Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-256/2025 26.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkil Nümayəndə1, Cavabdehin nümayəndəsi-vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Samux rayon Qədili kənd ümumi orta məktəbin direktoru X1 qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Samux rayon Qədili kənd ümumi orta məktəbin direktoru X1 qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayon Qədili kənd ümumi orta məktəbin xx.xx.2024-cü il tarixli 105 nömrəli əmrinin ləğv edilməsi və həmin məktəbdə tutduğu vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayon Qədili kənd ümumi orta məktəbin direktoru Röyal Əlizadə xx.xx.2024-cü il tarixdə axşam saat 21:00 radələrində onu iş otağına çağıraraq, onun savadsızlığından istifadə edərək, özü onun adından işdən çıxma ərizəsi yazmış və ona bildirmişdir ki, “2-ci qrup əlilsən, məktəbdə komissiya var, bu ərizəni imzala, formal ərizədir, səni işdən çıxartmıram, get yenidən tibb komissiyasından keç, 3-cü qrup əlil kimi təsdiqlən, qayıt gəl işinə davam et”. Həmçinin ona bildirmişdir ki, “sənin 2-ci qrup əlil olduğun halda o zaman məktəbin direktoru olan atan səni işə götürüb, onun barəsində cinayət işi qaldırarlar”. O, atasının barəsində cinayət işinin qaldırılmasından qorxaraq və komissiya rəy verərsə işinə davam edəcəyi vədinə görə ona verilən vədə etiraz etməmiş, ərizəyə imza etmiş, əlillik qrupunun yenidən müəyyən olunması üçün tibbi komissiyaya müraciət etmişdir. Komissiya tərəfindən yoxlanıldıqdan sonra xx.xx.2024-cü il tarixdə onun 3-cü qrup əlil olmağı təsdiq edilmişdir. O, yenidən direktora müraciət etsə də, ona bir müddət gözləməli olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə ona işdən çıxma barədə əmrini və əmək kitabçasını rəsmi qaydada təqdim edərək, onu işə bərpa edə bilməcəyini qeyd etmişdir. Bundan sonra, o, xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin aparılması üçün ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə mediasiya arayışı ona təqdim edildikdən sonra o, məhkəməyə müraciət etmişdir. O, xx.xx.2007-ci il tarixdə Samux rayon Qədili kənd ümumi orta məktəbinə gündüz gözətçisi təyin olunmuş, işlədiyi bütün müddət ərzində işinə vicdanla yanaşaraq, vəzifə öhdəliklərini lazımi şəkildə icra etmişdir. Cavabdeh onu işdən azad edərkən qanunsuz və əsassız əmr vermişdir. Göstərilən xüsusatları nəzərə alaraq işdən azad olunma barədə əmr ləğv edilərək, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi - vəkil Nümayəndə1 iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi - vəkil Nümayəndə2 bildirdi ki, cavabdeh xx.xx.2024-cü il tarixdə işdən azad olunma məzmununda ərizə yazmış və əmək kitabçasını xx.xx.2024-cü il tarixdə götürmüşdür. Məhkəmədən iddia müddətinin tətbiq olunmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı tərəfindən Samux rayon Qədili kənd ümumi orta məktəbin direktoru X1 ünvanlanmış ərizədən görünür ki, İddiaçı səhhəti ilə bağlı işləməkdə çətinlik çəkdiyi üçün xx.xx.2024-cü il tarixdən onun məktəbin gündüz gözətçisi vəzifəsindən azad edilməsini xahiş etmişdir. İşdə olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu Qədili kənd ümumi orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 105 nömrəli işdən azad edilmə və müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışdan görünür ki, İddiaçı-məktəbin gündüz gözətçisi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən məktəbin gündüz gözətçisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-29-31/2-77/2025 nömrəli arayışdan görünür ki, Samux rayon Qədili kənd ümumi orta məktəbin gözətçisi olmuş İddiaçı xx.xx.2024-cü il tarixinə kimi olan iş günü üçün 102.57 manat, sonuncu haqq hesab üçün isə 35.49 manat vəsait hesablanaraq, sentyabr ayı əmək haqqı cədvəlinə salınmış və əmək müqaviləsində qeyd edilən tarixədək əmək haqqı kart hesabına köçürülərək ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 105 nömrəli əmrlə xitam verilmişdir. İşdə olan Samux rayon Qədili kənd ümumi orta məktəbi üzrə işdən çıxmış işçilərin əmək kitabçalarını təhvil almaları barədə qeydiyyat kitabından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 105 nömrəli əmrlə işdən çıxarılmış və həmin tarixdə şəxsən imza etməklə əmək kitabçasını təhvil almışdır. İşdə olan mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, İddiaçı tərəfindən “ərizənin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə” dair xx.xx.2024-cü il tarixdə Samux rayon Qədili kənd ümumi orta məktəbinin direktoru Röyal Əlizadəyə təklif göndərilmişdir. İşdə olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/338 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə “İmza: İddiaçı” yazısı qarşısındakı imza və Samux rayon Qədili kənd ümumi orta məktəbi üzrə işdən çıxmış işçilərin əmək kitabçalarını təhvil almaları barədə qeydiyyat kitabının 1-ci vərəqəsində “7”-ci sırada “İddiaçı” yazıları qarşısında “İşdən çıxmış işçinin əmək kitabçasını təhvil alması barədə imzası” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq edilməklə, müəyyən edilmiş hallarından görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon Qədili kənd ümumi orta məktəbinin xx.xx.2024-cü il tarixli 105 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən məktəbin gündüz gözətçisi vəzifəsindən azad edilmiş, onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesabın ödənilməsi barədə göstəriş verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsası iddiaçının ərizəsi olmuşdur. Lakin İddiaçı Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon Qədili kənd ümumi orta məktəbinin xx.xx.2024-cü il tarixli 105 nömrəli əmrini xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə Samux rayon Qədili kənd ümumi orta məktəbinə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası başa çatmış və xx.xx.2024-cü il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 3 aydan sonra həmin hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Mülki işə məhkəmədə baxılarkən cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəlləsinin 296-cı maddəsinin 7-ci bəndinə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1 və 35.2-ci maddələrinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekbar 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6cı bəndinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbindən göründüyü kimi həmin maddənin tətbiq olunması üçün iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hallarla bağlı olmalıdır. Lakin İddiaçı cavabdeh Samux rayon Qədili kənd ümumi orta məktəbin direktoru X1 qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə ötürülmüş müddətin bərpası haqqında ərizə verməmiş, həmçinin iddia müddətini buraxması barədə məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. İddiaçı bildirmişdir ki, ərizədə və qeydiyyat kitabında çəkilmiş imza onun tərəfindən icra olunmamış və o, əmək kitabçasını noyabr ayında təhvil almışdır, həmin hal isə iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hala, yəni Azərbaycan Respublikası 296-cı maddəsinin 6-cı bəndinin tələbinə, habelə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun deyildir. Həmçinin, məhkəmə mübahisənin düzgün həll edilməsi baxımından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/338 nömrəli ekspert rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə “İmza: İddiaçı” yazısı qarşısındakı imza və Samux rayon Qədili kənd ümumi orta məktəbi üzrə işdən çıxmış işçilərin əmək kitabçalarını təhvil almaları barədə qeydiyyat kitabının 1-ci vərəqəsində “7”-ci sırada “İddiaçı” yazıları qarşısında “İşdən çıxmış işçinin əmək kitabçasını təhvil alması barədə imzası” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ona görə də məhkəmə ekspertin gəldiyi nəticə ilə razılaşır və onu sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və hazırki iddia tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Samux rayon Qədili kənd ümumi orta məktəbin direktoru X1 qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 125 (yüz iyirmi beş) manat İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Samux rayon Qədili kənd ümumi orta məktəbin direktoru X1 qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 125 (yüz iyirmi beş) manat İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-256/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-256/2025
26.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver