Məhkəmə qərarları › İş №e-2(057)-2279/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2279/2024

13.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2279/2024 13.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamentinə qarşı “əmək haqqına əlavələrin hesablanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamentinə (bundan sonra - cəmiyyət və ya cavabdeh) qarşı “əmək haqqına əlavələrin hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əmək stajına görə əmək haqqına edilən əlavələrin ödənilmədiyi tarixdən, yəni 2023-cü ilin yanvar ayından hesablanaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, avqust 1997-ci il tarixindən Azərbaycan Dövlət Dəmir Yolunun 12 saylı X5 3 saylı Salyan məntəqəsinin 6-cı fəhlə bölməsinə 2-ci dərəcəli yol mantyoru işinə qəbul edilmişdir. Həmin vaxtdan indiyədək və eyni zamanda xx.xx.2002-ci ildən hal-hazıradək "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin 12 nömrəli Salyan Yol sahəsində yol montyoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində də o, X2 üzvü olmuş və hər ay üzvlük haqqı ödəmişdir. Lakin bu müddət ərzində X2 hər hansı güzəştindən istifadə etməmişdir. Bu səbəbdən də o, 2023-cü ilin yanvar ayından ərizə yazaraq X2 üzvü olmaqdan imtina etmişdir. X2 üzvlüyündən çıxdıqdan sonra əmək haqqı alarkən ona məlum olmuşdur ki ,əmək haqqının məbləği azalıb. Təxminən 450 manat alırdısa üstəlik deyilənə görə əmək stajının müddətinə görə də 60 manat əlavə alırdı. Bu səbəbdən də o, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Müraciəti əsasında ona aşağıdakı məzmunda belə bir cavab verilmişdir ki, ”Azərbaycan Dəmir Yolları” QSCnin rəhbərliyi tərəfindən X6 Xidmətinə təqdim edilmiş sənədlərdən onun xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol Xidmətinin 12 nömrəli Salyan Yol sahəsinin HİK sədri E.Həsənova ərizəsi ilə müraciət edərək, X2 üzvlüyündən azad edilməyi xahiş etdiyi, həmçinin təqdim olunmuş məktubdan ADY QSC və X4 arasında bağlanılan 2023-2025-ci ilər üçün X9 4.4-cü bəndində işçilərin ADY-də iş stafından asılı olaraq işçilərə hər ay aylıq tarif (vəzifə) maaşına əlavələr ödənildiyi, həmçinin Sazişin digər bəndlərində göstərilmiş güzəşt və imtiyazlar yalnız Azərbaycan Dəmir Yolçularının X2 üzvü olan ADY işçilərinə Şamil olunduğu bildirilmişdir. Eyni zamanda mürciətinə cavabda qeyd etdiyi məsələnin həlli üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə, bütün qeyd edilən normativ hüquqi aktlara əsasən və yuxarıda şərh olunan işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, işlədiyi illərə görə hər ay əmək haqqına edilən əlavələr hesablanmaqla pozulmuş hüququ bərpa edilməli və ona vurulmuş maddi zərər cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun əmək haqqısından hər ay Həmkarlar İttifaqının xeyrinə 12 manat pul çıxılırdı. O, ərizə yazaraq əmək haqqından həmin pulun çıxılmasından imtina etmiş, bundan sonra onun əmək haqqına verilən əlavələr də kəsilmişdir. O, hesab edir ki, həmin əlavələrin kəsilməsi qanunsuzdur. Buna görə də əmək haqqına əlavələrin hesablanıb ona ödənilməsini tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçının vəkili Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına təkrar gəlməmişdir. Məhkəmənin 18 noyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Vəkil sədrlik edənin təklifi ilə razılaşaraq iş üzrə cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayacağını bildirmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdehə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinə qarşı “əmək haqqına əlavələrin hesablanması tələbi”nə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. "xxxx" QSC-nin İnfrastruktur departamenti” adlı hüquqi şəxs ümumiyyətlə mövcud deyildir. Azərbaycan Respublikasında dəmir yolu sahəsində fəaliyyət göstərən hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir (VÖEN: **********). Cəmiyyətin strukturuna daxil olan qurumlardan biri də İnfrastruktur departamentidir. Bundan başqa İddiaçı əmək müqaviləsində işəgötürən olaraq "xxxx" QSC qeyd olunmuşdur. Hesab edirik ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti hüquqi şəxs olmadığı üçün, həmin idarənin hazırki iddia tələbi üzrə cavabdeh qismində çıxış etməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 54.2-ci maddəsinə görə idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iş üzrə tərəflər, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən mülki prosesdə cavabdeh fiziki və ya hüquqi şəxs olmalıdır. Lakin iddia ərizəsində cavabdeh qismində qeyd edilən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamenti adlı fiziki və ya hüquqi şəxs mövcud deyildir. Fiziki və ya hüquqi şəxs olmayan birinə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri - mümkündür. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinə qarşı “əmək haqqına əlavələrin hesablanması tələbi”nə dair iddia ərizəsi ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2002-ci ildən arayışın verildiyi tarixədək Cəmiyyətin 12 nömrəli Salyan yol sahəsində yol montyoru vəzifəsində işləyir. İş materiallarında olan DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, müraciət araşdırılarkən iddiaçıya ətraflı məlumat verməsi və izahatının alınması məqsədi ilə DOST Mərkəzlərinin birinə və ya X6 Xidmətinin X1 (ünvan 1 ünvanına (ünvan 2 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, İddiaçı araşdırmaya izahatını təqdim edərək 2023-cü ilin yanvar ayından X2 üzvü olmaqdan imtina etdiyi üçün iş stajından asılı olaraq hər ay aylıq əmək haqqına ödənilən əlavənin ödənilmədiyi bildirmişdir. Eyni zamanda müraciətinin araşdırılması məqsədi ilə "xxxx" QSC-nin rəhbərliyinin ünvanına (AZ1010, Nəsimi rayonu, Dilarə Əliyeva 230) 3-17-5/2- 12339/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahış olunmuş və müəssisə tərəfindən sənədlər tam təqdim edilməmişdir. "xxxx" QSC-nin rəhbərliyi tərəfindən X6 Xidmətinə təqdim edilmiş sənədlərdən onun xx.xx.2023-cü il tarixdə ADY QSC-nin İnfrastruktur departamentinin Yol Xidmətinin 12 nömrəli Salyan yol sahəsinin HİK sədri E.Həsənova ərizəsi ilə müraciət edərək X3 üzv olmaqdan azad edilməsini xahiş etdiyi, həmçinin təqdim olunmuş edilmiş məktubdan ADY-ı QSC və X4 arasında bağlanılan 2023-2025-ci illər üçün X8 4.4-cü bandində işçilərin ADY-də iş stajından asılı olaraq onlara hər ay aylıq tarif (vəzifə) maaşına əlavələr ödənildiyi, həmçinin Sazişin digər bəndlərində göstərilmiş güzəşt və imtiyazlar yalnız Azərbaycan Dəmir Yolçularının X2 üzvü olan ADY işçilərinə şamil olunduğu bildirilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2002-ci ildən hal-hazıradək Cəmiyyətin Yol Xidmətinin 12 nömrəli Salyan Yol sahəsində yol montyoru vəzifəsində işləyir. 2023-cü ilin yanvar ayından ərizə yazaraq X2 üzvü olmaqdan imtina etmişdir. Bundan sonra onun əmək haqqı məbləğində azalma baş vermiş, bu barədə DƏMX-nə müraciət etmiş, orada onun müraciətinə baxılaraq bildirilmişdr ki, o, "xxxx" QSC-yə ərizə ilə müraciət edərək, X2 üzvlüyündən azad edilməyini xahiş etdiyi üçün əlavələrdən məhrum olmuşdur. Belə ki, ADY QSC ilə X4 arasında bağlanılan 2023-2025-ci illər üçün X9 4.4-cü bəndində işçilərin ADY-də iş stajından asılı olaraq işçilərə hər ay aylıq tarif (vəzifə) maaşına əlavələr ödənilir, həmçinin Sazişin digər bəndlərində göstərilmiş güzəşt və imtiyazlar yalnız Azərbaycan Dəmir Yolçularının X2 üzvü olan ADY işçilərinə şamil olunur. İddiaçı işlədiyi illərə görə hər ay əmək haqqına edilən əlavələr hesanlanmaqla pozulmuş hüququ bərpa edilməli və ona vurulmuş maddi zərər cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamentindən alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş, cavabdehin nümayəndəsi məhkəməyə vəsatət göndərərək iddianın buna cavab verməli olan cavabdehə qarşı qaldırılmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi mübahisə iddiaçının "xxxx" QSC-də işlədiyi 2023-cü il yanvar ayından sonra əmək stajına görə əmək haqqına edilən əlavələrin hesablanaraq ödənilməsi ilə bağlıdır. Bu halda həmin tələbin yönəldiyi əsl cavabdehin Azərbaycan Dəmir Yolları” QSC olduğu aydındır. Çünki iddiaçının həmin filialda işlədiyi dövrdə əmək haqqı və digər ödənişlərlə bağlı yaranan istənilən mübahisəsinə görə cavabdeh məhz "xxxx" QSC hesab olunur. Hər bir halda iş üzrə cavabdeh kimi göstərilmiş "xxxx" QSC-nin İnfrastruktur Departamenti nə indiki dövrdə, nə də əvvəlki dövrdə işəgötürən olmayıb, əmək mübahisələrinə görə cavabdeh deyil. İş üzrə cavabdehin əsl cavabdehlə ("xxxx" QSC) əvəz edilməsi iddiaçıya və onun vəkilinə təklif edilmiş, iddiaçının vəkili məhkəmənin təklifi ilə razıaşmış, elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edəcəyini bildirdiyi üçün məhkəmə hazırlıq iclası iki dəfə başqa vaxta təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı israrla tələb etdiyi pulun məhz ”ADY” QSC-nin İnfrastruktur Departamentindən tutulmasını və işin məhkəmə baxışına təyin edilməklə yekun məhkəmə aktın qəbul edilməsini xahiş etmişdir. MPM-in 54.1-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. MPM-in 54.2-ci maddəsinə əsasən İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Beləliklə, işə irəli sürülmüş tələblər üzrə baxan məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaya cavab verməli olan cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti deyil, "xxxx" QSC-dir. Odur ki, iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Məhkəmə hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) edilməsi mümkün deyil. Belə ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-in 50-ci maddəsi). Məhkəmə, həmçinin, iddiaçıya izah edir ki, o, hazırki iddiasına cavab verməli olan əsl cavabdehə ("xxxx" QSC) qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti hazırkı iddiaya cavab verməli olan şəxs olmadığından iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamentinə qarşı əmək haqqına əlavələrin hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar