Məhkəmə qərarları › İş №e-2(057)-2952/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2952/2025

06.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2952/2025 06.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6878,19 ( altı min səkkiz yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,78 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 28 avqust 2024-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6878,19 (altı min səkkiz yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 6878,19 ( altı min səkkiz yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Aşağıdaki sənədlərə əsaslanırlar: 1) xx.xx.2024-cü il tarixli, 483 saylı təhvil-təslim aktı. 2) xx.xx.2024-cü il tarixli vurulmuş zərərin təsdiqlənməsi barədə Akt. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinəəsasən, “İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqındaişəgötürənlə yazılı müqavilə bağlandıqda”. Mülki Məcəllənin Məcəllənin 445.2.-ci maddəsinə əsasən, “Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur”. Ərizəyə əlavə olunmuş Xəbərdarlıqdan da göründüyü kimi qeyd edilən maddəyə əsasən Cavabdehin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Mən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aramızda yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişəm. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aramızda yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator“mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-cü il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh 28 avqust 2024-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cavabdehin fəaliyyəti audit tərəfindən yoxlanılarkən müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6878,19 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur.Cavabdehdən dəfələrlə ziyanın ödənilməsi tələb olunsa da, ziyanı ödəməmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı və xx.xx.2024-cü il tarixli vurulmuş zərərin təsdiqlənməsi barədə Akt məhkəməyə sübut növü kimi təqdim olunur. Bundan başqa cavabdehin izahatı alınmış, izahatında Cəmiyyəttə həmin məbləğdə ziyan vurmasını etiraf etmişdir. Odur ki, iddianın təmin edilməsini xaiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, heç bir məbləğ mənimsəməmişdir. O, Cəmiyyətin satış üzrə nümayəndəsi işləmiş, işə qəbul olunarkən 4 nəfər işçidən ərazini təhvil almış, köhnə borclar da onun üzərində qalmışdır, onun satışla məşğul olduğu ərazi böyük, yüklü , problemli olmuşdur. Qarşılaşdığı çətinlikləri Cəmiyyətə bildirsə də, ona köməklik olunmamışdır. Satışla bağlı əskiklər- düknaların borcları onun ayağına vurulmuş, borc üzərində qalmışdır. Ona bildirmişlər ki, yeni işçi ərazini 0 borcla təhvil almalıdır. Buna görə də ziyan ondan tələb olunmuşdur. Cəmiyyətin dükanlara hansı dəyərdə mal verməsi, dükanlara hansı məbləğlərə satılması barədə heç bir rəsmi sənəd olmamış, alqı-satqı qeyri-rəsmi olmuşdur. Həmçinin o, yeni işçi olmuş, dükanlara auditsiz getmiş, buna görə də onu aldatmışlar. O, Cəmiyyət rəhbərliyinə onu işdə saxlamalarını əskik məbləğlərin isə aylıq maaşından çıxılmasını təklif etmiş, lakin onunla razılaşmamışlar. Ona bildirmişlər ki, onu işdə saxlaya bilməzlər, izahat yazsın, əks halda onu ziyan vurma ilə bağlı işdən azad edəcəklər. O, da izahat yazmışdır, öz ərizəsi ilə işdən çıxmışdır. O, Şirkətdən heç bir orqana şikayət etməmişdir. Odur ki, nəzərə alımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh İddiaçı MMC-yə olan 6878,19 manat borcunun ödənilməsi, əks halda hüquq müdafiə vasitələrindən istifadə olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 483 nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh təhkim edilmiş müştərilər üzrə qalıq borcları yoxlanılmış, yoxlama zamanı ayrı-ayrı vaxtlarda 5033,34 manat, 328,04 manat, 1516,81 manat, cəmi 6878,19 manat əskik aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tələb üzrə mediasiya prosesi keçirilmiş, cavabdeh İMS-d iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “vurulmuş zərərin təsdiqlənməsi barədə” aktdan görünür ki, Cavabdeh tərəfindən Cəmiyyətin 6878,19 AZN pulu mənimsənilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli izahatından görünür ki, ərazidə aparılan təhvil-təslim zamanı aşkar olunmuş 6878,19 AZN əskik fərqin yaranmasına səbəb yeni işə qəbul olunduğu zaman “key account” a təhkim olunmuşdur. Ərazisi uzaq olduğundan yanacaq sərfiyyatı çox olmuş, kartı 15 gün gec gəlmiş, əlavə olaraq sərfiyyat düzgün hesablanmadığı üçün öz cibindən dəfələrlə hər ay benzin vurmuş, maşın xərcləri, mühərrik sıradan çıxmış, yeni təkər almış, yüngül qəza törətmiş və s. Məbləğin şəxsi hesabına vurulmasına etiraz etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdeh öz ərizəsi ilə işdən azad edilmişdir. Audit tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh təhkim edilmiş müştərilər üzrə qalıq borcları yoxlanılmış, yoxlama zamanı cəmi 6878,19 manat əskik aşkar edilmişdir. Cavabdeh İddiaçı MMC-yə 6878,19 manat maddi ziyan vurmuş, bu Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında özü tərəfindən də təsdiq edilmişdir. İddiaçı tərəfindən ziyanın ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq olunsa da, həmin ziyan ödənilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh rəsmi müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyindən, İddiaçı MMC-yə 6878,19 ( altı min səkkiz yüz yetmiş səkkiz manat on doqquz qəpik) məbləğində borclu olduğundan iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 6878,19 ( altı min səkkiz yüz yetmiş səkkiz manat on doqquz qəpik) məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6878,19 ( altı min səkkiz yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,78 manat pul məbləği alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6878,19 ( altı min səkkiz yüz yetmiş səkkiz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,78 manat pul məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar