Məhkəmə qərarları › İş №e-2(060)-1053/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1053/2023

10.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1053/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndələri X1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə 10 mart 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onunla bağlanmış xxxxxxx000300 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» 02/153 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin tarixi məlum olmayan 02/153 saylı əmrilə aralarında bağlanmış xxxxxxx000300 saylı əmək müqaviləsinə 28 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç“ bəndinə əsasən xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, guya o, 07 oktyabr 2022-ci il tarixdə işə üzrsüz səbəbdən gəlməmiş, 08 oktyabr 2022-ci il tarixdə keçirilən məcburi valideyn iclasında iştirak etməmiş, 01 noyabr 2022-ci il tarixindən üzrsüz səbəbdən işə gəlməmiş, iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmaqla liseyin əməkdaşlarını bir neçə dəfə təhqir etmiş, şəxsiyyətlərini alçaldan ifadələr işlətmişdir. Qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Cari tədris ili başlayandan digər işçilər liftdən istifadə üçün kartla təmin edilsələr də, ona həmin kart verilməmişdir. Bu səbəbdən digər əməkdaşın lift kartından istifadə etmiş və ona qaytarmışdır. Gözləmişdir ki, ona da liftdən istifadə kartı veriləcəkdir. Sonradan bununla bağlı dəfələrlə müraciət etsə də, müraciəti təmin olunmamış və kiçik narazılıq baş vermişdir. 06 oktyabr 2022-ci il tarixdə həmin əməkdaşdan kartı götürmək üçün müraciət etdikdə, o etiraz etmiş və rəhbərliyin bu məsələdən xəbərdar olmasını və buna görə ona irad tutulduğunu bildirmişdir. Qeyd etdiyi ayrıseçkilik və qərəzli münasibət halı ona çox pis təsir etmiş və səhhəti pisləşmişdir. Səhhətinin pisləşməsi səbəbindən mütəmadi olaraq müalicə almış, bununla bağlı 07 oktyabr 2022-ci il tarixdə saat 15:54-də özünə aid +**********55 nömrəsindən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban xanımın +**********90 nömrəsinə zəng edərək danışmışdır. 18 oktyabr 2022-ci il tarixdə qrafik üzrə saat 07:30-da işə gəlmiş, lakin onu işə buraxmamışlar. Halı daha da pisləşmiş və bundan sonra yenidən müalicə almalı olmuşdur. Qeyd edir ki, bütün bu müddət ərzində əmək qabiliyyətinin olmaması barədə müvafiq xəstəlik sənədləri mövcuddur. Cavabdeh tərəfindən 01 noyabr 2022-ci il tarixdə də işə buraxılmamışdır. Ona qarşı aparılan ayrıseçkilik, əmək funksiyalarının həyata keçirilməsinin qanunsuz məhdudlaşdırılması və digər qanunsuzluqlara dair 02 noyabr 2022-ci il və 15 noyabr 2022-ci il tarixlərdə AR ƏƏSMN yanında X4 Xidmətinə müraciətlər etmişdir. Qeyd edilən səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən onun əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilmişdir. Bu səbəbdən cavabdehə həmin inzibati orqan tərəfindən əmrin ləğv edilməsi və işə bərpa edilməyi barədə müvafiq məktub göndərilmişdir. Yol verilmiş nöqsanlarla bağlı İdrak Liseyinin direktoru Natəvan Alışova barəsində AR İXM-nin 192.6-cı maddəsi ilə 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tərtib edilmişdir ki, həmin əmr qanuni deyildir və əsaslandırılmamışdır. Həm də əmrin forma və məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrdə heç bir üzrlü səbəb olmadan işə gəlməmə və işçinin əmək fəaliyyəti zamanı zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntularının konkret nədə ifadə olunması (mücərrəd və sovet dövründəki kimi yalançı aktlar tərtib edilməsi yolu ilə süni yaradılmış pozuntuların), belə qeyri-müəyyən pozuntuların müəssisənin və ya mülkiyyətçinin konkret hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərilməmişdir. Əgər belə hallar mövcud olmuşdusa, həmin hərəkətin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrə səbəb olması, o cümlədən işəgötürənə, onun təsisçilərinə, müəssisənin müştərilərinə və ya digər əməkdaşlarına maddi ziyanın vurulması, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulub-pozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulmasının nədə ifadə olunması əmrdə müəyyən edilmir. Həmin hallar mövcud olsa da belə, əmrlə tətbiq olunmuş intizam tənbehinin ƏM-in 186-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq işçinin şəxsiyyətinə uyğun olub-olmaması, habelə yol verilən pozuntuya mütənasib olması əsaslandırılmamışdır. Digər tərəfdən əmrin tarixi göstərilməmiş, onun öz hüquqlarının müdafiəsi üçün müraciət etdiyini gördükdə, qanunsuz sənədləşmələr aparılmaqla əmək qabiliyyətinin itirilməsi halında əmək müqaviləsi xitam edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, əmək müqaviləsinin 70-ci maddədə nəzərdə tutulan əsasla xitam edilməsi qanunvericilikdə nəzərdə tutulmur, qeyd edilən əsasla əmək müqaviləsinin ləğvi mümkündür ki, cavabdehin əmrində bu məzmuna da riayət edilməmişdir. Əmrdə onun uzun illər nümunəvi pedaqoq fəaliyyətinə, işgüzar nüfuzuna kölgə salan, cinayət və inzibati xəta əməllərində belə ittiham edilmə kimi ifadələr işlənmişdir ki, bununla cavabdeh onun öz əmək hüquqlarını tələb etdiyi üçün ondan sanki qisas almaq niyyəti güdmüşdür. Cavabdehlə aralarında keçirilmiş mediasiya prosesi də müsbət nəticələnməmişdir. Cavabdeh tərəf yalnız kompensasiya təklif etmiş, əmrin ləğv edilməsinə razı olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh direktoru Natəvan Alışova məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbi ilə Sumqayt Şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə tam əsaslı səbəblərdən Azərbaycan Respublikası Əmək qanunvericiliyin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. İddiaçı öz iddia ərizəsində işə üzrlü səbəbdən gəlməsini iddia etmişdir. Lakin bununla bağlı tərəflərindən ona dəfələrlə xəbərdarlıqlar olunmuş, işə gəlməməsinin səbəbləri barədə məlumat verməsi üçün Liseyə dəvət olunmuşdur. Cavabdeh qeyd olunan xəbərdarlıqlara məhəl qoymamışdır. O, yalnız bir dəfə Liseyə gəlmiş və işə gəlməməsinin səbəbləri barədə izahat yazmağa dəvət olunduqda işçilərlə kobud rəftar etmiş, liseyin insan resusları üzrə əməkdaşını açıq şəkildə təhqir edərək şərəf və ləyaqətinə qarşı alçaldıcı ifadələr işlətmişdir. Bununla bağlı təhlükəsizlik kamerasının qeydləri liseydə mövcuddur. Bundan başqa, İddiaçı əmək qabiliyyətini müvəqqətı itirməsi ilə bağlı təqdim etdiyi sənədlərin saxtalaşdırılması ilə bağlı onlarda ciddi şübhələr vardır. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixində işə gəlməməsi ilə bağlı ona xəbərdarlıq etdikdə o, ilk dəfə heç bir sübut təqdim edə bilməmişdir. Yalnız sahə həkimindən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı Liseyə ilkin olaraq arayış təqdim etmişdir. Lakin qeyd olunan arayış xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixləri üçün nəzərdə tutulmuşdur. Onların dəfələrlə etdikləri xəbərdarlıqlardan sonra İddiaçı yalnız noyabr ayında xx.xx.2022-ci il tarixi üçün sənəd təqdim etmişdir. Bundan başqa, Sürəyyə Məmmədovanın liseyə təqdim etdiyi əmək fəaliyyətini müvəqqəti itirməsi ilə bağlı olan arayışların üzərində ağardıcı vasitəsi ilə dəyişikliklər edilmişdir. Bütün bunlar onlarda qeyd olunan sənədlərin saxtalaşdırıldığı ilə bağlı əsaslı şübhələr yaratmışdır. Əlavə olaraq, İddiaçı liseydə işlədiyi müddətdə əmək fəaliyyəti ilə bağlı liseyin əməkdaşları və dərs dediyi sinifın şagird və valideynləri tərəfındən liseyə çox saylı yazılı və şifahi şikayətlər daxil olmuşdur. Lisey bütün bunları nəzərə alaraq haqlı şəkildə İddiaçı ilə arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tam qanunsuzdur və ləğv edilməlidir. İddiaçı məsələ ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət etdikdən sonra cavabdeh qurum tərəfindən müəyyən sənədləşdirilmə işləri aparılmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, sözügedən əmr qanunsuz olduğundan Liseyin rəhbəri barəsində AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. həmin qərardan verilmiş şikayət isə Binəqədi rayon məhkəməsi tərəfindən təmin olunmamışdır. Onu da bildirir ki, iddiaçını ilk öncə məktəbə buraxmırdılar və onlar bununla bağlı 26 noyabrda mediasiya şurasına müraciət etmişdilər. Həmin vaxt onların fikri məhkəməyə iddiaçının məktəbə buraxılmasının qanunsuz hesab edilməsi tələbi ilə bağlı müraciət etmək idi. Lakin sonradan onlar belə bir qanunsuz əmrin mövcudluğundan xəbər tutmuşlar. Qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr mötəbər sənəd kimi məhkəmə tərəfindən qəbul edilməməlidir. Belə ki, əmrdə əmrin verilmə tarixi belə göstərilməyib. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi onun bülletendə olduğu dövrə təsadüf edib. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 43 ildir ki, pedoqoji fəaliyyətlə məşğuldur. 2017-ci ildən etibarən İdrak Liseyində çalışıb. 2022-ci ilin sentyabr ayında işə başladığı zaman liftdən istifadə ilə bağlı problem yaranmışdır. Ona görə də başqa müəllimlərə verilən keçid vasitəsindən istifadə etmişdir. Daha sonra onun səhhətində problem yaranmış və icazə alaraq işə getməmişdir. 18 oktyabrda işə qayıtdığı zaman ona dərs keçməyə icazə verilməmiş, ona əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmalı olduğunu bildirmişlər. Lakin həmin vaxt ona işdə yol verdiyi qüsur barədə heç bir məlumat verilməmişdir. O da normal olaraq emosional davranmış, onlar isə pis rəftar etdiyini, kobud davrandığını bildirmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, onu dərsə buraxmamış, nəticədə onun səhhəti pisləşmiş və təzyiqi qalxmışdır. Halbuki, ona sivil qaydada artıq onunla işləmək istəmədiklərini bildirsəydilər, o, normal şəkildə könüllü olaraq işdən çıxardı. Onu da qeyd edir ki, hətta son 4 il ərzində rəhbərliyin yol verdiyi saxtakarlığa görə o, dəfələrlə işdən çıxmaq istəmiş, lakin belə bir addım atmasına icazə verilməmiş və əksinə ona yüksək maaş da təklif etmişdirlər. Bildirir ki, xx.xx.2022-ci il tarixində sonuncu dərsi saat 14.30-a kimi keçmişdir. Ayın 7-də isə təzyiqi yüksəldiyi üçün məktəbə gedə bilməmişdir O, bu barədə səhər məktəbin direktor müavininə məlumat vermiş və daha sonra həkimə getmiş və hətta bu barədə Medistyle Hospitalın çıxarışı var. Daha sonra rəhbərlik ayın 8-də valideyn iclasında iştirak etməməsini ona irad bildirmişdir. O, əslində qeyri iş-günü, həmçinin xəstə olduğu halda məktəbə getməməlidir. Bundan başqa ayın 17də axşam ilk bülleten kağızını almış, eyni zamanda həmin tarixdə rəhbərliyə mail də göndərmişdir. Ayın 18-də işə gəldikdə onu işə buraxmamış və işdən çıxmaq barədə ərizə yazmağı məcbur etmişdirlər. belə bir hal yaranmışdır ki, ona xəbərdarlıq göndərib işə gəlməyi tələb edirlər, lakin gəldikdə isə məktəbə buraxmırlar. Bildirir ki, onunla bağlanmmış müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və ona bu barədə 12 dekabrda məktub göndərilmişdir. Daha sonra o, məsələ ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyi isə ona bülleten kağızının məktəbə göndərməsini tapşırmışdır. Daha sonra Kamran Qafarlı ona onun xəstəlik kağızının olması barədə məlumatlarının olmadığını bildirirək həmin sənədin məktəbə təqdim edilməsini tapşırmışdır. Bildirir ki, sonuncu sağlamlıq kağızı dekabr 3-ə kimi verilmişdir. Beləliklə, o cavabdeh tərəfindən qanunsuz olaraq işdən azad edilmişdir. İddiaçı qeyd edilənləin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi itirilib, ona görə də hazırda onu məhkəməyə təqdim edə bilmirlər. İddiçı tərəfindən təqdim olunan sənədlərin mötəbərliyi ilə bağlı şübhələri var. Belə ki, sənədlərdə ağardıcı vasitədən istifadə olunmuşdur. Tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixlidir, lakin ola bilsin ki, əmr sistemə 29 noyabr 2022-ci il tarixdə əlavə olunmuşdur. Hesab edir ki, sözügedən əmr qanunidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sağlamlığın müqavəqqəti itirilməsi barədə arayış noyabr ayının əvvəlində verilib və orada işə çıxma tarixi 6 noyabr kimi göstərilib. Daha sonra iddiaçı yenə məktəbə gəlməmiş və ona məktəbə gəlməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamış və ona görə barəsində məktəb direktoru tərəfindən xx.xx.2022-ci ildə onun işdən azad edilməsi barədə əmr verilib. Yalnız belə bir əmr verildikdən sonra digər arayışlar-bülleten sənədləri ortaya çıxmışdır. Ona görə də hesab edir ki, iddia əsassızdır. Onu da bildirir ki, məktəbin direktoru barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan şikayət verilib və həmin iş Apellyasya Məhkəməsindədir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçıya məktəbə gəlmədiyi üçün dəfələrlə xəbərdarlıq göndərilib və məktəbə gəlməli olduğu bildirilib. Lakin iddiaçı məktəbə gəlməmiş və həmçinin xəstəliyi ilə əlaqədar bülletendə olduğunu bildirməmişdir. Ona görə də belə bir hal yaranıb, yəni iddiaçının xəstəlik vərəqəsi olduğu halda onun işdən çıxması barədə əmr verilib. Halbuki idiaçı onların xəbərdarlıqlarına reaksiya verməli və onları bu barədə xəbədar etməli idi. Hesab edir ki, bu hüquqdan sui-istifadədir, iddiaçı tərəfindən düşünülərək atılmış addımdır və iddiaçı bunları məhkəmədə mübahisələndirməyi qabaqcadan planlaşdırıb. Belə ki, iddiaçı həmin tarixə qədər bir sıra pozuntulara yol vermiş və əslində iddiaçı bu pozuntuların onun üçün yaradacağı problemlərin qarşısını almağa çalışıb. Hesab edir ki, iddiaçının işdən çıxması barədə verdiyi əmr qanunsuz deyil, belə ki, məktəb rəhbərliyində iddiaçının işə gəlmədiyi müddətdə xəstə olması barədə məlumat olmayıb. Ona görə də hesab edir ki, əmr verildiyi gün üçün qanuni idi. Hazırda əmrin tarixinə düzəliş etməyə, əmrin xəstəlik kağızından sonrakı tarixə verilməsinə və ondan əvvəlki dövrü üçün isə kompensasiya ödəməyə razıdırlar. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının sağlamlığı barədə verilmiş xəstəlik vərəqələri formaldır, belə ki, iki həftədən artıq xəstəlik vərəqəsi verilmir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə 02/153 nömrəli əmrdən görünür ki, həmin əmr ilə “Yeni ad/Bakı Filialı” Bölməsində “Rus dili müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinəm “AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmiş, işçini xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 7 məzuniyyət gününün son haqq-hesabınını qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əmək qabiliyyətinini olmaması vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabilliyyətinin müvəqqəti itirildiyi gün əmək müqaviləsinə xitam verildiyi müəyyən edilmiş, yol verilmiş nöqsanla bağlı İdrak liseyinin direktoru Natəvan Alışova barəsində Azərbaycan Respublikası İnzibati Cətalar Məcəlləsinini 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, bununla bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 02/153 nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa olunmağı ilə bağlı İdrak liseyinin vəzifəli şəxsinə müvafiq məktub ünvanlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İdrak liseyinin direktoru X3 tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə qanunvericiliyin tələbləri pozularaq xitam verilib. İşdə olan MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinini 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1600 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 136/2023 saylı qərarından görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə İdrak Liseyi arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2022-ci il tarixli, 02/153 nömrəli əmr ilə xitam verilmişdir. İşdə olan “işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı” tərtib edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı müvafiq olaraq qeyd edilən tarixlərdə tam iş günü ərzində işə gəlməmiş və onun dərs yükü Liseyin digər müəllimləri tərəfindən əvəz olunmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 26 nömrəli Poliklinikası tərəfindən verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı səhhəti ilə əlaqədar xx.xx.2022-cil tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilir və xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. İşdə olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 26 nömrəli Poliklinikası tərəfindən verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı səhhəti ilə əlaqədar xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək işdən azad edilir və xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. İşdə olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 26 nömrəli Poliklinikası tərəfindən verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı səhhəti ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilir və xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. İş materiallarında olan Medistyle Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin tarixdə həkim F.Hüseynzadə tərəfindən Ginekoloji USM müayinəsindən keçmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə İdrak Liseyi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələini kobud şəkildə pozduqda” bəndinə əsasən 02/153 nömrəli əmr ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-cı maddəsinə əsasən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış xxxxxxx000300 nömrəli «Əmək müqaviləsinə xitam verilməsi barədə» 02/153 saylı əmri əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən əmrin tarixi məlum deyil. Yalnız xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məzmunundan belə nəticəyə gəlmək olur ki, sözügedən əmr xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Beləliklə cavabdehin iddiaçı ilə aralarında bağlanmış xxxxxxx000300 nömrəli «Əmək müqaviləsinə xitam verilməsi barədə» 02/153 saylı əmri işçi –İddiaçı səhhəti ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxtda - xx.xx.2022-ci il tarixdə verilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsi, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və digər iş materialları ilə öz təsdiqini tapır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə,həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mübahisələndirilən əmrin əmək müqaviləsinə xitam verilməsinin qanunla qadağan edildiyi dövrdə verildiyini nəzərə alan məhkəmə, həmin əmrdə qeyd edilmiş halların iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olub-olmamasının araşdırılmasına zərurət görmür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi sübut edə bildiyindən İddiaçı iddia tələbi təmin edilməli, onunla Cavabdeh arasında bağlanmış xxxxxxx000300 nömrəli «Əmək müqaviləsinə xitam verilməsi barədə» 02/153 saylı xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli və İddiaçı işə bərpa edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verdiyindən iddia tələbi İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi hissəsində də təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı – 25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xxxxxxx000300 nömrəli «Əmək müqaviləsinə xitam verilməsi barədə» 02/153 saylı xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin və İddiaçı işə bərpa edilsin. İddiaçı Cavabdeh tərəfindən məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilsin. Cavabdeh tərəfindən 25 (iyirmi beş) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar