Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1275/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçının faktiki mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78-də yerləşən 17 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78 ünvanında yerləşən 17 saylı mənzil 10\574 saylı, 1974-cü il tarixli order ilə iddiaçının atası X2 məxsus olmuşdur. İddiaçının atası 2006-cı ildə, anası X6 isə 2016-cı il tarixdə vəfat etmişdir. Ölümlərindən sonra yuxarıda qeyd olunan mənzilin faktiki mülkiyyətçisi iddiaçı olmuşdur. Cavabdehlər uzun illərdir ki, həmin mənzildə yaşamırlar və yalnız mənzilə qeydiyyatları vardır. Belə ki, onların qeydiyyatı mənzilə formal xarakter daşıyır və Sumqayıt şəhər mənzil kommunal istehsalat birliyi tərəfindən qonşuların iştirakı ilə baglanmış aktda da onların göstərilən mənzildə yaşamadıqları öz təsdiqini tapmışdır. Cavabdehlər iddiaçının yaxın qohumlarıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh1 onun qardaşıdır. Sonuncu dəfə anaları vəfat edən zaman ölkəyə gəlib. O, Rusiya vətəndaşıdır. Digər Cavabdeh2 isə bacısının yoldaşıdır. Onda olan məlumata görə Cavabdeh2 vəfat edib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında bildirdi ki, cavabdehlərdən Cavabdeh2 vəfat edib. Lakin bunu təsdiq edən hər hansı rəsmi sənəd yoxdur. Yalnız bələdiyyənin məktubu və qəbrinin fotoşəkilləri Nizamın vəfatını təsdiq edir. Cavabdeh1 1996-cı ildən bəri Rusiyada yaşayır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1966-cı ildə, qubadlı rayonu, Dondarlı kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən Nizam Abbasov xx.xx.1963-cü ildə, Cavabdeh1 isə xx.xx.1962-ci ildə anadan olmuşlar və onlar ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. İş materiallarında olan 10\574 saylı, xx.xx.1974-cü il tarixli order ilə müəyyən edilir ki, mübahisəli mənzil X2 verilmişdir. 14 saylı Mənzil-Kommunal Sahəsinin 589 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən mübahisəli mənzildə hal-hazırda iddiaçı yaşayır, cavabdehlər isə mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. İşdə olan 14 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və ünvan 2 ünvanında yaşayan X9, ünvan 2 ünvanında yaşayan X14, ünvan 3nvanında yaşayan X3 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Qonşuların və ev yiyələrinin şifahi dediyinə görə X12 vəfat edib. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X7 xx.xx.2022-ci il tarixdə, X8 xx.xx.2016-cı il tarixdə, X4 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. “Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X5 Yardım Stansiyasının xx.xx.2023-cü il tarixli, 731 nömrəli məktubuna əsasən xx.xx.1963-cü il təvəllüdlü X12 adına xx.xx.2016-cı il tarixdə Stansiya və onun struktur bölmələrinə heç bir çağırış daxil olmamışdır. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubunda Cavabdeh1 dövlət sərhədindən sdon çıxış tarixi xx.xx.2015-ci il kimi qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehlər barəsində ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində akt qeydi aşkar edilməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında 1974-cü ildə iddiaçının atası X2 verilmişdir. İddiaçı və cavabdehlər həmin mənzildə Hüseyn Məmmədovun ailə üzvləri kimi yaşamış və mənzildən istifadə hüququ əldə etmişlər. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). Müəyyən edilmişdir ki, cavabdehlər artıq mübahisəli mənzildə yaşamırlar və onların başqa yaşayış yerləri vardır. Cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. İddiaçı məhkəmə iclasında Cavabdeh2 vəfat etdiyini bildirsə də, bununla bağlı hər hansı rəsmi məlumat mövcud deyildir. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7-də yerləşən 17 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-1275/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-1275/2023
27.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver