Məhkəmə qərarları › İş №e-2(060)-1102/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1102/2023

08.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1102/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı pul tələbinə dair mülki işə 08 may 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 ABŞ dolları, 326.43 İngiltərə funt sterlinqi, 1125 avro, 150 manat məbləğində pul vəsaitinin, 50 manat məbləğində mediasiya prosesinə çəkilmiş xərcin və 12 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Şirkətinin AR-dakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ağırlıqqaldırıcı avadanlıq üzrə inspektor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı Şirkətinin AR-dakı Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ağırlıqqaldırıcı avadanlıq üzrə inspektor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə İddiaçı Şirkətinin AR-dakı Filialına müraciət edərək onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsini xahiş etmişdir. İddiaçı Şirkətinin AR-dakı Filialının xx.xx.2022-ci il tarixli, 146 nömrəli əmri ilə Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən ləğv edilmişdir. İddiaçı Şirkətinin AR-dakı Filialı Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 4.29-cu bəndinə əsaslanaraq Cavabdeh təhsili və peşəkar inkişafı üçün çəkdiyi xərcləri ondan tələb etmişdir. Cavabdeh həmin çəkilmiş xərcləri ödəməkdən imtina etmişdir. İddiaçı Şirkətinin AR-dakı Filialı tərəfindən Cavabdeh təhsili və peşəkar inkişafı üçün çəkdiyi xərclər aşağıdakı kimidir: 1. xx.xx.2020 - BOSİET - 900 USD (1530 AZN); 2. xx.xx.2021 - C&D: NDT Ultrasonic level 1 – 128.57 GBP (265.75 AZN); 3. xx.xx.2021 - C&D: NDT Eddy Current level 1 - 192.86 GBP (398.64 AZN);

4. 01.2022 - İNTRON: “X3” & “Data Analysis”- 1125 EUR (2,053.91 AZN); 5. xx.xx.2022 - KVET: “Working at Height level 2”– 150 AZN; 6. xx.xx.2022 - C&D: NDT Eddy Current level 2 – 146.94 GBP (303.72 AZN). Ümumilikdə yuxarıda qeyd edilən xərclər 4702.02 manat təşkil edir. Son haqq-hesab üzrə Cavabdeh ödənilməli olan 293.38 manat (141.94 GBP) məbləğində pul vəsaiti onun təhsili üçün çəkilmiş xərclərdən çıxılmış və hazırda Cavabdeh İddiaçı Şirkətinin AR-dakı Filialına ödəməli olduğu məbləğ 4,408.64 manat təşkil edir. Həmin məbləğ Cavabdeh tələb edilsə də, lakin o, bunu ödəməkdən imtina etmişdir. Halbuki tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.29-cu bəndinə əsasən əgər bu müqavilə işçi təşəbbüsü ilə ləğv olunarsa, işçi onun təhsili və peşəkar inkişafı üçün sərf olunmuş maddi vəsaitləri işəgötürənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Yuxarıda sadalanan halların aradan qaldırılması məqsədi ilə cavabdehə müraciətlər edilmiş, o cümlədən mediasiya prosesinə dəvət edilmiş, lakin cavabdeh bu prosesdə iştirak etməmişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı əmək müqaviləsi üzrə öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 900 ABŞ dolları, 326,43 İngiltərə funt sterlinqi, 1125 avro, 150 manat məbləğində pul vəsaitinin, 50 manat məbləğində mediasiya prosesinə çəkilmi xərcin və 12 manat dövlət rüsumunun tutularaq şirkətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini qəbul etmir, ərizəyə etiraz edərək hesab edir ki, tələb əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, ilk növbədə qeyd etmək istəyir ki, iddia ərizəsi iddiaçı qismində İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən imzalanaraq elektron qaydada məhkəməyə təqdim edilmişdir. Lakin iddia ərizəsinə nəzər yetirdikdə görünür ki, başqa bir hüquqi şəxs olan "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş əmək müqaviləsinə də istinad edilərək həmin dövrə aid cavabdehin təlim və peşəkar inkişafı üçün çəkilmiş xərclər tələb edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" MMC ayrı-ayrı hüquqi şəxslər olduğundan iddiaçının başqa hüquqi şəxsin adından hər hansı tələb irəli sürməyə hüquqi ixtiyarı yoxdur. Bundan başqa iddia ərizəsində göstərilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh ağırlıqqaldırıcı avadanlıq üzrə inspektor vəzifəsinə işə qəbul edilmişdir. Halbuki tərəflər arasında bağlanmış sözügedən müqavilədən də görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən işçi ağırlıq qaldırıcı avadanlıq üzrə inspektor peşəsinə əsas iş yeri olmaqla işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi tərəflər arasında xx.xx.2022-ci il tarixində imzalanmaqla möhürlə təsdiq edilmişdir. Ona görə də iddiaçının iddia ərizəsində tərəflər arasında əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlanması ilə bağlı istinadları əsassızdır və qeyridəqiqdir. Qeyd etmək istəyir ki, Cavabdeh əvvəlki illərdə bağladığı əmək müqaviləsinə görə müqavilədə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, yəni şirkət tərəfindən onun təlim və peşəkar inkişafı üçün çəkilmiş xərclərin əvəzi olaraq işlədiyi müəssisəyə öz töhfəsini vermişdir. İddiaçının əvvəlki illərə aid və artıq xitam verilmiş əmək müqavilələrinə istinad etməklə pul tələb etməsi həm yuxarıda qeyd etdiyi xüsusatlara görə, həm də əmək qanunvericiliyinin tələblərinə görə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Yuxarıda sadaladığı dəlillərdən başqa iddiaçı Məcəllənin qeyd edilən tələbinə də riayət etmədiyindən müddəti də ötürmüşdür. Belə ki, Cavabdeh sonuncu iş yeri olan İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialındakı işindən xx.xx.2022-ci il tarixdə çıxaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin ilin fevral ayından etibarən noyabr ayınadək işlədiyi müddət ərzində onun təlim və inkişafı üçün çəkilmiş xərclərin əvəzini öz gördüyü işi ilə kifayət qədər ödəmişdir. Bunan başqa qeyd etmək istəyir ki, Mülki Məcəllənin 53.3-cü maddəsinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. Hazırki işin materiallarından isə qanunvericiliyin həmin tələbinə əməl olunub olunmadığını müəyyən etmək mümkün deyildir. Hesab edir ki, göstərilən xüsusatlara görə iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi tamamilə əsassız və qanunsuzdur. Odur ki, göstərilənlərə əsasən, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı əmək müqaviləsi üzrə öhdəliyin icrası tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında əmək münasibətləri olub və buna müvafiq olaraq əmək müqavilələri bağlanılıb və həmin müqavilələr iş materiallarına əlavə olunub. Tərəflər arasında ilk müqavilə xx.xx.2019-cu il tarixində bağlanılıb. Həmin müqavilə 3 il müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2022-ci il tarixində başa çatmışdır. Bundan başqa "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində müqavilə bağlanılıb, həmin müqavilənin müddəti isə xx.xx.2022-ci il tarixinə kimi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli müqavilə cavabdehin ərizəsi əsasında xitam olunub. Bu müqavilənin müddəti bitdikdən sonra müqavilənin müddəti uzadılıb. Lakin, cavabdeh müqavilənin müddəti bitmədən müqaviləyə xitam verilməsi ilə bağlı ərizə yazıb. Hazırda iddia tələbinin əsasını tərəflər arasında bağlanmış müqavilələrin 4.29-cu maddəsi təşkil edir. Belə ki, həmin maddədə işçinin öz təşəbbüsü ilə işdən azad olunduğu halda iddiaçının pul vəsaitini tələb etmək hüququnun olması qeyd edilib. Məhkəmənin nəzərinə çatdırır ki, həmin əsas bütün müqavilələrdə qeyd edilib. Bildirir ki, Azərbaycanda və xarici ölkələrdə ümumilikdə 6 təlim keçirilib. Təlimlərin xərcləri müxtəlif valyutalar ilə ödənilib. Onu da qeyd edir ki, cavabdeh müqavilənin müddətinin bitməsinə 4 ay qalmış işdən azad olunması üçün ərizə ilə müraciət edib. Əgər cavabdeh 4 ay sonra işdən azad olunsaydı, iddiaçı belə bir tələblə məhkəməyə müraciət etməzdi. Bildirir ki, təlimlərə görə ödənilən məbləğlərin bəziləri yalnız bir işçi üçün deyil, təlimdə iştirak edən bir neçə işçilər üçün ödənilmişdir. Çünki təlimlərə bir neçə işçi cəlb olunmuşdur. Bu səbəbdən bəzi ödəniş qəbzlərindəki məbləğlər həddindən artıq böyükdür. Məsələn Kvet şirkətinə ödənilmiş 1800 manat pulun 150 manat hissəsi cavabdehə məxsusdur. “İntron” şirkətinə ödənilmiş 4500 avro pulun 1125 avrosu cavabdehə aiddir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, təqdim etdiyi etirazda hər şeyi ətraflı qeyd etmişdir. İddia ərizəsi qeyridəqiqdir. Tərəflər arasında sonuncu müqavilə xx.xx.2022-ci ildə bağlanılıb. Ondan əvvəl tərəflər arasında bağlanmış müqavilələrin müddəti bir il olub və həmin müddət də bitib. Müddəti bitmiş müqavilələr üzrə cavabdehdən pul tələb edilməsi əsassızdır. Maddi zərərlə bağlı iddia müddəti bir ildir və həmin müddət ötürülüb. Hesab edir ki, iddia tələbi dəqiqləşməli, müqavilələr və onlara əsasən tələb olunan-ödənilməli olan pul məbləği dəqiqləşdirilməlidir. Hazırda iddiaçı müddəti bitmiş müqaviləyə istinad edərək pul tələb edir. Halbuki müddətin bitməsi ilə bağlı müqavilələrə xitam verilib. Yalnız sonuncu - xx.xx.2022-ci tarixli müqavilə üzrə pul tələb oluna bilərdi, lakin həmin müqavilə üzrə də iddia müddəti ötürülüb. Digər müqavilələr qüvvədə olduğu müddətdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq işlədiyindən hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, 2022-ci il tarixində müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixli, 131 saylı yeni müqavilə bağlanmışdır. 2021-ci il tarixli, 71 saylı müqaviləyə cavabdehin istəyi ilə xitam verilməyib, sadəcə olaraq müqavilənin vaxtı bitib. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh oktyabr ayında ərizə verib, noyabr ayında isə müqaviləyə xitam verilib. Deməli, cavabdeh oktyabr ayına kimi işləyib. Təlim əsasında öyrəndiklərini oktyabr ayına kimi istifadə edib, əməyi istismar olunub. Əgər iddiaçı tərəf cavabdehin işləmədiyi 3-4 ayın pulunu istəyirsə, onda məbləğ bildirilsin və buna uyğun hesablanma aparılsın. Əks halda iddia tələbi əsassızdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC ilə "X6" ayrı-ayrı hüquqi şəxslərdir. Hesab edir ki, "X6" subyektiv hüququ olmadığı halda iddia qaldırmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 015 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək olmaqla üç il müddətinə bağlanmışdır. İş materiallarında olan 071 nömrəli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış, müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. İşdə olan 071 nömrəli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, həmin sazişlə müqavilənin 4.4-cü bəndi yeni redaksiyada verilmiş, müqaviləyə 4.28-4.30-cu bəndlər əlavə edilmişdir. İşdə olan 131 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış, müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 008 nömrəli əmr ilə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X5 müraciət edərək onu xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən (peşədən) azad edilməsi və onunla bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, 146 nömrəli əmrindən görünür ki, həmin əmrlə Cavabdeh tutduğu ağırlıqqaldırıcı avadanlıq üzrə inspektor vəzifəsindən azad edilmiş və onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən və Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hisəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə xx.xx.2022-ci il tarixindən işçinin yazılı ərizəsi və öz təşəbbüsü ilə ləğv edilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Cavabdeh ilə "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan CRT/22/0314 saylı sertifikatdan görünür ki, Cavabdeh X7 və Təlim Şirkəti (LifeLong Center LLC) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə keçirilmiş “Working at Height Level 2” təlimində iştirakı ilə əlaqədar sertifikat verilmişdir. İşdə olan X7 və Təlim Şirkəti (LifeLong Center LLC) ilə "X6" Şirkəti arasında tərəflər arasında qiymətlərin razılaşdırma protokolundan görünür ki, 12 nəfərə görə iki günlük təlimin dəyəri bir nəfərə 150 manat olmaqla, 1800 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********26 nömrəli ödəmə qəbzindən görünür ki, "X6" AR tərəfindən 1800 AZN məbləğində pul KVET LifeLong Center LLC-nin hesabına köçürülmüşdür. İşdə olan 1619/22 saylı təlim sertifikatından görünür ki, Cavabdeh İNTRON PLUS şirkəti tərəfindən keçirilən “Polad trosun Maqnit Cərəyanının yayılmasının Müayinəsi” və WİNTROS proqram təminatından istifadə etməklə məlumatların təhlili kurslarında yanvar 2022-ci il tarixdə iştirakı ilə əlaqədar sertifikat verilmişdir. Həmin təlimin keçirilməsi üçün "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən bir nəfərə 1125 avro olmaqla İNTRON PLUS şikətinə 4500 avro ödəniş edilmişdir. İşdə olan **********32018330 nömrəli sertifikatdan görünür ki, Cavabdeh X1 tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə keçirilən BOSİET təlimində iştirakı ilə əlaqədar sertifikat verilmişdir. Həmin təlimin keçirilməsi üçün "xxxx" MMC tərəfindən X1 Şirkətinə 1530 manat ödəniş edilmişdir. İş materiallarında olan SNT-UT-004 nömrəli NDT sertifikatdan görünür ki, Cavabdeh C&D Access şirkəti tərəfindən təşkil olunmuş xx.xx.2021-xx.xx.2021-ci il tarixli təlimdə iştirak etmiş, ona bununla bağlı sertifikat (X2 İ) verilmişdir. İşdə olan SNT-ET-003 nömrəli NDT sertifikatdan görünür ki, Cavabdeh C&D Access şirkəti tərəfindən təşkil olunmuş xx.xx.2021-xx.xx.2021-ci il tarixli təlimdə iştirak etmiş, ona bununla bağlı sertifikat (X4 Level İ) verilmişdir. İş materiallarında olan SNT-ET-012 nömrəli NDT sertifikatdan görünür ki, Cavabdeh C&D Access şirkəti tərəfindən təşkil olunmuş xx.xx.2022-xx.xx.2022-ci il tarixli təlimdə iştirak etmiş, ona bununla bağlı sertifikat (X4 Level İİ) verilmişdir. İşdə olan NDT təlimlərə dair "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qiymət cədvəlindən görünür ki, Cavabdeh Ultrasonic (UT) dərəcə 1 kursunda iştirakına görə 128.57GBP/265.75 AZN, Eddu Current dərəcə 1 kursuna görə 192.86 GBP/398.64 AZN, Eddu Current dərəcə 2 kursuna görə 146.94 GBP/303.72 AZN ödəniş edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 326.43 İngiltərə funt sterlinqi, 1125 avro, 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Şirkətinin AR-dakı Filialına ödənilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müqavilənin qüvvəsi xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin 4.21-ci maddəsinə əsasən işəgötürən işçinin təhsil və peşəkar inkişafı üçün maddi vəsaitlərin ödənilməsini həyata keçirə bilər. Həmin müqavilənin 4.22-ci maddəsinə əsasən əgər Müqavilə işçinin təşəbbüsü ilə ləğv olunarsa, işçi onun təhsil və peşəkar inkişafı üçün sərf olunmuş maddi vəsaitləri işəgötürənə qaytarmağı öz öhdəsinə götürür. Qeyd edilən müqavilə bağlandıqdan sonra Cavabdeh bir neçə təlimdə iştirak etmiş və təlimlərin dəyəri iddiaçı şirkət tərəfindən ödənilmişdir. Belə ki, Cavabdeh xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə C&D Access şirkəti tərəfindən təşkil olunmuş təlimdə iştirak etmiş, ona bununla bağlı sertifikat (X2 İ) verilmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə C&D Access şirkəti tərəfindən təşkil olunmuş digər təlimdə iştirak etmiş və ona sertifikat (X4 Level İ) verilmişdir. Cavabdeh sözügedən şirkət tərəfindən təşkil olunmuş xx.xx.2022-xx.xx.2022-ci il tarixli təlimdə də iştirak etmiş, ona növbəti sertifikat (X4 Level İİ) verilmişdir. Cavabdeh sözügedən təlimlərdə iştirakı ilə əlaqədar iddiaçı tərəfindən C&D Access şirkətinə müvafiq olaraq 128,57 GBP, 192,86 GBP və 146,94 GBP ödənişlər edilmişdir. İddiaçı şirkət iddia ərizəsində cavabdehin üç təlimdə iştirakına görə ödənilmiş məbləğdən (468,37 GBP) Cavabdeh son haqq-hesab üzrə ödənilməli 141,94 GBP pul məbləğinin çıxıldığını etiraf etmişdir. Eyni zamanda Cavabdeh “İntron” şirkətinin 2022-ci ilin yanvar ayında təşkil etdiyi təlimdə iştirak etmiş, cavabdeh həmin şirkət tərəfindən müvafiq sertifikatla təmin edilmiş, bununla əlaqədar olaraq “İntron” şirkətinə iddiaçı şirkət tərəfindən 1125 avro ödəniş edilmişdir. Cavabdeh iştirak etdiyi təlimlərdən biri də xx.xx.2022-ci il tarixdə KVET şirkəti tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə keçirilmiş “Working at Height Level 2” təlimi olmuş, həmin təlimdə iştirakı ilə bağlı İddiaçı Şirkətinin AR-dakı Filialı tərəfindən 150 manat ödəniş edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin müvafiq təlimlərdə iştirakı və cavabdehin həmin təlimlərdə iştirakı ilə əlaqədar iddiaçı şirkət tərəfindən ödənişlər edilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İş materiallarından görünür ki, tərəflər əmək münasibətlərinə daxil olarkən aralarında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, müqavilədə həmin müqavilənin cavabdehin (işçi) təşəbbüsü ilə ləğv olunacağı təqdirdə işçinin onun təhsil və peşəkar inkişafı üçün sərf olunmuş maddi vəsaitləri işəgötürənə qaytarmaq vəzifəsi təsbit olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə cavabdehin vəkilinin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin müddətinin bitməsi, onlar arasında xx.xx.2022-ci il tarixli yeni əmək müqaviləsi bağlanması, bu səbəbdən müddəti bitmiş xx.xx.2021-ci il tarixli müqavilə üzrə keçirilmiş təlimlərin ödənişinin cavabdehdən tələb edilməsinin əsassız olması barədə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi yeni əmək müqaviləsi kimi deyil, xx.xx.2021-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi məqsədilə bağlanmışdır. Məhkəmə gəldiyi bu qənaəti ilk növbədə onunla əsaslandırır ki, xx.xx.2022-ci il tarixli müqavilənin həm azərbaycan dilində, həm də ingilis dilində tərtib olunmuş giriş hissəsində 71 saylı (xx.xx.2021-ci il tarixli) müqaviləyə istinad edilmişdir. Eyni zamanda müqavilənin 2.3-cü bəndində tərəflərin əmək münasibətlərinin xx.xx.2021-ci il tarixdən (71 saylı əmək müqaviləsinin bağlandığı tarixdən) başladığı qeyd edilmişdir. Bundan başqa əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə elektron sistemə əmək müqaviləsinə dəyişiklik kimi daxil edilmişdir. Məhkəmə sonda onu da qeyd edir ki, Cavabdeh özü də onunla bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçı şirkətə müraciət etmiş, "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, 146 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə ona dəyişiklik edilmiş, əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Məhkəmə gəldiyi bu nəticəni həm də Əmək Məcəlləsinin 46-cı maddəsi ilə əsaslandırır. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Göründüyü kimi əmək müqaviləsinə dəyişiklik edilməsi ilkin əmək müqaviləsinin yenidən tərtib edilməsi yolu ilə də rəsmiləşdirilə bilər. Məhkəmə cavabdehin iddiaçı şirkətin filial olmaqla müstəqil hüquqi şəxs olmaması barədə dəlillərini də qəbul etmir. Belə ki, hüquqi şəxslər haqqında elektron sistemdən əldə edilmiş məlumatdan görünür ki, "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müstəqil hüquqi şəxs olmaqla ********** saylı VÖEN əsasında fəaliyyət göstərir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 900 ABŞ dolları pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 015 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. Sözügedən müqavilənin qüvvədə olduğu müddətdə xx.xx.2020-xx.xx.2020-ci il tarixdə cavabdeh BOSİET təlimində iştirak etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) başqa müstəqil hüquqi şəxs olan "xxxx" MMC (VÖEN **********) ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi ilə əlaqədar hər hansı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn sahibi deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 900 ABŞ dolları pulun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 326.43 İngiltərə funt sterlinqi, 1125 avro, 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi qismən (təxminən 70 faiz) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 62 (50+12) manat dövlət rusumunun 43,40 manat hissəsi cavabdehdən tutulmalı, 18,60 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 326,43 (üç yüz iyirmi altı funt sterlinq qırx üç penni) İngiltərə funt sterlinqi və 1125 (bir min yüz iyirmi beş) avro (və ya hər ikisi ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla), 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti, 43,40 (qırx üç manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar