Məhkəmə qərarları › İş №e-2(060)-1276/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1276/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1276/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüseynova Rəna Fitat qızına məxsus ünvan 2nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün H.Rənaya dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat, tərəflərindən ödənilən dövlət rüsumu kimi ödənilən 361 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 27 iyul 1999-cu il tarixli 515 nömrəli sərəncamına əsasən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 1999-cu il tarixli, 6/2-558-1999 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 03 aprel 1968-ci il təvəllüdlü bacısı Hüseynova Rəna Fitat qızının qəyyumu təyin edilmişdir. Cavabdeh öz bacısının qəyyumu təyin edilənə qədər, yəni 1993-cü ilin dekabr ayında Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 492 №-li əmrinin 6-cı bəndinə əsasən 1-ci qrup əlil şəxslərə, o cümlədən Hüseynova Rəna Fitat qızına mənzil verilmişdir (əmr ərizəyə əlavə edilir). H.Rənaya verilən mənzil ünvan 2nda yerləşmiş və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqdan ibarət idi. Mənzilə dair 14 dekabr 1993-cü il tarixli order təqdim edilmişdir (orderin surəti ərizəyə əlavə edilir). Bundan bir neçə il sonra, xx.xx.2005-ci il tarixdə cavabdeh ona həvalə edilmiş qəyyumluq səlahiyyətlərindən sui-istifadə edərək himayəsində olan bacısına sosial vəziyyətinə görə dövlət tərəfindən verilmiş ünvan 2nda yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında X17 adlı şəxsə satmışdır və əldə olunan məbləği şəxsi məqsədləri üçün mənimsəmişdir. Cavabdeh həmin mənzili satdıqdan sonra Hüseynova Rəna üçün heç bir əmlak almamışdır. Mənzilin 3-cü şəxsin mülkiyyətinə keçməsi faktı iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 noyabr 2022-ci il tarixli cavab məktubunda və qeydiyyat vəsiqəsində öz əksini tapmışdır. Daha sonra, Cavabdeh öz qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2019-cu il tarixli, 95 nömrəli sərəncamı əsasında Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmiş və İddiaçı öz bacısı Hüseynova Rəna Fitat qızının üzərində qəyyum təyin edilmişdir. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırır ki, H.Rənaya məxsus mənzil cavabdeh (keçmiş qəyyum) tərəfindən satıldığı üçün H.Rəna faktiki olaraq evsiz qalmış və öz qardaşı İddiaçı (hazırki qəyyum) evində yaşamağa məcbur olmuşdur. İddiaçı ailə tərkibi çox olduğu və evin sahəsi kiçik olduğu üçün H.Rənanın dövlət tərəfindən ona verilən mənzilə ehtiyacı var. X33 Fitat qızının vaxti ikən mülkiyyətində olmuş ünvan 2nda yerləşən 4 otaqlı mənzilə dair əvvəlki qəyyumu və qardaşı Cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. İstinad edilən normanın tələbindən də göründüyü kimi, qəyyum qəyyumluq orqanının əvvəlcədən icazəsini almadan qəyyumluqda olanın əmlakını özgəninkiləşdirə bilməz. İndiki halda, cavabdeh qəyyumluq funksiyasından istifadə edərək, 2005-ci ildə onun qəyyumluğunda olan Hüseynova Rəna Fitat qızına məxsus 4 otaqlı mənzili satmış və qəyyumluqda olan şəxsi mülkiyyət hüququndan məhrum etmişdir. Lakin, H.Rənanın hüquqları pozulan zaman o cavabdehin qəyyumluğunda idi. Buna görə də, həmin vaxt H.Rənanın pozulmuş hüquqlarının müdafiəsi üzrə subyektiv hüquq ancaq onun qəyyumuna, yəni cavabdehə məxsus idi. Cavabdeh isə H.Rənanın hüquqlarını pozan şəxs olduğu üçün məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab edilən H.Rəna müdafiəsiz vəziyyətdə qalmışdır. Tərəflərindən sözügedən mənzilin, yəni ünvan 2nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzilin bugünkü günə real bazar qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş, sözügedən MMC tərəfindən təqdim edilmiş 12 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən də göründüyü kimi, mənzilin bazar dəyəri 90 000 (doxsan min) manat müəyyən edilmişdir (mütəxəssis rəyi ərizəyə əlavə olunur). Yəni, Hüseynova Rəna Fitat qızı keçmiş qəyyumu olan cavabdehin qanunsuz hərəkətləri nəticəsində 90 000 (doxsan min) manat maddi zərərə uğramışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənzilin bazar dəyərinin müəyyən edilməsi üçün tərtib edilən mütəxəssis rəyinə görə tərəflərindən "xxxx" MMC-yə 150 (yüz əlli) manat xidmət haqqı ödənmişdir (müvafiq qəbz ərizəyə əlavə olunur). Həmçinin, iddia ərizəsinin verilməsinə görə tərəflərindən 361 manat dövlət rüsumu ödənilmişdir (qəbz ərizəyə əlavə olunur). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Beləliklə, şərh edilənlər bir daha onu deməyə əsas verir ki, Hüseynova Rəna Fitat qızına məxsus olan 4 otaqlı mənzil onun keçmiş qəyyumu Cavabdeh qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi və H.Rəna maddi zərərə uğradığı üçün H.Rənanın indiki qəyyumu İddiaçı təşəbbüsü ilə H.Rənanın hüquqlarının müdafiəsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Hüseynova Rəna Fitat qızına məxsus ünvan 2nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün H.Rənaya dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat, tərəflərindən ödənilən dövlət rüsumu kimi ödənilən 361 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiaçının iddia tələbi ilə razı deyildir. Gəldiyi qənaəti aşağıdakılarla əsaslandırır: Qeyd edir ki, iddia ərizəsində göstərilənlərin əksəriyyəti təhrif olunmuş məlumatlardır. İddia ərizəsi özü tamamilə ziddiyyətlidir. İddia ərizəsində göstərilənlərin əksinə olaraq bildirir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 1999-cu il tarixli, 6/2-558-1999 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 03 aprel 1968-ci il təvəllüdlü bacısı Hüseynova Rəna Fitat qızının qəyyumu təyin edilmişdir. Bundan sonra xx.xx.1999-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və onun və ailə üzvlərimin sayı nəzərə alınmaqla qəyyumluqda olan bacısı- Hüseynova Rəna Fitat qızına ayrılmışdır. Artıq onun qəyyumluqda olması nəzərə alınmışdır ki, imtiyazlı ailə kimi hamısına birgə mübahisəli mənzil ayrılmışdır. Yəni, mübahisəli mənzildə olan otaq sayı tək qəyyumluqda olanın adına olmamışdır. Faktiki olaraq mübahisəli mənzil ona və qəyyumluqda olan bacısı Rənaya verilmişdir. İşdə olan sənədlərdən də görünür ki, bütün bu məsələlərə qədər onun üzərində qəyyumluq təyin olunmuşdur. İddia ərizəsində göstərilir ki, guya order iddia ərizəsinə əlavə edilmişdir. Hansıki, iddia ərizəsinə belə bir sənəd əlavə edilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının həmin ünvan 2nda yerləşən 4 otaqlı mənzil qəyyumluqda olan bacısının anasının tələbi ilə bir otaq bacısı Hüseynova Rəna Fitat qızına məxsus olduğu üçün bir otağın pulunun ona verilməsi üçün satılmışdır. Bundan sonra ünvan 2nda yerləşən 4 otaqlı mənzil satılaraq bir otağın pulu anasının tələbi ilə bacısına ev almaq üçün anasına verilmişdir. Qəyyumluqda olan bacısı Rənanın pulu verildikdən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ev 38A/23, mənzil 104-ə olan iki otaqlı ona və ailə üzvlərinə yaşamaqları üçün alınmışdır. Faktiki olaraq bacısının bir otaqlı mənzilinin pulu anasına verilmiş, həmin pul hazırki iddiaçı qardaşı və mərhum anası tərəfindən xərclənmişdir. Bacısı qəyyumluqda olan Hüseynova Rəna Fitat qızı Sumqayıt şəhəri 16-cı məhəllə ev 38A/23, mənzil 104-ə olan iki otaqlı mənzildə onunla və ailə üzvləri ilə yaşamışdır. 2019-cu ildə isə onların mənzil 2 otaqlı olduğuna görə bu mənzildən çıxaraq Bacısı qəyyumluqda olan Hüseynova Rəna Fitat qızı anası tərəfindən ona baxmaqdan ötrü ünvan 1 ünvanına aparılmışdır. Beləliklə, bacısı onun qəyyumluğundan çıxarılaraq 2019-cu ildən mərhum anası və qardaşının qəyyumluğunda olmuşdur. Sonradan iddiaçı qardaşı, bacısı Hüseynova Rəna onunla yaşadığı üçün onun qəyyumluğuna verilmişdir. İddia ərizəsində göstərilənlər ki, guya o qəyyumluqda olanın mənafeyinə zidd hərəkətlər etmişdir, yalan və həqiqətə uyğun olmayan məlumatlardır. İddiaçı qəyyum təyin olunmasından istifadə edərək öz maddi durumunu yaxşılaşdırmaq məqsədi ilə belə bir əsassız iddia qaldırmışdır. Hansı ki həmin vaxtı mübahisəli mənzilin bir otağının bacısına aid pulunu anası ilə birlikdə xərcləmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdeh qarşı ünvan 2nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün H.Rənaya dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat, tərəflərindən ödənilən dövlət rüsumu kimi ödənilən 361 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi iddia ərizəsinin rədd olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh bir neçə yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 1999-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək X29ma məxsus olan 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin 16-cı məhəllə, ev 38A/23, mənzil 104-ə olan 2 otaqlı mənzilə dəyişdirilməsi üçün müraciət etmişdirlər. Müraciətləri Qəyyumçuluq və Himayəçilik Komissiyasının Sədri S.Rəhimov tərəfindən qəbul edilmişdir. 197 saylı cavab məktubu ilə cavablandırılaraq Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin, Sumqayıt şəhəri 16-cı məhəllə, ev 38A/23, mənzil 104-ə olan 2 otaqlı mənzilə dəyişdirilməsinə etiraz etməmişdir. Həmin vaxtlar Qəyyumluq və Himayəçilik Komissiyasında mərhum anası X6 da iştirak etmişdir. Onlar bildirdilər ki, evi dəyişdirib üstündə götürdükləri pula isə bir otaqlı ev almalı idilər ki, Rəna istədiyi vaxt rahat anası ilə orada qala bilsin. Atasından qalan 5 otaqlı ev yəni 42-ci məhəllə, ev 3, mənzil 15 hazırda da qardaşı və onun ailəsinin istifadəsindədir. Bir müddətdən sonra soruşdular ki, ev niyə almadız, anası Xədicə dedi ki, ehtiyac var idi, xərcləyiblər. 25 il keçdikdən sonra qardaşının məhkəməyə müraciət etməsini yalnız belə başa düşürlər ki, o qazanc əldə etmək istəyir. Əgər belə olmasaydı, anasının ölümündən 4 il keçib varlanmaq məqsədi ilə evinə qonaq gedən bacısını öyrədib, xəstəlikdən istifadə edərək öz qəyyumluğuna götürməyə nail olub. O, bacını bu gün də saxlamağa hazırdır, qəyyum olub-olmamasının fərqi yoxdur, iddiaçının düşdüyü vəziyyətdən istifadə etməsi göz qarşısındadır, bu səbəbdən iddia tələbi rədd edilməlidir. Bacısı xx.xx.1968-ci iı təvəllüdlü Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluğunun ləğv edilməsinə açıqlama gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına və qəyyumluq himayəçilik Komissiyasına müraciət etmişdir. Ərizəsində bildirmişdir ki, bacısının üzərində qəyyumluğumun ləğv olunmasına dair hansı əsaslar nəzərdə tutulub və qəyyumluq ləğv olunub və xx.xx.2019-cu il tarixində bacısı Hüseynova Rəna Fitat qızının üzərində qəyyum kimi İddiaçı təyin olunmuşdur. Cavabda ona bildirilir ki, guya o xx.xx.1968-ci iı təvəllüdlü Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirməmişdir. Halbiki, anası- X6 xx.xx.2018-ci ildə dünyasını dəyişənə qədər həm bacısı, həm də anası onlara gəlib-getmiş, o lazım olan qayğıları nə bacısından, nə də anasından əsirgəməmişdir. Lakin anası dünyasını dəyişdikdən sonra qardaşı Natiq onları evə buraxmamış, xəstə bacısını isə onların yanlarına gəlib-getməyə imkan verməmişdir. Qanuni surətdə qəyyum olmamağından asılı olmayaraq Rəna onun bacısıdır, valideynlərinin yadigarıdır, xəstədir. Hazırda da ona baxmağa heç vaxt etiraz etmir. Qardaşı Natiq tamahkarlıq edərək həm onun pensiyasını mənimsəyir, həm də ondan verilmiş pulu tələb edir. Bu barədə onun doğma bacısı hazırda Sankt-Peterburqda yaşayan X21 notarial qaydada ərizə göndərmiş, bütün hadisələrin onun yanında olduğu təsdiq etmişdir. Əgər belə olmasaydı, Natiq susmazdı, onları məhkəmələrdə süründürərdi. Digər şahidlərinin şəxsiyyət vəsiqələrini işə əlavə etmişdir. İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil cavabdehin yazılı izahatına etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə cavabdeh məhkəməyə izahat və 197 saylı arayış təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin izahatı tamamilə əsassızdır və bununla bağlı aşağıdakı xüsusatları məhkəmənin nəzərinə çatdırmaq istəyirlər: 1. Cavabdeh qeyd edir ki, o, 1999-cu ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək sosial vəziyyətinə görə 1993-cü ildə Hüseynova Rəna Fitat qızına verilən ünvan 2nda yerləşən 4 otaqfı mənzili başqa mənzillə, yəni ünvan 5-ə olan 2 otaqlı mənzilə dəyişdirilməsini xahiş etmiş, Komissiyada da buna etiraz etməmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, cavabdehin təqdim etidiyi Qəyyumluq və Himayəçilik Komissiyasının notariusa ünvanladığı məktubdan göründüyü kimi, ünvan 2nda yerləşən 4 otaqlı mənzilin H.Rənaya məxsus olduğu bildirilir. Komissiya evin dəyişdirilməsinə razılığını bildirmişdir, dəyişdirmə nəticəsində əldə ediləcək 2 otaqlı mənzilin qəyyumun adına keçirilməsinə razılıq verməmişdir. Lakin, cavabdeh H.Rənanın 4 otaqlı mənzilini satmış, əvəzinə 2 otaqlı mənzil almışdır, lakin həmin mənzili - Rənanın adına yox, öz adına almışdır və hazırda da cavabdeh öz ailəsi ilə həmin mənzildə yaşayır. Bu fakt onu sübut edir ki, H.Rənaya məxsus olan mənzil cavabdeh tərəfindən satılmış və əvəzinə alınan mənzil də H.Rənanın adına yox, məhz cavabdehin öz adına alınmışdır və H.Rəna öz mülkiyyətindən mərhum olmuşdur. Məhkəməyə təqdim edilən mənzilə dair qeydiyyat vəsiqəsindən də göründüyü kimi ünvan 5də olan 2 otaqlı mənzil Cavabdeh adına rəsmiləşmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, H.Rənaya məxsus olmuş ünvan 2nda yerləşən 4 otaqlı mənzilin əvəzinə alınan 2 otaqlı mənzil H.Həsənağa tərəfindən H.Rənanın adına yox, öz adına rəsmiləşdirilmişdir. Yəni, cavabdeh öz qəyyumluq səlahiyyətlərindən istifadə edərək H.Rənanı vaxtikən ona məxsus olmuş 4 otaqlı mənzildən məhrum etmişdir. Nəzərə alınsa ki, Cavabdeh öz qəyyumluq vəzifelərini lazımi qaydada yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2019-cu il tarixli, 95 nömrəli sərəncamı əsasında Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmişdir, bu halda vaxtikən H.Rənaya məxsus olmuş mənzil (o cümlədən, həmin evin satılması nəticəsində alınan mənzil və əldə edilən pul vəsaiti) H.Rənaya verilməlidir. 3. Cavabdeh izahatında qeyd edir ki, 4 otaqlı evi satandan sonra əldə edilən 2 otaqlı evin üstündə verilən pulu guya anası Xədicə Hüseynovaya verib ki, bacısı H.Rənaya 1 otaqlı ev alsın. Cavabdeh anası H.Xədicəyə bacısı H.Rəna üçün 1 otaqlı ev almaq məqsədilə pul verdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbiərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh 1 otaqlı ev almaq üçün anasına pul verdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, həmin vaxt H.Rənanın qəyyumu məhz cavabdeh H.Həsənağa idi və o özü də 4 otaqlı mənzilin satışından əldə edilən pul hesabına H.Rənanın adına ev almalı idi. Cavabdeh isə H.Rənanın 4 otaqlı mənzili satmış, əvəzində özü üçün 2 otaqlı mənzil almış, qalan pulu da öz şəxsi məqsədləri üçün istifadə etmişdir və nəticədə, H.Rəna ona məxsus 4 otaqlı mənzilindən məhrum olmuşdur. Yuxarıda qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 1993-cü ildə bacısına 4 otaqlı ev verilib. Cavabdeh həmin evi satmaq üçün 1999-cu ildə bacısına qəyyum təyin edilib. Cavabdeh Coratda yaşayan qadından sələmlə pul götürmüşdü və borcu yaranmışdı. Borcunu ödəmək üçün Rənaya məxsus 4 otaqlı evi satdı, əldə edilmiş pul hesabına özünə 2 otaqlı ev aldı, qalan pul hesabına isə bütün borcunu ödəmişdi. Daha sonra qəyyum kimi öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə Həsənağanın qəyyumluğuna xitam verildi. Artıq 30 ildir ki, evlə bağlı mübahisə davam edir. Bacısı Rəna bir gün belə cavabdehlə yaşamayıb, hər zaman onunla yaşayıb. Rənanın qəyyumu əvvəllər Həsənağa idi, bacısı onun evində qeydiyyatda idi. O, qeyd olunan məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət etdiyi zaman qarşı tərəf gəlib orada özlərini yazıq kimi təqdim edərək bildirdilər ki, iki otaqlı evdə 8 nəfər qeydiyyatdadırlar. Cavabdeh 2019-cu ildə bacısını aparsaydı və ya bacısına verilmiş evin satışından əldə edilən puldan bacısının pulunu versəydi, heç məhkəməyə müraciət etməzdi. Aralarında 1999-cu ilə kimi ev, 2018-ci ilə kimi isə qeydiyyat mübahisəsi gedirdi. Anası xx.xx.2018-ci ildə rəhmətə getdikdən iki il sonra cavabdeh onunla əlaqə saxlayaraq Rənanı qeydiyyatdan çıxartmaq istədiyini bildirdi. O isə haqqını ödəyəcəyi təqdirdə bacısını qeydiyyatdan çıxara biləcəyini bildirdi. Lakin Həsənağa yenə də bacısına çatan pulu ödəmədi. Əlavə olaraq bildirir ki, cavabdehin qızı ailə quraraq Xaçmaz rayonunda yaşayır, həmçinin oğlu üçün də Sumqayıtda ev alıb. Lakin buna baxmayaraq cavabdehin övladları hələ də iki otaqlı evdə qeydiyyatdadırlar. Belə ki, İcra Hakimiyyəti tərəfindən evi yoxlanılmış, daha sonra rəy verilmişdi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 1999-cu il tarixli Sərəncam ilə İddiaçı bacısı Rəna Hüseynovanın qəyyumu təyin edilmişdir. Rəna Hüseynova İ qrup əlil olduğuna görə ona 4 otaqlı mənzil verilmişdir. Ekspert rəyinə əsasən evin hazırkı bazar dəyəri 90000 manat məbləğindədir. Ev artıq satılıb və alan şəxs vicdanlı alıcı olduğuna görə evin qaytarılması mümkün deyil. Qeyd edir ki, iddiaçı evin 2005-ci ildən satıldığını bilsə də, qəyyum olmadığına görə mübahisə ilə bağlı müraciət edə bilmirdi. Bundan başqa məhkəmə iclasında verilən izahatlardan aydın oldu ki, Rəna bir gün də olsun mübahisəli mənzildə yaşamayıb. Bundan başqa daha sonra alınan iki otaqlı mənzildə də yaşamayıb. Beləliklə cavabdeh varlanmaq məqsədilə bacısına məxsus mənzili satmış, onun pulunu mənimsəmişdir. O bacısına çatmalı pulu ödədiyini bildirsə də məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Hazırda məhkəmə iclasında ifadə verən şahidlərin ifadələri inandırıcı deyil. Hiss olunur ki, onlar ifadələrini əzbərləyiblər. Hesab edir ki, iddia ərizəsində və yazılı ərizədə qeyd etdikləri hallar məhkəmə iclasında öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onlara 1993-cü ildə 4 otaqlı ev verilib. Həmin mənzil anasının təkidi ilə 2005-ci ildə yox, 1999-cu ildə satılıb. xx.xx.1999-cu ildə evi satanda ev bacısının adına olduğuna görə ona evin alqı-satqısını həyata keçirməyə icazə vermədilər, bacısının qəyyumu olmalı olduğunu bildirdilər. Ona görə də o, 1999-cu ildə bacısına qəyyum təyin edildi. Mənzil onların hər birinin razılığı ilə bacısının adına özəlləşdirildikdən sonra satılmışdır. Hətta Leninqradda yaşayan bacısı da razılıq ərizəsi də göndərmişdi. Mübahisəli evi 6000 manata satıb, bir otağın qiymətini də ev almaq üçün anasına verib. Məhkəmənin nəzərinə çatdırır ki, onun da ailə üzvləri nəzərə alınaraq onlara 4 otaqlı mənzil verilmişdir. Əlil xəstələrə bir otaq verilməli idi. Məhz ona görə də anası bacısına bir otaq verməyi üçün təkid edirdi və o, da Rənaya bir otaq almaq üçün anasına 2000 dollar məbləğində pul vermişdi. Anası isə bacısına bir otaqlı ev almamış, özlərinin ehtiyaclarını qarşılamaq üçün xərcləmişdi. O, özünə çatan pulla ünvan 3 ünvanındakı 23/104 saylı, 2 otaqlı mənzili almışdır. O, hazırda 6 nəfərdən ibarət ailəsi ilə birlikdə həmin 2 otaqlı evdə yaşayır. Hətta bacısı Rəna da hazırda onun evində qeydiyyatdadır. İddiaçının ailəsi isə 4 nəfərdən ibarətdir və o, hazırda ailəsi ilə birlikdə atasından qalan Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən 5 otaqlı mənzildə yaşayır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil 1993-cü ildə alınıb. Rəna Hüseynova İ qrup əlil olduğu üçün ailə tərkibi də nəzərə alınmaqla ona sözügedən mənzil verilmişdi. Bildirir ki, 1993-cü ildən 1998-ci ilə kimi həmin mənzildə yaşamışdırlar. Dəfələrlə qaynı və qaynanası bir otağın pulunun onlara verilməsini tələb edirdilər. Nəticədə qaynanasının tələbi ilə həmin evi 1999-cu ildə Mahir adlı şəxsə satdılar. Baldızı İ qrup əlil olduğuna görə sənədləri imzalaya bilmirdi, buna görə də yoldaşı Həsənağa İcra Hakimiyyəti tərəfindən Rənaya qəyyum təyin edildi. Yoldaşı 1999-cu ildən 2019-cu ilə kimi Rənanın qəyyumu olub. Evin satışından əldə edilən puldan qaynanasıa 2000 dollar, yəni 1500 manat məbləğində pul verildi. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı dəfələrlə evə görə onu döyərək təhqir edib. Lakin qohum olduqlarına görə səsini çıxartmamışdır. Cavabdeh hətta pulu alması üçün anasını da döyürdü. Bildirir ki, verilən pulları baldızı vərəqə qeyd edirdi, lakin baldızı 38 yaşında xəstəlik səbəbindən dünyasını dəyişdi. Bundan sonra iddiaçı həmin vərəqi cırmışdı. Bildirir ki, ev razılıqla alınıb, 1 otaq baldızına düşüb. Qaynı həmin vaxt evdə yaşamırdı. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, hər iki tərəf əmisi uşaqlarıdır. O vaxta anaları himayəsində xəstə qızı və həmçinin maddi vəziyyəti ilə əlaqədar evin satılmasını istəyirdi. Ev hər kəsin razılığı ilə satıldı, evin satış məbləği barədə onun dəqiq məlumatı yoxdur, lakin həmin pul 4 nəfər arasında bərabər şəkildə bölündü və 1500 manat pul Xədicə Hüseynovaya verildi. Pul Xədicəyə 1999-cu ildə Həsənağagildə verildi. Bildirir ki, həmin evdən 3 pay Həsənağaya qalmışdı və o, öznə yeni ev ala bilmişdi. Bildirir ki, əvvəllər əmisi uşaqları mehriban yaşayırdı. Tərəflərin mənzillə bağlı mübahiəsləri anaları rəhmətə gedəndən sonra başladı. Onu da qeyd edir ki, Xədicə Hüseynova onun əmisinin yoldaşı idi və onun evinə tez-tez gedib gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 bildirdi ki, tərəflərin hər ikisi onun əmisi uşaqlarıdır. Sədaqət Hüseynova isə qardaşının qızıdır. Bildirir ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra iki il əmisinin evində qeydiyyatda olmuşdur. Daha sonra ailə qurduqdan sonra yoldaşının dayısı evinə qeydiyyata düşmüşdür. Daha sonra isə hazırda Natiqin yaşadığı evə qeydiyya salınmışdır. Mübahisəli mənzil Rənaya ayrı ev alınması üçün 6350 manata satılmışdı. Bildirir ki, həmin vaxt “Şirvan” pul vahidindən istifadə olunurdu. Bildiyinə görə evin satışından əldə edilən puldan 1500 manat Xədicəyə - yəni əmisinin arvadına verilmişdi, lakin həmin pulun Xədicəyə harada verilməsindən xəbərdar deyil. Qalan pulla isə Həsənağa özünə iki otaqlı mənzil almışdır. Onu da bildirir ki, o, özü də zavodda işləmişdir. Cavabdehə verilən ev 5A ünvanında, ona verilən ev isə 6A ünvanında yerləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirdi ki, tərəflərin hər ikisi əmisi uşaqlarıdır. Bu yaxınlarda digər bir əmisi oğlu rəhmətə getmişdir və onun yas mərasimində məsələni bilmiş və Həsənağaya məhkəmədə şahidlik edə biləcəyini bildirmişdir. Əslində, bu evin satılmasından sonradan xəbərdar olmuşdur. Belə ki, yeznəsinin sinif yoldaşı Mahir adlı şəxs 6000 manata ev aldığını demişdir. Onlarla olan söhbət zamanı onun Həsənağadan ev aldıqlarını öyrənmişdir. Bu barədə atasına dedikdə atası Xədicə ilə əlaqə saxlamış, evin niyə satıldığını öyrənmiş, sonuncu isə dolana bilmədikləri üçün evin satıldığını, qızı Rənaya bir otaqlı ev almaq istədiyini bildirmişdi. Bildirir ki, o, pulun Xədicəyə verilməsini şəxsən özü görməmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Hüseynova Rəna Fitat qızı, X14, X22, Cavabdeh, Qurbanova Nərmin Həsənağa qızı ünvan 5 ünvanında qeydiyyatdadırlar. İşdə olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, 150 manat xidmət haqqı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən ödənilmişdir. İşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 492 nömrəli 01 dekabr 1993-cü il tarixli əmrdən görünür ki, xx.xx.1993-cü il tarixində 1 nömrəli protokola əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin ev bölgüsü şəhid ailələrinə və İ qrup əlillər üçün keçirilmişdir. Həmin əmrlə 12-ci mikrorayon, ev 1/2,5,9 mikrorayon ev 31-dən yeni istifadəyə verilmiş binalardan və boşaldılmış mənzillərin bölüşdürülməsi üzrə Sumqayıt şəhəri mənzil bölüşdürmə, dəyişdirmə və qeydiyyata alınması və mənzil tikinti kooperativlərində mənzil bölüşdürülməsi Komissiyasının xx.xx.1993-cü il tarixli, 95 nömrəli protokolu təsdiq edilmişdir. İşdə olan Mənzil bölüşdürülməsi, mənzil dəyişdirilməsi və mənzil tikinti kooperativləri üzrə mənzil bölüşdürülməsi Komissiyasının xx.xx.1993-cü il tarixli, 95 nömrəli protokolundan görünür ki, yaşayış sahəsi 53.13. kv.m olan 4 otaqlı, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X8 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzilin ümumi sahəsi 80.92 kv.m yaşayış sahəsi 53.13 kv.m, köməkçi sahəsi 27.79 kv.m olmaqla dörd otaqdan ibarətdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli 95 nömrəli, Sərəncamından görünür ki, həmin sərəncam ilə Hüseynova Həsənağa Fitat oğlunun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1968-ci il təvəllüdlü bacısı Hüseynova Rəna Fitat qızının üzərində qəyyum təyin edilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 515 nömrəli Sərəncamı ləğv edilmiş, Hüseynov Cavabdeh Rəna Fitat qızının üzərində qəyyumluq vəzifəsinin icrasından azad edilmiş, Hüseynov İddiaçı Rəna Fitat qızının üzərində qəyyum təyin edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2022-ci il tarixli, 02-186/22 saylı mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzilin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 90000 manat təşkil edir. İşdə olan xx.xx.1993-cü il tarixli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil Hüseynova Rəna Fitat qızına və onun ailə üzvlərinə ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər X5 və Mükiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ünvan 6 xx.xx.2005-ci il tarixli, 4Ə2-168 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X8 adına qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyasının 197 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyası Hüseynova Rəna Fitat qızına məxsus 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin 16-cı məhəllə, ev 38A/23 mənzil 104 olan 4 otaqlı mənzillə dəyişdirilməsinə etiraz etmir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A ünvanda yerləşən 4 saylı mənzil ünvan 6 xx.xx.2005-ci il tarixli, 4Ə2-168 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X8 mülkiyyət hüququ qeydə alınaraq qeydiyyat vəsiqəsi verilmişdir və hal-hazırda mülkiyyətindədir. İşdə olan xx.xx.2023-cü il tarixli, 78 А В ******* nömrəli X21 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, qardaşı Hüseynov Cavabdeh Rəna Fitat qızına məxsus olan, Azərbaycan Respublikası, ünvan 7 ünvanında yerləşən dörd otaqlı mənzilin Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 38A/23 (otuz səkkiz A/iyirmi üç), mənzil 104 (yüz dörd) ünvanında yerləşən iki otaqlı mənzillə mübadiləsi zamanı mərhum anası - X4 bacısı Hüseynova Rəna Fitat qızına ev almaq üçün 1500 (min beş yüz) manatı (2000 (iki min) ABŞ dolları) vermişdi. Lakin öz vəziyyətlərinə görə bacısı Hüseynova Rəna Fitat qızına ev almadılar və pulu xərcləyiblər. Yolun uzaqlığını nəzərə alaraq izahatının qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh, Qurbanova Nərmin Həsənağa qızı, Hüseynova Sədaqət Ələmqulu qızı, X36 oğlu və Hüseynova Rəna Fitat qızı ünvan 5 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təsdiq edilərək məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 492 nömrəli 01 dekabr 1993-cü il tarixli əmri ilə yaşayış sahəsi 53.13. kv.m olan 4 otaqlı, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. xx.xx.1999-cu il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5, mənzil 4 Hüseynova Rəna Fitat qızının adından hərəkət edən Cavabdeh tərəfindən 22000000 (22 milyon) manata X1. xx.xx.1999-cu il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, 38a/23 saylı evin 104 saylı mənzili Cavabdeh X2 adından hərəkət edən X9 14800000 (14 milyon 800 min) manata almışdır. xx.xx.2005-ci il tarixli, 244503 nömrəli mənzilin alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt 12-ci mikrorayon, ev 5, mənzil 4 X20 tərəfindən 78400000 manata X10 (X12 vərəsələri X13, X27, X23, X16 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi) satılmışdır. İşdə olan ərizələrdən görünür ki, Cavabdeh və Hüseynova Sədaqət Ələmqulu qızı Sumqayıt 12-ci mikrorayon, ev 5, 4 saylı mənzilin Hüseynova Rəna Fitat qızının adına özəlləşdirilməsinə razılıq vermişdirlər. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 1999-cu il tarixli, 6/2-558-1999 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Sumqayıt Şəhər icra Hakimiyyətinin 515 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən üzərində qəyyum təyin edildiyi bacısı - xx.xx.1968-ci il təvəllüdlü Hüseynova Rəna Fitat qızının faktiki olaraq İddiaçı himayəsində olduğu və tərəfindən qəyyumluq vəzifələrinin lazımı qaydada yerinə yetirilməməsi nəzərə alınaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 95 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən bacısı xx.xx.1968-ci il təvəllüdlü Hüseynova Rəna Fitat qızının üzərində qəyyumluğu ləğv edilmiş və onun üzərində digər qardaşı - xx.xx.1969-cu il təvəllüdlü İddiaçı qəyyum təyin edilmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 33-cü maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar (33.1). Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar (33.5). Həmin Məcəllənin 36.2-ci maddəsinə görə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh hazırda qəyyumluğunda olan bacısı Hüseynova Rəna Fitat qızının hüquqlarını pozması, 24 il əvvəl qəyyumluq səlahiyyətindən onun ziyanına istifadə etməsi, o cümlədən R.Hüseynovaya məxsus mənzili sataraq pulunu mənimsəməsi barədə halları sübut edə bilməmiş, bu hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi cavabdehin Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2019-cu il tarixli, 95 nömrəli sərəncamı ilə qəyyumluq vəzifələrini lazımı qaydada yerinə yetirməməsi ilə əlaqədar qəyyumluğunun ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin 2019-cu ildə qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirməməsi və bu əsasla qəyyumluğuna xitam verilməsi, onun bundan 20 il əvvəl, 1999-cu ildə də öz vəzifələrini yerinə yetirməməsini təsdiq edən hal kimi qəbul edilə bilməz. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı təxminən 24 il əvvəl baş vermiş, nə iddiaçı, nə də qəyyumluqda olan Hüseynova Rəna Fitat qızının həmin vaxt sağ olan anası keçən bu müddət ərzində bu məsələ ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə və ya İcra Hakimiyyətinə müraciət etməmişdir. Məhkəmə iddiaçının o vaxt R.Hüseynovanın qəyyumu olmadığından məhkəməyə müraciət etməsinin mümkünsüz olması barədə dəlillərini də qəbul etmir. Belə ki, iddiaçı 2019-cu ildə mübahisələndirdiyi kimi, 1999-cu ildə, o cümlədən həmin vaxtdan keçən 24 il ərzində də cavabdehin qəyyumluğunu mübahisələndirə və məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Qəyyumluq və Himayəçilik Komissiyasının Hüseynova Rəna Fitat qızına məxsus 12-ci mikrorayon, ev 5A, mənzil 4-də yerləşən 4 otaqlı mənzilin 16-cı məhəllə, ev 38A/23 mənzil 104 olan 4 otaqlı mənzillə dəyişdirilməsinə etiraz etmədiyini, şahid ifadələrini və işdə olan digər sübutları nəzərə alaraq hesab edir ki, iş materialları ilə mübahisəli mənzilin cavabdehin qanunsuz əməlləri nəticəsində özgəninkiləşdirilməsi öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Hüseynova Rəna Fitat qızına məxsus ünvan 2nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün H.Rənaya dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 361 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Hüseynova Rəna Fitat qızına məxsus ünvan 2nda yerləşən və ümumi sahəsi 80.92 kv.m. (yaşayış sahəsi 53.13 kv.m., köməkçi sahəsi 27.79 kv.m. olmaqla,) 4 otaqlı mənzil cavabdehin qanunsuz əməlləri nəticəsinə özgəninkiləşdirildiyi üçün H.Rənaya dəymiş maddi ziyanın əvəzi olaraq 90 000 (doxsan min) manat pul, həmçinin mütəxəssis rəyi üçün ödənilən 150 (yüz əlli) manat, tərəflərindən dövlət rüsumu kimi ödənilən 361 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar