Məhkəmə qərarları › İş №e-2(057)-212/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-212/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-212/2025 06.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1939-cu ildə ünvan 2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyətindədir və orada yaşayır. ünvan 1 ünvanda yerləşən mənzilə xx.xx.2019-cü il tarixdə ********** reyestr çıxarışı almışdır. Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan oğlu Cavabdeh başqa yerdə yaşayır, yəni hal-hazırda bu ünvanda yaşamır. İddiaçıya məxsus mənzilə olan qeydiyyatları yalnız formal xarakter daşıyır və pasport qeydiyyatında qalması mənzilinə olan mülkiyyət hüquqlarını müəyyən qədər məhdudlaşdırır. Həmin şəxs formal qeydiyyatda olmasına baxmayaraq qeyd olunan ünvanda yaşamır. Mənzil alınarkən cavabdeh heç bir yaxından uzaqdan köməklik göstərməyib və qocalığından, yaşlılığından, qanunları bilməməyindən istifadə edərək evi mənzili ola-ola qeydiyyata düşmək üçün etibarnamə və razılıq almışdır. İndiki vəziyyətdə onun qeydiyyatda qalmasına etiraze edir. Odur ki, xüsusi mülkiyyətində olan Salyan şəhəri H.Əliyev küçəsi ev-115 mənzil-41 ünvanda yerləşən mənzilindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir, Cavabdeh qocalığından istifadə etməklə xüsusi mülkiyyət hüququndan sərbəst istifadə etməyini əsassız olaraq məhdudlaşdırmışdır. Bundan əlavə həmin evdə formal qeydiyyatda olanlar Şirvan İnzibati Məhkəməsinin qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışdır. Odur ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Mirismayıl Hüseynov tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı X1 alıcı İddiaçı ünvan 3 ünvanda yerləşən mənzili mülkiyyətinə vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan Salyan şəhəri, H.Əliyev küçəsi, ev 115, 41 nömrəli evi İddiaçı satmışdır. Həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsində pasport qeydiyyatında olsa da, faktiki olaraq həmin ünvanda uzun müddətdir ki, yaşamır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.09.20-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3.-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar