Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-773/2024 16.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 11 sentyabr 2020-ci il tarixli, BPM**********41 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 98,63 manat əsas, 0,21 qəpik faiz olmaqla, cəmi 98,84 manat borc, 08 aprel 2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə isə 2453,31 manat əsas kredit borcu olmaqla, ümumilikdə 2552,15 manat pulun və ödənilmiş 45,53 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Siyəzən şöbəsi ilə Balayev Feyruz Tahir oğlu arasında bağlanmış 11 sentyabr 2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 36 ay müddətinə, illik 24 faiz olmaqla, 500 manat məbləğində bərpa olunan kredit limiti, 08 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə, illik 24 faiz olmaqla, 2600 manat məbləğində kredit verilmişdir. Bundan sonra, Feyruz Balayev 31 iyul 2021-ci il tarixdə ölmüş, nəticədə mərhumun vəfatından sonra ondan qalmış mirasa görə vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Beləliklə, mərhum Balayev Feyruz Tahir oğlunun adına Bankın “Şabran” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən, sonuncunun öldüyü tarixə 11 sentyabr 2020-ci il tarixli Tam kart çərçivə müqaviləsi üzrə 98,63 manat əsas, 0,21 qəpik faiz olmaqla, cəmi 98,84 manat borc, 08 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə isə 2453,31 manat əsas kredit borcu olmaqla, ümumilikdə 2552,15 manat borcu qalmışdır. Cavabdeh isə mərhum Balayev Feyruz Tahir oğlundan qalmış mirası qəbul etməsinə, habelə bu barədə edilən xəbərdarlıqlara baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, mərhum əri Balayev Feyruz Tahir oğlu ilə birgə nikah dövründə, yəni, 2016cı ildə 30 000 manata alınmış ünvan 1 ünvanında tək yaşayır. Belə ki, onların övladı olmamaqla yanaşı, mərhum əri Feyruz Balayevin anası X1 da, onunla birlikdə yaşamır. Bundan başqa o, açıq ürək əməliyyatı olunduğundan, heç bir yerdə işləmir, habelə müalicə xərcləri ilə əlaqədar maddi imkanı çox zəifdir, bu səbəbdən də, mərhum ərinin kredit borcunu ödəyə bilmir. Həmçinin, Feyruz Balayevin adına, təxmini qiyməti 16000 manat olan “Hyundai Accent” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararlı olsa da, onu idarə etmir. Bundan əlavə, Feyruz Balayev sözügedən kredit borcunu qardaşı mərhum Firudin Balayev üçün götürmüş, habelə onun bundan sonradan xəbəri olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan "xxxx" ASC-nin "Siyəzən" şöbəsi ilə Balayev Feyruz Tahir oğlu arasında 11 sentyabr 2020-ci il tarixdə bağlanmış BPM**********41 saylı Tam kart çərçivə müqaviləsinə, eləcə də maliyyə arayışına əsasən bank mərhum Feyruz Balayevə 36 ay ərzində qaytarmaq şərti ilə illik 24% faizlə 500 manat məbləğində kredit limiti ayırmışdır. Həmçinin, mərhum X3 vəfat etdiyi tarixə bu kredit limiti üzrə 98,63 manat əsas, 0,21 manat faiz olmaqla, cəmi 98,84 manat borcu vardır. İşdə olan "xxxx" ASC-nin "Siyəzən" şöbəsi ilə Balayev Feyruz Tahir oğlu arasında 08 aprel 2021-ci il tarixdə bağlanmış BPM**********60 saylı kredit müqaviləsinə, eləcə də maliyyə arayışına əsasən bank mərhum Feyruz Balayevə 48 ay ərzində qaytarmaq şərti ilə illik 24%-lə istehlak məqsədilə 2600 manat məbləğində kredit vermişdir. Həmçinin, mərhum X3 vəfat etdiyi tarixə 2453,31 manat əsas borcu vardır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 10 avqust 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174061 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Balayev Feyruz Tahir 31 iyul 2021-ci tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 avqust 2021-ci il tarixdə 168 nömrə ilə qeyd edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin 20 fevral 2024-cü il tarixli, 52 nömrəli məktubundan, eləcə də, texniki pasportun, çıxarışın və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, vəfat etmiş Balayev Feyruz Tahir oğlunun adından 28 sentyabr 2021-ci il tarixli, 8V-146 nömrəli vərəsəlik işi açılmış, habelə vərəsəsi arvadı Cavabdeh tanınmışdır. Həmçinin, mərhumun vərəsəsi kimi Cavabdeh tanınsa da, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Miras əmlakı isə ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 10 mart 2017-ci il tarixdə Feyruz Balayevə verilmiş **********21-05101-093036 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət üzrə ümumi sahəsi 64,3 kv/m olan 3 otaqlı fərdi yaşayış evindən, eləcə də, 2014-cü il buraxılışlı, **-NF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı minik avtomobiindən ibarətdir. İşdə olan 08 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 21 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 45,53 (qırx beş manat 53 qəpik) manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, müqavilə tərəfləri üzrə mübahisəli hüquq münasibətləri 11 sentyabr 2020-ci il və 08 aprel 2021-ci il tarixlərdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mərhum Balayev Feyruz Tahir oğlu kredit müqavilələrini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243 maddənin İİ və İİİ hissələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Bundan əlavə müəyyən edildi ki, mərhum Balayev Feyruz Tahir oğlunun "xxxx" ASC ilə bağlamış olduğu sözügedən kredit müqavilələri üzrə ümumilikdə 2552,15 manat borcu yaranmış, habelə mərhumun adından vərəsəlik işi açılmasına və Cavabdeh vərəsə kimi tanınmasına baxmayaraq, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Yəni, mərhum Feyruz Balayevin qanuni vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etməsə belə, onun mərhumdan miras qalmış əmlakları, o cümlədən ümumi sahəsi 64,3 kv/m olan Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki 18 saylı evin 36-ci mənzili, habelə 2014-cü il buraxılışlı, **-NF-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı avtomobil faktiki istifadə və idarə etməsi artıq həmin miras kütlələrinin qəbul olunmasının göstəricisidir. Belə olan halda, Cavabdeh mərhumun bank qarşısında malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrildiyini demək mümkündür. Bundan əlavə, cavabdeh tərəfindən qəbul edilən sözügedən miras əmlaklarının (miras aktivlərinin) bir qisminin dəyəri belə iddia üzrə tələb edilən məbləğlərə münasibətdə yetərincə olmaqla, bu borcun tamamilə ödənilməsi üçün kifayətdir. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11 sentyabr 2020-ci il tarixli, BPM**********41 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 98,63 manat əsas, 0,21 qəpik faiz olmaqla, cəmi 98,84 manat borc, 08 aprel 2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə isə 2453,31 manat əsas kredit borcu olmaqla, ümumilikdə 2552,15 manat pul, habelə iddia tələbi üzrə çəkilmiş 45,93 (qırx beş manat 93 qəpik) manat məhkəmə xərcinin əvəzi tutularaq, ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11 sentyabr 2020-ci il tarixli, BPM**********41 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə 98,63 manat əsas, 0,21 qəpik faiz olmaqla, cəmi 98,84 (doxsan səkkiz manat 84 qəpik) manat borc, 08 aprel 2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə isə 2453,31 (iki min dörd yüz əlli üç manat 31 qəpik) manat əsas kredit borcu olmaqla, ümumilikdə 2552,15 (iki min beş yüz əlli iki manat 15 qəpik) manat pul tutulsun. İddia tələbi üzrə çəkilmiş 45,93 (qırx beş manat 93 qəpik) manat məhkəmə xərcinin əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-773/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-773/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver