Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-879/2024 09.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi - vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Samux rayonu, Sərkar kəndində yerləşən cavabdehlərin sahiblik və istifadəsində olan fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X2 ilə xx.xx.1992-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və Nəsib Ələkbərovun yaşadığı Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Onun həyat yoldaşı Nəsib Ələkbərov xx.xx.1997-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat edərkən bir o qədər qocalmamışdır. Cavabdehlər ona heç nə edə bilməmişlər. Hazırda ömrünün son çağlarında qapılarda qalmışdır. Cavabdehlər gəlin köçdüyü yerdən onu qanunsuz olaraq çıxarmışlar. Cavabdehlərin sahiblik və istifadəsində olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Həmin torpaq sahəsinə onun reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 2/6 hissədə pay hüququ vardır, ona görə cavabdehlər fərdi yaşayış evinə sənəd ala bilməmişlər. Belə ki, sənəd alınarsa, həmin evin 2/6 hissəsi onun mülkiyyətinə keçəcəkdir. Ona görə də o, cavabdehlərə qarşı məhkəmədə evə köçürülmə tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı mübahisəli evə 1992-ci ildə gəlin köçmüşdür və iddiaçı mübahisəli evin inşa edildiyi torpaq sahəsində 2/6 hissədə paya malikdir. İddiaçının həyat yoldaşı ölənədək iddiaçı yoldaşı ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı mübahisəli evdə uzun müddət yaşamış, lakin cavabdehlər son vaxtlarda iddiaçını evə buraxmamışlar, bu səbəbdən də iddiaçı hazırda Samux rayonu, Sərkar kəndində qohumunun (qardaşı oğlunun) evində yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0.29 ha torpaq sahəsinin 2/6 hissəsi İddiaçı, 1/6 hissəsi X3, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi X4, 1/6 hissəsi Cavabdeh3 adlarına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixdə Samux rayon Sərkar kənd İcra Hakimiyyəti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı nikahları xx.xx.1992-ci il tarixdə 15 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.1997-ci il tarixdə Samux rayon Sərkar kənd İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1997-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux rayon İcra Hakimiyyəti Başçısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Samux rayonu, Sərkar kənd sakini İddiaçı mərhum X5 ilə 1992-ci ilə kimi bir mülkdə yaşamışdır. xx.xx.1997-ci il tarixdə X5 vəfat etmiş, mərhumun vəfatından sonra İddiaçı 2017-ci il tarixədək həmin mülkdə yaşamış və həmin qeyd olunan ildən mərhum atası X6 mülkünə köçüb hal-hazıradək atasının mülkündə yaşayır. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə yaşayış evində yaşamaq və istifadə etməklə bağlı yaranmış mübahisədir. Mübahisə aşağıda sadalanacaq maddi hüquq normaları əsasında təhlil edilməlidir. Birinci növbədə məhkəmə tərəfindən iddia tələbinə hüquqi qiymət verilməsi zəruri hesab edilir. İddia tələbi üzrə iddiaçı mülkiyyətçi statusundan çıxış edərək evə köçürülərək, yaşamağa nail olmaq istəyir. Əsas kimi göstərir ki, 1992-ci il tarixdə əri ilə nikaha girərək, Samux rayonu, Sərkar kəndində yerləşən mübahisəli evə köşmüşdür. Lakin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş materiallarından göründüyü kimi mübahisəli evin qanuni tikili olması barədə məlumat əldə edilməsi mümkün olmamışdır. İddiaçının nümayəndəsinin bildirdiyinə görə həmin ev özbaşına tikilidir. Özbaşına tikiliyə köçürülmə və ondan istifadə ilə bağlı münasibətləri tənzimləyən hüquq norması olmadığı üçün məhkəmə analoji olaraq hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin normalarının tətbiq edilməsi qənaətinə gəlir. Məhkəmə işə baxarkən ilk növbədə iddiaçı tərəfin mübahisəli yaşayış sahəsinə köçürülməsinə dair məsələnin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, iddiaçının subyektiv hüququ olub-olmaması, həmçinin cavabdehlərin mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Bu baxımdan iddia tələbinin əsaslı olmasını müəyyən etmək üçün iddiaçının mübahisəli evə hüquqlarının araşdırılması zəruridir. Bu aspektdən işin halları araşdırılan zaman müəyyən edilir ki, cavabdehlərlə iddiaçı arasında qohumluq münasibətləri mövcuddur. Eyni zamanda iddiaçı tərəfin mübahisəli mənzildən istifadə hüququ qanuni əsaslara söykənir. Məhkəmə göstərir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə qanuni gözləntisi vardır. Çünki onun adına yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinə 2/6 hissədə payı müəyyən edilmişdir. Bu amil onun mülkiyyətçi statusunun olmasında və hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmasına dəlalət edir. İş materiallarına əlavə edilmiş sənədlərdən, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin izahatından məlum olur ki, tərəflər arasında hüquq münasibətləri 1992-ci ildə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki, mübahisəli hüquq münasibətinə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş (1982-ci il redaksiyalı) Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə tədqiqi zamanı iddiaçının nümayəndəsinin izahatından və iş materiallarındakı sənədlərdən müəyyən olundu ki, iddiaçı mərhum əri ilə 1992-ci il tarixdə rəsmi qaydada ailə quraraq Samux rayonu, Sərkar kəndində yerləşən evə köçmüş, həmin mənzildə cavabdehlər və onunla birlikdə yaşayan digər şəxslərlə birlikdə 2017-ci il tarixədək birgə təsərrüfat idarə etmişdir. Məhkəmə zamanı həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mübahisəli yaşayış sahəsi hal-hazırki vaxtadək sənədləşdirilməmiş və özbaşına tikinti hesab olunur. Belə olan halda məhkəmə tərəflər arasındakı münasibətlərlə bağlı müəyyən olunmuş işin faktiki hallarına qiymət verməklə qeyd edir ki, iddiaçı qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında Samux rayonu, Sərkar kəndində yerləşən evə köçürülərək yaşamaq hüququna malik şəxslər kimi qəbul edilməlidir. Mənzil Məcəllənin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan yaşayış sahəsinin cavabdehlər qanunsuz sahibliyində qalmaqda davam etməsi iddiaçının həmin yaşayış sahəsinə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədiyi faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş iddia tələbini əsaslandıran halları sübut etməli, onları dəstəkləyən və iddia tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. İddiaçı tərəfindən də iddia tələbini dəstəkləyən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Samux şəhəri, Sərkar kəndində yerləşən torpaq sahəsində 2/6 hissədə İddiaçı, 1/6 hissədə X3, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə X1 və 1/6 hissədə Cavabdeh3 payları müəyyən edilmişdir. Bu barədə onlara xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. İddaçı 2017-ci ildən mübahisəli yaşayış sahəsindən istifadə edə bilmir. Məhkəmə hesab edir ki, İddiaçı Samux şəhəri, Sərkar kəndində 2/6 hissədə İddiaçı, 1/6 hissədə X8, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə X7 və 1/6 hissədə Cavabdeh3 məxsus torpaq sahəsində inşa edilmiş yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Samux şəhəri, Sərkar kəndində 2/6 hissədə İddiaçı, 1/6 hissədə X8, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə X7 və 1/6 hissədə Cavabdeh3 məxsus torpaq sahəsində inşa edilmiş yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-879/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-879/2024
09.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver