Məhkəmə qərarları › İş №e-2(057)-168/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-168/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-168/2025 06.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra "X1" MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "X1" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh göstərilmiş tibbi xidmətlərin əvəzi olaraq 6.884,33 manat (altı min səkkiz yüz səksən dörd manat 33 qəpik) məbləğində və ödənilmiş 89 manat məbləğində dövlət rüsumu olmaqla ümumiliklə 6973,33 manat (altı min doqquz yüz yetmiş üç manat 33 qəp.) məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-yə daxil olmuş və müvafiq müayinələrdən sonra ixtisaslı həkim tərəfindən ona S06.5 “Travmatik subdural qansızma”, S06.2 “Baş beynin diffuz travması” vı S06.0 “Baş beynin silkələnməsi” diaqnozları qoyulmuşdur. Xəstə yaxınlarının bildirdiyinə görə Cavabdeh piyada olaraq hərəkət edərkən avtomobil tərəfindən vurulmuşdur. Xəstənin Hospitalda yatış müddətində miyoklonik sıçramaları olmuş, bu səbəbdən də ona beyin və epileptik tutma əleyhinə müalicə başlanmışdır. Müalicə zamanı epileptik tutmalar dayanmış və infeksiya göstəriciləri geriləməyə başlamışdır. Xəstə yaxınlarının istəyi ilə Cavabdeh xx.xx.2024-cü il tarixində başqa tibb müəssisəsinə transfer (təxliyyə) edilmişdir. Cavabdehla İddiaçı MMC arasında xx.xx.2024cü il tarixli Tibbi xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır.Eyni zamanda xəstədən xx.xx.2024-cü il tarixində razılıq alınmışdır. Cavabdeh Hospitalda müalicədə olduğu xx.xx.2024-cü il tarixdən “24” avqust 2024-cü il tarixədək ona Hospitalda göstərilən tibbi xidmətlərin, sərf olunmuş dərman vasitələrinin və sairənin dəyəri 14.484,33 (on dörd min dörd yüz səksən dörd manat 33 qəpik) manat təşkil etmişdir. Xəstə tərəfindən Hospitala 7600 (yeddi min altı yüz) manat ödənilmişdir. Cavabdeh hazırda İddiaçı MMC-yə ona göstərilən tibbi xidmətlərə, sərf olunmuş dərman vasitələrinə və s. görə 6.884,33 manat məbləğdə borcu qalmışdır. Bu borc hazırkı vaxtadək Hospitala ödənilməmişdir. Xəstə başqa tibb müəssisəsinə transfer (təxliyyə) edilərkən xəstə yaxını Novruzlu Ramal xx.xx.2024-cü il tarixli ərizəsində yaranmış borcu 10 gün müddətində ödəyəcəklərini və bu müddət ərzində ödəməsələr məhkəməyə müraciət olunmasını göstərmişdir. İddiaçı MMC müvafiq lisenziya əsasında, ödənişli əsaslarla əhaliyə yüksək keydiyyətli tibbi yardım xidmətini göstərən özəl tibb müəssisəsidir. Cavabdeh yaxınlarının istəyinə uyğun olaraq xəstə digər tibb müəssisəsinə transfer (təxliyyə) olunan anadək onun İddiaçı MMC-yə göstərilmiş tibbi xidmətlərə görə 6.884,33 manat məbləğində ödənilməmiş borcu qalmışdır . Ona görə də, Cavabdeh göstərilmiş tibbi xidmətlərin əvəzi olaraq 6.884,33 manat (altı min səkkiz yüz səksən dörd manat 33 qəpik) məbləğində və ödənilmiş 89 manat məbləğində dövlət rüsumu olmaqla ümumiliklə 6973,33 manat (altı min doqquz yüz yetmiş üç manat 33 qəp.) məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "X1" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC ilə Cavabdeh ilə arasında imzalanmış “tibbi xidmətlərin göstərilməsi barədə” müqavilədən görünür ki, tərəflər hospital tərəfindən pasiyentə tibbi xidmətlərin göstərilməsi , pasiyent tərəfindən isə həmin tibbi xidmətlərin həcmində hosptala xidmət haqqının ödənilməsi, eləcə də göstərilən tibbi xidmətlərdən irəli gələn digər münasibətlər barəsində razılığa gəlmişlər. İş materiallarında olan fakturadan görünür ki, Cavabdeh hospitalda müalicədə olduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona hospitalda göstərilən tibbi xidmətlərin, sərf olunmuş dərman vasitələrinin və sairənin dəyəri 14.484,33 manat təşkil etmişdir. Xəstə tərəfindən Hospitala 7.600 manat ödənilmiş, 6.884,33 manat məbləğdə borcu qalmışdır. İş materiallarında olan xəstənin razılıq formasından görünür ki, pasiyent hospital tərəfindən göstərilən tibbi xidmətlərin dəyərini tam ödəməyi və əlavə tibbi xidmətlərin də ödənişinin öz üzərinə düşdüyünü qəbul etdiyini öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xəstə yaxını X2 yaranmış borcu 10 gün müddətində ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-yə daxil olmuş və müvafiq müayinələrdən sonra ixtisaslı həkim tərəfindən müalicəyə başlanmışdır. Cavabdeh Hospitalda müalicədə olduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona hospitalda göstərilən tibbi xidmətlərin, sərf olunmuş dərman vasitələrinin və sairənin dəyəri 14.484,33 (on dörd min dörd yüz səksən dörd manat 33 qəpik) manat təşkil etmişdir. Xəstə tərəfindən hospitala 7600 manat ödənilmiş, 6.884,33 manat məbləğdə borcu qalmışdır. Məhkəmə istinad edilən mübahisə üzrə tətbiq edilən maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Tibbi xidmətlərin göstərilməsi barədə bağlanmış müqavilənin (xüsusilə 6.1, 6.3, 6.9 və 7.5-ci maddələrinə əsasən) şərtlərindən də göründüyü kimi, pasiyent hospital tərəfindən göstərilən tibbi xidmətlərin tam dəyərini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 89 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6.884,33 manat (altı min səkkiz yüz səksən dörd manat 33 qəpik) məbləğində pul və ödənilmiş 89 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "X1" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6.884,33 manat (altı min səkkiz yüz səksən dörd manat 33 qəpik) məbləğində pul və ödənilmiş 89 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "X1" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar