Məhkəmə qərarları › İş №e-2(060)-1182/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1182/2025

25.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1182/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-ə olan istifadə hüquqlarının itirlimiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 qayınanası, digər Cavabdeh2 isə baldızıdır. Cavabdeh1 11 ildən, digər Cavabdeh2 isə 20 ildən çoxdur ki, ona məxsus mənzildə yaşamırlar. Cavabdeh1 hazırda Sumqayıt şəhəri, Yaşıldərə ərazisində fərdi evdə, digər Cavabdeh2 isə Rusiya Federasiyasında yaşayır. Belə ki, Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşıdır və ailəlidir. Həmçinin onun iki övladı var. Ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Hazırkı mənzil əvvəl Cavabdeh1 məxsus olub və 2013-cü ildə o, həmin mənzili ona bağışlayıb. Cavabdehlərin ona məxsus mənzilə heç bir hüquqları yoxdur. Hesab edir ki, onların ona məxsus mənzilə istifadə hüquqları itirlimiş hesab edilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, ev tələbi yoxdur. Evi o almış, övladlarını böyütmüşdür. 1 övladı şəhid olmuşdur. Sonradan evi iddiaçının adına keçirmişdir. Lakin bir müddət sonra onu evə qəbul etmədilər. Ondan sonra qızı ilə birlikdə yaşamağa başlamışdır. Hazırda şəhid ailəsi olduğu üçün ona 1 otaqlı mənzil verilmişdir. 2013-cü ildən indiyə qədər Yaşıldərədə yaşayır. Evi iddiaçıya həyat yoldaşı vəfat etdikdən sonra bağışlamışdır. Həmin mənzilə ehtiyacı yoxdur. Mənzildən qeydiyyatdan çıxacaqdır. Lakin qızı yay aylarında mənzildən qeydiyyatdan çıxacaqdır. Qızı Cavabdeh2 18 ildir ki, həmin ünvanda yaşamır. Tədqiq olunan sübutlar:

5. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 09 iyul 2013-cü ildə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, 20 iyul 2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”dan görünür ki, Hacıyev Rəşad Əlimövsüm oğlu, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X3, X2, Hacıyev Murad Rəşad oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar.

7. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə verilmiş 14A/170 nömrəli arayışına və Azərbaycan Respublikası Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 14-cü reyestr kitabında qeydə alınmış 16807 inventar iş nömrəli qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 7A ünvanında yerləşən, ümumi sahəsi 84.01 kv.m, yaşayış sahəsi 45,34 kv.m, yardımçı sahəsi 38,67 kv.m olan, 3 otaqlı, 25 nömrəli mənzilini oğlunun arvadı (gəlini) İddiaçı bağışlamışdır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: -30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə verilmiş 14A/170 nömrəli arayışına və Azərbaycan Respublikası Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş, 14-cü reyestr kitabında qeydə alınmış 16807 inventar iş nömrəli qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 7A ünvanında yerləşən 25 nömrəli mənzilini oğlunun arvadı (gəlini) İddiaçı bağışlamışdır. Hal-hazırda Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 7A, 25 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 09 iyul 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı iddiaçının qaynanası Cavabdeh1 və baldızı Cavabdeh2 da qeydiyyatdadır. Hal-hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

14. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi sözügedən mənzil Cavabdeh1 tərəfindən gəlini İddiaçı bağışlanmışdır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin isə həmin mənzilə dair hər hansı hüquqları qalmadığından, hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.

15. Eyni zamanda məhkəmə iclasında cavabdeh İddiaçı da həmin əmlakı gəlininə bağışladığını, həmin mənzildə yaşamadıqlarını və mənzilə dair heç bir iddiasının olmadığını bildirmişdir.

16. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehlərin həmin yaşayış sahəsinə ehtiyacının olması halı müəyyən edilməmişdir (özlərinin daimi yaşadığı başqa yaşayış yeri olduğundan). Bu halda, məhkəmə hesab edir ki, cavabdehlər həmin yaşayış sahəsini daimi könüllü olaraq tərk etdiyindən, bu halın isə hər hansı məcburiyyətdən olması halı müəyyən edilmədiyindən, habelə başqa yaşayış sahəsinə malik olduğundan, indiki halda onların həmin yaşayış sahəsinə ehtiyaclarının olması halı müəyyən edilmədiyindən, cavabdehlərin həmin yaşayış sahəsinə dair istifadə hüquqları itirilmişdir.

17. Həmçinin, məhkəmə onu da qeyd edir ki, indiki halda həmin mənzilin mülkiyyətçisi iddiaçı olmaqla, cavabdehlərdən biri onun qaynanası, digəri baldızı olmaqla, ailə üzvləri hesab edilmədiyindən, habelə onlarla iddiaçı arasında istifadə hüququnun yaranması halına dair hər hansı notarial qaydada təsdiq edilmiş razılaşma və bu hüququn dövlət qeydiyyatına alınması halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməlidir.

18. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 7A saylı evin 25 saylı mənzilinə istifadə hüququna xitam verilməlidir.

Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 7A saylı evin 25 saylı mənzilinə istifadə hüququna xitam verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar