Məhkəmə qərarları › İş №e-2(060)-106/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-106/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-106/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi həyət evinə çəkilmiş xərclərin tələb edilməsi iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə fərdi həyət evinin tikintisinə çəkilmiş 30.000 manat xərclərin cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 2015-ci ilin yanvar ayında nişanlandıqdan 7-8 ay sonra Sevdanın anası Cavabdeh1 mülkiyyətindəki torpaq sahəsində özləri üçün ev tikmək qərarına gəlmiş və tikinti xərclərini tamamilə özü və atası Cəbrayıl Kərimov çəkmişdir. Tikinti işləri 2 ilə yaxın davam etmiş, ev hazır olduqdan sonra isə onlar nikaha girərək orada yaşamışlar. Lakin, 2021-ci ilin dekabrında nikahları pozulmuş, cavabdehlər isə nə evin pulunu qaytarırlar, nə də ki, onu yaşamaq üçün oraya buraxırlar. Görünür ki, cavabdehlərin məqsədi fərdi həyət evini tikdirərək, mənimsəmək, əsassız varlanmaq olmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddiaya qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, mübahisə predmeti olan ev Cavabdeh1 məxsus torpaq sahəsində onun Rusiya Federasiyasında işləyən həyat yoldaşı Ramazan İsmayılovun oradan göndərdiyi maddi vəsait hesabına tikilmişdir. Sadəcə, cavabdehlər qadın olduğundan tikinti işlərinə nəzarət və rəhbərliyi İddiaçı həvalə etmişlər. Əgər iddiaçının həmin vəsaiti vardırsa, o, başqa yerdə mənzil ala və ya ev tikə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbi müdafiə etdiyini qeyd etdi və əlavə olaraq bildirdi ki, 2015-2017-ci illərdə mübahisəli evin tikintisinə 30000 manat xərc sərf olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdilər və əlavə olaraq bildirdilər ki, 2015- 2017-ci illərdə mübahisəli evin tikintisinə onlar tərəfindən 30000 manat xərc sərf olunmuşdur. Cavabdeh2 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini, iddiaçının onlara qarşı olan tələbinin əsassız olduğunu, 2015-2017-ci illərdə mübahisəli evin tikintisinə onlar tərəfindən 3000 manat xərc sərf olunduğunu bildirdi. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərdi ki, Cəbrayıl tikinti başlayandan bitənədək orada olmuş, işlərə nəzarət və rəhbərlik etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, tərəflərlə qohum deyildir. O, mübahisəli evin tikintisində usta olmuş, zəhmət haqqını və inşaat materiallarının pulunu Cəbrayıldan almışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, o, iddiaçının atasıdır. Mübahisəli ev əsasən onun vəsaiti hesabına 45000-50000 manata başa gəlmişdir. Bu xərcin təxminən 5000 manatı oğlu, iddiaçı Yalçının, qalanı isə onun vəsaitidir. Ev hazır olduqdan sonra oğlu Yalçın cavabdeh Sevda ilə evlənərək oraya köçmüş, 3-4 il yaşadıqdan sonra isə boşanmışlar. Evin inşaasında isə nə keçmiş qudası, nə də başqa şəxslər yardımçı olmamışlar. O, 2009-cu ildən təqaüddədir, 400 manat pensiya alır, həyat yoldaşı da, Yalçın da işləyirdilər. Digər övladları Elçin yataqxanada, Cəlal isə 5-6 ildir ki, kirayədə qalır. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, o, Sevda ilə iş yoldaşı olmuşdur. Sevda nişanlı olanda onun atasının göndərdiyi pullar hesabına ev tikilirdi, amma tikintiyə nəzarəti qaynatası edirdi. O, pulun göndərilməsini, qayınataya verilməsini, habelə bankdan çıxarılmasını görməmiş, tikinti üçün vəsaitin atası tərəfindən Rusiya Federasiyasından göndərilməsini Sevda və onun anası Natəvandan eşitmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, cavabdeh Sevda onun qardaşı nəvəsidir. O, Rusiya Federasiyası vətəndaşıdır və Moskva şəhərində yaşayır. Ramazan ondan ev tikdiyi üçün borc istəmiş, o, da iki dəfə hərəsində 5000 manat olmaqla, cəmi 10000 manat pul vermişdir. Pulu ABŞ dolları ilə, 2016-cı ildə Moskvada Ramazana 3000, 2017-ci ilin axırında da Azərbaycanda 3000 Natəvana borc vermişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, o, cavabdeh Sevdanın rəfiqəsidir. Sevdanın dediyinə görə atasının göndərdiyi pulla anasının torpağında ev tikilmişdir. Cəbrayılı evə cehizlər gələndə orada görmüşdür. Evin tikintisində kimin işlədiyini və onlara pulu kim verdiyini bilmir. Məhkəmə, proses iştirakçılarının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X11 arasında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 29 dekabr 2017-ci il tarixdə bağlanmış və 3656 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış 19 mart 2021-ci il təvəllüdlü X4 anası - X1 himayəsində qalması və İddiaçı 19 mart 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və 3 (üç) yaşı tamam olana qədər 40 (qırx) manat maddi yardımın xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X5 verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli, 247 №-li arayışlarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 92 saylı mənzilində yaşayır. - İş materiallarına əlavə edilmiş üç nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış 05 yanvar xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 640 saylı, eskiz layihəyə əsasən (B-1766) torpaq sahəsində inşa olunmuş fərdi həyət evi X6 tərəfindən tikilərək oğlu (İddiaçı) və gəlininin (X2) birlikdə yaşamaları üçün istifadələrinə verilmişdir. Qeyd olunan fərdi həyət evinin tikilib başa çatmasına çəkilən bütün xərclər X6 tərəfindən ödənilmişdir. Cəbrayıl Kərimov tərəfindən tikinti işləri başlanmazdan qabaq qeyd olunan torpaq sahəsi tamamilə boş olmuş və orada heç bir tikinti işləri aparılmamışdır. X12 və Cavabdeh2 nikahları pozulanadək həmin evdə yaşamışlar və həmin evdə bir qız uşaqları olmuşdur. - Abonentin saldosundan görünür ki, **********06400 №-li abunə kodu İddiaçı məxsusdur. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən B-1766 saylı evin mülkiyyətçisi Cavabdeh1dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 82.5 m2 olan B-1766 saylı evin və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 0.12 m2 olan B-1766 saylı evin mülkiyyətçisi Cavabdeh1dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq ********* nömrəsi və ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı kimi müəyyən edildi ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində 2015-2017-ci illərdə 30000 manat vəsait sərf olunaraq hazırda ona məxsus olan ev tikilmiş və iddiaçı ilə Cavabdeh2 xx.xx.2017-ci ildə nikaha girərək orada yaşamağa başlamış, həmin nikah xx.xx.2021-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Tikintiyə rəhbərliyi və nəzarəti iddiaçının atası Cəbrayıl Həsənov həyata keçirmiş, ustalara və materiallara görə vəsait onun tərəfindən ödənilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, tərəflərin mübahisəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 varlanmasına, yəni iddiaçının mübahisəli evin tikintisinə sərf olunmuş vəsaitini əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs – Cavabdeh1 əldə etdiklərini məhrum oalna – iddiaçıya qaytarmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının atasının sözügedən evin tikintisinə rəhbərliyi və nəzarəti həyata keçirməsi, eləcə də inşaat materiallarının dəyərini və ustaların əmək haqqlarını ödəməsi işin mübahisəsiz halı olaraq müəyyənləşdirilmişdir. Qeyd olunan hallar həm tərəflərin izahatları, habelə şahid ifadələri ilə təsdiqini tapır. Belə olduqda, cavabdeh tərəf iddiaçının atasının tikintiyə sərf etdiyi pulun onların deyil, xarici ölkədə işləyən Ramazan İsmayılovun (Cavabdeh1 həyat yoldaşı) göndərdiyi vəsait olması barədə dəlillərini sübut etmək vəzifəsi daşıyır. Lakin, bu halı təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədi. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş şahidlər ifadələrində tikintiyə sərf olunmuş pulun cavabdehlərin və ya Ramazan İsmayılovun iddiaçıya, eləcə də onun atası – Cəbrayıl Kərimova verilməsini göstərməmiş, eləcə də məhkəmə araşdırmasında pul köçürmələri, vəsaitin qəbuluna dair sənədlərin mövcud olmaması aşkarlanmışdır. Odur ki, məhkəmə, evin inşaasına çəkilmiş xərcin cavabdeh tərəfinə məxsusluğunun sübuta yetirilməməsi qənaətinə gəlir. Lakin, tərəflərin izahatından, şahid Cəbrayıl Kərimovun, həmçinin digər şahidlərin ifadələrindən, eləcə də işin faktiki hallarından aydın olur ki, mübahisəli əmlakın tikintisinə qoyulmuş xərcin yalnız beş min manatı İddiaçı vəsaitidir. Məhkəmə hesab edir ki, iddiaçı özünün əmlakını tələb etmək hüququna malikdir. Qalan məbləğə dair tələb irəli sürmək üçün onun subyektiv hüququ mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsinə əsl iddiaçı ilə əvəz etmək və ya əlavə iddiaçı cəlbinə dair təklif verilsə də, o, bununla razılaşmadığından işə irəli sürülmüş tələblər üzrə baxılmışdır. Bundan əlavə, məhkəmə hesab edir ki, mübahisəli ev hazırda Cavabdeh1 mülkiyyətində olduğundan, iddiaçının hesabına o, əmlak əldə etdiyindən iddiaya cavab vermək öhdəliyini də məhz Cavabdeh1 daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia beş min manatın Cavabdeh1 tutulması həcmində əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5000 manat pul tutularaq İddiaçı ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə fərdi həyət evinin tikintisinə sərf olunmuş 5000 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar