Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-130/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18470.07 manat əsas və 3872.37 manat faiz borcu olmaqla, cəmi 22342.44 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 157.56 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 131-ə (ümumi sahə 60.31 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 götürdüyü kredit borcunu 18 ayadək ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) xx.xx.2019-cu il tariхli, GA.540203.1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Еyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında xx.xx.2021-ci il tariхli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7730 saylı rəyi ilə razı olmasada əlavə məhkəmə ekspetizasının keçirilməsi barədə vəsatəti yoxdur. O, eyni zamanda ipoteka predmetinin likvid dəyəri 52000 manat satış qiymətinə müəyyən edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək, ipoteka predmetinin likvid dəyəri 52000 manat satış qiymətinə müəyyən edilməsinə etirazı olmadığını bildirdi. O, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7730 saylı rəyi ilə razı olduğunu bildirdi. Digər Cavabdeh2 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, borclu Cavabdeh1 18 ay müddətinə, illik 22% dərəcəsi ilə 30887 manat kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 47000 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019cu il tarixli kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18470.07 manat əsas və 3872.37 manat faiz borcu olmaqla, cəmi 22342.44 manat borcu vardır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, ünvan 1, mənzil 131-in mülkiyyətçisi Cavabdeh1dur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 131 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında onlardan pul tələb olunması barədə xəbardar edilmişdirlər. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 131 saylı mənzilinin hazırki satış (likvid) dəyəri 52000 manat təşkil edir. İş üzrə mütəxəssis rəyinə əlavə edilmiş hesab fakturadan iş üzrə mütəxəssis rəyinin dəyərinin 200 manat təşkil etdiyi, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından isə mütəxəssis rəyinin dəyərinin İddiaçı ASC tərəfindən ödənildiyi göstərilmişdir. - Cavabdeh1 məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2022-ci il tarixdə edilmişdir. - xx.xx.2023-cü il tarixli, 9/7730 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 18470.07 manat əsas və 3872.37 manat faiz borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Еyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında xx.xx.2021-ci il tariхli zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7730 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 200840-540203/2 saylı müqavilədə qeyd olunan şərtlər nəzərə alınaraq, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu 20.237,33 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 19.418,52 manat; faiz borcu üzrə - 818.81 manat. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu 20.237,33 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 19.418,52 manat; faiz borcu üzrə - 818.81 manat. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığından iddia bu hissədə də təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında xx.xx.2019-cu ildə ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, yüklü edilmiş əmlakın qiyməti 47000 manat müəyyən edilmişdir. Məhkəmə, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatın nəticəsi olaraq verilmiş rəyi və tərəflərin bununla razılaşmalarını nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 52000 manat göstərilməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra Cavabdeh1 mənzildən çıxarılmalı və əmlak boşaldılmalıdır. Belə ki, mülki qanunvericiliyə əsasən sözügedən mənzil açıq hərrac vasitəsilə özgəninkiləşdirildikdən sonra qanuni sahibinin sərəncamına verilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumlarının və xidmət haqlarının 191.51 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda mütəxəssis rəyinin dəyərinin əvəzi olaraq cavabdehlərdən 181.2 manat tutularaq İddiaçı ASC-yə ödənilməli, 18.8 manat isə iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq iddiaçıdan 9.4 manat, cavabdehlərdən 90.6 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19418.52 manat əsas və 818.81 manat faiz borcu olmaqla, cəmi 20237.33 manat borc və ödənilmiş dövlət rüsumlarının və xidmət haqlarının 191.51 manat hissəsi alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) fərdi yaşayış evinə yönəldilsin. ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) fərdi yaşayış evinin ilkin satış qiyməti 52000 manat müəyyən edilsin. ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) fərdi yaşayış evi açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 19418.52 manat əsas və 818.81 manat faiz borcu olmaqla, cəmi 20237.33 manat borc və ödənilmiş dövlət rüsumlarının və xidmət haqlarının 191.51 manat hissəsi İddiaçı ASC-yə ödənilsin, qalan vəsait isə Cavabdeh1 qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh1 ünvan 1, mənzil 131 (ümumi sahə 60.31 kv.m) fərdi yaşayış evindən çıxarılsın və həmin mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olaraq cavabdehlərdən 181.2 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı ASC-dən 9.4 manat, cavabdehlərdən 90.6 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********00********) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-130/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-130/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver