Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-724/2024 10.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «əsassız varlanma ilə bağlı pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «əsassız varlanma ilə bağlı pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində əldə etdiyi 456,84 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında “Fiziki şəxlərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” barədə xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində cavabdehə məxsus debet kart hesabı üzrə RRN **********98 nömrəli kredit əməliyyatı qarşı bank tərəfindən reversalı (geri çəkilmə) edilsə də texniki xəta səbəbindən balans azalmamış və qeyd edilən vəsait cavabdeh tərəfindən istifadə edilmişdir. Nəticədə cavabdeh banka cəmi 456,84 manat ziyan vurmuşdur. İddiaçı ASC–nin nümayəndəsi Nümayəndə elektron qaydada imzalanmış ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini və məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında yaşayan bacısı X1 tərəfindən ona “Zolotaya Korona” pul köçürmələri sistemi vasitəsi ilə 500 manat məbləğində pul vəsaiti göndərilmişdir. Elə həmin sistem vasitəsi ilə o qeyd olunan məbləği özünə məxsus iddiaçı bankın debet kartına köçürdükdən sonra ATM vasitəsilə nağdlaşdırmışdır. Bundan sonra iddiaçı təşkilat onun kart hesabına gələn 40 manat pulu qanunsuz olaraq tutmuş, odur ki, hazırda iddiaçının tələbi 456,84 manatdır. Belə ki, istər texniki xəta, istərsə də qeyri formada iddiaçının qeyd etdiyi heç bir geri çəkilmə olmamış, ümumiyyətlə pulu ona göndərən şəxs tərəfindən məbləğin geri qaytarılması ilə bağlı ona qarşı heç bir tələb olmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edib və toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşdən göründüyü kimi, iddiaçı qarşı bankın geri çəkmə halına yol verməsi nəticəsində cavabdehin ona 456,84 manat məbləğində borcu yaranması hallarına əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hala dair hər hansı sübutu (müvafiq qarşı banka sorğu etməklə geri çəkilmə halının baş verməsini təsdiq edən yazılı sənədi) məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Halbuki, elektron məhkəmə sistemindən görünür ki, iddiaçı elekton sistemlə iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixində cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin etiraz ərizəsi xx.xx.2024-cü il tarixində elektron sistemə yerləşdirilmiş, bundan sonra iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron qaydada ərizə ilə məhkəməyə müraciət edib işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, xx.xx.2024-cü il tarixində isə “Xidmət Müqavilələrinin Standart Şərtləri”ni sistemə daxil etmiş, lakin yuxarıda qeyd edildiyi kimi tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə ünvanlamamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübut standartları tətbiq edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilə və təmin edilə bilməz. Tələbin digər hissəsi olan ödənilmiş dövlət rüsumunun qaytarılması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddia tələbinin əsas hissəsi əsassız hesab edilərək təmin edilmədiyindən bu hissədə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-724/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-724/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver