Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-152/2024 11.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Azer Cansa markalı, kultivatorun tam bərpası üçün hesablanmış 1366 manat maddi ziyanın, 50 manat borcun borcun və 34,16 manat dövlət rüsumunun-cəmi 1450,16 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2023-cü il tarixli, 09/03712 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Azer Cansa markalı kultivator ona istifadəyə verilmişdir. Həmin müqaviləyə əsasən 300 manat öhdəlikdən 250 manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 50 manat borcu vardır. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Azer Cansa markalı kultivator bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 1366 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Azer Cansa markalı kultivatorun tam bərpası üçün 1366 manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, işə məhkəmədə baxıldığı zamandan məhkəmə iclasında cavabdeh texnikanın detallarının onda deyil, Sehran adlı müdiri olmuş şəxsdə olduğunu, alıb qaytaracağını bildirdiyinə görə, həmin detallar qaytarılacağı halda cavabdehə köməklik edilərək iddiadan imtina etmək imkanlarının qiymətləndiriləcəyi bildirilmiş, bu günə kimi detallar ASC-yə təhvil verilməmişdir. Ona görə də o, hazırda iddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, Sehran adlı şəxsin yanına traktorçu qismində işçi getmiş, işlədiyi bir müddət olardı ki, Sehran ona yanında işləyən Alim adlı şəxsin Rusiyaya gedəcəyini, buna görə də kultivatorla bağlı sənədləşmənin onun adına həyata keçirilməsinin gərəkli olduğunu bildirmişdir. O, etiraz etməmiş, ASC ilə müqaviləni özü imzalamışdır. Ödəmələri də Sehran həyata keçirirdi. Texnikanı o, işlədəndə texnika saz vəziyyətdə olmuşdur. Texnikanın təhvil verilməsi vaxtı çatanda Sehran texnikanın üzərindən bir neçə detalı açıb götürmüşdür ki, bu detallar özünündür. O, texnikanı təhvil verərkən texnikadakı nasazlıq, yəni müəyyən detalların olmadığı ona bildirilmiş, bu barədə akt tərtib edilmişdir. O, oradan Sehranın yanına gələrək bu barədə Sehrana bildirmiş, Sehran ona yalan deyildiyini, həmin detalların özünün olduğunu bir daha bildirmişdir. Bir müddətdən sonra isə o, Sehranın yanından işdən çıxmışdır. İddia ilə məhkəməyə müraciət edildikdən sonra o, yenidən Sehrana müraciət etmiş, Sehran ona həmin detalları təhvil verəcəyini vəd versə də, bu günə kimi vədinə əməl etməmişdir. O, hazırda işsizdir. Ailə və maddi vəziyyəti ağırdır. Tələb edilən pulu ödəmək imkanında deyildir. Sehran yenə də detalları qaytarmasa o, iddiaçıya ayda 20-30 manat ödəyə bilər. Hazırda o, məhkəmədən qətnamə qəbul edilərkən göstərdiyi halların da nəzərə alınmasını xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2023-cü il tarixli, 09/03712 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh 1 ay müddətinə, yəni xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi 300 manat qarşılığında kultivator (pambıq) Azer Cansa istifadəyə verilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli, 09/03712 nömrəli Akt 1-dən görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin istifadəsində olan kultivator (pambıq) Azer Cansa saz vəziyyətdə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, o, texnikadan təyinatı üzrə istifadə etməyi, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi və s. öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin Sabirabad RN-nin direktoru X7, baş mühəndisi X3 və mexaniki X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin istifadəsində olan Kultivator 1579 zavod nömrəli 24 iyul 2023-cü il tarixli, 09/03712 nömrəli operativ lizinq müqaviləsinə əsasən Cavabdeh verilmiş və xx.xx.2023-cü il tarixdə müqavilənin müddəti bitmiş, lakin dəfələrlə əlaqə saxlamaqlarına baxmayaraq Kultivator Sabirabad RN-nin parkına gətirilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 09/03712 nömrəli Akt 2-dən görünür ki, İddiaçı ASC-nin Sabirabad RN-nin istifadəsində olan kultivator (pambıq) Azer Cansa Cavabdeh tərəfindən Sabirabad RN-nin rəhbəri X5 texnika təhvil verilmiş, texnikanın digər mexanizmlər və qovşaqları nasaz vəziyyətdə (20 ədəd saxlayıcı qollar yoxdur və 9 ədəd kranşteyni üzərində yoxdur) olmuşdur. İş materiallarında olan Azer Cansa markalı pambıq kultivatorunun işlək vəziyyətinə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, işçi orqanlar bağlanılan saxlayıcı qol (lama) 20 ədəd 1 ədədi 38 manat olmaqla, 760 manat, saxlayıcı qolun kronşteyni 9 ədəd 1 ədəd 64 manat olmaqla, 576 manat, işçlik haqqı 30 manat, cəmi 1366 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış Pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə 50 manatın ödnilmədiyi, dəymiş ziyanın 1366 manat təşkil etdiyi, Müqavilə bəndlərinə əsasən öhdəlikləri xatırladılmış, həmin məbləğlər ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə ilk növbədə tələbin müqavilə üzrə ödənilməmiş qalan 50 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında göründüyü kimi, cavabdeh kultovatoru 1 ay müddətinə 300 manat qarşılığında liziqə (istifadəyə) götürmüş, pretenziya məktubunda da həmin məbləğdən 50 manatın ödənilməmiş qalması ona xatırladılmış, məhkəmə iclasında isə cavabdeh ödənişləri Sehran adlı şəxsin ödəməli olduğunu bildirməklə bu hissəyə münasibət bildirmişdir. Göründüyü kimi, cavabdeh ödənişin digər şəxs tərəfindən ödənilməli olduğunu bildirsə də, iddiaçı ilə müqavilə onun arasında bağlanmış, cavabdeh müqavilə imzalamasını mübahisələndirməmiş, həmin müqavilə üzrə ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddia tələbi göstərilən hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə tələbin vurulmuş zərərin əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında və cavabdehin izahatından da göründüyü kimi cavabdeh iddiaçıdan kultivatoru saz vəziyyətdə almasına baxmayaraq, nasaz vəziyyətdə qaytarmış, bununla da iddiaçı ilə aralarında olan müqavilə şərtlərinin pozuntusuna yol vermiş, bu barədə akt tərtib edilmiş, cavabdeh nasazlıqlar barədə məlumatlı olmuşdur. Cavabdeh məhkəmə iclasında nasazlığın yaranma səbəbini Sehran adlı bir şəxsin detalları açıb götürməsini, əslində texnikanın həmin şəxs tərəfindən lizinqə götürüldüyünü, saz vəziyyətdə də həmin şəxsin texnikanı təhvil verməli olduğunu bildirsə də, yuxarıda qeyd edildiyi kimi, müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmış, cavabdeh texnikanı saz vəziyyətdə geri qaytarmağı öhdəsinə götürmüş, texnikanı elə cavabdehin özü də iddiaçıya təhvil vermişdir. Göründüyü kimi, cavabdeh texnikanın saz vəziyyətdə geri qaytarılması ilə bağlı iddiaçı qarşısında olan müqavilə öhdəliklərini də yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə texnikanın saz vəziyyətdə qaytarılması öhdəliyini icra etmədiyi üçün iddia tələbi göstərilən hissədə də əsaslı hesab edilməli və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş 34,16 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 34,16 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və MPM-nın 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 50 manat müqavilə üzrə ödənilməmiş borc, 1366 manat “Azer Cansa” markalı kultivatorun tam bərpası üçün hesablanmış maddi zərərin əvəzi və 34,16 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəm 1450,16 (bir min dörd yüz əlli manat on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-152/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-152/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver