Məhkəmə qərarları › İş №e-2(060)-1599/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1599/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1599/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh qarşı iddia qaldıraraq iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 75498.57 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işə baxılması ilə əlaqədar ərazi aidiyyatı qaydaları Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə qanunvericilikdə iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması, tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti qaydaları (iddiaçının seçiminə görə aidiyyat, müqavilə aidiyyatı və.s) da nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 75498.57 manat vəsaitin tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsindən görünür ki, iddiaçı həmin vəsaitin tələb edilməsinin əsası kimi cavabdehlə aralarında bağlanmış müqavilə şərtlərinin pozulduğuna istinad edir. İş materiallarından tərəflər arasında bağlanmış müqavilə ilə bağlı mübahisə yarandığı təqdirdə həmin mübahisəyə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olması ilə bağlı hər hansı bir müqavilə şərtinin olduğu görünmür. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsi ilə müəyyən edilmiş ümumi aidiyyat qaydasına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. İddia ərizəsində cavabdehin yaşayış yeri kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon, Puşkin küçəsi, ev 2, mənzil 3 göstərilsə də, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyəti vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh Qubadlı rayonu, Mərdanlı kəndində rəsmi qeydiyyatdadır. Eyni zamanda, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan aydın olur ki, Cavabdeh məcburi köçkündür. Bundan başqa cavabdehin müvəqqəti yaşayış yeri üzrə qeydiyyatı barədə iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin müvəqqəti yaşayış yeri Sumqayıt şəhəri olsa belə Qubadlı rayonunda qeydiyyatda olan məcburi köçkünlərin iddialarına və ərizələrinə baxılması üçün Qubadlı Rayon Məhkəməsi fəaliyyət göstərir və həmin məhkəmə də məhz Sumqayıt şəhərində fəaliyyət göstərir. Beləliklə cavabdehin faktiki yaşayış yeri baxımından hazırki mübahisəyə baxılmasında Qubadlı Rayon Məhkəməsi də Sumqayıt şəhər Məhkəməsi ilə eyni dərəcədə əlçatandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Qubadlı rayonunda qeydiyyatda olduğundan Sumqayıt Şəhər Məhkəməsi ərazi aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddasinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar