Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-422/2025 23.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 27-ci mənzilin mülkiyyətçisidir və həmin evdə qeydiyyatda olan Cavabdeh isə onun qardaşıdır. Hazırda iddiaçı qardaşının ona məxsus mənzildə formal qeydiyyatda olmasının onun xüsusi mülkiyyətçi kimi mənzildən istifadə hüquqlarını pozduğunu bildirir və cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etmir, iddiaya dair hər hansı münasibət bildirmir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 27-ci mənzilinə cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri, M.Zəkiyev küç,ev 27,mənzil 27 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı əsasında mülkiyyətinə verilmişdir. Cavabdeh onun qardaşıdır. Hal-hazırda cavabdehin onun mənzili ilə heç bir əlaqəsi yoxdur, ona aid heç bir əşya da yoxdur. Azərbaycan Respublikası Siyəzən Rayonu İcra Hakimiyyətinin Mənzil İstismar sahəsinin xx.xx.2017-ci il tarixli arayışından da görünür ki, hələ də qeydiyyatdadır. Onun qeydiyyatda qalması iddiaçı kimi onun mənzil hüquqlarının pozulması deməkdir. Onu da qeyd edir ki, cavabdehin özünə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində evi vardır. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçının nümayəndəsi-vəkili isə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi:
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə ölmüş X5 məxsus Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 27 saylı mənzilə hər birinə 1/3 hissə olmaqla Cavabdeh, X2 və İddiaçı vərəsəlik hüquqları müəyyən edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2017-ci il tarixli miras əmlakın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh və X1 şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 27 saylı mənzilinə dair miras paylarını digər vərəsə İddiaçı bağışlamışlar. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 89,7 kv.m ümumi sahədən ibarət 27 saylı mənzili xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin 17 iyun 2025-ci il tarixli 34 saylı arayışından görünür ki, Cavabdeh 1970-ci ildən Siyəzən şəhəri, M.Zəkiyev küçəsi, 27 saylı evin 27 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq 1990-cı ildən Sumqayıt şəhərinə köçmüş və orada yaşamağa başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan müəyyən olunur ki, Siyəzən şəhəri, M.Zəkiyev küçəsi, 27 saylı evin 27 saylı mənzilində xx.xx.1970-ci il təvəllüdlü X4, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh və xx.xx.2009-cu il təvəllüdlü X3 qeydiyyatdadır. İşdə olan Siyəzən RPŞ-nin 18 sentyabr 2024-cü il tarixli, 3-13-106/2-H- 105xx/xx/2024 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq ona Cavabdeh Siyəzən şəhəri, M.Zəkiyev küçəsi, 27 saylı evin 27 saylı mənzilindən qeydiyyatdan çıxarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan “Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarış”dan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Fətəli xan Xoyski küçəsində yerləşən giriş 48, M2,m1 saylı mənzil vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ 1970-ci ildə yarandığı üçün hazırda ona 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, mübahisəli mənzil iddiaçı və cavabdehin atası X5 məxsus olmuş, o, xx.xx.2009-cu il tarixdə vəfat etdikdən sonra mənzil mərhumun vərəsələri Cavabdeh, X2 və İddiaçı aralarında bölüşdürülmüş, daha sonra vərəsələr Cavabdeh və X4 öz miras paylarını İddiaçı bağışlamışlar. Bundan sonra İddiaçı həmin mənzilə dair xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh 1990-cı ildən hazırda iddiaçıya məxsus Siyəzən şəhəri, M.Zəkiyev küçəsi, 27 saylı evin 27 saylı mənzilindən getmiş, özünə xüsusi mülkiyyətində olmaqla başqa yaşayış yeri seçmiş və faktiki olaraq mübahisəli mənzilə olan mənzil ehtiyacları aradan qalxmışdır. Həmçinin mübahisəli mənzillə bağlı miras payını iddiaçıya bağışlamaqla faktiki olaraq istifadə hüquqlarından da imtina etmişdir. Qeyd olunan bu hal mənzil qanunvericiliyinə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə) əsasən onun mübahisə predmeti olan mənzilə olan istifadə hüququnun itirilməsinə əsas verir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi cavabdehin mənzildən istifadə hüququnun qalması formal xarakter daşımaqla iddiaçının hüquqlarını məhdudlaşdırır və sonuncunun mənzilə dair xüsusi mülkiyyət hüquqlarının həyata keçirməsinə mane olur. Həmçinin, cavabdeh yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifələri də yerinə yetirmir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehnın İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 27 mənzilinə istifadə hüquqlarına xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin M.Zəkiyev küçəsindəki 27 saylı evin 27 mənzilinə istifadə hüquqlarına xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günel Quluzadə