Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-339/2024 26.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı əvvəlki tutduğu vəzifədən azad edilməsi barədə verilmiş xx.xx.2019-cu il tarixli, 134 nömrəli “vəzifənin yerdəyişmə edilməsi barədə” və xx.xx.2023-cü il tarixli, 158 nömrəli “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmə” barədə əmrlərin ləğv edilməsi, əvvəlki iş yerinin dəyişdirilməsi nəticəsində xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqında olan əskik hesablanmış məbləğ, xx.xx.2023-cü il tarixdən məcburi buraxdığı iş günlərinə görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Salyan rayon Gigiyena və Epidimalogiya Mərkəzinə dezenfektor vəzifəsinə qəbul olunmuş və bu vəzifədə 2019-cu ilə kimi işləmişdir. 2019-cu ildə sosial məzuniyyətə (analıq məzuniyyətinə) çıxmış və 2022-ci ilin noyabr ayında işinə qayıdandan sonra onun xəbəri və razılığı olmadan vəzifəsinin həmin idarədə sanitar vəzifəsinə dəyişdirilməsini eşitmişdir. O, bu qanunsuzluq barədə bildikdən sonra dərhal idarə rəhbərliyinə müraciət edərək səbəbini soruşduqda, hazırki rəhbərlik bildirmişdir ki, bu dəyişiklik ondan əvvəlki rəhbərliyin vaxtında olduğundan bu işdən məlumatı yoxdur. İdarə rəhbərliyi ona bildirdi ki, 2023-cü ilin iyun ayına kimi gözləsin, işçilərdən təqaüdə gedən olanda onu öz işinə qaytaracaqlar. Bu səbəbdən də, o, aidiyyəti orqanlara (yəni işinin dəyişdirilməsi ilə bağlı rayon məhkəməsində iddia qaldırmamışdır) müraciət etməmişdir. 2023-cü ilin iyun ayına kimi o, əvvəlki işində qalmaqla işinə davam etmişdir. Lakin 2023-cü ilin sentyabr ayında ona şifahi olaraq bildirmişdilər ki, onun əvvəlki işinə qayıtmağı mümkün deyildir. Bundan sonra o, ona qarşı edilmiş haqsızlıq və qanunsuzluqla bağlı X9 xidmətinə müraciət etmişdir. 15 noyabr 2023-cü ildə ona rəsmi cavab verilmişdir ki, onun qanunsuz olaraq vəzifəsinin dəyişdirilməsi ilə bağlı Gigiyena və Epidimalogiya Mərkəzinə sorğu göndərilmişdir. Bundan sonra idarə rəhbərliyi onu məcbur ediblər ki, sanitar işləməlidir, əgər işləməsə ƏM-nin 70-ci maddəsi ilə işdən çıxarılacaqdır. Lakin hazırki vaxta kimi onun hüquqları bərpa olmadığından məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Azəbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmuş başqa peşə , ixtisas və vəzifə üzrə əmək funksiyasını yerinə yetirmək həvalə etmək , başqa işə keçirilmə sayılır və buna yalnız razılığı ilə , həmçinin əmək müqaviləsində və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Faktiki olaraq isə onun vəzifəsinin dəyişdirilməsi ilə bağlı onun razılığı alınmamış və bu barədə onunla əmək müqaviləsi bağlanmamışdır. Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən bu 1 ay müddətinə həyata keçirilə bilər. Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Artıq ona məlumdur ki, Gigiyena və Epidimalogiya Mərkəzi ona qarşı qanunsuzluq etməklə hüquqlarını kobud şəkildə pozmuşdur. AR Əmək Məcəlləsinin 57.3. maddəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. AR ƏƏSMN yanında DƏMX Şirvan-Salyan regional şöbəsi şikayətini araşdırmış və cavabdehə xx.xx.2023-cü il tarixli 3-17-5/2- 42490/2023saylı dezinfektor vəzifəsinə geri qaytarılmağı barədə göstəriş verilmişdir. Amma, buna baxmayaraq, göstəriş yerinə yetirilməmiş və bunun əksinə olaraq hazırki keçirildiyi vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmağı barədə cavabdeh 158 saylı xx.xx.2023-cü il tarixli əsassız əmr vermişdir. Bu səbəbdən də, o, məhkəmədə iddia qaldırmalı olmuşdur. İlkin olaraq xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə müraciət etmiş və mediasiyadan keçmədiyi üçün iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə ona İMS iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi işburaxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimimüəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd olulanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57, 59-cu və MPM-nin 35,149,150-ci maddələrinin tələblərinə uyğun olaraq Salyan rayonu Gigiyena və Epidemalogiya Mərkəzi tərəfindən qanunsuz olaraq onun əvvəllər tutduğu vəzifəsindən azad edilməyi barədə verilmiş xx.xx.2019-cu il tarixli 134 nömrəli “vəzifənin yerdəyişmə edilməsi barədə” və 158 saylı xx.xx.2023-cü il tarixli “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmə” barədə əmrlərin ləğv edilməsi və qanunsuz olaraq əvvəlki iş yerimin dəyişdirilməsi nəticəsində xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqında olan əskik hesblanmış məbləğ, xx.xx.2023-cü il tarixdən məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı əvvəlki tutduğu vəzifədən azad edilməsi barədə verilmiş xx.xx.2019-cu il tarixli, 134 nömrəli “vəzifənin yerdəyişmə edilməsi barədə” və xx.xx.2023-cü il tarixli, 158 nömrəli “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmə” barədə əmrlərin ləğv edilməsi, əvvəlki iş yerinin dəyişdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqında olan əskik hesablanmış məbləğ və xx.xx.2023-cü il tarixdən məcburi buraxdığı iş günlərinə görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, 27 oktyabr 2023-cü ildə Salyan rayon GEM-nin direktor əvəzi təyin olunmuşdur. Vəzifəni icra edən şəxs kimi işə gələndən sonra işçilərlə tanış olmuş və məlum olmuşdur ki, idarədə işləyən altı nəfər xadimə işlərini icra etməkdən imtina edirlər. Özü işçiləri çağıraraq niyə işlərini icra etmədiklərini soruşmuş, onlar isə Səkinə adlı xanım işçinin olduğunu, 2019-cu ildən hazırkı müddət ərzində işə gəlmədiyini və ayda 1-2 dəfə gələrək tabelə imza edib əmək haqqısını aldığını bildirmişlər. Səkinə xanımı çağıraraq niyə işləmədiyini soruşmuş, o isə əvvəllər dezinfektor işlədiyini, sonradan razılığı olmadan sanitar qadın vəzifəsinə keçirildiyini, buna görə də, xadimə kimi işləməyəcəyini bildirmişdir. 30 gün müddətində işləməmiş və barəsində hər gün akt tərtib edilmişdir. İki dəfə iclas keçirmiş və həmkarlar təşkilatını dəvət etmiş, onlar isə rəsmi məktub ünvanlayaraq Səkinə xanımın işdən çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Səkinə xanım xadimə maaşını 5 ildir alır və işə gəlmədiyi üçün iş rejimini pozduğuna görə xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu işdən çıxarmışdır. Barəsində əmək müfəttişliyində tərtib olunmuş protokoldan məlumatı olmamışdır. Əmək Müfəttişliyinə çağırılmış və baş mühasibi ora göndərmişdir. Sonuncuya Səkinənin işi ilə bağlı çağırıldıqlarını, onların Səkinəni işə bərpa etmək əvəzinə işdən azad etdiklərini bildirmişlər. Qərarla bağlı onu Əmək müfəttişliyinə çağırmışlar. Orada X9 Xidməti X2 nümayəndəsi X8 ilə görüşmüşdür. Zahid ona səlahiyyəti olmadan işçini işdən çıxartdığını bildirmişdir. Əmri təqdim edərək imza məsələsinin texniki səhv olduğunu demiş, Əmək Müfəttişliyi isə onu cərimə edəcəklərini bildirmişdir. Həmçinin, Cavabdeh nümayəndəsi Nümayəndə2 “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi barədə iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2010-cu il tarixli, 44 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı həmin tarixdən Cavabdehndə 0,25 oklad parazitoloji bölməyə dezinfektor vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, 125 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı həmin tarixdən müvəqqəti olaraq parazitologiya üzrə dezinfektor Səlimova Gülarənin iş yerindən verilmiş 0,25 oklad dezinfektor vəzifəsindən azad edilmiş və həmin tarixdən onun okladı 0,5 oklad dezinfektor vəzifəsi kimi hesablanmışdır. xx.xx.2019-cu il tarixli, 134 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı həmin tarixdən 0,5 oklad sanitariya gigiyena laboratoriyasına sanitar qadın vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 155 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı həmin tarixdən xx.xx.2020-ci il tarixə kimi analıq məzuniyyətinə çıxmış, işə xx.xx.2020-ci il tarixdən başlamalıdır. xx.xx.2020-ci il tarixli, 30 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı həmin tarixdən xx.xx.2022-ci il tarixə kimi/uşağın 3 yaşına qədər/qismən ödənişli sosial məzuniyyət verilmiş, işə xx.xx.2022-ci il tarixdən başlamalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 45756/2023 №-li məktubun surətindən görünür ki, onun xx.xx.2022-ci il tarixdən hazırki dövrə qədər dezinfektor vəzifəsindən razılığı olmadan sanitar qadın vəzifəsinə keçirildiyi üçün vəzifələr arasındakı əmək haqqı fərqinin hesablanıb ödənilməsinin təmin olunması barədə Cavabdehnə 14 noyabr 2023-cü il tarixli, 3-17-5/2-45321/2023 nömrəli göstəriş verilmişdir. xx.xx.2023-cü il tarixli, 158 №-li əmrdən çıxarışın surətindən görünür ki, Həmkarlar Komitəsinin 7 saylı, xx.xx.2023-cü il və 8 saylı, xx.xx.2023-cü il tarixli protokolu və İddiaçı izahatı əsasında İddiaçı ilə bağlanmış 100 nömrəli Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını yerinə yetirmədiyinə görə həmin tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 53840/2023 №-li məktubdan görünür ki, qanun pozuntularına yol verdiyinə görə Salyan GEM-in direktoru vəzifəsini icra edən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmış və işəgötürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6 və 116-cı maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilərək 1500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Göstərilən qanun pozuntusunun aradan qaldırılması üçün işəgötürənə 30 gün vaxt müəyyən olunmuş, bu müddətdə inzibati xətanın aradan qaldırıldığı təqdirdə inzibati cərimənin (1500 manat) ödənilməsindən azad olunacağı ona izah olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 54557/2023 №-li məktubdan görünür ki, qanun pozuntularına yol verdiyinə görə Salyan GEM-in direktoru vəzifəsini icra edən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Cavabdehndə parazitoloji bölməyə dezinfektor vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə isə sanitariya gigiyena laboratoriyasına sanitar qadın vəzifəsinə keçirilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-17/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 Salyan GEM-in direktor əvəzi Nümayəndə2 barəsində qəbul etdiyi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu MŞS/MT-028/2023/0660A saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, iddiaçı X4 ilə cavabdeh X5 xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya prosesində iştirak etmiş, onlar nikah münasibətlərini bərpa edə bilməmiş və ailə münasibətlərini davam etdirə bilməmişdirlər. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu ildə Cavabdehndə parazitoloji bölməyə dezinfektor vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə isə sanitariya gigiyena laboratoriyasına sanitar qadın vəzifəsinə keçirilmişdir. O, 2022-ci ilin noyabr ayında işinə qayıdandan sonra onun xəbəri və razılığı olmadan vəzifəsinin həmin idarədə sanitar vəzifəsinə dəyişdirilməsini eşitmişdir. O, bununla bağlı müfəttişliyə birinci dəfə xx.xx.2023-cü ildə müraciət edərək bildirmişdir ki, onu razılığı olmadan dezinfektor vəzifəsindən sanitar qadın vəzifəsinə keçiriblər. Həmin vaxt Səkinə 3 yaşlı uşağa qulluq etdiyi üçün sosial məzuniyyətdə olmuşdur. Müəyyən olunmuşdur ki, GEM-nin keçmiş direktoru İ.Abuşov tərəfindən sənədləşmə aparılmışdır. İ.Abuşov olmadığına görə yeni rəhbərliyə (Nümayəndə2) şəxsin əvvəlki vəzifəsinə bərpa olunması barədə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 539.1-1 maddəsinə əsasən göstəriş verilmiş və yenidən işə götürülməsinə bir ay vaxt verilmişdir. Bu vaxt ərzində işəgötürən göstərişi icra etmək əvəzinə, əksinə, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işçi ilə olan müqaviləyə xitam verilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə, ilk növbədə, iddia tələbinin Salyan rayonu Gigiyena və Epidemalogiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 134 nömrəli “vəzifənin yerdəyişmə edilməsi barədə” əmrin ləğv edilməsi və qanunsuz olaraq əvvəlki iş yerinin dəyişdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqında olan əskik hesblanmış məbləğin cavabdehdən tutulması hissəsinə münasibətdə onu qeyd edir ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, S.Zayıdova sanitar qadın vəzifəsinə razılığı olmadan keçirilsə də, artıq 4 il müddət həmin vəzifədə işləmiş, sonuncu qeyd olunan halla razılaşmış və bu halı 2022-ci ilin noyabr ayından (sanitar qadın vəzifəsinə keçirildiyini bildiyi vaxtdan) bu vaxta kimi mübahisələndirməmişdir. 2023-cü ilin oktyabr ayında idarəyə yeni təyin olunmuş direktor Nümayəndə2 ondan işə çıxmasını tələb etdikdən sonra S.Zayıdova şikayət etməyə başlamışdır. Ona qədər isə sonuncunun heç bir narazılığı olmamışdır. Ona görə də, məhkəmə Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsaslanaraq və Cavabdeh nümayəndəsi Nümayəndə2 “iddia müddətinin tətbiq edilməsi” barədə təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin Salyan rayonu Gigiyena və Epidemalogiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 158 nömrəli “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmə barədə” əmrin ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə onu qeyd edir ki, iddia tələbi üzrə bu hissədə iddia müddəti ötürülməmiş və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Əmək münasibətləri üzrə tərəflərdən biri qismində işəgötürən çıxış edir və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ƏM-nin 70-ci maddəsində nəzərdə tutulur. ƏM-nin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. ƏM-nin 71-ci maddəsinin 3-cü hissəsi işəgötürənin üzərinə vəzifə qoyur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən hansı əsasla ləğv etdiyini, hansı əmək vəzifələrinin pozulduğunu konkret göstərməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71, bənd 2, 3). İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “a”, “e”, “ə”). ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84cü maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84, hissə 1, 2). Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, İddiaçı 2022-ci ilin noyabr ayında işinə qayıdandan sonra onun xəbəri və razılığı olmadan vəzifəsinin həmin idarədə sanitar qadın vəzifəsinə dəyişdirilməsini eşitmişdir. O, bununla bağlı müfəttişliyə birinci dəfə xx.xx.2023-cü ildə müraciət edərək bildirmişdir ki, onu razılığı olmadan dezinfektor vəzifəsindən sanitar qadın vəzifəsinə keçiriblər. Həmin vaxt Səkinə 3 yaşlı uşağa qulluq etdiyi üçün sosial məzuniyyətdə olmuşdur. Müəyyən olunmuşdur ki, GEM-nin keçmiş direktoru İ.Abuşov tərəfindən sənədləşmə aparılmışdır. İ.Abuşov olmadığına görə yeni rəhbərliyə (Nümayəndə2) şəxsin əvvəlki vəzifəsinə bərpa olunması barədə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 539.1-1 maddəsinə əsasən göstəriş verilmiş və yenidən işə götürülməsinə bir ay vaxt verilmişdir. Bu vaxt ərzində işəgötürən göstərişi icra etmək əvəzinə, əksinə, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işçi ilə olan müqaviləyə xitam verilmişdir. İşəgötürənə müraciət olunmuş və GEMdən sənədləri tələb etmişlər. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, işçi ilə əmək müqaviləsinə xitam verilərkən əvvəlki göstəriş nəzərə alınmamış və işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmr səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Nümayəndə2 yeni direktor əvəzi vəzifələrini icra edən şəxs olmuş, lakin əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron sistemə işdən iki ay əvvəl çıxmış keçmiş direktor S.Ağalarovun imzası ilə daxil edilmiş və nəticədə Əmək Məcəlləsinin 49cu maddəsinin tələbləri pozulmuşdur. Nümayəndə2 dövlət vergi orqanlarına getməli, asan imza kodu almalı və sonra səlahiyyətlərə başlamalı idi. GEM-dən əmək haqları da, Ağalarovun imzası ilə vurulmuşdur. Şikayətçi 2019-cu ildə parazitologiya üzrə dezinfektor vəzifəsindən sanitar qadın vəzifəsinə keçirilmişdir. 4 il əvvəl hüququ kobud şəkildə pozulmuş şəxsin hüququ pozulmaqda davam etmiş və ona görə işəgötürənə sonuncunun əvvəlki işinə bərpa olunması barədə göstəriş verilmişdir. Lakin işçi, nəinki, əvvəlki işinə bərpa edilmiş, hətta, onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən xitam verilmişdir. Baxmayaraq ki, işçi əvvəlki işinə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür, lakin onun qanunla qorunan hüquqları işəgötürən tərəfindən kobud və davamlı şəkildə pozulmuşdur. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Salyan rayonu Gigiyena və Epidemalogiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 158 nömrəli “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmə barədə” əmr ləğv edilməli və xx.xx.2023-cü il tarixdən məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, həmçinin, hesab edir ki, 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30 noyabr 2023-cü il tarixli, 158 №-li “əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilməsi barədə” əmri ləğv edilsin. İddiaçı 30 noyabr 2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-339/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-339/2024
26.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver