Məhkəmə qərarları › İş №e-2(055)-534/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-534/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-534/2024 03.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cavabdeh İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1685,37 manat borcun və 36,86 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Saatlı Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli e-2(055)- 534/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh təbii qazdan istifadəyə görə 13 mart 2024-cü il tarixə 1685,37 manat borcu yaranmışdır. Borcun yaranmasına səbəb cavabdeh tərəfindən istifadə etdiyi təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı» barədə müqaviləyə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İddiaçı Salyan X6 İdarəsi tərəfindən 1685,37 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq, o, borcunu ödəməmiş və onunla İddiaçı ilə arasında bağlanmış müqavilənin tələblərini pozmuşdur. Ona görə də Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1685,37 manat borc və ödənilmiş 36,86 manat dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X4 həmçinin göstərdi ki, iddia ərizəsinin birinci səhifəsində yanlışlıqla cavabdehin təbii qazdan istifadəyə görə iddiaçıya olan borc məbləğinin 1635,37 manat olması göstərilmişdir. Lakin cavabdehin təbii qazdan istifadəyə görə yaranmış borc məbləği iddia ərizəsinin “xahiş etdi” hissəsində və abonent saldosunda göstərilən kimi, yəni 1685,37 manat təşkil edir. Cavabdeh sonradan qaz sərfiyyatı ilə bağlı ödənişlər etsə də, onun mart ayına qədər yaranmış 1685,37 manat borcu ödənilməmiş qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 may 2023-cü il tarixli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı» barədə müqavilədən görünür ki, bu müqavilə İddiaçı Salyan X8 İdarəsi ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 mart 2024-cü il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh 2024-ci ilin yanvar ayında 1685,37 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 04 mart 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı tərəfindən xəbərdarlıq edilərək 5 gün müddətində 01 mart 2024-cü il tarixə yaranmış 1685,37 manat borcunu ödəməli olması, borc ödənilmədiyi təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Salyan X6 İdarəsi ilə Cavabdeh arasında 12 may 2023-ci il tarixdə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı» barədə müqavilə bağlanmışdır. Lakin Cavabdeh həmin müqavilə əsasında üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçıya xəbərdarlıq məktubunda göstərilən tarixə, yəni 01 mart 2024cü il tarixə təbii qazdan istifadəyə görə 1685,37 manat məbləğində borcu yaranmışdır. Ona görə də İddiaçı təbii qazdan istifadəyə görə 01 mart 2024-cü il tarixə yaranmış 1685,37 manat məbləğində borcun cavabdehdən alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh təbii qazdan istifadəyə görə 01 mart 2024-cü il tarixə yaranmış 1685,37 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 01 mart 2024-cü il tarixə yaranmış 1685,37 manat borc alınaraq İddiaçı hesabına ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 aprel 2024-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 36,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 36,86 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 01 mart 2024-cü il tarixə yaranmış 1685 (bir min altı yüz səksən beş) manat 37 (otuz yeddi) qəpik borc alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat 86 (səksən altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar