Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-826/2025 08.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi - vəkil Nümayəndə iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı əmlakın hərracda satılması və pulun paylara mütənasib bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad rayon Məhkəməsinin binasında xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı əmlakın hərracda satılması və pulun paylara mütənasib bölüşdürülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Qaralar kəndində yerləşən 15 dekabr 2021-ci il tarixli **********№-li qeydiyyat nömrəli çıxarışa əsasən ümumi paylı mülkiyyət hüququ ilə mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinin hərracda satılaraq əldə olunan vəsaitin paylara mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmlşdır ki, Sabirabad rayon Məhkəməsinin 10 Mart 2021ci il tarixli 2(056)-36/2021 saylı qətnaməsi ilə Sabirabad rayonu Qaralar kəndində yerləşən 15 dekabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi paylı mülkiyyət hüququ ilə 28/30 hissədə İddiaçı, 1/30 hissədə Cavabdeh1 və 1/30 hissədə Cavabdeh2 məxsus olan fərdi yaşayış evi mülkiyyətçinin payı cüzi olduğunuzu nəzərə alınmaqla hər bir payçıya Cavabdeh1 2000 manat və Cavabdeh2 2000 manat kompensasiya verilməklə paylarının alınması onlara təklif olunmuşdur. Təklif qəbul olunmadığı üçün Sabirabad rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli 2(056)-93/2025 saylı Qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Onların bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdehlərin uzun müddətdir ki evdə yaşamaması və köçüb başqa yerə getməsi məlumdur. Formal olaraq mülkiyyətçi kimi qalsalarda faktiki olaraq onun mülkiyyət hüququnu da məhdudlaşdırırlar. Onların aralarında uzun müddətdir ki narazılıqlar və birgə yaşayışı qeyri mümkündür. O subaydır və Cavabdeh2 də subaydır. Hər ikisi evlənsələr belə 2 ailənin bir yerdə yaşaması mümkün deyildir. Cavabdeh Babaşova Nahidə daha öncə qardaşı ailə qurarkən evdə narazılıq yaratmış və qardaşı ailəsi dağılmasın deyə evdən çıxaraq kirayə yaşamaq məcburiyyətində qalmışdır. Daha sonra göründüyü kimi atasından qalmış miras əmlakla bağlı da narazılıq yaranmış və məhkəmə qətnaməsinə əsasən bölgü olmuşdur. Sonuncu iddianın da qaldırılması onu deməyə əsas verir ki, artıq birgə yaşamaq mümkün deyil və buna görədə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının Mülki Məcəllənin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Qərardadı bu məsələnin həllinə yönəlmişdir. O, həmin qiymətləndirilməklə evin qapalı hərracda satılmasını istəyir. Təqdim etdiyi ekspert rəylərindən də göründüyü kimi evin naturada bölgüsü mümkün deyildir və evin bazar qiyməti 15300 manat müəyyən edilmişdir. Bu qiymətə müvafiq olaraq hərracın keçirilməsini istəyir. Odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinin açıq və ya qapalı hərracda satılaraq əldə olunan vəsaitin paylara mütənasib bölünməsi barədə xx.xx.2025-ci il tarixdə təklif göndərilmişdir. Təklifə cavab verilmədiyi üçün bu tələblər əsasında məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi - vəkil Nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki cavabdehlər Cavabdeh1 2000 manat və Cavabdeh2 2000 manat kompensasiya təklif etməklə paylarının alınması onlara təklif olunmuş, lakin onlar razı olmadıqları üçün, İddiaçı öz payını 48000 manat qiymətləndirməklə, ona həmin məbləğdə kompensasiya ödənilməklə payının 48000 manata alınmasını cavabdehlərə təklif etmiş, eyni zamanda təklifi qəbul edilmədiyi halda həmin əmlakın hərracda satılması barədə məhkəmədə iddianın qaldırılacağı bildirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********35-10301; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi: xx.xx.2021-ci il) Çıxarışın surətindən görünür ki, Sabirabad rayonu, Qaralar kəndində yerləşən, ümumi sahəsi 138.80 kv.metr olan fərdi yaşayış evi və həmin evə aid 0.4573 ha. həyətyanı torpaq sahəsi 28/30 hissədə İddiaçı, 1/30 hissədə Cavabdeh1 və 1/30 hissədə Cavabdeh2 ümumi paylı mülkiyyəti kimi qeydə alınmışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)- 12/2023 saylı qərardadın surətindən görünür ki, həmin qərardadla İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payın alınması” barədə iddiası baxılmamış saxlanılmışdır. Həmin icraat qaydasında təyin edilmiş tikinti-texniki ekspertizası üzrə iş materiallarına əlavə edilmiş ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/4337 saylı ekspert rəyindən görünür ki, Sabirabad rayonu, Qaralar kəndində yerləşən, ümumi sahəsi 138.8 kv.metr olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)- 93/2025 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin hər birinə 2000 manat kompensasiya ödənilməklə ümumi mülkiyyətdə olan əmlak paylarına xitam verilməsi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli təklifdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 2000 manat kompensasiya ödənilməklə ümumi paylı mülkiyyətdə olan Sabirabad rayonu, Qaralar kəndində yerləşən, ümumi sahəsi 138.80 kv.metr olan fərdi yaşayış evinə və həmin evə aid 0.4573 ha. həyətyanı torpaq sahəsinə 28/30 hissədə olan paylarının alınması təklif edilmişdir. İş materiallarında olan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-cü il tarixli təklifdən görünür ki, İddiaçı öz payını 48000 manat qiymətləndirməklə, ona həmin məbləğdə ona kompensasiya ödənilməklə payının 48000 manata alınmasını cavabdehlərə təklif etmiş, eyni zamanda təklifi qəbul edilmədiyi halda həmin əmlakın hərracda satılması barədə məhkəmədə iddianın qaldırılacağı bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ƏEM/İ-60- 381/25 saylı ekspert rəyindən görünür ki, Dövlət revesrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh2 və İddiaçı ümumi paylı mülkiyyətlərində olan Sabirabad rayonu, Qaralar kəndində xüsusi mülkiyyətdə olan 0.4573 ha torpaq sahəsi üzərində yerləşən 138.8 kv.m fərdi yaşayış evinin 22 iyul 2025-ci il tarixinə: Bazar dəyəri: 53100,0 (əlli üç min yüz) manat təşkil edir. İşin məhkəmədə araşdırılmış hallarından görünür ki Sabirabad rayonu, Qaralar kəndində yerləşən, ümumi sahəsi 138.80 kv.metr olan fərdi yaşayış evi və həmin evə aid 0.4573 ha. həyətyanı torpaq sahəsi 28/30 hissədə İddiaçı, 1/30 hissədə Cavabdeh1 və 1/30 hissədə Cavabdeh2 ümumi paylı mülkiyyəti kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq sahəvi qanunvericilik aktı olan Mülki Məcəllədə də öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Qanunverici fərdi mülkiyyət halından fərqli olaraq paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətdə olan əmlaka və öz pay hüququna sərəncam səlahiyyətinin reallaşdırılması, habelə payın ayrılmasının tələb edilməsi və həyata keçirilməsi qaydalarını müəyyən etmişdir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. MM-nın 220.2, 220.3 və 220.4-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Bundan əlavə MM-nın 220.4-cü maddəsinin üçüncü cümləsi məhkəmənin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilməsini paydaşlıqdan çıxmaq istəyən mülkiyyətçinin payının cüzi olması, real surətdə ayrıla bilməməməsi və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması şərtləri ilə əlaqələndirmiş və Konstitusiya Məhkəməsi 04 aprel 2014-cü il tarixli qərarında vurğulamışdır ki, 220.4-cü maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının payı cüzi deyil və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeləri vardır. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, qanuni mexanizm payın ayrılmasının mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Məhkəmə bu qənaətə gələrkən Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı mövqeyini əsas götürür. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. Məhkəmə MM-nın 220-ci maddəsinin göstərişlərini və Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutub, ilk növbədə Sabirabad rayonu, Qaralar kəndində yerləşən, ümumi sahəsi 138.80 kv.metr olan fərdi yaşayış evindən (evin 0.4573 ha. həyətyanı torpaq sahəsi ilə birlikdə) payın naturada faktiki ayrılmasının mümkün olmadığı aydın olur. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında göstərilmişdir ki, “... əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil”. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadının 39-cu bəndində qeyd edilir ki Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Həmin 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadın 42-ci bəndində qeyd olunur ki birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Həmin 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadın 47-ci bəndində qeyd olunur ki naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Həmin 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadın 57-ci bəndində qeyd olunur ki məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Həmin 06 dekabr 2024-cü il tarixli 02/2024№-li Qərardadın 60-cı bəndində qeyd olunur ki, odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə Sabirabad rayonu, Qaralar kəndində yerləşən, ümumi sahəsi 138.80 kv.metr olan fərdi yaşayış evindən (evin 0.4573 ha. həyətyanı torpaq sahəsi ilə birlikdə) payın naturada bölünməsinin mümkün olmadığını, payın dəyərinin ödənilməsinə dair kompensasiyanın verilməsi üzrə tərəflər arasında razılıq əldə edilmədiyini (xx.xx.2025-cü il tarixli təkliflə iddiaçı öz payını 48000 manat qiymətləndirməklə, həmin məbləğdə ona kompensasiya ödənilməklə payının 48000 manata alınmasını cavabdehlərə təklif etmiş) və qanunda təsbit edilmiş ardıcıllığı nəzərə alaraq, iddiaçının tələbi əsasında üçüncü mərhələyə keçid etməklə ümumi paylı fərdi yaşayış evinin birbaşa açıq hərracdan satılaraq dəyərinin tərəflərin paylarına uyğun qaydada bölüşdürülməsi barədə iddianın əsaslarının mövcudluğunu müəyyən etmiş hesab edir. Ona görə də, fərdi yaşayış evinin birbaşa açıq hərracdan satılması ilə bağlı ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ƏEM/İ 60-381/25 saylı rəydən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən, Sabirabad rayonu, Qaralar kəndində yerləşən, ümumi sahəsi 138.80 kv.metr olan fərdi yaşayış evinin (evin 0.4573 ha. həyətyanı torpaq sahəsi ilə birlikdə) 22 iyul 2025-ci il tarixinə olan bazar dəyəri: 53100 (əlli üç min yüz) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci hissəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertizanın rəyini iddiaçının izahatı və işin mübahisələndirilməyən faktiki halları ilə birlikdə qiymətləndirərək həmin rəylə razılaşır və hesab edir ki, mübahisəli Sabirabad rayonu, Qaralar kəndində yerləşən, ümumi sahəsi 138.80 kv.metr olan fərdi yaşayış evinin (evin 0.4573 ha. həyətyanı torpaq sahəsi ilə birlikdə) həqiqi dəyəri rəydə göstərilən 53100 (əlli üç min yüz) manat məbləğdən ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, ümumi paylı fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı ilkin satış qiyməti əsas götürülməlidir. Əks yanaşma iddiaçının toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Belə ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən ümumi paylı mülkiyyət olan mübahisəli fərdi yaşayış evinin həqiqi dəyərinə uyğun olaraq iddiaçıya kompensasiya verilməsindən imtina edildiyi (ümumiyyətlə təklifə cavab verilməmişdir) halda, həmçinin ümumi paylı mülkiyyətin müvafiq hissəsinin real olaraq naturada ayrılması mümkün olmadığı üçün, hazırkı mülki mübahisənin hüquqi həlinin yeganə vasitəsi məhz mübahisəli fərdi yaşayış evinin bazar dəyəri müəyyən olunmuş 53100 (əlli üç min yüz) manata açıq hərraca çıxarılıb, hərracda satılaraq, müvafiq satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsidir. Bu nəticə ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və paylı mülkiyyət halının başa çatmasının MM-nın 220-ci maddəsində təsbit olunmuş mərhələli mexanizminə tam uyğundur və mülkiyyətçilərdən hər hansı birinin mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması sayıla bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən, 04 aprel 2014-cü il tarixli qərarının 1-ci bəndində görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin ümumi paylı mülkiyyəti olan Sabirabad rayonu, Qaralar kəndində yerləşən 138.80 kv.m. fərdi yaşayış evi həmin fərdi yaşayış evinə aid 0,4573 ha. torpaq sahəsi ilə birlikdə 53.100 (əlli üç min yüz) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmaqla, açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti mülkiyyətçilər İddiaçı (payı 28/30 hissədə), Cavabdeh1 (payı 1/30 hissədə) və Cavabdeh2 (payı 1/30 hissədə) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nın 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğu üçün və iddianın təmin olunduğu halında isə, "xxxx" MMC tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 400 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub "xxxx" MMCnin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin ümumi paylı mülkiyyəti olan Sabirabad rayonu, Qaralar kəndində yerləşən 138.80 kv.m. fərdi yaşayış evi həmin fərdi yaşayış evinə aid 0,4573 ha. torpaq sahəsi ilə birlikdə 53.100 (əlli üç min yüz) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmaqla, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti mülkiyyətçilər İddiaçı (payı 28/30 hissədə), Cavabdeh1 (payı 1/30 hissədə) və Cavabdeh2 (payı 1/30 hissədə) arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli ƏEM/İ-60-381/25№-li məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 400 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına (VÖEN:**********; Hesab N AZN: AZ68İBAZ********************, Bank:ABB ASC; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; KOD:805711; SWİFT:İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-826/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-826/2025
08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver