Məhkəmə qərarları › İş №e-2(060)-154/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-154/2022

24.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-154/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixli, 2015/00111-01 №-li kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 122 saylı evin 4 nömrəli mənzili (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi 165, М3, m 1) girov qoymuşdur. Cavabdeh 07 avqust 2015-cı il tarixli, 2015/00111-01 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında yerinə yetirmədiyindən Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2018 saylı, 11 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh cəmi 37179.27 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus ünvan 1, 4 nömrəli mənzilə, yeni qaydalarla Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 165, М3, m 1-ə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunmuş pul hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2018 saylı, 11 iyun 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2018 saylı, 11 iyun 2018-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 54000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsindən narazı qalmış və kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(102)-117/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(105)-532/2019 saylı qətnaməsinə əsasən ipoteka predmeti olan ünvan 1, mənzil 4 (yeni qaydalarla Sumqayıt şəhəri, S. Vurğun küçəsi 165, М3, m 1) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən, 54 000 manata “X3” MMC-də satışa çıxarılmışdır. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X3” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında yekun protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakm Dövlət Reyestrindən Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 122 saylı evin 4 nömrəli mənzilinə İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. (Qeydiyyat № **********, tarix: xx.xx.2021). İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh və onun ailə üzvləri hal-hazırda da fakitiki olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 122 saylı evin 4 nömrəli mənzilində (уeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi 165, М3, m 1) yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh və qətnamənin icra olunduğu tarixdə icra məmuru tərəfindən ünvan 1, mənzil 4-də (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) aşkar olunan digər şəxslərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, həmin şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, mənzil ucuz qiymətləndirildiyinə görə iddia tələbini qəbul etmir. Cavabdeh onun qardaşıdır, iddia tələbi qardaşına qarşı qaldırılsa da, pulu özü götürmüş, mənzildə də özü 30 ildir ki, ailə üzvləri ilə birlikdə yaşamışdır. Belə ki, mübahisəli mənzil atasının adına olmuş, daha sonra qardaşının adına keçirilmişdir. Açıq ürək əməliyyatı keçirmiş, xəstəxanadan yeni çıxmışdır. Yaxın müddətdə iddiaçı ilə razılıq əldə edərək pulu ödəmək niyyətindədir. Məhkəmə iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2018 saylı, 11 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə bağlanmış 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə yaranmış əsas kredit borcu üzrə 24347,70 ABŞ dolları, faiz borcuna görə 12781,57 ABŞ dolları, dəbbə borcuna görə 50 ABŞ dolları olmaqla, cəmi 37179,27 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 1, 4 nömrəli mənzilə Yeni qaydalarla AZ 5004, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 165, M3, m 1 yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunmuş pul vəsiti hesabına İddiaçı BOKT ASC-nə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-532/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(060)-5682/2018 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə Cavabdeh 24347,70 ABŞ dolları məbləğində əsas, 12781,57 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh əsas borc üzrə 24287,85 ABŞ dolları, faiz borcu üzrə 11996,69 ABŞ dollarının tutulması, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 54000 manat müəyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-117/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(105)-532/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti təmin edilməyərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-532/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1796/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9780/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 4 (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) İddiaçı BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 27 aprel 2021-ci il tarixli, № 32/02 saylı hərracın nəticələri haqqında yekun protokolun surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1, 4 saylı mənzil (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) 34425 manata "xxxx" Açıq Səhmdar Cəmiyyəti almışdır. İş materiallarına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27 aprel 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1, 4 saylı mənzil (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) 34425 manata İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, mübahisəli ünvan 1, mənzil 4 (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) qanuni əsaslarla İddiaçı BOKT ASC-nin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq cavabdehlər evi boşaldıb, iddiaçıya təhvil verməkdən yayınırlar. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin mənzili təhvil verməməsi maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) Cavabdeh tərəfindən boşaldılmalı, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı BOKT ASC-yə təhvil verilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil (yeni qaydalarla AZ 5004 Sumqayıt şəhəri ərazi vahidi, Səməd Vurğun küçəsi 165, M3, m 1) Cavabdeh tərəfindən boşaldılsın və bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı BOKT ASC-yə təhvil verilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayit Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar