Məhkəmə qərarları › İş №e-2(060)-1265/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1265/2023

05.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1265/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin cənubunda «Samur-Abşeron» kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 130 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 16 dekabr 2022-ci il tarixli **********92 saylı məktubda qeyd olunmuşdur ki, vətəndaş Cavabdeh Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid olan Yeni Yaşayış massivi ərazisində 130 kvadrat metr torpaq sahəsini zəbt edərək orada qanunsuz tikinti işləri aparır. Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhərinin cənubunda «Samur-Abşeron kanalının şimalında salınan Yeni massivinin 7-ci məhəllə ərazisində yerləşən sahəsi 130 kvadrat metr olan həyətyanı torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq fərdi yaşayış evi inşa olunmuşdur. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. İddiaçının nümayəndəsi M.M.Abbasov iddia ərizəsinə uyğun izahat verdi, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etdi və bildirdi ki, onun tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhərinin cənubunda «Samur-Abşeron kanalının şimalında salınan Yeni massivinin 7-ci məhəllə ərazisində yerləşən sahəsi 130 kvadrat metr olan həyətyanı torpaq sahəsi daş hasarı ilə əhatə edilmişdir. Belə ki, həmin sahənin önündə ona məxsus olan ev inşa edilmişdir və həmin ərazi boş sahə olduğu üçün vətəndaşlar tərəfindən oraya tikinti və s.tullantılar atılır. Bunun qabagını almaq üçün həmin ərazini qanunsuz olaraq hasara almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 16 dekabr 2022-ci il tarixli **********92 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təstiq edilmiş «Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə»nin tələblərinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin işçiləri tərəfindən monitorinq keçirilən zaman Sumqayıt şəhəri inzibati ərazisində vətəndaş X3 tərəfindən 95 kv.m və Cavabdeh tərəfindən 130 kv.m Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələrində tikinti işlərinin aparılması faktları müəyyən edilmiş və bu barədə aidiyyəti üzrə tərəflərindən Azərbaycan Respublikasının DİN-nə məlumat verilmişdir. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin əməkdaşları: torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri Q.Ə.Mehdiyev, məsləhətçi E.M.Şükürov, məsləhətçi V.E.Əzimzadənin iştirakı ilə bu aktı tərtib etmişlər ona görə ki, Sumqayıt şəhərinin cənubunda «Samur-Abşeron» kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 130 kvadrat metr olan torpaq sahəsinin (koordinatlar: 39T, X=396573,30, Y=448953.50) metr daşından istifadə edilməklə hündurluyu təqribən 1,20 metr təşkil edən hasara daxilinə alındıgı faktı aşkar edilmişdir. Aşkar edilən faktla əlaqədar müəyyən edildi ki, hasar tikintisi işləri Cavabdeh tərəfindən aparılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəktlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üçün dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, sözügedən torpaq sahəsinə dair cavabdehin adına hər hansı hüquqmüəyyənedici sənəd yoxdur və həmin torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına tutulmuşdur. Həmin faktı Cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təstiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməli və qeyd edilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia təmin edilsin. Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin cənubunda «Samur- Abşeron» kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 130 kvadrat metr olan həyətyanı torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar