Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1005/2025 25.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin onun istifadəsində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən basdırılmış beton dayaqların və əkilmiş ağacların cavabdehin hesabına çıxarılması, həmçinin cavabdeh tərəfindən çəkilmiş dəmir tor hasarın cavabdehin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən onun istifadəsində olan, Samux rayonu Zazalı kəndində yerləşən 1.441 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, cavabdeh tərəfindən həmin torpaq sahəsinə basdırılmış beton dayaqların və ağacların cavabdehin hesabına çıxarılmasına, həmçinin cavabdeh tərəfindən çəkilmiş dəmir tor hasarının cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Samux rayonu Zazalı Bələdiyyəsi ilə onun arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2068-ci il tarixinədək kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Samux rayonu Zazalı kəndi ərazisində 1.441 ha torpaq sahəsi icarəyə götürmüşdür. Bundan sonra xx.xx.2023cü il tarixdə bu barədə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Cavabdeh həmin torpaq sahəsinə qanunsuz daxil olmuş, orada ağac əkmiş, beton dayaqlar basdırmış, ərazini dəmir torla hasara almışdır. Nəticədə cavabdeh icarə müqaviləsi əsasında torpaq sahəsindən onun istifadəsini məhdudlaşdırmışdır. Cavabdehdən dəfələrlə ona məxsus torpaq sahəsindən çıxmasını tələb etsə də müsbət nəticəsi olmamışdır. Ona görə də, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qanuni icarəsində olan Samux rayonu Zazalı kəndində yerləşən, 1.441 ha torpaq sahəsindən cavabdeh çıxarılmalı, onun tərəfindən həmin torpaq sahəsinə basdırılmış beton dayaqlar və ağaclar çıxarılmalı, dəmir tor hasar sökülməli, onun torpaq sahəsindən istifadəmə etdiyi qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Cavabdehin həmin hərəkətləri onun hüquqlarını pozur, bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, məhkəmənin müvafiq qərardadına əsasən verilmiş ekspert rəyi ilə razıdır. Tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Samux rayonu Zazalı kəndində yerləşən, ümumi sahəsi 1.441 ha olan torpaq sahəsi Samux rayonu Zazalı Bələdiyyəsi tərəfindən xx.xx.2068-ci il tarixinədək İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********53 nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Zazalı kəndində yerləşən 1.441 ha torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ ilə Samux rayonu Zazalı bələdiyyəsinə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Zazalı kəndində yerləşən 1.441 ha torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarasi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, Samux rayonu Zazalı kəndində yerləşən bələdiyyə mülkiyyətində olan və icarə müqaviləsinə əsasən, İddiaçı məxsus xx.xx.2023-cü **********53 reyestr nömrəli 1.441 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə baxış keçirilmiş. Sözügedən torpaq sahəsi metal tor hasarla sərhədləri hasarlanmışdır. Ərazidə olan zaman Cavabdeh iştirak etməsədə bağda gözətçi işləyən X1 əraziyə baxış keçirilməsinə şərait yaratmış və bağın X2 aid olduğunu bildirmişdir. Sözügedən xx.xx.2023-cü il tarixli **********53 reyestr nömrəli, icarə müqaviləsinə əsasən, İddiaçı məxsus 1.441 ha kənd təsərrüfat təyinatlı torpa sahəsinin sərhədləri metal tor hasarla hasarlanmışdır. Cavabdeh tərəfindən həmin torpa sahəsində beton dayaqlar inşa edilib və ağaclar əkilib. Ərazidə kifayət qədər sıx ağaclar beton dayaqlar olduğu üçün, sayılması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Samux rayonu Zazalı kəndində yerləşən, ümumi sahəsi 1.441 ha olan torpaq sahəsi Samux rayonu Zazalı Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş, onlar arasında icarə müqaviləsi bağlanmış və iddiaçının sözügedən torpaq sahəsinə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, rəsmi müqavilə əsasında onun sahibliyində və istifadəsində olan həmin torpaq sahəsi cavabdeh tərəfindən heç bir əsas olmadan istifadə olunur. Ona görə də cavabdehin onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsində cavabdeh tərəfindən basdırılmış beton dayaqların və əkilmiş ağacların cavabdehin hesabına çıxarılması, həmçinin dəmir tor hasarın cavabdehin hesabına sökülməsini tələb edir. Məhkəmənin müvafiq qərardadına əsasən verilmiş mütəxəssis rəyi ilə iddiaçının qanuni sahibliyində və istifadəsində olan, Samux rayonu Zazalı kəndində yerləşən, ümumi sahəsi 1.441 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi, cavabdehin həmin torpaq sahəsində beton dayaqlar inşa etdiyi, ağaclar əkdiyi, həmçinin dəmir tor hasar çəkdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onun qanuni sahiblik və istifadə hüququnun müdafiəsi mahiyyətini daşıyır, hansı ki, bu hüquq iddiaçı tərəfindən qanunvericilkdə müəyyən edilmiş qaydada əldə olunmuş bir hüquqdur. İddiaçıya mənsub olan, iddia tələbində sözügedən torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilə halının olması məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, mübahisə predmeti olan, Samux rayonu Zazalı kəndində yerləşən 1.441 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququ ilə İddiaçı qanuni sahibliyində və istifadəsində olduğu halda Cavabdeh heç bir qanuni əsas olmadan həmin torpaq sahəsindən istifadə etməsi, torpaq sahəsinin sərhədlərini metal tor hasarla hasarlaması, beton dayaqlar inşa etməsi və ağaclar əkməsi iddiaçının sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına gətirib çıxarır. Ona görə də məhkəmə, iddia tələbini əsaslı sayır və təmin edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı istifadəsində olan, Samux rayonu Zazalı kəndində yerləşən 1.441 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən basdırılmış beton dayaqlar, əkilmiş ağaclar cavabdehin vəsaiti hesabına çıxarılsın, cavabdeh tərəfindən həmin torpaq sahəsində çəkilmiş dəmir tor hasar cavabdehin vəsaiti hesabına sökülsün, cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-1005/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1005/2025
25.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver