Məhkəmə qərarları › İş №e-2(060)-1278/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1278/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1278/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2017-ci ildən tanışlıq münasibətləri olmuşdur, tanışlıqları "xxxx" MTK ilə olan iş birliklərindən yaranmışdır. İddiaçı Azərbaycana mərmər daşları gətirən “Can mərmər” şirkəti ilə əməkdaşlıq edərək vaxtaşırı həmin şirkətdən mərmər daşları alıb sataraq müəyyən qazanc əldə edirdi. Həmin işdə İddiaçı onun tanışı X1 müəyyən köməkliklər göstərirdi. 2021-ci ilin sonlarında Cavabdeh İddiaçıla birgə mərmər daşları işi ilə məşğul olaraq şərikli qazanc əldə etmək məqsədilə İddiaçı təklif etmişdir ki, iddiaçı ilə mərmər işinə qoşulmaq istəyir, nağd pulu olmadığına görə özünə məxsus avtomobillərini pul şəklində işə qoyaraq İddiaçıla birlikdə İrandan mərmər gətirib sataraq qazanc əldə etməyə razıdır. Bütün bu danışıqlarda İddiaçı, Cavabdeh və iddiaçının tanışı Ziya Ələkbərli iştirak etmişlər. İddiaçıla Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh özünə məxsus olan “Hyundai AX-35” markalı avtomobilini sataraq pulunu iddiaçıya verməyi və həmin pula mərmər gətirməyi razılaşmış və 2021-ci ilin dekabrın ayının sonunda Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Cavabdeh İddiaçıla birgə özünə məxsus “Hyundai AX-35” markalı avtomobilini 17800 manata satmış, həmin puldan Cavabdeh 1500 manatını özünə götürmüş, qalan 16.300 manatanı İddiaçı vermişdir. Cavabdeh “Hyundai AX-35” markalı avtomobili Natiq adlı şəxsə satıldıqdan sonra həmin avtomobilin mühərriki sıradan çıxdığına görə alıcı Natiq adlı şəxs mühərrikin yenisini əldə etmək üçün İddiaçı 3000 manat pulu geri almışdır və İddiaçı Cavabdeh “Hyundai AX-35” markalı avtomobilin satışından ona verdiyi 16.300 manat puldan 3000 manatını alıcının özünə qaytarmışdır və iddiaçıda həmin puldan 13.300 manat qalmışdır. Cavabdeh özünə məxsus “CAK” markalı avtombilini də satış üçün iddiaçıya təqdim etmiş, lakin həmin avtomobil satılmadığından Cavabdeh “CAK” avtomobilini iddiaçıdan geri götürmüşdür. Cavabdeh İddiaçıla birgə iş birliyi quraraq mərmər biznesinə qatıldığı üçün ilkin olaraq “Hyundai AX-35” markalı avtomobilinin satışından İddiaçı 16.300 manat pulu verdikdən sonra, növbəti dəfə özünə məxsus “Skayn” markalı 99 -- 271 dövlət qeydiyyat nişanlı yük avtomobilini satıb pula çevirərək mərmər biznesinə qoymağa razılıq vermişdir, lakin ilkin verdiyi 13.300 manatın və satılacaq “Skayn” markalı yük avtomobilinin pulunun təminatı kimi əvəzində İddiaçı dəyərli əmlak tələb etmişdir. İddiaçı borc əvəzinə ona Nazim İbrahimov adlı şəxs tərəfindən verilmiş ünvan 1 ünvanında "xxxx" MMC-nin inşa etdiyi hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən sahəsi 94 kv. metr olan 47 nömrəli mənzili Cavabdeh adına rəsmiləşdirə biləcəyini və həmin mənzili Cavabdeh mərmər biznesinə qoyduğu 13.300 manat pulun və satılacağı “Skayn” markalı yük avtomobilinin satış pulunun həmin pulların cəmi miqdarında təminat kimi cavabdehə təklif etmiş və Cavabdeh bu təkliflə razılaşmış və xx.xx.2022-ci il tarixdə cavabdeh İddiaçıla "xxxx" MMC arasında “Kooperativ binada mənzil tikintisi haqqında” Müqavilə imzalanmışdır və həmin müqaviləyə əsasən ümumi dəyəri 94.000 manat İddiaçı tərəfindən ödənilən "xxxx" MMCnin inşa etdiyi ünvan 1ndə yerləşən hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki sahəsi 94 kvadrat metr olan 2 otaqlı 47 nömrəli mənzil Cavabdeh adına payçı qismində rəsmiləşdirilmiş və həmin mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı Cavabdeh təqdim olunmuşdur. Bundan sonra, Cavabdeh heç bir pul ödəmədən öz adına 94.000 manat dəyərində mənzilin rəsmiləşdirildiyini və həmin mənzilin müqaviləsini və maliyyə arayışını əlinə aldıqdan sonra özünə məxsus “Skayn” markalı yük avtomobilini satmağa razılaşmış və həmin avtomobili 47.000 manat dəyərində qiymətləndirərək İddiaçı vermiş və sonuncu Cavabdeh iştirakı ilə cavabdehə məxsus “Skayn” markalı yük avtomobilini Ayaz adlı şəxsə 33.000 manata girova qoyaraq sonuncuda 33.000 manat pul almış və həmin pulun 3.000 manatını Cavabdeh vermiş, qalan 30.000 manat pul İddiaçı qalmışdır. Bir neçə müddət sonra İddiaçı Cavabdeh pulundan 14.000 manatını özünə qaytarmışdır. Ümumilikdə Cavabdeh 50800 manat pulundan İddiaçı 21.000 manat pul vəsaitini cavabdehə qaytarmışdır, cavabdehin onda 30.000 manat pulu qalsa da, Cavabdeh 94.000 manat dəyərində mənzil vermişdir və Cavabdeh verilən mənzili dəyəri olan 94.000 manatdan 30.000 manat Cavabdeh məxsus pul vəsaiti çıxıldıqda, cavabdehin İddiaçı hazırda 64.000 manat borcu qalmışdır. Həmin pulu Cavabdeh İddiaçı qaytarmaq əvəzinə pulları qaytarmamaq üçün İddiaçı barəsində Bakı şəhər Baş Polis İdarəsinə, sonradan Abşeron RPİ-nə şikayət ərizəsi verərək iddiaçıdan 50.000 manat şişirdilmiş pul vəsaiti tələb etmiş və sonuncunu onu aldatmaqda gunahlandırmaq istəmişdir. Cavabdeh şikayəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq Abşeron RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi A.Kazımovun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, İddiaçı birgə qurulmuş mərmər biznesinə görə cavabdehə qaytarmalı olduğu 30.000 manat pulun təminatı kimi Cavabdeh verdiyi 94.000 manat dəyərində mənzilin pulundan 30.000 manat pul çıxıldıqdan sonra qalan 64.000 manatını İddiaçı qaytarmalı oduğu halda qaytarmaq istəmir və iddiaçının 64.000 manat pul vəsaitini özündə qanunsuz saxlayır. Hazırda İddiaçı 64.000 manat puldan 47.000 manatını Cavabdeh tələb edir. Göstərilənlərə əsasən Cavabdeh 47.000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 64.000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bildirdi ki, Mahir onun iş yoldaşı olmuşdur. Mahir ona məxsus bütün əmlakları, mülklərini əlindən almış, ona qarşı dələduzluq cinayətini törətmişdir, onun sözügedən əməlləri ilə bağlı Abşeron rayonunda cinayət işi açılmışdır və bununla bağlı istintaq davam edir. Hal-hazırda iddiaçının ona 55500 manat borcu vardır. Mahir nəinki onu, digər 20 ailəni də aldadaraq binada mənzil satılacağını bildirmiş, lakin həmin bina tikilib başa çatdırılmamışdır. Həmçinin, Mahir ondan İrandan mərmər gətirib satmaq bəhanəsi ilə 1 “Scania” markalı yük maşını və 2 minik maşını alaraq pulunu mənimsəmişdir. O, “Hyundai ix35” markalı avtomobili etibarnamə ilə idarə edirdi. İddiaçı “Scania” markalı yük avtomobilini 50000 manata satmış, həmçinin onu məcbur edərək alqı-satqı müqaviləsini imzalatdırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında iclasında şahid qismində dindirilən X4 öz ifadəsində bildirmişdir ki, “Scania” markalı avtomobili qoşqusu ilə birlikdə almışdır. Mahir ona zəng vuraraq 33000 manata belə bir maşın olduğunu bildirmiş və o da razılaşaraq avtomobili almışdır. Avtomobilin rəsmiləşdirilməsi zamanı o, gələcəkdə yaranacaq problemləri əngəlləmək üçün avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi kimi qeyd olunan şəxsin alqısatqı zamanı gətirilməsini tələb etmişdir. Həmin şəxs gələrək alqı-satqını həyata keçirmişlər. Həmin şəxsin ad-soyadını xatırlamır. Bir müddət sonra isə onlar ona avtomaşının geri qaytarılması barədə müraciət etmişlər. O, onlara iki ay ərzində çəkdiyi xərci və maşının alış qiymətini ödəməklə avtomobili geri qaytarmağı təklif etmişdir. Bundan sonra isə onlardan heç bir xəbər gəlməmişdir. Avtomaşının qeydiyyat nömrəsi 271 idi. Qeydiyyat şəhadətnamələrinin şəkli hal-hazırda telefonunda vardır. Cavabdehin adını unutsa da, onun fotoşəklinə baxdıqda həmin insan olduğunu xatırlayır. Alqı-satqı müqaviləsini o, cavabdehlə bağlamışdır. Lakin avtomobilin qiyməti olan 33000 manatı İddiaçı təqdim etmişdir. Cavabdehin avtomobilin qiyməti barədə məlumatının olubolmamasından məlumatı yoxdur.

8. Məhkəmə iclasında iclasında şahid qismində dindirilən X1 öz ifadəsində bildirmişdir ki, 2021-ci ilin dekabr ayında Nurəli ilə görüşmüşlər. Nurəli onlara avtomobillərinin olduğunu və onları sataraq iş görmək istədiyini bildirmişdir. O, isə Nurəliyə avtomobillərin satılmasında köməklik edə biləcəyini demişdir. İlk növbədə “Hyundai ix35” markalı avtomobili 17800 manata sataraq həmin puldan 1500 manat götürdükdən sonra yerdə qalan məbləği Mahirə vermişdir. “Jac” markalı avtomobili isə sata bilməmişlər. “Scania” markalı TİR-ın qarşılığında isə razılaşmaya əsasən Mahir Yasamalda yerləşən 94000 manat dəyəri olan 3 otaqlı mənzili Nurəlinin adına keçirmişdir. TİR isə çox gec satıldı. Hal-hazırda məhkəmə iclasında olan şahid qismində iştirak edən Ayaz adlı şəxs isə həmin TİR-ı almışdır. Cavabdeh ilə onun heç bir ədavəti olmamışdır. Onu ancaq 2-3 dəfə Mahirin yanında görmüşdür. “Hyundai ix35” markalı avtomobili 17800 manata satılaraq onun alqı-satqısı zamanı alıcı ilə Nurəli özü danışıb. Avtomobilin real dəyəri həmin zaman 18000 manat civarında olmuşdur. Həmçinin, avtomobil satıldıqdan sonra onun motorunda problem yarandığından və söz-söhbət yaranmasının qarşısının alınması üçün Mahir öz hesabına avtomobili təmir etdirmişdir. “Jac” markalı avtomobilə Mahir tərəfindən 800 manatdan çox xərc çəkilmişdir. Lakin o, satıla bilmədiyi üçün Nurəliyə geri qaytarılmışdır. “Scania” markalı TİR-ın real orta bazar qiyməti 35000-37000 arası olardı. Həmin TİR isə problemləri olduğu üçün 33000 manata satılmışdır. Yük maşınının 33000 manata satılmasından Nurəli məlumatlı idi, hətta həmin puldan 3000 manatını ona vermişdilər. Mahirin Nurəliyə verdiyi evin ölçüsü 94 kv.m, hər kv.m-in qiyməti isə 1200-1250 manat idi. Nurəli Mahirə ümumilikdə götürdükdə avtomobillərin satışı qiyməti ilə birlikdə 29000 manata yaxın pul vermişdir. Həmçinin, Mahir evi Nurəlinin adına keçirmək üçün MTK-ya 14000 manat pul ödəmişdir.

9. İşin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli «Kooperativ binada mənzil tikintisi haqqında» müqavilədən görünür ki, həmin müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1-ci bina, "D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47 saylı mənzili payçı Cavabdeh təhvil verməyi, payçı isə mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər.

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov tikilməkdə olan 1-ci bina, "D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47 saylı mənzilin dəyərini ödəmişdir, hazırda heç bir borcu yoxdur.

11. İş materiallarında olan Abşeron rayon Pİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» Qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

12. Həmin qərardan görünür ki, Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı dindirilən Cavabdeh izahatında bildirmişdir ki, Mahir və Ziya ilə Abşeron rayonu Saray qəsəbəsində “Ziya” kafesində görüşüb söhbət etmişlər və aralarında olan razılaşmaya əsasən özünə məxsus “Hyundai AX35” markalı və “Ceri” markalı avtomobilləri onlara verməli olmuşdur. Elə həmin vaxt 27 dekabr 2021-ci il tarixdə Ziya avtomobil alqısatqısı ilə məşğul olan şəxslərlə danışıb, iki nəfər şəxsləri həmin kafeyə çağırmışdır.Onun həmin avtomobilləri Ceyranbatan qəsəbəsində yerləşən “Şah” şadlıq sarayının qarşısında olduğu üçün onlar birlikdə gedib avtomobillərə baxmışlar və “Hyundai AX35” markalı avtomobili onlara 18500 manata, “Ceri” markalı avtomobili isə 16000 manata oradaca onlara vermişdir. Həmin vaxt “Hyundai AX35” markalı avtomobilin pulundan ona 1500 manat Mahir vermiş, onlar isə həmin avtomobilini 17000 manata satmışlar. 28 dekabr 2021-ci il tarixdə o, həmin avtomobillərə görə Ziyaya etibarnamə də vermişdir. Ondan sonra 07 yanvar 2022-ci il tarixdə özünə məxsus “Skayn” markalı, ******* qeydiyyat nişanlı avtomobili 50000 manata Xırdalan şəhərində “Ekologiya” DYP postun arxasında Mahir ilə Ziyaya vermişdir, ondan sonra həmin gün onların tapdıqları Ayaz adlı şəxsə baş etibarnamə vermişdir. Həmin vaxt Mahir ona avtomobilin pulundan 3000 manat verdi və bildirdilər ki, avtomobili 50000 manata satırlar. Onlar dedilər ki, avtomobillərin pullarını toplayıb mərmər üçün İrana göndərəcəklər. Həmin gün Mahir və Ziya ilə Bakı şəhəri Binəqədi rayonunda olan "xxxx" MMC-nin ofisinə getmişlər, ona 2 otaqlı mənzilə dair sənədləri vermişlər və o, da müqaviləni imza etmişdir. Onlar demişlər ki, həmin mənzili onun adına sənədləşdirmişlər, İranlı bir şəxs mərmər daşını verəndən sonra bu mənzili də həmin İranlının adına keçirəcəklər. Mahir ilə Ziya ona demişlər ki, 06 yanvar 2022-ci İl tarixdə mərmər gələcək. Lakin həmin günlərdə mərmər gəlmədiyi üçün o, onlardan pulunu istəmişdir. İki ay sonra 2022-ci ilin mart-aprel ayında Mahir ilə Ziya ona onlara verdiyi "Ceri” markalı avtomobili qaytarmışlar ki, həmin avtomobili sata bilməyiblər. Elə həmin günlərdə də Mahir ilə Ziya ona 14000 manat pul verib demişlər ki, onların mərmər işi alınmayıb, İranlı onları aldadıb, ona görə onun avtomobillərinin pulunu qaytaracaqlar. Lakin bu günədək onlar onun pulunu qaytarmamışlar. Mahir ilə Ziya ona hazırda 50000 manat pul verməlidirlər.

13. Həmin Qərara əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin dekabr ayında Cavabdeh tanışı İddiaçı ilə birlikdə razılaşdıqları şərtlər əsnasında şərikli mərmər alqı-satqısı ilə məşğul olmaq üçün razılığa gəlmişlər və bu məqsədlə Cavabdeh bir ədəd “Hyundai AX35” markalı və bir ədəd “Skayn yük” markalı avtomobili mərmər alqısatqısı ilə məşğul olmaq üçün pul əvəzində razılaşdıqları qiymətə “Hyundai AX35" markalı avtomobili 17800 manata satmışlar, həmin puldan 1500 manat Cavabdeh götürmüş, qalan 16300 manat pul isə mərmər alqı-satqısı üçün İddiaçı qalmış, eyni məqsədlə Cavabdeh verdiyi “Skayn yük" markalı avtomobili 33000 manata satmışlar, həmin puldan 3000 manat pulu Cavabdeh götürmüş, qalan 30000 manat pul isə mərmər alınması üçün İddiaçı qalmış, mərmər gətirilməsi üçün İddiaçı qalmış 46300 manat puldan 15000 manat "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov tikilməkdə olan 1-ci bina, "D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47 saylı mənzilin alınması üçün vermiş, həmin mənzil Cavabdeh adına sənədləşdirilmiş, qalan məbləğdə pul isə mərmər gətirilməsi üçün vermiş, bundan sonra isə 14000 manat pulu Cavabdeh qaytarmışdır. Müraciət edən Cavabdeh tanışı İddiaçı ilə razılaşdıqları mərmər alqı-satqısı ilə məşğul olacaqları işdən narazılıq edərək hazırda İddiaçı ona 50000 manat pul verməsini tələb edir.

a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında iş birliyinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən İddiaçı ona qarşı dələduzluq edildiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edilmiş, onun şikayəti əsasında Abşeron rayon Pİ-nin İstintaq şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda İddiaçı Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 64.000 manat pul tələb edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

16. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

17. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

18. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

19. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

20. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

21. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

22. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

23. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi cavabdehin adına sənədləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov tikilməkdə olan 1-ci bina, "D” blok, 7-ci mərtəbə, sahəsi 94 kvadratmetr, 2 otaqlı, 47 saylı mənzilə 94.000 manat pul ödənildiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mənzil üçün İddiaçı tərəfindən 15.000 (on beş min) manat pul ödənilmişdir.

24. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin ünvanda tikinti başa çatmamışdır.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar