Məhkəmə qərarları › İş №e-2(059)-943/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-943/2025

26.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-943/2025 26.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Cavabdeh2 qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilib, etibarsız sayılması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə, əvvəlki iş yerinə bərpa olunması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Cavabdeh2 qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilib, etibarsız sayılması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə, əvvəlki iş yerinə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının MPMnin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizədə iddiaçının, eləcə də, cavabdehlərin poçt ünvanı, o cümlədən fiziki şəxs olan cavabdehin yaşayış yeri və hüquqi şəxs olan cavabdehin olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), habelə, yazışmaların aparılmasının istənildiyi digər ünvanlar qeyd edilməmişdir. Qeyd edilir ki, işdə iştirak edən şəxslərin poçt ünvanı barədə mötəbər məlumatların təqdim edilməsi işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər işdə iştirak edən şəxslərdir. Bu Məcəllənin 50.1-ci maddəsinə əsasən isə tərəflər dedikdə, iddiaçı və cavabdeh nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Qeyd olunan Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yenə bu Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Cavabdeh2 qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilib, etibarsız sayılması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə, əvvəlki iş yerinə bərpa olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar