Məhkəmə qərarları › İş №e-2(060)-1101/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1101/2025

19.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1101/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətdə olan mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh uşaqları xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü Nəbiyev Murad Rauf oğlu ilə birlikdə onun mülkiyyətində olan ünvan 1-da yerləşən 2 otaqlı mənzilindən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh və uşaqları xx.xx.2017-ci il təvəlüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü Nəbiyev Murad Rauf oğlunun iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri,17-ci mikrorayon, ev 44, mənzil 46- da yerləşən 2 otaqlı mənzilindən əmlakları - 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd kamot, 1 ədəd uşaq carpayısı, yataq və qonaq otağı pərdəsi, 2 ədəd çılçıraq, qonaq və yataq otağı xalçası, 1 ədəd divan, 1 ədəd qonaq otagı kamotu, 1 ədəd televizor altı, 1 ədəd soyuducu, 1ədəd paltaryuyanla birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri,17-ci mikrorayon, ev 44, mənzil 46-da yerləşməklə yaşayış sahəsi 32,93 kv.m olan 2 otaqdan ibarətdir. Mənzil üzərində onun mülkiyyət hüquqları xx.xx.2007-ci ildə AR DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsində qeydə alnmış və onun adına çıxarış verilmişdir. Cavabdeh onun oğlu Nəbiyev Rauf Yavər oğlu ilə xx.xx.2016-cı ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan 2 övladları olmuşdur: xx.xx.2017-ci il təvəlüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü Nəbiyev Murad Rauf oğlu Oğlum Rauf xx.xx.2023-cü ildə dünyasını dəyişmişdir. Cavabdeh onunla yola getmir, ona öz şəxsi mülkündə rahat yaşamağa imkan vermir, mütəmadi olaraq onunla dalaşır, üstünə qışqırır və evə od vuracağı ilə hədələyir, o da onun bu hərəkətləri üzündən məcburiyyət qarşısında qalaraq öz mülkündən çıxmışdır, halbuki cavabdeh uşaqları ilə bu mənzilə qeydiyyatda olsa da onun mənzilə hər hansı bir hüququ yoxdur və yaranmış vəziyyətdən yeganə çıxış yolunu onun uşaqları ilə birlikdən mənzildən çıxarılmasında görür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər arasında olan münasibətlər 2009-cu ildən sonra yarandığı üçün yeni mənzil məcəlləsinə əsasən cavabdehin həmin evə hər hansı bir hüququ yoxdur. Cavabdeh iddiaçının ailə üzvü deyildir. Mülki Məcəlləsinin 228.5-ci maddəsində də göstərilir ki, mülkiyyətçinin ailə üzvləri qızı, oğlu və həyat yoldaşıdır. Cavabdeh iddiaçının gəlinidir. Bu zaman da hər hansı istifadə hüququnun olmasından söhbət gedə bilməz. İstifadə hüququ yalnız notarial qaydada verilmiş razılıq ərizəsində ifadə olunur. Bundan əlavə əmlak daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçməlidir. İşdə olan sənədlərdən də görünür ki, iddiaçı cavabdehə belə bir hüquq verməmiş və notarial qaydada razılıq ərizəsi də yoxdur. Cavabdeh iddiaçını bir il olar ki, mənzildən məhrum etmişdir. Mübahisənin yeganə yolu cavabdehin övladları ilə birlikdə əmlakları ilə mənzildən çıxarılmasıdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Sözsöhbətləri həmişə olmuşdur. 2019-cu il tarixdə qeydiyyata güc-bəla ilə düşmüşdür. Çünki anasının evi sökülürdü. Qeydiyyatan çıxarılmanın əsası da yoxdur. Mənzil qaynanasının adınadır. Gəlin gələrkən yoldaşı, qaynanası və daha sonra uşaqlar ilə birlikdə yaşamışdır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, **********70 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - İ-ЖГ seriyalı, 415719 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında 04 may 1977-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin ildə 7 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada isə Nəbiyeva soyadı verilmişdir. - İV-ЖГ seriyalı, 425929 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 sentyabr 1995-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin oktyabr ayının 10-cu günündə 1031 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 12 may 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. X2, Eyyubova Hicran Yavər qızı, X1, X8, X11, X10, Nəbiyev Murad Rauf oğlu, X4 və Cavabdeh qeydiyyatda olan digər şəxslərdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 44 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində yerləşən 51.68 kv.m ümumi, 32.93 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 46 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 109 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 iyul 2016-cı il tarixli, AZ-İİ seriyalı, 117015 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X5 arasında 01 iyul 2016-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin ildə 1605 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada isə Nəbiyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası 2 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 361688 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəbiyev Rauf Yavər oğlu xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində beyin ödemi səbəbindən ölmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məlumatdan görünür ki, Cavabdeh, X3 və Nəbiyev Murad Rauf oğlunun sözügedən mənzil üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 44, 46 nömrəli mənzil İddiaçı məxsusdur.Cavabdehin mənzil üzərində istifadə hüququ yaranmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin, cavabdeh qeyd olunan mənzildən çıxmamaqla və yaşamağa davam etməkdə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh mübahisəli evdə heç bir əsas olmadan yaşadığından iddia əsaslıdır. Məhkəmə hesab edir ki, Cavabdeh və uşaqları xx.xx.2017-ci il təvəlüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü Nəbiyev Murad Rauf oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 44, 46 nömrəli mənzildən əmlakları - 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd kamot, 1 ədəd uşaq carpayısı, yataq və qonaq otağı pərdəsi, 2 ədəd çılçıraq, qonaq və yataq otağı xalçası, 1 ədəd divan, 1 ədəd qonaq otagı kamotu, 1 ədəd televizor altı, 1 ədəd soyuducu, 1ədəd paltaryuyanla birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh uşaqları xx.xx.2017-ci il təvəlüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü Nəbiyev Murad Rauf oğlu ilə birlikdə, ona məxsus əşyaları - 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd kamot, 1 ədəd uşaq carpayısı, yataq və qonaq otağı pərdəsi, 2 ədəd çılçıraq, qonaq və yataq otağı xalçası, 1 ədəd divan, 1 ədəd qonaq otagı kamotu, 1 ədəd televizor altı, 1 ədəd soyuducu, 1ədəd paltaryuyanla birgə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 44, 46 nömrəli mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar