Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-467/2024 21.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilməsi və bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə Siyəzən şəhərində, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı "iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilməsi və bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilərək, bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi üzrə "xxxx" ASC-nin qablaşdırma sexində fəhlə işləyir və hazırda da əmək münasibətləri davam etməkdədir. 25 may 2023-cü il tarixdə iş vaxtı, yəni saat 17.00 radələrində, iş yerində bədbəxt hadisə nəticəsində xəsarət almış, habelə bu zaman huşunu bir qədər itirmiş və iş yoldaşlarının köməkliyi ilə saat 17:26-da dərhal “X6-Diaqnostika Mərkəzi” PHŞ-yə çatdırılmışdır. Bu Mərkəzin travmatologiya şöbəsində ona təxirəsalınmaz ilkin yardım göstərilmiş və müvəqqəti olaraq əmək qabiliyyətsizliyinə dair xəstəlik vərəqəsi açılmışdır. Həmçinin, sözügedən Mərkəz tərəfindən bədbəxt hadisə nəticəsində istehsalatda aldığı xəsarəti təsdiq edən “sol mil sümüyünün tipik yerdə yerini dəyişən qapalı sınığı”na dair əsas diaqnoz və "ağırlaşma- orta sinirin neyropatalogiyası"na dair əlavə diaqnoz qoyulmuşdur. Lakin, ötən dövrdən hazırkı vaxtadək işəgötürən "xxxx" ASC işçi olaraq onun iş yerində və iş saatı hesab edilən vaxt ərzində xəsarət almasını inkar edir. İstehsalatda baş vermiş bədbəxt hadisədən sonra cavabdeh müəssisənin hərəkətləri nəticəsində işçi olaraq hüquqları kobud surətdə pozulmuş və bu günədək də pozulmaqda davam edir. Belə ki, cavabdeh müəssisə tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında" 27 saylı Qərarının 1.7-ci maddəsi kobud surətdə pozulmuş, bu hadisə müvafiq dövlət orqanlarından gizlədilməklə, X4 və X2 məlumat verilməmişdir. Bədbəxt hadisənin əmək funksiyalarını yerinə yetirərkən iş yerində baş verməsinə və dərhal xəstəxanaya çatdırılmasına baxmayaraq, cavabdeh yuxarıda göstərilən normativ hüquqi aktların tələblərini pozaraq bədbəxt hadisəni gizlətməyə çalışır, aldığı xəsarəti “müəssisənin inzibati binasında baş vermədiyini" israrla qeyd etməkdə davam edir. Halbuki, əmək qanunvericiliyinin bu tələblərinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələri ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X4 məlumat verməyə borcludur. Yalnız işçi olaraq onun aidiyyəti dövlət və sair orqanlara müraciətindən sonra X3 Quba-Xaçmaz Regional şöbəsi 7 aydan sonra araşdırma aparmış, lakin təhqiqatın aparılmasından imtina edərək, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlə işçiləri icbari sosial sığorta etməlidir. Bu maddəyə əsasən həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidir. Cavabdeh müəssisə bir ildən artıq müddətdə iddiaçı olaraq onun hüquqlarını pozur və pozmaqda davam edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, işəgötürənlər işçilərə qarşı əmək qanunvericiliyinə daxil olan normativ hüquqi aktları pozduqlarına və ya məhdudlaşdırdıqlarına görə məsuliyyət daşıyırlar. Bu hüquqların pozulmasına görə işəgötürənlər Əmək Məcəlləsinin 311-ci maddəsinə görə intizam, 312-ci maddəsinə görə inzibati və 313-cü maddəsinə görə cinayət məsuliyyəti daşıyırlar. Həmçinin, iddia tələbi ilə bağlı mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirakdan imtina etdiyindən bu barədə 23 aprel 2024-cü il tarixli arayış verilmişdir. Hesab edir ki, cavabdeh müəssisənin iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi tanınmasından imtinasının heç bir hüquqi əsası olmadığına görə bu hal məhkəmə qaydasında müəyyən edilməli və istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 25 may 2023-cü il tarixdə "xxxx" ASC-nin işçisi İddiaçı bütün iş günü hazırda da əmək münasibətlərinin davam etdiyi müəssisədə olmuşdur. Sözügedən tarixdə iddiaçı yaşadığı Su Kəməri qəsəbəsindən Siyəzən rayonundan bir qədər kənarda yerləşən ASC-yə bu müəssisəyə məxsus avtobusla gətirilmişdir. Həmin gün təxminən saat 17 radələrində soyunub-geyinmə otağına gedərkən dəhlizdə iddiaçının ayağı sürüşmüş, bütün bədənin ağırlığı üzərinə düşdüyü üçün sol qolu sınmışdır. ASC-də iddiaçının Ceyhun və Mehman adlı iş yoldaşları təmsil etdiyi şəxsin qolunu şalla bağlayaraq, Reyhanə və Paşa adlı digər əməkdaşlarla birlikdə avtomobilə əyləşdirmiş və “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə gətirmişlər. Xəstəxananın arayışına əsasən, iddiaçı xəsarəti iş yerində, yəni "xxxx" ASC-də almışdır. Cavabdeh ASC-də iş vaxtının saat 17:00da bitməsi nəzərə alındıqda, iddiaçının həmin saatda soyunub-geyinmə otağına gedərkən yıxılması, qoluna sarğı qoyulması və iş yoldaşlarının köməkliyi ilə saat 17:26-da xəstəxanaya çatdırılması mümkün ola bilməzdi. Çünki zaman baxımından 20-26 dəqiqə ərzində bütün bu hərəkətlərin icra edilməsi mümkün ola bilməzdir. Həmçinin, hazırda da iddiaçının qolunun şişi çəkilməmişdir. Bundan başqa, işəgötürən müəssisə tərəfindən baş vermiş hadisə barəsində aidiyyəti orqanlara məlumat verilməli olsa da, yalnız iddiaçının çoxsaylı müraciətlərindən sonra Əmək Müfəttişliyi araşdırma aparmışdır. Həmin hadisələrin araşdırılması zamanı, habelə Əmək Müfəttişliyi təhqiqat apararkən ASC-nin işçisi Şahid1 dəvət olunmasında israrlı olmuşlar. Belə ki, Reyhanə araşdırma zamanı iddiaçının iş vaxtı xəsarət almasını qeyd etmişdir. Bundan başqa, müəssisədə iş vaxtının dəqiq uçotu aparılmalı, nəzarət kamera vasitəsilə həyata keçirilməldir. Habelə, əmək qanunvericiliyinə əsasən işçinin uçotu haqqında məlumatlar işəgötürən müəssisədə 5 il ərzində saxlanılmalıdır. Lakin, cavabdeh tərəf iş üzrə zəruri olan sadalanan sübutları məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçı iş yerində istehsalat zədəsi almamışdırsa, onda cavabdeh ASC tərəfindən iddiaçıya hansı səbəbdən hazırda da maddi yardım ödənilir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkilinin izahatında qeyd edilən xüsusatları təsdiq edib əlavə olaraq izahatında göstərdi ki, sağalacağını fikirləşdiyi üçün bir müddət istehsalatda aldığı xəsarətlə bağlı aidiyyəti qurumlara, o cümlədən məhkəməyə müraciət etməmişdir. Belə ki, 1 il 4 ay ərzində xəstəlik vərəqəsinə əsasən pul ödənişləri almışdır. Hətta, DSMF-yə müraciətinə cavab olaraq hazırda da işçisi olduğu ASC-dən ona xəstəliyə görə maddi yardım edilməsi bildirilmişdir. O, hazırda da pensiya almır, həmçinin əri vəfat etdiyinə görə, maddi vəziyyəti çox çətindir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2, iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı aidiyyəti qurumlara müvafiq müraciətləri əsasında araşdırma aparılmış, habelə həmin araşdırmalar zamanı verilmiş ifadələrdə həmin şəxsin istehsalatda əmək funksiyalarının icrası ilə bağlı xəsarət alması faktı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında" 27 saylı qərarında işçinin iş yerində aldığı xəsarətin istehsalatla bağlı olması xüsusi ilə qeyd edilmişdir. Həmçinin, müəssisə tərəfindən baş vermiş hadisənin gizlədilməsinə cəhd olunmamışdır. Habelə, X7 Xidməti Quba-Xaçmaz regional şöbəsinin aidiyyəti əməkdaşı tərəfindən aparılmış araşdırma zamanı şahidlərinin ifadələri alınmış və həmin ifadələrlə də "xxxx" ASC-nin texniki və əmək təhlükəsizliyi ilə əlaqədar istehsalat pozuntusuna yol verməsi müəyyən edilməmişdir. "xxxx" ASC istehsalat müəssisəsi olduğu üçün görülən işlərin həcmindən asılı olaraq müəssisədə iş vaxtı saat 17:00-dan bir qədər əvvəl və ya sonra da yekunlaşa bilər. Bundan əlavə, ASC-də tabel materialları və iş vaxtının uçotu barədə istehsalat sahəsinin rəhbərləri tərəfindən qeydiyyat aparılır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidməti Quba-Xaçmaz regional şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin şöbə nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, İddiaçı onun işlədiyi “X8 Sistemlərinin İstismarı İdarəsi”nin sədri Cavid Allahverdiyevin anasıdır. X5 25 may 2023-cü il tarixdə, təxminən saat 17-18 radələrində ona zəng edərək, Şabranda olduğu üçün iş yerində xəsarət almış anası Xanımın “Siyəzən Rayon Mərkəzi Xəstəxanası”na aparılmasını qeyd etməklə, anasını xəstəxanada qarşılamasını xahiş etmişdir. O, da öz növbəsində iş yerinin yaxınlığında yerləşən Siyəzən Rayon Mərkəzi X1 Tibbi Yardım şöbəsinə çatıb, orada 2-3 dəqiqə gözlədikdən sonra, əvvəllər heç görmədiyi İddiaçı iş yoldaşlarının köməkliyi ilə ağ rəngli avtomobildən düşürülməsini görmüşdür. Habelə bu zaman iddiaçının qolunun sarğılı olmasının şahidi olmuşdur. Bundan 10-15 dəqiqə sonra, iddiaçının Məmməd adlı qardaşı xəstəxanaya gəldiyinə görə o, xəstəxananı tərk etmişdir. İşdə olan "xxxx" ASC-nin quş qablaşdırma sexinin fəhləsi İddiaçı 25 may 2023-cü il tarixdə, saat 17:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. Təhqiqat zamanı İddiaçı 25 may 2023-cü il tarixdə aldığı xəsarətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” na uyğun olaraq istehsalatla əlaqəliliyi müəyyən edilmədiyindən onunla baş vermiş hadisə İZ formalı aktla rəsmiləşdirilmir və uçota alınmır. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin vəkil sorğusuna verilmiş 02 aprel 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 25 may 2023-cü il tarixdə, saat 17:26 radələrində Siyəzən RMX PHŞ-nin TTTY bölməsinə müraciət etmişdir. Xəstə rentgenoloji müayinə olunmuş və “Sol mil sümüyünün tipik yerdə yerini dəyişən qapaq sınığı” diaqnozu müəyyən olunmuşdur. Xəstənin deməsinə görə iş yerində yıxılaraq xəsarət almışdır. Xəstəyə gips sarğısı qoyulmuş və evə buraxılmışdır. İşdə olan İddiaçı xəsarət alması barədə məlumata əsasən Siyəzən RPŞ-də toplanmış HK-2/1065 saylı materialların surətindən görünür ki, aparılmış araşdırma zamanı İddiaçı 25 may 2023-cü il tarixdə iş saatı bitdikdən sonra iş yerinin paltar dəyişmək üçün olan otağında geyimini dəyişərkən ayağı kafelə sürüşmüş və o, “sol mil sümüyünün tipik yerdə yerini dəyişən qapalı sınığı” xəsarəti almışdır. Ağrısı olduğundan həmin gün 25 may 2023-cü il tarixdə Siyəzən RMDM-yə müraciət edərək həkimlər tərəfindən müvafiq tibbi yadım alıb evə buraxılmışdır. Hazırda, özünü yaxşı hiss edir və öz ehtiyatsızlığından aldığı xəsarəti ilə əlaqədar heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Siyəzən rayon prokurorluğundan X7 Xidməti Quba-Xaçmaz regional şöbəsinə ünvanlanmış 22 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, rayon prokurorluğuna İddiaçı "xxxx" ASC-də xəsarət alması ilə əlaqədar məlumat daxil olmamış və həmin fakt üzrə araşdırma aparılmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Çünki, iddiaçı məhz iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almasını və bu xəsarətin istehsalatla bağlı olmasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin İ hissəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin Məcəllənin 217-ci maddəsinin İİ hissəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı Qərarının 1.2-bəndinə əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Həmin qərarın 1.5-ci bəndinin İİ abzasına əsasən, işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X7 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər. Sözügedən qərarın 1.6-cı bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin qərarın 1.7-ci bəndinin İİ abzasında göstərilmişdir ki, tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X7 Xidmətinə məlumat verməlidirlər. İşin faktiki halları və təqdim olunmuş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin quş qablaşdırma sexinin fəhləsi olan və hazırda da cavabdeh ASC ilə aralarında əmək münasibətləri davam edən İddiaçı 25 may 2023-cü il tarixdə aldığı bədən xəsarəti ilə əlaqədar, həmin gün saat 17:26-da “X6-Diaqnostika Mərkəzi” PHŞ-nə çatdırılmışdır. Bu Mərkəzin travmatologiya şöbəsində iddiaçıya təxirəsalınmaz ilkin yardım göstərilmiş və sonuncunun müvəqqəti olaraq əmək qabiliyyətsizliyinə dair 26 may 2023-cü il tarixdə xəstəlik vərəqəsi açılmışdır. Bununla belə, istehsalatda baş vermiş bədbəxt hadisədən zərər çəkdiyini bildirən İddiaçı, yaxud hadisənin şahidləri tərəfindən hadisə barədə dərhal işəgötürənə, eləcə də tibb müəssisəsi tərəfindən X7 Xidmətinə dərhal məlumat verilməsi təmin edilməmiş, prokurorluq orqanlarında şəxsin bədən xəsarəti ilə bağlı hal-hazıradək ümumiyyətlə hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən yaradılmış Komissiya tərəfindən 13 may 2024-cü il tarixdən 21 may 2024-cü il tarixədək aparılmış təhqiqatın nəticəsinə dair tərtib edilmiş təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilmədiyindən, habelə, təhqiqat zamanı İddiaçı 25 may 2023-cü il tarixdə aldığı xəsarətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” na uyğun olaraq istehsalatla əlaqəliliyi müəyyən edilmədiyindən baş vermiş hadisənin İZ formalı aktla rəsmiləşdirilməklə, uçota alınmasından imtina edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.5-ci bəndinin İİ abzasına əsasən, təhqiqat komissiyasının aktı ilə razılaşmayan iddiaçı inzibati orqan sayılan X7 Xidmətinin müvafiq qurumunun qəbul etdiyi aktdan həmin xidmətin rəhbərliyinə və ya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməklə, həmin komissiyanın hazırda qüvvədə olan aktını mübahisələndirməli olduğu halda, bunu etməmiş, hazırkı iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilməsi və bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-ci maddəsinin tələbinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddianın rədd edilməsi, eləcə də iddiaçının bu kateqoriya işlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilməsi rüsumla əlaqədar məsələdə nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məhkəmə xərci iddia rədd edildiyinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “iş yerində bədbəxt hadisə nəticəsində alınmış xəsarətin istehsalatda baş vermiş hadisə kimi müəyyən edilməsi və bununla bağlı istehsalat zədəsi aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-467/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-467/2024
21.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver