Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1794/2024 28.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 10366,68 manat, cərimə borcuna görə 1036,66 manat, cəmi 11403,34 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 125 manat pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 10,13 hektar torpaq sahəsində pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 11838,90 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.2.2-ci bəndinin şərtlərinə əsasən, satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək xx.xx.2022-ci il tarixədək “Alıcı”ya təhvil verir. Təhvil verilən xam pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa o zaman satıcı “Alıcı”ya həmin yaranan fərqi ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən cəmiyyətə xam pambıq təhvil verilməmiş, bununla da götürülmüş avans ödənilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 11838,90 manat təşkil etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə qalıq borcdan 1472.22 manat nəğd vəsait ödəmişdir. Son nəticədə götürdüyü avans vəsaitə görə cavabdehin iddiaçıya 10366,68 manat əsas borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri – qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 2.2.3-cü bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1% məbləğində, 10%-dən artıq olmamaq şərtilə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1036,66 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə verdiyi izahatında iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, onunla İddiaçı MMC-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4 saylı xam pambığın alqısatqı müqaviləsinə əsasən o, öhdəsində olan 10,13 hektar torpaq sahəsində pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar ona 11838,90 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Lakin istehsal etdiyi pambığın məhsuldarlığının az olmasından o, iddiaçıya olan borcunu tam ödəyə bilməmişdir, bu da müqavilədə nəzərdə tutulan şərtlərin pozulmasına səbəb olmuşdur. Son nəticədə onun iddiaçıya borcu qalmışdır. İddiaçı tərəfindən verilən iddianın əsas borc hissəsini qəbul edir, lakin cərimə hissəsinin silinməsində ona köməklik göstərilməsini xahiş edir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2022-ci il tarixli, 4 saylı müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 2022-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh öhdəsində olan 10,13 hektar torpaq sahəsində pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024cü il tarixə 10366,68 manat əsas, 1036,66 manat cərimə, cəmi 11403,34 manat borcu vardır. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh pretenziya məktubunu aldığı vaxtdan 10 gün müddətində borcunun ödəməsini təmin etməsi xahiş olunmuş, borcu ödəmədiyi təqdirdə ona məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırılmasından ötrü 125 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlirki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 4 saylı xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 10,13 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 senter məhsul əldə edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 11838,90 manat məbləğində avans vəsait götürmüşdür. Lakin cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğini tam ödəməmiş və iddiaçıya 10366,68 manat borcu qalmışdır. Bundan əlavə həmin müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq təhvil vermədiyi halda müqavilənin 2.2.3-cü bəndinə əsasən yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün iddiaçıya 0,1% məbləğində, 10%-dən artıq olmamaq şərtilə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1036,66 manat təşkil etmişdir. Nəticədə cavabdehin iddiaçıya 10366,68 manat əsas və 1036,66 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəf iddiasını müdafiə edərək təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddianın cərimə hissəsini qəbul etməmişdir. İddiaçı əsas borcla bərabər 1036,66 manat məbləğində dəbbə pulunun tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi mülki qanunvericilik tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsini nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və cəriməni 200 manat həddinədək azaltmağı ədalətli hesab edir. Məhkəmə təqdim edilmiş sübutları bir-birilə müqaisəli təhlil etməklə və hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirərək iddia tələbini əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10366,68 manat əsas borc, 200 manat cərimə borcu, cəmi 10566,68 manat pul tutularaq İddiaçı MMC-ə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 125 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 125 manat dövlət rüsumunun 115,80 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10366,68 manat əsas borc, 200 manat cərimə borcu, cəmi 10566 (on min beş yüz altmış altı) manat 68 (altmış səkkiz) qəpik pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 115 (yüz on beş) manat 80 (səksən) qəpik məbləğində hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №e-2(056)-1794/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1794/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver