Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1559/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X1, müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə "ayrı-seçkiliyin aradan qaldırılması və dərs yükü ilə təmin edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbə qarşı "ayrıseçkiliyin aradan qaldırılması və dərs yükü ilə təmin edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 21 yanvar 2008-ci il tarixində Sumqayıt şəhəri 2 nömrəli orta məktəbə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı rəhbər vəzifəsinə təyin olunmuşdur. Həmçinin iddiaçı ilə Sumqayıt şəhəri 2 nömrəli orta məktəb arasında xx.xx.2008-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Lakin xx.xx.2008-ci il tarixli əmək müqaviləsində işçinin vəzifəsi “sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı rəhbər” kimi qeyd olunsa da, həmin dövrdə qüvvədə olan “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif- İxtisas sorğu kitabçası”na görə İddiaçı vəzifəsi “Tərbiyəvi işlər üzrə direktor müavini” kimi qeyd olunmuşdur. Qeyd edilir ki, “Ümumi təhsil müəssisələrinə X9nun tənzimlənməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 11 may 2011-ci il tarixli, № 795 nömrəli əmri ilə “2009-2010-cu tədris ilində Bakı şəhərinin, 2010-2011-ci dərs ilində isə digər regionların ümumtəhsil məktəblərinə X9nun üç mərhələdən ibarət müsabiqə yolu ilə aparılmasına başlanılmışdır”. İddiaçı işə qəbul olduğu zaman hələ X9 barədə müsabiqə təsis olunmamışdır. Dolayısı ilə iddiaçının müsabiqə əsasında işə qəbul olunmaması şəxs üçün mənfi hal hesab edilə bilməz və bu səbəbdən işçiyə qarşı heç bir ayrı-seçkilik tətbiq oluna bilməz. Buna baxmayaraq, sırf müsabiqədə iştirak etmədiyi üçün xx.xx.2013-cü il tarixində İddiaçı razılığı alınmadan işçi həmin məktəbin direktor müavini vəzifəsindən müəllim vəzifəsinə, yəni daha aşağı vəzifəyə keçirilmişdir. O cümlədən, yeni vəzifəyə keçirildikdən sonra İddiaçı dərs yükü minimuma endirilmişdir. Belə ki, həftəlik dərs yükü 6 saata endirilərkən işçinin razılığı belə alınmamış və nəticədə İddiaçı ilə digər müəllimlər arasında ayrı-seçkiliyə yol verilmişdir. İddiaçı X8 1999-cu ildən bu yana pedoqoji fəaliyyətdədir. Belə ki, iddiaçı “Kimyaçı” ixtisası üzrə magistr pilləsində təhsil almışdır. 29 il ərzində pedoqoji fəaliyyətdə olan və kifayət qədər təcrübəyə malik bir mütəxəssisin nəinki dərs yükü azaldılmalı, əksinə şəxs iş yerində daha da irəli çəkilməlidir. Sözsüz ki, verilən dərs saatı ilə razılaşmayan İddiaçı pozulmuş hüquqlarının bərpası və layiq olduğu dərs saatı ilə təmin olunmaq məqsədilə həm cavabdeh Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbinin müdiriyyətinə, həm də xx.xx.2023-cü il tarixində Abşeron-Xızı Regional İdarəsinə müraciət etmişdir. İddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və faktiki olaraq hüquqlarının təmin edilməsindən imtina edilmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur və İddiaçı pedoqoji təcrübəsi və təhsilinə münasibətdə minimum 1 stavka dərs yükü (18 saat) ayrılmalıdır. İşçinin barəsində vəzifə dəyişiklikləri şəxsin razılığı alınmadan həyata keçirilmişdir. Belə ki, nə aşağı vəzifəyə keçirilərkən, nə də dərs yükü azaldılarkən İddiaçı razılığı alınmamışdır. Halbuki, AR Əmək Məcəlləsinin 59-cu maddəsində də qeyd olunmuşdur ki,“işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.” Həmçinin qeyd edilir ki, qüvvədə olan Əmək Məcəlləsi işçinin vəzifə maaşı və stavkasının azaldılmasını qadağan etmişdir. Hətta işçi keçirilmiş diaqnostik qiymətləndirmədən aşağı nəticə əldə etsə belə, bu halda sözügedən məcəlləyə görə işəgötürən tərəfindən ixtisasartırma kurslarına və ya təlimlərə cəlb oluna bilər. Lakin göründüyü kimi, cavabdeh orqan bu halların heç birini nəzərə almadan, işçinin razı olub-olmamasına önəm vermədən qərəzli şəkildə şəxsin dərs yükünü azaltmışdır. Abşeron-Xızı Regional İdarəsinin iddiaçının müraciətinə verdiyi cavab məktubunda isə işçinin dərs yükünü azaldılmasına dair əsaslı bir səbəb göstərilməmişdir. Belə ki, 17 aprel 2023-cü il tarixli cavab məktubunda İddiaçı MİQ-də (X9 müsabiqəsi) iştirak etmədiyi üçün minimum dərs saatı ilə təmin olunduğu qeyd olunmuşdur. Halbuki, əmək qanunvericiliyinə görə əmək vəzifəsində müsabiqə ilə qəbul olunan işçi ilə müsabiqədən kənar qəbul olan işçi arasında heç bir fərq qoyula bilməz. O cümlədən, İddiaçı işə qəbul olunduğu dövrdə müəllim vəzifəsi üzrə işə qəbul müsabiqə əsasında həyata keçirilmirdi. Hətta Azərbaycan Respublikası Təhsil nazirinin 11 may 2011ci il tarixli 795 nömrəli “Ümumi təhsil müəssisələrinə X9nun tənzimlənməsi barədə” əmrinin preambulasında da qeyd olunmuşdur ki, “mövcud nöqsanların aradan qaldırılması məqsədilə 2008-2009-cu tədris ilindən Respublikanın ümumtəhsil məktəblərində müəllim vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edilmişdir. Bu məqsədlə 2009-2010-cu tədris ilində Bakı şəhərinin, 2010-2011-ci dərs ilində isə respublikanın ümumtəhsil məktəblərinə X9nun yeni qaydalar əsasında müsabiqə yolu ilə aparılmasına başlanılmışdır.” Yəni, iddiaçı 2008-ci ildə işə qəbul olmuşdur və bu günədək əmək vəzifələrini icra etməkdə davam edirsə, deməli, şəxsin əmək fəaliyyətində və işə qəbul prosedurunda heç bir qanunsuzluq mövcud deyil. X9 üzrə müsabiqə isə 2009-2010-cu tədris ilindən etibarən aparılmağa başlanılmışdır. Sözsüz ki, həmin əmr 2009-cu il və sonrakı illərdə işə qəbul olunmağa namizəd müəllimlər üçün tətbiq olunmalıdır. Bir il öncə işə qəbul olunan və sözügedən əmr verildiyi zaman artıq müəllim vəzifəsini icra edən işçiyə həmin akt şamil oluna bilməz. Bu, hər şeydən əvvəl, vətəndaşın təməl kontitusion hüquqlarına ziddir. Çünki, normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. İstisna olaraq AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndində qeyd olunmuşdur ki,“fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” Göründüyü kimi, yalnız vətəndaşın vəziyyətini yüngülləşdirən hallarda normativ hüquqi aktın geriyə qüvvəsi vardır. Lakin sözügedən mübahisədə müvafiq əmrin qüvvəyə mindiyi dövrdən əvvəl yaranmış münasibətə şamil edilməsi İddiaçı vəziyyətini ağırlaşdıraraq şəxsin təməl hüquqlarını pozur. İddiaçı ilə digər işçilər arasında ayrı-seçkiliyə yol verilmişdir. Qeyd edilir ki, hələ 2013-cü ildə İddiaçı direktor müavini vəzifəsindən qanunsuz şəkildə müəllim vəzifəsinə keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil nazirinin 11 may 2011-ci il tarixli 795 nömrəli “Ümumi təhsil müəssisələrinə X9nun tənzimlənməsi barədə” əmrinin 5.4-cü bəndində qeyd olunmuşdur ki, “yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri işə qəbul üzrə müsabiqənin nəticələrinə uyğun olaraq Nazirliyin rəsmi məktubu əsasında vakant yeri tutmuş müəllimlərlə əmək müqaviləsinin bağlanmasını və əmrlə rəsmiləşdirilməsini təmin etsinlər.” Göründüyü kimi, sözügedən bənd vakant yerlər üzrə işə qəbulu nəzərdə tutmuşdur. Halbuki, həmin dövrdə İddiaçı direktor müavini vəzifəsini icra edirdi, yəni sözügedən vəzifə üzrə boş vakansiya mövcud deyildi. Bu da onu göstərir ki, cavabdeh orqan tərəfindən iddiaçıya qarşı ayrı-seçkilik göstərilərək, qanunsuz şəkildə şəxsin vəzifəsi dəyişdirilmişdir. O cümlədən, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” AR Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrəli Qərarında qeyd olunmuşdur ki, “bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır).” Göründüyü kimi, iddiaçı haqqı olduğu dərs yükündən heç bir əsas olmadan məhrum olmuşdur. İddiaçının kimya fənnini tədris etdiyini və ümumtəhsil məktəblərində əksər hallarda həmin fənn üzrə müəllim sayının çox olmadığını nəzərə alaraq bildirilir ki, İddiaçı minimum 18 saat, yəni bir stavka dərs yükü ilə rahatlıqla təmin oluna bilərdi. Lakin cavabdeh orqan şəxsin hüquqlarını pozaraq və digər işçilərlə müqayisədə şəxsə qarşı ayrı-seçkiliyə yol verərək onu özəmək funskiyasını icra etməkdən məhrum etmişdir. Həmçinin, müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəllimlər sertifikatlaşdırmadan keçirilir. Qeyd edilir ki, respublika üzrə kimya müəllimlərinin sertifikatlaşdırma proseduru hələ həyata keçirilməmişdir. Sertifikatlaşdırma proseduru özü növbəli şəkildə həyata keçirilir və bu günədək ibtidai sinif fənləri, o cümlədən Azərbaycan dili və ədəbiyyat fənləri üzrə tədrisi həyata keçirən müəllimlər sertifikatlaşdırma proseduruna cəlb olunmuşlar. Yəni, hələ peşəkarlıq səviyyəsi belə yoxlanılmayan bir müəllim üçün sadəcə öz mülahizələrinə əsasən dərs saatlarının azaldılması qanunsuz və əsassızdır. Qeyd edilir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın 5-ci maddəsinə əsasən “üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar (5.2); təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar (5.3); təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir (5.4).” Halbuki işçinin tədris etdiyi fənn üzrə hələ sertifikatlaşdırma proseduru başlamamışdır. Əgər başlasa idi və yuxarıda qeyd olunan maddələr üzrə işçi sertifikatlaşdırmadan keçməsə və ya iştirak etməsə idi, bu zaman şəxs işdən azad olunmalı idi. Yəni, cavabdeh müəssisə də özünün haqsız olduğunu və əsassız şəkildə işçini haqqı olduğu dərs saatından məhrum etdiyini yaxşı bilir. Nəticə etibarı ilə İddiaçı əmək hüquqları hazırda kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən, cavabdeh Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbi tərəfindən İddiaçı qarşı edilən ayrı-seçkilik hallarının aradan qaldırılmasına və şəxsin minimum 1 stavka (18 saat) dərs yükü ilə təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2008-ci il tarixli, 19 saylı əmrində qeyd edilmişdir ki, “ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon təhsil şöbəsi ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir”. Əvvəla, məktəbin direktoru 2013-cü il tarixində iddiaçının əmrin vermişdir. Razılaşan məktəbin direktoru olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununda, etimad prinsipində konkret olaraq qeyd olunur ki, inzibati praktikaya qanunla etimad qorunursa, bu zaman qorunmalıdır. İddiaçı ərizə yazmış, direktor isə iddiaçını müəllimə olaraq işə təyin etdiyini bildirmişdir. İddia müddəti ilə bağlı ərizəyə etirazın ikinci əsası odur ki, iddiaçı vaxtında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı əvvəlcə inzibati məhkəməyə müraciət etmiş və inzibati məhkəmə iddianı qeyri-mümkün hesab etmişdir. Əlavə olaraq da, bu məsələ davam edən münasibət olduğu və iddiaçı da həmin məktəbdə işlədiyi üçün bir aylıq müddətin hazırki mübahisə üzrə tətbiq olunması mümkün deyildir. Hazırki tələb üzrə iddiaçı istənilən zaman məhkəməyə müraciət edə bilər. İddiaçı 2013-cü il tarixində işdən azad edilməsi ilə bağlı ərizə yazmışdır. 14 sentyabr tarixində direktor iddiaçının müavin vəzifəsindən azad edilməsi və məktəbdə müəllim kimi fəaliyyətini davam etdirməsi ilə bağlı əmr vermişdir. Orada konkret olaraq iddiaçının 2013cü il tarixindən tutduğu direktor müavini vəzifəsindən azad edilməsi və məktəbdə fəaliyyətinə müəllimə kimi davam etməsi qeyd edilmişdir. Tərəf əgər Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşma məsələsini əsas gətirirsə, bu inzibati orqanın problemidir. İddiaçı 2009-cu il tarixində müəllimə kimi işləmişsə, MİQ imtahanlarının iddiaçıya heç bir aidiyyəti yoxdur. Ötən prosesdə tərəf MİQ-in qaydalarının 2010-2012-ci il tarixlərindən tətbiq edilməyə başladığını qeyd etmişdir. Qeyd etdiklərinə əsasən iddia müddətinin ötürülməsinin əsassız olduğunu hesab edir, həmçinin qanunverciliyə əsasən 6 saatlıq iş yükünün verilməsi konstitusion prinsipə və bərabərlik hüququna ziddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalarının” 3-cü bəndinə görə bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), liseylərin, gimnaziyalar məktəbi və peşə liseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər. İddiaçı xx.xx.2008-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə işə qəbul edilmiş, həmin vaxtdan etibarən məktəbdə tutduğu vəzifə ilə yanaşı, həm də müəllim kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçiləri»nin dərs yükü normalarının müəyyən edilməsi haqqında“ xx.xx.2010-cu il tarixli 215 nömrəli Qərarına uyğun dərs bölgüsü əsasında dərs tədris etmişdir. İddiaçı xx.xx.2013-cü il tarixli ərizəsi nəzərə alınaraq məktəbin 68 nömrəli əmrinə əsasən xx.xx.2013-cü il tarixdən tutduğu məktəbin sinifdən xaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsindən azad edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi qaydaları" əsasında fəaliyyət müəllim kimi davam etdirmişdir. Yəni, İddiaçı məktəbdə müəllim kimi işləməyə davam edərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq edilmə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və X9 Qaydaları”na əsasən müsabiqədə iştirak etməmiş və müəllim kimi işə qəbul edilməmişdir. Ona görə də İddiaçı müəllim kimi hüquqi statusu Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi qaydaları" ilə məhdudlaşır, müsabiqə yolu ilə işə qəbul edilən müəllimlərlə eyni deyildir. İddiaçı məktəbdə yalnız direktor müavini vəzifəsinə təyin olunmuş, məktəbdə əmək müqaviləsi əsasında müəllim vəzifəsinə isə işə qəbul edilməmişdir. İddiaçı məktəbin direktor müavini olduğu üçün sırf bu səbəbdən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi qaydaları”nda nəzərdə tutulan qaydada müəllim kimi iş yükü ilə təmin edilmiş, tutduğu vəzifədən azad olunduqdan sonra isə onun “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” əsasında işə qəbul olunmuş digər müəllimlər kimi iş yükü ilə təmin edilməsi üçün qanunla müəyyən edilmiş hüquqi əsas aradan qalxmışdır. Ona görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təlimatı sənədləri rəhbər tutulmaqla, məktəbin Pedaqoji Şurasının xx.xx.2023-cü il tarixli, 1 saylı protokoluna əsasən İddiaçı 2023-2024-cü il tədris ili üzrə minimum 6 saat dərs saatı verilmişdir.
5. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim edilmiş sənədlərdən də görünür ki, həqiqətən 2008-ci il tarixində bağlanan müqaviləyə görə iddiaçı cavabdeh təhsil müəssisəsində sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə qəbul edilmişdir. 14 sentyabr 2013-cü il tarixli ərizəsində iddiaçı 16 sentyabr 2013-cü il tarixdən direktor müavini vəzifəsindən azad edilməsi ilə bağlı ərizə təqdim etmişdir. Qeyd edir ki, direktor müavini təşkilatçı vəzifəsi ilə eyni statusa malikdir. Məktəbin rəhbəri tərəfindən isə iddiaçının direktor müavini vəzifəsindən azad edilməsi və məktəbin müəllimi kimi fəaliyyətini davam etdirməsi qeyd edilmişdir. Bununla bağlı 14 sentyabr 2013-cü il tarixində 68 nömrəli əmr verilmişdir. Lakin, bununla bağlı iddiaçı ilə yeni əmək müqaviləsi bağlanmamışdır. Tərəflərin əmək münasibətlərinin mənbəyində məktəb tərəfindən verilən daxili əmr dayanmışdır. Əmək müqaviləsi bağlanmadan müəllim kimi fəaliyyət göstərmək hal-hazırki qanunvericiliyə zidd deyildir. Belə ki, təhsil spesifik sahədir. Müəllimlərə dərs saatlarının verilməsi, müavinlərin dərs saatlarını tədris etməsi həm Nazirlər Kabinetinin Qərarları ilə, həm də Təhsil Nazirliyinin daxili əmrləri ilə təsdiq olunmuş qaydalar əsasında tənzimlənir. Hazırki mübahisə üzrə Abşeron-Xızı Regional Təhsil İdarəsi fəaliyyətə başlayandan sonra nazirlik tərəfindən ümumi Respublika üzrə bütün regional idarələrə MİQ imtahanlarında iştirak etmədən müəllim vəzifəsində çalışan şəxslərin siyahısı göndərilmişdir. İdarələr arasında həmin şəxslərin imtahanlara cəlb edilməsi, müsahibələrdə iştirak etdikdən sonra yerlərin vakansiyalara çıxarılması və onların işlə təmin edilməsi göstərişi verilmişdir. MİQ imtahanı ilə işəqəbulla bağlı qaydalar 2011-ci ildə təsdiqlənmişdir. 2011-ci il tarixdən bütün müəllimlərin təhsil müəssisələrində işəqəbulu yalnız mərkəzləşmiş qaydada müsabiqə vasitəsi ilə təşkil edilir. Müsabiqədə iştirak edən, keçid balını toplayan müəllimlər vakant yerlərə təyinat alırlar. Hazırki mübahisə üzrə görünür ki, iddiaçı müəllimlik fəaliyyətinə müəllim kimi işə qəbul edilməklə deyil, direktor müavini vəzifəsinə işə qəbul edilməklə başlamışdır. Hansı ki, həmin dövrdə, 26 avqust 2008-ci il tarixdə Nazirlər Kabinetinin Qərarı əsasında Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək müqaviləsinin tənzimlənməsi qaydaları olmuşdur. Həmin qaydalarda nəzərdə tutulmuşdur ki, təşkilatçı, direktor müavini vəzifəsində işləyən şəxslər tutduqları vəzifə ilə yanaşı müəllim kimi dərs saatları tədris edə bilərlər və onların dərs saatları konkret limitlə müəyyən edilmişdir ki, bu da 6 saatdan çox ola bilməz. Çünki tutduqları vəzifə vardır və əsas vəzifələri həmin işi icra etməkdir. Ehtiyac yaranarsa, müəllim çatışmamazlığı və digər üzrlü səbəblər olduğu halda və yaxud şərait varsa həmin limit çərçivəsində dərs saatları tədris edə bilərlər. İddiaçının dərs saatlarının azaldılması qanunvericiliyə uyğun olmuşdur. Belə ki, Nazirlik tərəfindən göndərilən MİQ imtahanlarında iştirak etməyənlər siyahısında məhz iddiaçının adı vardır. Texniki yanlışlığın olmaması, həqiqətən də tərəflərin arasında hüquq münasibətinin yarandığı dövrdə iddiaçının MİQ imtahanında iştirak etmədən işə qəbul edilməsinin qüvvədə olan qanunvericiliyə uyğun şəkildə müəyyən olunması ilə bağlı araşdırma aparılmışdır. Məlum olmuşdur ki, iddiaçı ilk əmək fəaliyyətinə müəllim kimi başlamamışdır. İddiaçı 2008-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır və hansı ki, həmin dövrdə MİQ imtahanı ilə bağlı qaydalar qüvvəyə minməmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan İddiaçı tərəfindən Sumqayıt şəhər 2 nömrəli orta məktəbinə ünvanlanan xx.xx.2008-ci il tarixli ərizəsindən görünür ki, o, 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin “Kimya” fakultəsini bitirib bakalavr dərəcəsi almış, 1999-cu ildə həmin universitetin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib kimya ixtisası üzrə magistr dərəcəsi almışdır. 1999-cu ildən 2006-cı ilədək Şərur rayon Şəhriyar kənd orta məktəbində “kimya müəllimi” vəzifəsində işləmişdir. Hal-hazırda ailə həyatı qurub Sumqayıt şəhərində yaşadığı üçün onu “sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı” vəzifəsinə qəbul edilməsini xahiş etmişdir.
8. İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin xx.xx.2008-ci il tarixli, 7 nömrəli əmrindən Çıxarışın surətindən görünür ki, İddiaçı kimya, magistr dərəcəli, 6 illik pedaqoji staja malik, 2 nömrəli məktəbə xx.xx.2008-ci il tarixindən sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı rəhbər vəzifəsinə qəbul edilməsi barədə onunla əmək müqaviləsi bağlanılması əmr edilmişdir.
9. İş materiallarında olan Azərbaycan respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbində «sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı» vəzifəsinə təyin edilmişdir.
10. İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb üzrə Pedaqoji Şuranın xx.xx.2022-ci il tarixli, 1 saylı protokolundan çıxarışın surətindən görünür ki, Pedaqoji Şura tərəfindən Elm və Təhsil Nazirliyinin təlimatına əsasən İddiaçı işə qəbulu MİQ-dən kənar hesab edildiyi üçün 2022-2023-cü tədris ili üzrə ona 6 saat dərs saatı verilməsi qarara alınmışdır.
11. İş materiallarında olan İddiaçı tərəfindən Sumqayıt şəhər 2 nömrəli orta məktəbinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2013-cü il tarixdən direktor müavini vəzifəsindən azad edilməsini xahiş etmişdir.
12. İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin xx.xx.2013-cü il tarixli, 68 nömrəli əmrindən Çıxarışın surətindən görünür ki, İddiaçı məktəbin sinifdənxaric və məktəbdən kənar işlər üzrə direktor müavini, kimya müəllimi xx.xx.2013-cü il tarixdən tutduğu direktor müavini vəzifəsindən öz xahişinə əsasən azad edilməsi, məktəbdə fəaliyyətini müəllim vəzifəsində davam etdirməsi əmr edilmişdir.
13. İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli, 76 nömrəli əmrdən Çıxarışın surətindən görünür ki, İddiaçı məktəbin ali təhsilli kimya müəlliminin 6 saat dərs yükü ilə təmin edilməsi əmr edilmişdir.
14. İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb üzrə Pedaqoji Şuranın xx.xx.2023-cü il tarixli, 1 saylı protokolun surətindən görünür ki, Pedaqoji Şura tərəfindən Elm və Təhsil Nazirliyinin təlimatına əsasən İddiaçı işə qəbulu MİQ-dən kənar hesab edildiyi üçün 2023-2024-cü tədris ili üzrə ona 6 saat dərs saatı verilməsi qarara alınmışdır.
15. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin-də xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü ilədək “sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı” vəzifəsini icra etmişdir. xx.xx.2013-cü il tarixdə kimya vəzifəsinə keçirilmiş, direktor vəzifəsindən azad olunaraq müəllimlik fəaliyyətini davam etdirmişdir
16. İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 119 nömrəli əmrdən Çıxarışın surətindən görünür ki, İddiaçı məktəbin ali təhsilli kimya müəlliminin 6 saat dərs yükü ilə təmin edilməsi əmr edilmişdir.
17. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, dərs saatı ilə bağlı müraciətə (daxilolma № 3-29-36/1-H-253- 4/2023, xx.xx.2023) Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən baxılmışdır. Bildirilir ki, X9 müsabiqəsində iştirak etmədiyinizə görə minimum dərs saatı ilə təmin olunmuşdur.
18. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-02798 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində medasiya xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbdə məktəbin sinifdənxaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsində çalışmış, Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbin xx.xx.2013-cü il tarixli, 68 nömrəli əmrinə əsasən xx.xx.2013-cü il tarixdən tutduğu direktor müavini vəzifəsindən öz xahişinə əsasən azad edilərək, məktəbdə fəaliyyətinin müəllim vəzifəsində davam etdirməsi əmr edilmişdir. İddiaçı X9 müsabiqəsində iştirak etmədiyinə görə minimum dərs saatı ilə təmin olunmuşdur. Hazırda iddiaçı 1 stavka (18 saat) dərs yükü ilə təmin edilməsini tələb edir, cavabdeh etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə yanaşı, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatları da müəyyənləşdirmişdir.
21. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).
22. Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq hüquq aktlarında, o cümlədən “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır.
23. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir.
24. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi).
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
26. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
27. Eyni Məcəllənin 57.2-ci maddəsinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X2 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.
28. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.
29. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Sərəncamının 1- 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar.
30. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədrisköməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” Normaların 3-cü bəndinə əsasən ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə taarifləşməyə cəlb etməklə 18 saata (ildə 720 saata qədər) dərs apara bilərlər.
31. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamənin 3.1-ci maddəsinə əsasən Pedaqoji Şuranın vəzifələrinə daxildir: ...3.1.2.6. Dərs bölgüsünün təsdiqi...
32. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükünün müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda, həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir.
33. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək məktəbdə sinifdənxaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsində çalışıb, 2013-cü ildən ixtisasına uyğun olaraq kimya fənnini tədris edir. Hazırda onun bu fənn üzrə dərs yükü 6 saat təşkil etmişdir.
34. Məhkəmə qeyd edir ki, iddiaçının uzun illər direktor müavini kimi çalışması, sonradan məktəbin əmri ilə müəllim vəzifəsinə keçirilməklə (öz xahişi ilə) həmin fənni tədris etməsi, dərs yükünün dərs ilinin əvvəlində bölünməli olması nəzərə alınmaqla iddiaçının 6 saat dərs yükü ilə təmin edilməsi Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə əsasən işçinin razılığı olmadan onun əmək funksiyasının azaldılması kimi qiymətləndirilməlidir.
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının 6 saat dərs yükü ilə təmin edilməsinə əsas kimi onun X9 müsabiqəsində iştirak etmədiyi, onunla əmək müqaviləsi bağlanılmadığı bildirilmişdir.
36. Halbuki, iddiaçı 2006-cı il tarixdən müəllim kimi fəaliyyət göstərir. X9 müsabiqəsi isə 2013-cü ildən başlamışdır. Göründüyü kimi iddiaçı işə qəbul olunan zaman müsabiqə olmamışdır. Həmçinin, məktəbin xx.xx.2013-cü il tarixli, 68 nömrəli əmri ilə sinifdənxaric və məktəbdən kənar işlər üzrə direktor müavini, kimya müəllimi xx.xx.2013-cü il tarixdən tutduğu direktor müavini vəzifəsindən öz xahişinə əsasən azad edilərək, müəllim kimi fəaliyyətini davam etdirmişdir.
37. Məhkəmə hesab edir ki, hazırda müəllim kimi fəaliyyət göstərən iddiaçının X9 müsabiqəsində iştirak etməməsi səbəbindən 6 saat dərs yükü ilə təmin edilməsi qanunaziddir.
38. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tədris etdiyi fənn üzrə dərs yükü nəzərə alınmaqla 1 stavka (18 saat) dərs yükü ilə təmin edilməlidir.
39. Cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
40. Məhkəmə iddia tələbinin “ayrı-seçkilik hallarının aradan qaldırılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
41. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
42. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
43. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
44. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
45. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
46. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
47. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
48. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı tədris etdiyi fənn üzrə dərs yükü nəzərə alınmaqla 1 stavka (18 saat) dərs yükü ilə təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
50. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı tədris etdiyi fənn üzrə dərs yükü nəzərə alınmaqla 1 stavka (18 saat) dərs yükü ilə təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva