Məhkəmə qərarları › İş №e-2(055)-78/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-78/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-78/2024 12.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 may 2023-cü il tarixli 05/03522 saylı operativ lizinq müqaviləsinə əsasən 2200 manat borcun, 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8409 manat dəymiş maddi ziyanın və 121,83 manat dövlət rüsumunun, cəmi 10730,83 manat məbləğin cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 may 2023-cü il tarixli, 05/03522 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayn cavabdehə istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6500 manat öhdəlikdən 4300 manat ödəniş edilmişdir və cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hazırda 2200 manat borcu vardır. Həmçinin bildirir ki, 15 may 2023-cü il tarixli, 05/03522 nömrəli müqavilə üzrə cavabdehin texnikanın saz və dəst halda geri qaytarmaq öhdəliyinin olmasına baxmayaraq, texnika nasaz vəziyyətdə saxlanc yerinə verilmişdir. Belə ki, Ağcabədi Regional Nümayəndəliyinin Füzuli rayon bölməsinin balansında olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynla Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində 1 iyul 2023-cü il tarixində biçin işləri yerinə yetirilərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə 8409 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcu və vurmuş olduğu maddi ziyanı qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun və vurulmuş maddi ziyanın ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu və vurmuş olduğu maddi ziyanı ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəymiş ziyanla bağlı tərtib olunmuş və iş materiallarına əlavə olunmuş arayışda kombaynın hissələrinə dəymiş ziyan daha ətraflı qeyd edilmiş, həmçinin işçilik haqqı da göstərilmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq 15 may 2023-cü il tarixli 05/03522 saylı operativ lizinq müqaviləsinə əsasən 2200 manat borcun, 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8409 manat dəymiş maddi ziyanın və 121,83 manat dövlət rüsumunun, cəmi 10730,83 manat məbləğin cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, onun iddiaçıya icarə müqaviləsinə əsasən həqiqətən də 2200 manat borcu vardır. Lakin dəymiş zərərlə bağlı iddiaçının qeyd etdiyi 8409 manat pulun tələb edilməsi ilə qismən razıdır. Belə ki, o, sözügedən taxılyığan kombaynı həqiqətən də iddiaçıdan icarəyə götürmüşdür. Həmin kombayn Füzuli rayonunda onun istifadəsində olan zaman alışıb yanmışdır. Həmin zaman İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları gəlib kombayna baxış keçirmiş və dəymiş ziyanın 5600 manat olduğunu bildirmişlər. Lakin indi isə iddiaçı dəymiş ziyanın 8409 manat olduğunu bildirir. O, iddianın dəymiş ziyanla bağlı olan hissəsinin 5600 manat hissəsini qəbul edir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında əslinə baxış keçirilmiş SR-2065 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin Füzuli rayon bölməsinin balansında olan və 15 may 2023-cü il tarixli 05/03522 saylı müqavilə əsasında mexanizator Cavabdeh müvəqqəti istifadəsinə verilmiş 701249 şassi nömrəli “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi, hissələrinin təmiri üçün ümumilikdə 8409 manat xərc sərf olunacaqdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 15 may 2023-cü il tarixli 05/03522 saylı müqavilədən görünür ki, bu müqavilə 701249 şassi nömrəli, “Sampo Rosenlew SR-2065” markalı, 2019-cu il buraxılışlı taxılyığan kombaynın istifadəyə verilməsi ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin lizinq alanın (istifadəçi) öhdəlikləri bölməsində göstərilmişdir ki, lizinq alan (istifadəçi) texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir, texnikanın qəzaya düşdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən gec 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 16 may 2023-cü il tarixli aktdan və iltizamlardan görünür ki, Cavabdeh 15 may 2023-cü il tarixli 05/03522 saylı operativ lizinq müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 1 ədəd SR-2065 markalı, 2019-cu il buraxılışlı taxılyığan kombaynı saz vəziyyətdə təhvil almış, həmin kombayna 2023-cü il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də biçin zamanı cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 iyul 2023-cü il tarixli aktdan və qüsur aktından görünür ki, 01 iyul 2023-cü il tarixdə saat 17:40-da Füzuli rayon Bala Bəhmənli ərazisində biçin apararkən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin Füzuli rayon bölməsinin balansında olan, 05/03522 saylı müqavilə əsasında Cavabdeh tərəfindən icarəyə götürülən dövlət nömrə nişanı ** AB ***, şassi nömrəsi 701249 olan, “Sampo Rosenlew SR-2065” markalı kombaynın dinamosunda nasazlıq əmələ gəlmiş və kombayn od tutaraq yanmışdır. Yanğın baş verdiyi ərazidən Füzuli rayon yanğından mühafizə idarəsinə zəng edilmiş və əraziyə yanğınsöndürən maşın gələrək kombaynın tam yanmasının qarşısını almışdır. Kombayna baxış keçirilən zaman məyyən hissələrinin yararsız hala düşdüyü müəyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 oktyabr 2023-cü il tarixli və 16 noyabr 2023-cü il tarixli pretenziyalardan və onların göndərilməsi barədə reyestrlərdən görünür ki, 15 may 2023-cü il tarixli 05/03522 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 2200 manat borcun və onun istifadəsinə verilmiş taxılyığan kombayna dəymiş 8409 manat ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 15 may 2023-cü il tarixli 05/03522 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə ödəməli olduğu 6500 manat müqavilə məbləğindən 4300 manat ödəniş etmiş və Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 2200 manat borcu qalmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları və tərəflərin izahatları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 15 may 2023-cü il tarixli 05/03522 saylı müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6500 manat ödəməli olduğu məbləğdən 4300 manat ödəniş etmiş, qalan 2200 manat pulu ödəməmiş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15 may 2023-cü il tarixli 05/03522 nömrəli operativ lizinq müqaviləsi üzrə icra edilməmiş 2200 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclası zamanı həmçinin müəyyən edildi ki, 15 may 2023-cü il tarixli 05/03522 saylı müqaviləyə əsasən cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəsinə verilmiş “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombaynı saz halda geri qaytarmaq öhdəliyinin olmasına baxmayaraq, cavabdehin istifadəsində olduğu müddətdə, yəni 1 iyul 2023-cü il tarixdə biçin işləri yerinə yetirilərkən kombaynda yanğın baş vermiş, nəticədə texnika istifadəyə yararsız hala düşərək ona 8409 manat məbləğində zərərin dəydiyi müəyyən edilmiş və kombayn nasaz vəziyyətdə cavabdeh tərəfindən saxlanc yerinə verilmişdir. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi və həmin hüquq pozuntusu nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8409 manat ziyan dəyməsi 01 iyul 2023-cü il tarixli akt, həmin tarixli qüsur aktı və SR-2065 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayış ilə sübut olunur. Odur ki, Cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 2200 manat borcun və 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna dəymiş maddi ziyana görə hesablanmış 8409 manat pulun, ümumilikdə 10609 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2200 manat borc və 1 ədəd “Sampo Rosenlew SR- 2065” markalı taxılyığan kombayna dəymiş maddi ziyana görə hesablanmış 8409 manat pul, ümumilikdə 10609 manat alınaraq İddiaçı Açıq Səhimdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 121,83 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 121,83 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhimdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2200 manat və 1 ədəd “Sampo Rosenlew SR-2065” markalı taxılyığan kombayna dəymiş maddi ziyana görə hesablanmış 8409 manat pul, cəmi 10609 (on min altı yüz doqquz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 83 (səksən üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilərr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar