Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-651/2024 25.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 22921 manat məbləğində maddi ziyanın, mediasiya xidməti üçün çəkilmiş 60 manat məhkəmə xərcinin, eləcə də ödənilmiş 99 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, 14 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinə əlavəyə görə “baş satıcı” vəzifəsinə keçirilmiş, həmçinin 10 yanvar 2023-cü il tarixli əmək müqaviləsinə əsasən “administrator” vəzifəsinə keçirilmiş, habelə həmin tarixdə sonuncu ilə "xxxx" müqavilə bağlanmışdır. Bundan sonra, cavabdeh iddiaçı MMCnin 13 iyun 2023-cü il tarixli, 101 saylı əmri ilə işdən azad edilmişdir. Cavabdehlə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin tələblərinə görə sonuncu ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqaviləyə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir və bu halda imtina aktı tərtib edilir. İddiaçı MMC-nin “növbədənkənar inventarizasiyanın aparılması haqqında” 05 may 2023-cü il tarixli, 858 saylı əmrinə əsasən “Oba–Siyəzən 2” mağazasında administrator vəzifəsində işləyən cavabdehin öhdəsindəki maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada 05 yanvar 2023-cü il – 05 may 2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair akt”a əsasən cavabdehin Cəmiyyətə 23309,53 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olmaq üçün cavabdehə dəfələrlə şifahi məlumatlar verilsə də, habelə ünvanına rəsmi xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh inventarizasiya nəticələrinin araşdırılmasında iştirak etməkdən, nəticələrlə tanış olmaqdan və yekun aktı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq imtina aktları tərtib edilmişdir. Habelə, Cəmiyyətin 28 dekabr 2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər (təbii itki norması-satış dövriyyəsinin 0,15 faizi miqdarında) tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 22921 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki 12 mart 2020-ci il tarixli əmək müqaviləsinin surətindən və eyni tarixli, 134 nömrəli əmrin çıxarışından görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "satıcıkassir" vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 14 oktyabr 2021-ci il tarixli, 566 nömrəli əmrin çıxarışından, eləcə də eyni tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "baş satıcı" vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 10 yanvar 2023-cü il tarixli, 09 nömrəli əmrin çıxarışından, eləcə də eyni tarixli əmək müqaviləsinə əlavənin və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 05 may 2023-cü il tarixli “Oba-Siyəzən 2” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 23309,53 manat çatışmazlıq müəyyən edilmiş, lakin maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan 05 may 2023-cü il tarixli iltizamnamədən, həmçinin eyni tarixli və 14 iyun 2023-cü il tarixli imtina aktlarından görünür ki, 05 may 2023-cü il tarixdə keçirilmiş inventarizasiya zamanı maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (23309,53 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. İşdə olan 13 iyun 2023-cü il tarixli, 101x nömrəli əmrdən çıxarışa, eləcə də eyni tarixli, xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərinə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) görə xitam verilmişdir. İşdə olan 28 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə əlaqədar inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq, onun hesabında 05 may 2023-cü il tarixdə 23309,53 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 22921 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, 28 dekabr 2023-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 22921 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 11 iyul 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasına müraciət edərkən 60 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 99 manat vəsait də sərf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, 12 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh bu tarixdən "xxxx" MMC-yə "satıcı-kassir", 14 oktyabr 2021-ci il tarixdə "baş satıcı" vəzifəsinə işə qəbul edilmiş, habelə 10 yanvar 2023-cü il tarixli həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Sonradan, 05 may 2023-cü il tarixdə, “Oba-Siyəzən 2” filialında keçirilmiş inventarizasiya zamanı 23309,53 manat zərər aşkar edilərək, bu barədə akt tərtib olunmuş, bundan əlavə Cavabdeh inventarizasiya prosesində iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (23309,53 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 13 iyun 2023cü il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərərin 23309,53 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 22921 manat müəyyən edilmişdir. Qeyd edilən məbləğin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilsə də, sonuncu edilmiş xəbərdarlığa məhəl qoymamış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-nin “Oba-Siyəzən 2” filialı administrator işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə 22921 manat məbləğində zərər vurmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 22921 manat məbləğində maddi ziyanın və çəkilmiş 159 manat məbləğində məhkəmə xərcinin əvəzi tutularaq ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 22921 (iyirmi iki min doqquz yüz iyirmi bir) manat məbləğində maddi ziyanın və çəkilmiş 159 (bir yüz əlli doqquz) manat məbləğində məhkəmə xərcinin əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-651/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-651/2024
25.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver