Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-173/2024 17.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, 2022-ci ildə oktyabr ayının 1-dən etibarən müəyyən vaxtlarda Cavabdeh ümumilikdə 3855 manat dəyərində qızıl zinət əşyasını nisyə satmış və tərtib etdiyi dəftərdə qeyd etmişdir. Sonuncuya 5 qramlıq 520 manat dəyərində gül üzüyü aylıq 50 manata, 9,79 qramlıq 1275 manat dəyərində olan Pandora badamı dəsti aylıq 100 manata, 5,07 qaramlıq 740 manat dəyərində olan Pandora sırğa və üzüyü aylıq 100 manata, 4,5 qramlıq 590 manat dəyərində olan muncuqlu sırğanı aylıq 50 manata, 2,27 qramlıq dəyəri 290 manat olan uşaq sırğası, 0,92 qramlıq 290 manat dəyərində halqa sırğa və 2,45 qramlıq 320 manat dəyərində olan pandora zənciri isə hər birini aylıq 80 manat olmaqla nisyə satmışdır. Cavabdeh borcundan xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 50 manat, xx.xx.2022-ci ildə 80 manat, xx.xx.2022-ci ildə 280 manat və xx.xx.2023-cü ildə 100 manat ödəniş etmiş, 3145 manat borcu qalmışdır. Cavabdeh məxsus mobil nömrə ilə aralarında Whatsapp vasitəsilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilmişdir. Odur ki, 3145 manat pul və 51,45 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təsdiqləyərək iddianın təmin olunmasını bir daha xahiş etdi. İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddiaçının dediklərini təsdiqləyərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya qarşı heç bir etirazının olmadığını qeyd edərək 2024-cü ilin mart ayından, yəni toy mövsümü başladıqdan sonrakı müddətlərdə ödəycəyini bildirmişdir. Məhkəmədə elan olunmuş İddiaçı tərtib etdiyi vərəqədə qeyd olunmuşdur ki, Cavabdeh 5 qramlıq 520 manat dəyərində gül üzüyü aylıq 50 manata, 9,79 qramlıq 1275 manat dəyərində olan Pandora badamı dəsti aylıq 100 manata, 5,07 qaramlıq 740 manat dəyərində olan Pandora sırğa, üzüyü aylıq 100 manata, 4,5 qramlıq 590 manat dəyərində olan muncuqlu sırğanı aylıq 50 manata, 2,27 qramlıq dəyəri 290 manat olan uşaq sırğasını, 0,92 qramlıq 290 manat dəyərində halqa sırğanı və 2,45 qramlıq 320 manat dəyərində olan pandora zənciri isə hər birini aylıq 80 manat olmaqla nisyə satmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı özünə məxsus qızıl əşyalarını nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satmış, iddiaçı öz üzərinə düşən öhdəliyi tam icra etmiş, cavabdeh isə öhdəliyi lazımi qaydada icra etməmişdir.Həmçinin məhkəmə baxışı zamanı cavabdeh iddiaya qarşı heç bir etirazının olmadığını qeyd edərək borclu olduğunu bildirmişdir.Ona görə də məhkəmə iddianın təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh 3145 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 51,45 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-173/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-173/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver