Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1209/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «mənzilin boşaldılması, mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı BOKT ASC Cavabdeh qarşı «mənzilin boşaldılması, mənzildən istifadə hüququna xitam verilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(105)- 1357/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh cəmi 74.544,85 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, X3, 1201D saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq ipoteka predmeti satılması üçün ilkin satış qiyməti 68.000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Keçirilmiş ilkin və təkrar hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 26/02 saylı, 27 aprel 2022-ci il tarixli protokola və həmin tarixdə bağlanan alqı-satqı müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən əldə edilmiş və sözügedən mənzilə dair dövlət reyestrindən çıxarış almışdır. Sözügedən mənzilin hazırda İddiaçı BOKT ASC-nin mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin mənzildə hələ də yaşayırlar və onlara məxus əşyalar həmin mənzildədir. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, əmlakdan istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 123-53460- 1222 saylı məktubundan göründüyü kimi Cavabdeh Sumqayıt şəhəri, X3, 1201D saylı fərdi yaşayış evində qeydiyyatdadır. Sözügedən şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir və onların Bankın mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mənzil barəsində sərbəst şəkildə sərənacam vermək hüquqlarını pozur. Göstərilənlərə əsasən Cavabdeh Sumqayıt şəhəri, X3, 1201D saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi, cavabdehin və icra prosesi zamanı mənzildə olan şəxslərin həmin mənzildən çıxarılması, Sumqayıt şəhəri, X3, 1201D saylı fərdi yaşayış evinin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisələndirilən ev onun yeganə yaşayış yeri olmaqla başqa yaşayış yeri yoxdur. Hərracın keçirilməsi barədə ona xəbərdarlıq edilmədiyindən hərracda iştirak edə bilməmişdir. Odur ki, hazırda həmin evdən çıxarılmasına razı deyil. Qeyd olunan halların məhkəmə tərəfindən nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4356/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2015-ci il tarixli, 2015/00150-01 saylı istehlak kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh iddiaçı xx.xx.2019-cu il tarixə yaranmış əsas borc üzrə 39041 (otuz doqquz min qırx bir) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində qalıq, ona hesablanmış 35002 (otuz beş min iki) ABŞ dolları 87 (səksən yeddi) sent məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4628 (dörd min altı yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 78672 (yetmiş səkkiz min altı yüz yetmiş iki) ABŞ dolları 85 (səksən beş) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı bağ evinin ilkin satış qiymətinin 68000 manat müəyyən edilməsi, bağ evinin açıq hərracdan satılması və onun satışından əldə edilən pul vəsaiti hesabına 78672 (yetmiş səkkiz min altı yüz yetmiş iki) ABŞ dolları 85 (səksən beş) sent məbləğində borcun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1357/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi”nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4356/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(060)-4356/2019 saylı qətnaməsinin cərimə borcuna dair hissədə dəyişdirilməsi, Cavabdeh 500 ABŞ dolları məbləğində dəbbə pulu borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-817/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1357/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, X3, ev 1201D İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
10. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, X3, ev 1201D ünvanında pasport qeydiyyatındadır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı bağ evi iddiaçının xüsusi mülkiyyətindədir və Cavabdeh həmin evdə pasport qeydiyyatındadır. İddiaçı iddia tələbinin təmin edilməsini, cavabdeh isə təmin edilməməsini tələb edir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmçinin, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
18. Məhkəmə qeyd edir ki, İddiaçı BOKT ASC Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı yaşayış sahəsini mülkiyyətinə qəbul etdiyinə görə cavabdehin həmin mənzildə istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
19. Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsində qalması və bunun qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına, həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun «şərti və qeyri-sabit» xarakter almasına dəlalət edir. Cavabdehin hazırki müdaxiləsi nəticəsində iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüququ məhdudlaşdırılmışdır.
20. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
21. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməli, Cavabdeh Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı və yaşayış evi boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir.
Nəticə hissəsi:
24. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdeh Sumqayıt şəhəri, X2 yerləşən 1201D saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın və yaşayış evi boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva