Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2176/2025 06.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı "PRİME COTTON" (əvvəlki adı “MKT İstehsalat Kommersiya'') Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "PRİME COTTON" (əvvəlki adı “MKT İstehsalat Kommersiya'') Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı zaminlik müqaviləsi üzrə pul tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. "PRİME COTTON" (əvvəlki adı “MKT İstehsalat Kommersiya'') MMC ilə "xxxx" ASC (bundan sonra Kreditor) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 N°-li zaminlik müqaviləsi bağlanmışdır.
2. Müqavilənin şərtlərinə əsasən: “- 1.1. İddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə Kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür.
3. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür.
4. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdehin Kreditoraərns və faiz borcu olmaqla, ümumilikdə 1416,25 manat borcu yaranmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) İddia tələbi
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1416,25 manat borc və ödənilmiş 34,2 manat rüsum olmaqla, cəmi 1450,45 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, İddiaçı MMC ilə "xxxx" ASC (bundan sonra Kreditor) arasında bağlanmış xx.xx.2023-cü tarixli, 01/23 N°-li zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, İddiaçı pambıq məhsulunun istehsalı üçün Cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə Kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq Kreditor Cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş (hesabdan çıxarış əlavə edilir), İddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və Kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən Zamin-İddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdehin Kreditoraərns və faiz borcu olmaqla, ümumilikdə 1416,25 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə Zamin-İddiaçı tərəfindən Kreditora ödənilmişdir. Son nəticədə Cavabdehin İddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 1416,25 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir.
b) İddia tələbinə etiraz
7. Ərizə tələbinə etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “ O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.”
Məhkəmənin mövqeyi
12. İş materiallarından görünür ki, hazırkı iş üzrə tərəflərdən iddiaçı "PRİME COTTON" (əvvəlki adı “MKT İstehsalat Kommersiya'') MMC və Cavabdeh fərdi sahibkar statusunda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı ********** nömrəli VÖEN əsasında, Cavabdeh isə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
13. Hüquq münasibəti xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. O baxımdan ki, tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır, bunu təqdim edilmiş barışıq sazişinin birinci bəndi də təsdiq edir.
14. Göründüyü kimi, tərəflərin hər ikisi fərdi sahibkar statusunda olan şəxsdir, hüquq münasibətinin xarakteri də sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Bu şərtlər daxilində isə Ali Məhkəmə Plenumun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarındakı ümumi hüquqi mövqeyə əsasən işə kommersiya məhkəməsində baxılmalıdır.
15. Beləliklə, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, kommersiya subyektlərinin tərəf olduğu kommersiya mübahisələri ilə bağlı verilmiş iddialara kommersiya məhkəmələrində baxılmalı olduğundan, hazırki iddia məhkəmə aidiyyəti qaydalarının pozulması ilə Sabirabad Rayon Məhkəməsinə verildiyindən, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
"PRİME COTTON" (əvvəlki adı “MKT İstehsalat Kommersiya'') Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı zaminlik müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cavid Cəfərov