Məhkəmə qərarları › İş №e-2(057)-502/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-502/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-502/2025 07.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçınin (bundan sonra - İddiaçı və ya iddiaçı) nümayəndəsi vəkil Nümayəndə Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 manat məbləğində pul və 41 manat məbləğində dövlət rüsumunun tutulub ona İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona 3600 manat məbləğində pul borcludur. xx.xx.2023-cü ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən X2 və Cavabdeh arasında 2100 (iki min bir yüz) manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 12 ( on iki ) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə 1000 (bir min) və 500 (beş yüz) manat əlavə olaraq almışdır. Cavabdeh ümumi götürdüyü 3600 (üç min altı yüz) manat pul borcundan ödəniş olunmamışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəfindən xx.xx.2023-ci ilə bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 3600 (üç min altı yüz) manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etmək tələb edəcəyini bildirmişdir. Lakin yenə də pulu ödəməmişdir. O, hüquqi yardım üçün vəkillə müqavilə bağlamış və ona pul ödəmişəm və maddi ziyana düşmüşdür. Bu pul da cavabdehdən tutulmalıdır. 41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalı və ona ödənilməlidir. Odur ki, Cavabdeh 3600 manat məbləğində pul və 41 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-502/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi vəkil Nümayəndə “iddianın həcminin azaldılması” barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia tələbi 3600 manat göstərilmişdir. Müqavilədə borc 2100 manat təşkil edir. Ödənilmiş 41 manat rüsum da 2100 manata münasibətdədir. Buna görə də iddianın həcminin aşağıdakı kimi azaldılmasını məhkəmədən xahiş edir: “Cavabdeh 2100 manat məbləğində pul və 41 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılsın”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinin tələbinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. MPM-in 185.4-cü maddəsinin tələbinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, Bakı şəhərində yaşayır. Bir neçə ildir ki, tanışları ilə birlikdə lotereya oyunu təşkil edir. 2020-ci ildə bir neçə şəxslə birlikdə növbəti lotereya oynu təşkil edir və pulu özü yığır. Cavabdeh ondan xahiş etmişdir ki, lotereyada yığılan pulu ilk olaraq o, götürsün. Ona görə yığılan 3600 manat pulu Cavabdehə vermişdir. Cavabdeh 7-8 ay hər ay 100 manat məbləğində pul ödəniş etsə də, sonradan pul ödənişlərini dayandırmışdır. Məcburiyyət qarşısında qalıb Cavabdehin əvəzində 2100 manat pul ödəmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında məhkəmə aparatının işçisi tərəfindən cavabdehin adına olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, o bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində xadiməçi işləyir. Pulun bir hissəsini qaytarmışdır. Pulun aylığa bölünməsini istəyir. Özü 1000 manat, Ramilə adlı rəfiqəsi isə onun adından 500 manat məbləğində pul İddiaçıdan faizə götürümüşdür. 800 manat borcundan ödəmişdir. Məhkəmə iclası 26 fevral 2025-ci il tarixə, günün ikinci yarısına təyin ediləcəyi təqdirdə məhkəmə iclasında iştirak edərək sübutları məhkəməyə təqdim edəcəkdir. Pulu faizlə 2 nəfər arasında götürmüşdür. Bir neçə dəfə məhkəmə iclası təxirə salınsa da Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı tərəfindən ona 2100 manat məbləğində pul ödənildiyini qəbul etdiyindən İddiaçı həmin faktı sübut etmək vəzifəsindən azad olmuşdur. Belə ki, MPM-in 106.3-cü maddəsinin tələblərinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iltizamdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Cavabdeh İddiaçı 12 ay müddətinə ayda 100 manat ödəmək şərtilə 2100 manat pul götürmüşdür. İş materiallarında olan iltizamdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcunu qaytarması tələb olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan 2100 manat məbləğində lotereya pulu almış, həmin pulu 12 ay müddətinə hər ay 100 manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüş, 8 ay lotereya pulu ödəsə də, sonradan ödəniş etməmiş, hazırkı vaxta qədər 1300 manat borcunu qaytarmamışdır. İddiaçı da məhkəmə iclasında cavabdehin ona 7-8 ay lotereya pulunu ödədiyini etiraf etmişdir. İddiaçı dəfələrlə cavabdehdən qalıq pulunu qaytarmasını tələb etsə də o, pulu qaytarmamışdır. İddiaçı pulunu tələb edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 33 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddianı qismən qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb qismən təmin olunmalı, Cavabdeh 1300 (bir min üç yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 33 (otuz üç) manat pul alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 33 (otuz üç) pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar