Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-405/2025 04.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində, məhkəmnin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsatə görə 3517,37 manat və ödənilmiş 55,17 manat dövlət rüsumunun, həmçinin 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli WCO_00028966 saylı tam kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredi limiti ayrılmışdır. Tam kart vasitəsi ilə kart/cari hesabının qalığından artıq məbləğə əməliyyatların aparılması “Texniki overdraft” adlandırılır. Müştəri Xidməti Departamentinin müştərisi Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kartına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 3517,37 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi, müştəri xx.xx.2024-cü il tarixdə hesabında 888,04 manat olmasına baxmayaraq, 3490 manat məxaric edərək hesabından 2601,96 manat artıq istifadə etmişdir. Daha sonra hesabdan çıxarışdan göründüyü kimi, xx.xx.2024-cü il tarixində hesabından artıq 100 manat məxaric etmişdir. xx.xx.2024-cü il tarixində hesabından artıq 243,32 manat, 301,30 manat, 142,57 manat, 25 manat, 146,61 manat, 85,78 manat məxaric edilməsinə nail olmuşdur. Yekun olaraq hesabından artıq 3646,54 manatın məxaric edilməsinə nail olmuşdur. Hesabdan artıq çıxarışın bərpası üçün müxtəlif tarixlərdə borcdan 261,36 manat ödəniş edilmişdir. Hazırda 3385,18 manat mənfidə qalmışdır. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 132,19 manat borcu mövcuddur. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh hazırki dövr üçün qalıq borcu 3517,37 manat təşkil edir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 55,17 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-43606/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına həmçinin cavabdehin plastik kart hesabından baş vermiş texniki xəta nəticəsində vəsaitlər çıxarış etməsi, nəticədə hazırda 3517,37 manat borcun yaranması barədə sənədlər əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh kart hesabından cəmi 3517,37 manat vəsait məxaric edərək hesabda overdraft borcu yaratmışdır. həmin pulu Banka geri qaytarmamışdır. Bununla da cavabdeh Bank hesabına hüquqi əsas olmadan əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş 55,17 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 55,17 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3517,37 manat əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaiti, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi 55,57 manat olmaqla, ümumilikdə 3572,94 (üç min beş yüz yetmiş iki manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-405/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-405/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver