Məhkəmə qərarları › İş №e-2(060)-1026/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1026/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1026/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 08 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 3.367,68 (üç min üç yüz altmış yeddi manat 68 qəpik) manat borcun və 53.68 manat dövlət rüsumunun, ümumilikdə 3421 manat 36 qəpik tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İstehsalat Birliyi xx.xx.2022-ci il tarixli 09/6617 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində ZENNER G-4 SMART markalı **********957 nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, ünvan 2 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022- ci il tarixli aktlar tərtib edilmiş və bu aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli akta əsasən G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m /saat, günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, həmçinin, 1m3 qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 948,48 manat, xx.xx.2022-ci tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün həmçinin, 1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 2073,60 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m /saat, orta günlük iş rejimi 24 saat qaz və hesabat müddəti 30 gün, həmçinin, 1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla 345,60 manat cəmi: 3,367,68(üç min üç yüz altmış yeddi manat 68 qəpik) manat borc hesablanmışdır. Dövlət təşkilatı kimi X2 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci bəndinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehə məxsus evə Azəriqaz İB-nin əməkdaşları tərəfindən mübahisəli ünvana ayrı-ayrı vaxtlarda baxış keçirilmiş və hər dəfə sayğaca kənar xəttin qoşulduğu, yəni qazdan qeyri-qanuni istifadə olunduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilən faktla bağlı 3 akt tərtib olunmuşdur. Birinci akt xx.xx.2021-ci il tarixində, sonuncu akt isə xx.xx.2022-ci il tarixində tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli akta əsasən 2073 manat, xx.xx.2022-ci il tarixli akta əsasən 345 manat ziyan hesablanıb. 14 dekabrda isə 90 gün, iyun ayında 30 gün hesablanıb. Vurulmuş ziyan Sayğaca baxılaraq ödənişlərə nəzər yetirib 30-90 gün əsasında hesablanır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Qazdan istifadə qaydaları haqqında Nazirlər Kabinetinin qərarı ilə hesablanma qaydası müəyyən edilməmiş, hesablanma mexanizmi daxili qaydalarla tənzimlənir. Ümumilikdə cavabdehin dövlətə vurduğu ziyan təxminən 3000 manatdan çox müəyyən edilmiş, bu barədə cavabdehə tələbnamə göndərilmiş, lakin cavabdeh dəymiş ziyanı ödəməkdən yayınmışdır. Sözügedən borc İddiaçı daxili qaydalarına uyğun olaraq laborotoriya rəyi əsasında hesablanır. Sayğaca kənar xəttin qoşulması ilə bağlı video görüntülər, şahidlər var, həmin çəkilişdə hər şey əks olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsində iştirak etmiş mühəndislər hazırda işdə olmaları səbəbindən şahid qismində məhkəməyə gələ bilməyiblər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 08 may 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, xx.xx.2022-ci ildən etibarən İddiaçı İB-də çilingər vəzifəsində çalışır. O, işlədiyi müddətdə həmin ünvanda 2 dəfə iyul və avqust aylarında bu halla - qanunsuz kənar xəttin qoşulması faktı ilə rastlaşmışdır. Sayğacın lentlə birləşdirilən yerindən qoşulma olub, şəffaf boru ilə gedirdi, mənzilə daxil olurdu. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 09/6617 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı İB abonent Cavabdeh istifadəsində olan Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evini təbii qazla təchiz etməyi, Cavabdeh isə həmin qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində Cavabdeh istifadəsində olan adına açılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 8640 m3müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdır. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində Cavabdeh istifadəsində olan adına açılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 17280 m3müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdır. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində Cavabdeh istifadəsində olan adına açılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 2880 m3 müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdır. İşdə olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Gecəqondu, Metallurq küçəsi, ev 178A-da Cavabdeh adına xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə xx.xx.2021-ci il tarixli akt əsasında 948.48 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 2073.60 manat, xx.xx.2022-ci il tarixli akt əsasında 345.60 manat olmaqla ümumilikdə 3367.68 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində iddiaçı tərəfindən qaz sayğacı quraşdırılmışdır. Cavabdeh sözügedən mənzilə quraşdırılmış qaz sayğacına müdaxiləsi nəticəsində sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi halı ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 345.60 manat dəyərində dəymiş zərər Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməlidir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Sumqayıt şəhəri, Betonzavod ərazisi, Gecəqondu, ev 178A fərdi yaşayış evində Cavabdeh istifadəsində olan adına açılmış G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə olunması və sayğacdan kənar xəttin olduğu aşkar edilmişdir. Qeyd edilən halları sözügedən aktın tərtib edilməsində iştirak etmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsi, eyni zamanda sözügedən aktın tərtib edildiyi tarixə aid olan videogörüntülər də təsdiq edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 948.48 manat və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 2073.60 manat məbləğində dəymiş zərərin cavabdehdən tutulması hissəsində istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın tərtib edilməsi ilə bağlı məhkəməyə hər hansı videogörüntü və ya qeyd edilən aktın tərtib edilməsində iştirak edən şəxslər təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla bağlı məhkəməyə videogörüntü təqdim edilsə də, həmin videogörüntüdən kənar xəttin məhz cavabdehin istifadəsində olan mənzilə daxil olduğunu müəyyən etmək mümkün deyil. Belə ki, videogörüntüdə mənzilin yerləşdiyi küçənin əks tərəfində kənar xəttin aşkar edildiyi görünsə də, həmin kənar xəttin mübahisəli ünvana daxil olması görünmür. Bununla əlaqədar sözügedən aktın tərtib edilməsində iştirak edən şəxslərin məhkəməyə şahid qismində təqdim edilməsi iddiaçıya təklif edilsə də, məhkəmə iclasında həmin şəxslərin iştirakı təmin olunmamışdır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh yalnız ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 345,60 manat dəyərində dəymiş zərər tutularaq İddiaçı İB-yə ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 10% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 54 manat dövlət rusumunun 5.40 manatı cavabdehdən tutulmalı, 48.6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 5,40 (beş manat qırx qəpik) manat hissəsi tutalaq İddiaçı İB-nın hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar