Məhkəmə qərarları › İş №e-2(057)-221/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-221/2025

22.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-221/2025 22.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi və s.” tələbi barədə iddiasına dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbi tərəfindən qanunsuz olaraq tutduğu vəzifədən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli 113 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmağı, qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrimə ödənilməsi, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən X5, və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil idarəsinin sektorunun müdiri X1 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 (on min) manat, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən X2 10000 (on min) manat mənəvi ziyan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə adı çəkilən tam orta məktəbin sinif müəllimi vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixədək həmin məktəbdə işləmişdir. xx.xx.2024-cü il tarixli 113 nömrəli əmrlə onu aldadaraq, müəllimlərin sertifakasiya imtahanından keçmədiyimə görə ərizə alınaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə müəllimlərin sertifakasiya imtahanı vermişdir. xx.xx.2024-cü il tarixdə ona imtahanın nəticəsi barədə heç bir rəsmi sms bildiriş gəlmədiyi halda məktəbin direktor əvəzi X12 və Təhsil Nazirliyindən daxil olmuş məktuba əsasən imtahandan keçmədiyini bildirmiş və ərizə yazmaqla işinə xitam verilməli olduğu bildirilmişdir. Onu inandırmağa çalışmışlar ki, əgər Əmək Məcəlləsinin 68.c bəndinə əsasən işinə xitam versək bir daha işə qəbul ola bilməyəcək və gələcəkdə keçirilən imtahanlara buraxılmayacaqdır. Buna görə ona ağlaya-ağlaya təsir göstərərək rəsmi imtahan nəticəsi elan olunamamış və Elm və Təhsil Nazirliyinin rəsmi məktubu göstərilməmiş şəkildə ərizə yazmağa məcbur etmişlər. Təhsil sektorunun müdiri Dadaşova Razıgül onunla telefonla danışaraq ərizə yazmağa məcbur olduğunu israr etmişdir. Ona ən yaxşı halda səhhətilə əlaqədar ərizə yazmalı olduğu bildirilmiş və o da bunu yazmaq məcburiyyətində qalmışdır. Ona daha sonra yazdığı ərizənin dəyişdirilməsi təklif olunmuş və buna razılıq verməmişdir. X13 bildirmişdir ki, o, ərizədə tarixi düzgün göstərməmiş, idarənin əməkdaşı Aqil müəllim ərizəni qəbul etmir. xx.xx.2024-cü il tarixdə ona “edu.gov.az” internet portalından şəxsi kabineti vasitəsilə uğursuz nəticə barədə məlumat gəlmişdir. xx.xx.2024-cü il tarixdə elektron apellyasiya şikayəti vermişdir. xx.xx.2024-cü il tarixdə müraciətinə yenidən baxış keçirilmiş, xx.xx.2024-cü il tarixdə müəllimlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə apellyasiya müsahibəsinə baxış zamanı müvafiq meyarlara uyğun olaraq sertifikatlaşdırmadan keçməyi barədə şəxsi kabinetinə məlumat daxil olmuşdur. O da, dərhal bunu çap edib xx.xx.2024-cü il tarixdə məktəbin direktor əvəzi Könül Rəhimovaya, X10 təhsil idarəsinin rəisi Sənan Mənsimliyə, X10 təhsil idarəsinə, məktub yazıb işinə bərpa olunmağını tələb etmişdir. Daha sonra mediasiya təklifi göndərmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil idarəsi nəzarətedici orqan olaraq bu əmrin verilməsində birbaşa tapşırıq verən orqan olmuşdur. Əmrdən də göründüyü kimi hüquqi ünvan AZ5200, ünvan 1məsi üçün birbaşa tapşırıq regional idarə tərəfindən verilmişdir. Eyni zamanda əmr ona təqdim edilməmiş yalnız əmək kitabçası təqdim edilmişdir. Qeyd olunan normaların hamısı cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununlada ona mənəvi ziyan dəymişdir. Bu hərəkətlərə görə stres keçirmiş və işgüzar nüfuzuma böyük ziyan vurulmuşdur. Həyat yoldaşı X4 da xəstəlik tapmışdır. Bu stres ona və ərinə çox pis təsir etmiş, xəstəxanalara müraciət etməli olmuşlar. Əmr ona rəsmi verilməmişdir. Bugünə qədər əmrin surəti göndərilməmişdir. AR Əmək Məcəlləsinin 68.2-cimaddəsinin “a” bəndinə əsasən azad olunmağı barədə cavabdeh xx.xx.2024-cü il tarixli 113 saylı əsassız əmr verilmişdir. Tərəfindən mediasiya təklifi cavabdehə göndərilmiş və mediasiya prosesi keçirilmişdir. xx.xx.2024-cü il tarixdə ona İMS barədə arayış təqdim edilmişdir. Qeyd olulanlara əsasən cavabdehlər Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbi tərəfindən qanunsuz olaraq tutduğu vəzifədən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli 113 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmağı, qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrimə ödənilməsi, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən X5, və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektorunun müdiri X1 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 (on min) manat, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən X2 10000 (on min) manat mənəvi ziyan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbi tərəfindən qanunsuz olaraq İddiaçı tutduğu vəzifədən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli 113 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmr ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsi, qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən X5 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi təhsil sektorunun müdiri X1 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 (on min) manat, Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edən X2 10000 (on min) manat mənəvi ziyan alınaraq ona verilməsi barədə ərizə icraatdadır. Bildirmiş ki, xx.xx.2024-cü il tarixdən Salyan şəhəri, Yusif Qasımov adına 4 saylı tam orta məktəbinə işə bərpa edilmişdir. Hazırda həmin məktəbdə işləyir. İşə yenidən bərpa edilmiş, amma sentyabr, oktyabr və noyabr ayları üzrə işlədiyi müddətdə əmək haqqı ona ödənilməmişdir. İşə bərpa olunduğuna görə artıq işə bərpa olunmağı barədə iddia tələbi yoxdur, amma iş buraxmaya görə ona əmək haqqı ödənilməmişdir. 60 manat mediasiya rüsumu da ona ödənilməmişdir. Eyni zamanda işdən çıxarılan zaman verilmiş iş saatı azalmışdır. Əvvəlki iş saatı bərpa edilməsini istəyir. Odur ki, onun əvvəlki 19 nəfərdən ibarət sinfə dərs müəllimliyinə bərpa olunmağı barədə və qanunsuz olaraq onun məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixədə sinifdə olduğu vaxt məktəbin direktor əvəzi Könül Rəhimova onu otağına çağırmış və rayon təhsil şöbəsinin sektor müdiri Razigül Dadaşovanın zəng etdiyini, yarım saat ərzində ərizəni yazıb təhsil şöbəsinə göndərməyini və bunu idarənin əməkdaşı Aqil müəllimin istədiyini bildirmişdir. Ona bildirmişlər ki, ərizəni yazdığı halda Razigül Dadaşova onu başqa işlə təmin edəcəkdir. Ərizəni 2 formada - biri işdən çıxmağı, digəri isə onu başqa işlə təmin olunması barədə yazmağını bildirmişdir. Daha sonra onlara inanaraq, məcburiyyət qarşısında qalaraq, səhhəti ilə əlaqədar olaraq işdən çıxmağı barədə ərizə yazmışdır. Sonra təkrar apellyasiyaya müraciət etmiş, uğurlu nəticə əldə etməyi barədə məlumat verilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddiası tamamilə yanlışdır, burada göstərilmiş tələblərin tərəflərindən təmin edilməsi mümkün deyildir. İddiaçı göstərib ki, onunla bağlanmış olan əmək müqaviləsinə sertifikasiya imtahanından kəsildiyi üçün xitam verilmişdir və ona xitam bildirişi təqdim edilməmiş, sertifikasiya imtahanında nəticəsi ilə bağlı vermiş olduğu şikayət nəzərə alınmamış, bununla da qanun pozuntusuna yol verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən verilmişdir. Buna əsas isə iddiaçının yazmış olduğu ərizədə səhhəti ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi xahişi olmuşdur. Bundan sonra şəxs əmək kitabçasını təhvil götürmüş və bununla əlaqədar tabel kitabçasına imza atmışdır. İddiaçı ərizəsini geri götürmək üçün məktəb direktoruna müraciət etmiş, müraciətinə baxılaraq mövcud vakansiya üzrə yenidən işlə təmin olunması məqbul sayılmışdır. İddiaçı əvvəl çalışmış olduğu ibtidai sinif müəllimi vəzifəsi üzrə 12 dekabr 2024-cü il tarixində işə qəbul edilmişdir. Bu iddiaçının iddiasının əsassız olduğunu, hüquq pozuntusu kimi qeyd etdiyi halın məsələnin məzmununa aidiyyəti olmaması və digər məsələlərin öz növbəsində iddianın söykəndiyi əsasların düzgün olmadığını müəyyən etməyə imkan verən mahiyyətdədir. Şəxsin mənəvi ziyanla bağlı iddiası barədə isə bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixolofi reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Qərardan da göründüyü kimi, mənəvi zərər hüquqi pozuntunun nəticəsi olduğu təqdirdə legitimlik qazanır və bu şərtlər altında etibarlıdır. İddiaçının qeyd etdiyi pozuntu onun işdən çıxarılması ilə əlaqədar olması səbəbilə, işdən çıxmasının öz ərizəsilə baş tutmuş olması faktı bu pozuntunun mövcudiyyətini aradan qaldırır. Başqa sözlə, iddiaçının mənəvi zərərlə bağlı olan iddiası, eynilə digər iddiaları kimi yalnış əsaslandırılmış və işdən azad olunması işəgötürən tərəfindən deyil, öz təşəbbüsü və tərəflərin qarşılıqlı razılaşması əsasında baş tutmuşdur. İddiaçı tərəfindən əmrin məktəb direktoru tərəfindən deyil, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən verilmiş olması barədə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 nömrəli xx.xx.2017-ci il tarixli qərarına əsasən, təsisçinin nomenklaturasında olanlardan başqa kadrların seçilib yerləşdirilməsi məktəb direktorunun əmək funksiyasının tərkib hissəsi kimi müəyyən edilmişdir və Şirvan-Salyan Regional Təhsil İdarəsinin səlahiyyətində deyildir. Məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi ilə əlaqədar tələbə gəldikdə isə, şəxsin işdən çıxması öz təşəbbüsü əsasında baş tutduğuna görə bu ödənişin ödənilməsi tələbi düzgün deyildir. Şəxs öz ərizəsi ilə işdən çıxıb və öz müraciəti ilə işə bərpa edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsində qeyd edilir ki, qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiasi təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya öz razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Odur ki, iddianın əsası olmadığından, məsələnin mahiyyəti düzgün qeyd edilməmiş olduğundan və şəxsin artıq öz xahişi ilə işə bərpa edilmiş olması səbəbindən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan şəhəri, Y. Qasımov adına 4 nömrəli tam orta məktəbin direktoru S.Həsənov tərəfindən verilmiş 01 aprel 2005-ci il tarixli əmrin surətindən görünür ki, adı çəkilən tam orta məktəbin sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. Salyan şəhəri, Y.Qasımov adına 4 saylı tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Könül Rəhimovaya həmin məktəbin ibtidai sinif müəllimi İddiaçı tərəfindən ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, səhhətində problem olduğu üçün 18 sentyabr 2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 18 sentyabr 2024-cü il tarixli 113 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Salyan şəhəri, Y. Qasımov adına 4 nömrəli tam orta məktəbdə “İbtidai sinif müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” maddəsinə əsasən 18.09. 2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı ünvanlanmış 10 oktyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, təkrar apellyasiya müraciəti təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə apellyasiya müsahibəsinə baxış zamanı müvafiq meyarlara uyğun olaraq, sertfikatlaşdırmadan keçmiş hesab olunmuşdur. 22 noyabr 2024-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, İddiaçı könüllü olaraq “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi və s.” tələblər üçün təşkilata müraciət etmiş, barışığa və ya razılığa gəlmək mümkün olmadığı üçün mediasiya prosesi davam etdirilə bilməmişdir. Salyan şəhəri, Y.Qasımov adına 4 saylı tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Könül Rəhimovaya həmin məktəbin ibtidai sinif müəllimi işləmiş İddiaçı tərəfindən ünvanlanmış 11 dekabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, 11 dekabr 2024-cü il tarixdən həmin məktəbin ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 01 aprel 2005-ci il tarixdə Salyan şəhəri, Y. Qasımov adına 4 nömrəli tam orta məktəbin sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanında uğurlu nəticə əldə edə bilməmiş, o, həmin sertifikasiya nəticəsindən apelyasiya şikayəti vermiş, onun ilk müraciəti uğursuz olmuşdur. Buna görə də, o, 18 sentyabr 2024-cü il tarixdə ərizə yazaraq işdən çıxmaq istədiyini bildirmiş, nəticədə onunla bağlanmış əmək müqaviləsinə 18 sentyabr 2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə müəllimlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə apellyasiya müsahibəsinə baxış zamanı müvafiq meyarlara uyğun olaraq sertifikatlaşdırmadan keçməyi barədə onun şəxsi kabinetinə məlumat daxil olmuşdur. Buna görə də, o, 11 dekabr 2024-cü il tarixində işə qayıtmaq üçün ərizə ilə müraciət etmiş, onun müraciəti nəzərə alınaraq, mövcud vakansiya üzrə yenidən işlə təmin olunmuşdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı keçirilmiş sertifikatlaşdırma imtahanında uğursuz olacağı ehtimalını düşündüyündən (çünki ilk apellyasiya müraciəti uğursuz olmuşdur) və özünü gələcəkdə mümkün risklərdən sığortalamaq məqsədilə 18 sentyabr 2024-cü il tarixində işdən çıxmaq üçün ərizə yazmışdır. Bu hal Əmək Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq qiymətləndirilmiş və işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya 10 oktyabr 2024-cü il tarixdə bildiriş ünvanlanaraq, təkrar apellyasiya müraciətinin uğurlu olması, onun sertfikatlaşdırmadan keçmiş hesab olunması qeyd olunmuşdur. İddiaçı bundan sonra 11 dekabr 2024-cü il tarixində işə qayıtmaq üçün ərizə ilə müraciət etmiş, onun müraciəti nəzərə alınaraq, iddiaçı əvvəlki “ibtidai sinif müəllimi” vəzifəsinə bərpa olunmuşdur. Məhkəmə, iddia tələbinin iddiaçının əvvəlki 19 nəfərdən ibarət sinfinə dərs müəllimliyinə bərpa olunması tələbi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, işçinin işə bərpa olunması yalnız əmək müqaviləsi üzrə müəyyən edilən vəzifəyə aiddir, konkret sinfin və ya tədris yükünün təyin edilməsi isə işəgötürənin tədris planları çərçivəsində səlahiyyətinə daxildir. İşəgötürən tərəfindən iddiaçı ibtidai sinif müəllimi vəzifəsinə qanuni şəkildə bərpa olunmuşdur və bu, onun əmək hüquqlarının tam təmin edildiyini göstərir. Lakin tədris prosesinin təşkili və konkret siniflərin təyin edilməsi işəgötürənin idarəetmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə qeyd edir ki, iddiaçı yalnız əmək müqaviləsinə əsaslanan hüquqları tələb edə bilər, sinif seçimi isə işəgötürənin səlahiyyətinə aiddir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının konkret sinfə bərpa olunmaqla bağlı tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, eyni zamanda, iddia tələbinin məcburi iş buraxma ilə bağlı əmək haqqının ödənilməsi tələbi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iddiaçının öz ərizəsi ilə işdən çıxması məcburi iş buraxma halı yaratmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 132-ci maddəsinin 1-ci bəndinin “b” yarımbəndinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt, qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü və s. dövrlər daxil edilir. Göründüyü kimi, “məcburi iş buraxma” termini Azərbaycan Respublikasının Əmək Məcəlləsində qanunsuz və əsassız şəkildə işdən çıxarılan işçilərə aid olan xüsusi bir vəziyyəti ifadə edir. Əmək Məcəlləsinə əsasən, məcburi iş buraxma işçinin əmək müqaviləsinə qanunvericiliyə uyğun olmayan, yəni hüquqi əsaslar olmadan xitam verildiyi, qanunsuz və əsassız işdən çıxarılma hallarında tətbiq olunur. Belə hallarda, məhkəmə qərarı ilə işçi işə bərpa edildikdə, həmin dövr ərzində işləyə bilmədiyi müddət “məcburi iş buraxma” dövrü hesab edilir. Məhkəmə işçinin qanunsuz çıxarıldığını təsdiq edərsə, işçiyə həmin dövr üçün əmək haqqı və digər ödənişlər ödənilir. Təqdim olunmuş sübutlar və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuni olmuş, işəgötürən tərəfindən heç bir qanunsuz və ya əsassız hərəkətə yol verilməmişdir. Belə ki, İddiaçı 18 sentyabr 2024-cü il tarixində işdən ayrılmaq üçün yazılı ərizə ilə işəgötürənə müraciət etmiş, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçinin ərizə təqdim etməsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Bu səbəbdən, işdən çıxma prosesi qanuni olub, “məcburi iş buraxma” anlayışını əhatə etmir. İşəgötürən tərəfindən işçinin hüquqlarını pozan heç bir qanunsuz hərəkət baş verməmiş, iddiaçının işdən çıxarılma prosesi onun şəxsi ərizəsinə əsaslanmış və qanuni şəkildə həyata keçirilmişdir. İddiaçı 11 dekabr 2024-cü il tarixində yenidən işə bərpa üçün müraciət etmiş və işəgötürən tərəfindən onun əvvəlki vəzifəsinə qəbul edilməsi təmin olunmuşdur. Bu da işəgötürənin işçinin əmək hüquqlarını pozmadığını təsdiqləyir. Buna görə də, məhkəmə hesab edir ki, iddia hüquqi əsaslara malik olmamaqla rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar