1 ay gözləməyə məcbur etməyə də bilər. Lakin, bu o, demək deyildir ki, Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsində göstərilmiş hallar olmadıqda əmək müqaviləsi işçinin ərizəsində göstərilən gün ləğv edilə bilməz. Hər bir halda işçi və işəgötürən qarşılıqlı razılıq əsasında xəbərdarlıq müddətinin tətbiqindən imtina edə bilərlər. Hazırki işdən müəyyən olunur ki, işçi olan iddiaçı işəgötürənə ərizə verərkən, öz xahişi ilə xx.xx.2025-ci il tarixdən, işdən azad edilməsini xahiş etmiş və işəgötürən də məhz həmin tarixdə əmri rəsmiləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub onun işə bərpa olunması üçün əsas ola bilməz. İddianın əsaslı olmasına dair işdə mötəbər və tutarlı sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən, İddiaçı işə bərpa olunması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar