Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1925/2023 15.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X8 və X11 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 Salyan X12 İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı vəkili və nümayəndəsi Qanuni nümayəndə Cavabdeh1 Salyan X12 İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Salyan X12 İdarəsinin İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixindən Cavabdeh1 Salyan X12 İdarəsi ilə Əmək müqaviləsi bağlayaraq telefonçu vəzifəsində çalışmağa başlamışdır. İddiaçı Cavabdeh1 Salyan X12 İdarəsində işlədiyi dövr ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən əmək vəzifələrini yüksək peşəkarlıqla icra etmişdir. Cavabdeh1 Salyan X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-9/3-1k-154/2023 saylı əmri ilə nümayəndəsi olduğu şəxsin əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmasına əsas olaraq, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndi (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) göstərilmişdir. İddiaçının uzun müddətdir ki, 2-ci dərəcə əlilliyi var və bu zaman əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyi qeyd edilmişdir. Lakin onun əmək fəaliyyətinə mane olmamışdır. Çünki sağlamlığındakı problem əmək müqaviləsi bağlamamışdan mövcud olmuşdur. Nümayəndəsi olduğu şəxs işlədiyi müddət ərzində heç vaxt problem olmamışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra o, sağlamlıq vəziyyətinin yoxlanılması üçün yenidən müraciət etmişdir. Bu zaman verilmiş rəydə epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilər qeyd edilmişdir. Göründüyü kimi Cavabdeh1 Salyan X12 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-9/3-1k-154/2023 saylı əmrinə əsas olmuş hal aradan qalxmışdır. İddiaçı işlədiyi zaman da, ona sağlamlığının yoxlanılması tapşırılsaydı işləməyinə maneənin olmaması müəyyən edilərdi. İddiaçı əmrin ləğvi üçün mediasiya təklifi göndərmiş, lakin qarşı tərəf ümumiyyətlə iclasda iştirak etmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh1 Salyan X12 İdarəsinin İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçı ilə 2014-cü ildə əmək müaviləsi bağlanmış və o, telefonçu vəzifəsində çalışmışdır. O, nümunəvi işçi olmuşdur. Ona görə də, ona məcburi buraxılan iş günlərinə görə əmək haqqı ödənilməlidir. Sonradan onun əmək qabiliyyəti olmadığına görə işdən azad edilməsi müəyyən olunmuşdur. İddiaçı komissiyadan keçmiş, onun sağlam olması müəyyən edilmişdir. İddiaçı heç vaxt işdən qalmamışdır. Əmr əsassızdır. Nümayəndəsi olduğu şəxs 09 il cavabdeh təşkilatda işləmişdir. Həmin müddət ərzində iddiaçının əmək qabiliyyətsiz olması halı müəyyən edilməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra sağlamlıq vəziyyətinin yoxlanılması üçün müraciət etmişdir. Həmin vaxt verilmiş rəydə epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilər qeyd edilmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı bütün məhkəmə proseslərində bildirmişdir ki, tərəfin iradəsindən aslı olmayan səbəbə görə işçi işdən azad edilmişdir. İddiaçı əmək məcəlləsinə uyğun olaraq işdən azad edilmişdir. İşin hallarından da, görünür ki, o, 2012-ci ildən 2-ci qrup əlildir. İddiaçı bu vaxtlar ərzində əlilliyini aradan qaldırmaq üçün heç bir hərəkət etməmişdir. İddiaçı vəziyyəti may ayında müəyyən olunmuş və ona 2-3 ay vaxt verilmişdir ki, təmizlik kağızı gətirsin. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi bildirmişdir ki, 2014-cü ildə onun əlil olması barədə məlumatları olmamışdır. Onun iş fəaliyyətində bu vaxta kimi heç nöqsan olmamışdır. Nümunəvi işçi olmuşdur. 2023-cü ildə işçilərin əmək qabiliyyəti yoxlanılmışdır. Həmin vaxt iddiaçı və digər iki işçidə əmək qabilliyyətinin olmaması müəyyən olunmuşdur. Bu barədə iclas keçirilərək onlara əmək funksiyalarına xitam veriləcəyi barədə məlumat verilmişdir. Əmək qabiliyyəti olmayan işçini işə qaytara bilməzlər. İşçi əlilliyini ləğv etdirərək, yenidən imtahan verib işə qəbul oluna bilər. Onlar özləri də, iddiaçının işdən çıxmasını istəməmişlər. O, baş idarəyə müraciət edə bilər, bəlkə idarə onunla yenidən müqavilə bağlayıb işə qaytara bilər. Həmçinin Cavabdeh1 Salyan X12 İdarəsinin nümayəndəsi X6 iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edərək, İddiaçı Cavabdeh1nə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X8 tərəfindən məhkəməyə verilmiş məhkəmə çıxışından görünür ki, İddiaçı Cavabdeh1nə qarşı əmək müqaviləsinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 Xəqani Əhməd oğlunun izahatında göstərdiklərini təsdiqləyərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda göstərmişdir ki, portaldan iddiaçının əmək qabiliyyətinin olmaması barədə sənəd əldə etmişlər. Ona istinad edərək, işdən çıxarılmışdır. Həmin işlə X15 İdarəsinin rəhbəri məşğul olmuşdur. İddiaçının əmək qabiliyyətinin olub-olmaması barədə iclasın keçirilib-keçirilməməsi barədə məlumatı yoxdur. İşdən çıxarıldıqdan sonra iddiaçı əmək kitabçasını və son haqq-hesabını almışdır. Bunların heç birinə etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin tabeliyində olan telefonçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən xitam verilmişdir. Konkret mübahisəyə gəldikdə, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsini səbəb kimi göstərmişdir. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli, 14-2-2-9/3-1k-153/2023 saylı əmrdən görünür ki, xx.xx.2014-cü il tarixli, 366K saylı əmrlə Hacıqabul rayonu üzrə Təmir- Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu peşəsinə işə qəbul olunmuş İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74 maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verilmiş, müqaviləyə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən, orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair (xx.xx.2023-cü il tarixdə çap edilmiş) məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı ikitərəfli infiltrativ ağciyər vərəmi parçalanma fazasında BK(-) ağciyər-ürək çatışmamazlığı diaqnozu qoyulmuş və ikinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində sessiya keçirilmiş və cavabdeh Salyan X12 İdarəsinin nümayəndəsinin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin əsaslardan bir də (c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. İşin faktiki hallarından göründüyü kimi, Salyan X12 İdarəsinin Hacıqabul rayonu üzrə Təmir-Bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu İddiaçı Salyan X12 İdarəsinin 03 iyul 2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74 maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin c) bəndində qeyd edilmişdir ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Əmək müqaviləsinə xitam verilməsinə xx.xx.2023-cü il tarixli əmrdə bu əmrin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74 maddəsinin 1-ci hissəsinin c) bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddənin “Qeyd” hissəsinə görə “Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı heç vaxt işdən qalmamış, işində heç bir nöqsan olmamış, nümunəvi işçi olmaqla əmək funksiyasını fasiləsiz olaraq yerinə yetirmişdir. Və bu hallar cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclasında bir neçə dəfə qeyd olunmuşdur. İşdən görünür ki, iddiaçı işə qəbul edilərkən İİ qrup əlil olmuşdur. O, 2012-ci ildən 2-ci qrup əlildir. Salyan X12 İdarəsi tərəfindən məhz 2023-cü ildə işçilərin əmək qabiliyyəti yoxlanılmış, həmin vaxt iddiaçının əmək qabilliyyətsiz (əvvəlki meyyarlarla) olduğu müəyyən olunsa da, hazırda epidemoloji təhlükənin olmadığı şəraitdə işləyə bilməsi müəyyən olunmuşdur. İddiaçının əmək qabilliyyətsiz olması əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə uyğun olmamışdır. İşdən görünür ki, cavabdeh Salyan X12 İdarəsi tərəfindən bu qaydaya düzgün riayət edilmədən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əmək müqaviləsi bağlayarkən İİ qrup əlil olmasını gizlətməmiş, ona təyin olunmuş əlillik təyin edilərkən müəyyən edilən meyyarlarla, hazırki meyyarlar fərqlidir. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarında dəyişiklik 2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Cavabdehin nümayəndəsi izahatında iddiaçıya sağlamlığ vəziyyəti ilə bağlı 2-3 ay vaxt verilməsini qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Hər bir halda məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmədən əvvəl iddiaçıya yenidən müayinə olunmasına imkan yaratmadan bağlanmış əmək müqaviləsini 03 iyul 2023-cü il tarixdə xitam vermiş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. İddiaçının iddia müddətini ötürməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaç ilə əmək müqaviləsinə xitam verilməsi haqqında 03 iyul 2023-cü il tarixdə əmr vermiş, iddiaçı 26 iyul 2023-cü il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına müraciət etməklə, iddia ərizəsi ilə məhkəməyə 06 oktyabr 2023-cü il tarixdə müraciət etmiş, bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürməmişdir. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun miqdarı 100 (bir yüz) manat müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə və qiymətləndirilməyən iddia ərizəsi üzrə dövlət rüsumu miqdarı 100 (bir yüz) manat məbləğində müəyyən edildiyinə görə dövlət rüsumu qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Həmçinin 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin c) bəndi ilə ləğv edilməsinə səbəb olan hallar cavabeh tərəfindən sübuta yetirilmədiyindən cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-2-9/3-1k-154/2023 əmri qanunsuz olduğundan ləğv edilməli, iddiaçıya məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər buraxdığı məcburi iş müddəti üçün əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 Salyan X12 İdarəsinin 03 iyul 2023-cü il tarixli, 14-2-2-9/31k-154/2023 saylı əmri ləğv edilsin və İddiaçı telefonçu vəzifəsinə bərpa edilsin. Cavabdeh1 Salyan X12 İdarəsi tərəfindən hazırki qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə dövlət rüsumu qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 Salyan X12 İdarəsindən dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1925/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1925/2023
15.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver