Məhkəmə qərarları › İş №e-2(059)-538/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-538/2023

30.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-538/2023 30.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, eləcə də digər nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 31 A ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri, Şəhriyar küçəsindəki 31A ünvanında 0,03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Belə ki, fərdi yaşayış evinə dair Nümayəndə ilə aralarında 12 oktyabr 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqısatqı müqaviləsi bağlanarkən, nəinki hazırda iş üzrə cavabdehlər, heç evin satıcısı Nümayəndə də həmin ünvanda, yəni evdə pasport qeydiyyatında olmamışlar. Bu fakt o dövrdə evin satıcısı tərəfindən Siyəzən RİHB-nın Siyəzən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilən və notariat orqanında təqdim edilmiş arayışın, qeydiyyatda olanlar barəsində məlumat hissəsində “bu ünvanda qeydiyyatda heç kim yoxdur” qeydi ilə təsdiq edilir. Formal və əsassız qeydiyyatda olanlar heç bir zaman bu ünvanda yaşamamışlar. Başqa sözlə, satılan fərdi yaşayış evinə dair mülkiyyət sənədi 2015-ci ildə əldə edildiyindən və əsassız qeydiyyata düşənlərdən xx xxx 1982-ci il təvəllüdlü Cavabdeh1 2002-ci ildə gəlin köçüb Siyəzən şəhəri, Nizami küçəsi 24 nömrəli evdə yaşamış, daha sonra 2010-cu ildə Türkiyə Respublikasına köçərək orada yaşayır. xx xxxxxxx 1976-cı il təvəllüdlü Tahirova (Güləliyeva) Xalidə Eldar qızı isə kiçik yaşlarından Siyəzən şəhəri, C.Cabbarlı küçəsində yaşayan Şahnabat adlı ana nənəsinin himayəsində və yanında yaşamış və hazırda Xaçmaz rayonuna gəlin köçərək 2021-ci ildən orada yaşayır. Onu da qeyd edir ki, iddiaçının onlarla əlaqə və ünsiyyəti, razılığı və xəbəri olmadan Şəhriyar küçəsi 31 A ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına düşmüşlər və formal qeydiyyatda olduqları ünvandan qeydiyyatda çıxmaları barədə dəfələrlə onlara müraciətlər etsə də, əvvəllər müxtəlif bəhanələr gətirərək qeydiyyatdan çıxmaqdan qəsdən boyun qaçırmışlar. Hazırda isə onların dəqiq yaşayış yerləri iddiaçıya məlum olmadığından onlarla əlaqə saxlaya bilmir. Beləliklə, şərh edilənlərlə bir daha məlum olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair alıq-satqı müqaviləsi bağlanarkən Siyəzən rayon Polis Şöbəsi tərəfindən verilən “Yaşayış yeri və qeydiyyat haqqında” 31 may 2023-cü il tarixli, ******* nömrəli arayışda adları qeyd edilənlər - xx xxx 1982-ci il təvəllüdlü Cavabdeh1 və xx xxxxxxx 1976-cı il təvəllüdlü Tahirova (Güləliyeva) Xalidə Eldar qızı satılan evdə qeydiyyatda olmamış, hazırda da həmin evdə yaşamırlar. Lakin, onların həmin evdə formal qeydiyyatda qalmaları mülkiyyətçinin mülkiyyət hüququna əsassız müdaxilə hesab edilir. Mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 1975-ci ildə Sevda Şirinova adlı qadınla rəsmi nikaha daxil olmaqla evlənmişlər. Bu nikahdan Elşən, Xəyalə, Xalidə və Aytən adlı dörd uşağı olmuş, xasiyyətləri uyğun gəlmədiyindən 1986-1987-ci illərdə nikahları rəsmi qaydada pozulmuş, habelə birgə nikah dövründə ailəsi ilə birgə Siyəzən şəhəri, Babək küçəsindəki 61 nömrəli evdə yaşamışlar. Qızlarından Xəyalə 2002-ci ildə Siyəzən şəhərinə gəlin köçmüş, 2010-cu ildə isə Türkiyə Respublikasına getmişdir. Qızı Xalidə ana nənəsi Şahnabatın himayəsində böyümüş, habelə 2021-ci ilədək sonuncuya məxsus evdə yaşamış, bundan sonra evlənərək Xaçmaz şəhərinə gəlin köçmüş və hazırda orada yaşayır. Birinci arvadı ilə nikahları pozulandan sonra 2008-ci ilədək Siyəzən şəhəri, Şəhriyar küçəsindəki 31 nömrəli evdə anası Zərxanımla birgə yaşamış, 09 dekabr 2008-ci il tarixdə isə X1 ilə evlənmiş, bu nikahdan da 22 dekabr 2009-cu il tarixdə Şahzadə adlı övladı doğulmuşdur. Siyəzən şəhəri, Şəhriyar küçəsindəki 31 A ünvanındakı sözügedən evin üzərində yerləşdiyi 3 sot torpaq sahəsini 1999-cu ildə Siyəzən bələdiyyəsindən köhnə pulla 100 manata satın almış, 2008-ci ilin payız fəslində evin inşasına başlamış, 2011-ci ilin yay fəslində isə evin inşası tamamlanmışdır. 2015-ci ildə bu evi oğlu Elşənə 5000 manata satmış, həmçinin nə özü, nə evin hazırki mülkiyyətçisi Elşən, habelə qızları Xəyalə və Xalidə həmin evdə bir gün də yaşamamış, sonuncuların qeydiyyata salınmaları ilə bağlı mülkiyyətçinin, yəni onun razılıq ərizəsi olmamışdır. Habelə, qızları Xəyalə və Xalidə ilə əvvəllər telefon vasitəsilə əlaqə saxlasa da, 2012-ci ildə ürək əməliyyatı keçirdiyi zaman qızlarının onun səhhəti ilə maraqlanmamasından sonra, o da adları çəkilən övladları ilə əlaqəni tamamilə kəsmişdir. Bundan başqa, özü hazırda Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla, arvadı Zəminə və qızı Şahzadə ilə birgə qeyd edilən ünvanda yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, əlavə olaraq qeyd etdi ki, Siyəzən rayon Polis Şöbəsinə cavabdehlərin qeydiyyata hansı qaydada qeydiyyata düşmələri barədə məlumat əldə etmək üçün müraciəti zamanı ona mülkiyyətçinin razılıq ərizəsinin olmaması, habelə qeydiyyatın formal xarakter daşıması bildirilmişdir. Cavabdehlərin məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin onlar həmin ünvanda yaşamadıqlarına görə məhkəmə bildirişlərini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişləri məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Siyəzən rayon Polis Şöbəsindən 11 oktyabr 2023-cü il tarixdə verilmiş 3-13- 106/2-6-127xx/xx/2023 nömrəli məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 05 avqust 2010-cu il tarixdən Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 31 A ünvanına formal qaydada qeydiyyata düşmüşlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçının hüquqi marağı sözügedən evdə faktiki yaşamamaqla, ondan istifadə hüququ mövcud olmayan, habelə həmin evdə formal qeydiyyata düşmüş cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından ibarət olduğundan bununla bağlı mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi cavabdehlər sözügedən evdə ümumiyyətdə yaşamamış və onların həmin evə əmlak hüquqları olmamaqla, istifadə hüquqları yaranmamışdır. Belə olan halda olmayan yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosussual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə isə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə isə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 261, 261.0, 261.0.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “fərdi yaşayış evinə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, mübahisəli yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı aidiyyəti üzrə inzibati orqana müraciət etmək, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar