Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-199/2024 18.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 aprel 2023-cü il tarixli 07/02683 nömrəli operativ lizinq müqaviləsinə əsasən 350 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 380 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tarixli, 07/02683 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh ödəməli olduğu 4000 manat öhdəlikdən 3650 manat ödəniş etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 350 manat məbləğində borcu qalmışdır. Dəfələrlə edilmiş xərbərdarlıqlara baxmayaraq cavabeh 350 manat borcunu müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Ona görə də 25 aprel 2023-cü il tarixli 07/02683 nömrəli operativ lizinq müqaviləsinə əsasən 350 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 380 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 25 aprel 2023-cü il tarixli, 07/02683 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, bu müqavilə 1 ədəd SR-2045 markalı, 2014-cü il buraxlışlı taxılyığan kombaynın 4000 manat müqabilində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadəyə verilməsi ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 25 aprel 2023-cü il tarixli 07/02683 nömrəli aktdan və iltizamlardan görünür ki, Cavabdeh 25 aprel 2023-cü il tarixli, 07/02683 nömrəli operativ lizinq müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 1 ədəd SR-2045 markalı, 2014-cü il buraxılışlı taxılyığan kombaynı saz vəziyyətdə təhvil almış, həmin kombayna 2023-cü il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də biçin zamanı cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, taxılyığan kombaynın 4000 manat öhdəliyindən borclu qaldığı məbləği 20 iyun 2023-cü il tarixədək ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 18 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 25 aprel 2023-cü il tarixli, 07/02683 nömrəli operativ lizinq müqaviləsinə əsasən Cavabdeh 4000 manat borcdan 3650 manat ödəniş etmiş, onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 350 manat borcu qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 dekabr 2023-cü il tarixli pretenziyadan və onun göndərilməsi barədə reyestrdən görünür ki, 25 aprel 2023-cü il tarixli, 07/02683 nömrəli müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 350 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 25 aprel 2023-cü il tarixli, 07/02683 saylı müqaviləyə əsasən istifadəsinə verilmiş taxılyığan kombayna görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4000 manat ödəməli olduğu məbləğdən 3650 manat ödəniş etmiş, qalan 350 manat pulu ödəməmiş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 aprel 2023-cü il tarixli, 07/02683 saylı operativ lizinq müqaviləsi üzrə icra edilməmiş 350 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 350 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 350 manat alınaraq İddiaçı Açıq Səhimdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Açıq Səhimdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-199/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-199/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver